“TORPAQLARIMIZI İNDİKİ QƏDƏR SEVMƏMİŞDİM”
Hicran zövqünü
oxşayan kitabı iki dəfə oxuyur. O, “N” poliqonuna gəldikdən sonra məktəbli ikən
mütaliə etdiyi “Məhəbbət yanğısı” əsərini yenə düşünə-düşünə vərəqləmək imkanı
tapıb. Bədii kitabı təkrar-təkrar oxumaq Hicrana nə verir?
- Hər yaş dövrünün
qavrama səviyyəsi var. 10 il əvvəl dərk etdiyim həyati həqiqətləri indi daha dərindən
anlayıram. Ancaq demək istəyirəm: torpağımızı indiki qədər sevməmişdim. Qaçqın
taleyim isə vətəni gözlərimdə lap ilahiləşdirib.
Zabit Hicran Asif
oğlu Abbasovun sözlərində “VƏTƏN”, “TORPAQ” kəlmələri alışıb yanmaqdadır. Bu
yanğı onu çətin hərbçi sənətinə bağlayıb.
...Hicran, döyüşçü Aqil Heydərov və məsafəölçən Abbas
Bayramov komandir-müşahidə məntəqəsinin yerini seçmək üçün uzun yol qət etdilər.
Bu yol Hicranın doğma yolu idi. Kəlbəcərli kimi bu yolu qarlı, buzlu olanda
yox, gül-çiçək qoxusuna bürünəndə gəzmişdi. İndi isə qışın pis dəmi idi.
Susuzluq dağının qənşərində yağı düşmənlə üz-üzə gəldilər. Arada 50 metr məsafə
olardı. Hicran qara geyimli dığaları görən kimi tanıdı. Əsgərlərə xəbər verdi
ki, qabağa getmək olmaz. Gözə dəyən erməni kəşfiyyatçılarıdır. Mütləq vaxt
itirmədən geri çəkilib mövqeyimizi dəyişməliyik. Nədənsə, ermənilər atəş
açmayıb dağın başına qalxdılar. Hicran silahın çaxmağını ehmalca çəkdi. Abbas
göstərişə əsasən yumalanıb aşağı düşdü. Hicran Aqilə də uzaqlaşmaq əmri verdi.
Lakin artıq düşmənin güllə yağışı onlara sarı gəlirdi. Hicran macalsızlıqdan
arxaya baxa bilmirdi. Cavab atəşi aça-aça geri gedirdi. Birdən ayağı sürüşdü və
arxası üstə möhkəm yıxıldı. Sanki
ayağına daş bağlayıb suya saldılar. Bir dəqiqəlik çaşqınlıqdan çıxan kimi Aqil
və Abbası soraqladı. Öz cəldliyi ilə seçilən Abbas gözdən itmişdi. Lakin Aqilin
dalınca iki erməni döyüşçüsünün getdiyini gördü. Birgünlük yol yorğunluğu,
aclıq, amansız şaxta canına çökmüşdü. Üç gülləsi qalmışdı. Necə müqavimət göstərsin?
Düşmənə təslim olsunmu?! Yox, bu namərdliyə, dünya dağılsa da, yol verməz. O,
işçi xəritəsini və zabit vəsiqəsini qar altına soxub gizlətdi. Şəstini
sındırmayıb fikirləşdi ki, ölsə, qoy düşmən deməsin ki, Azərbaycan ordusunun
zabitini vurmuşam. İki gülləsini iz itirmək üçün müxtəlif mövqedən atdı. “Təslim”
kəlməsini eşidəndə qulaqlarını əlilə möhkəmcə sıxdı. Varlığını soyuq bir
gizilti yaz ağzı boy atan gicitkən kimi daladı. Həyəcandan sinəsi
enib-qalxırdı: “Yox, mənim ölməyimlə iş
bitməyəcək. Gərək tabora xəbər çatdırım ki, düşmən kəşfiyyatçıları arxamıza
keçmək istəyir”. Hicran son ümid kimi özünü ələ alıb uca dağdan üzü aşağı
tullandı. Qar uçqununa düşəndə daha ölümlə barışmaq istədi. Çünki uçqun onu sürətlə
çəkib apardı. Tərslikdən, zabit çantasının kəməri boğazına keçmişdi. Az qalırdı
ki, boğulsun. Amma Allah saxlayanda saxlayır. Möhkəm əzilsə də, belinə kimi
buzlu suyun içinə girsə də, huşunu itirməmişdi. Zabit Xaliq Hümbətov təsadüfən
pənahı oldu. Hadisəni qısaca nəql etdi. Ayaqları tutulsa da, daha ürəyinin ağır
döyüntüsü kəsilmişdi: axı tabor komandirinə çatdırmışdı ki, arxa cinahımızda
düşmən görünür.
Bu ağır əməliyyata Hicran getməyə də bilərdi.
Artilleriyaçı kimi onun öz vəzifəsi vardı. Lakin bir cəsur döyüşçü, vətənpərvər
kəlbəcərli kimi həmin məsul tapşırığı yalnız Kəlbəcərin hər cığırını beş
barmağıtək bilən Hicran yerinə yetirməli idi.
Əslən Kəlbəcərin Nəcəfalılar kəndindən olan Hicran
Abbasov “N” hərbi hissəsinin, necə deyərlər, əvəzedilməz zabitlərindən hesab
olunur. Ona “Qrad”ın mahir ustası deyirlər. Əslinə baxsan, nəinki artilleriya
sahəsində, iftixarla sinəsini döyüb ordu həyatının əksər sahələrində iş apara
bilir. Onun daxilində heyrətamiz bir yaradıcı qüvvə çağlayır. Naşı bələd olduğu
bir sahəyə inamla, həvəslə fikrini yönəltdimi, çox keçməz, öyrənər, çoxbilmiş
usta kimi rəy söyləyər. Bu istedad haradandır? Hicran əsl hərbçidirmi? Sözün
düzü, tərcümeyi-halını bilməyənlər sağlam əqidəli Hicranı anadangəlmə ixtisaslı
zabit sayırlar. İnanmırlar ki, Hicran yalnız 11 noyabr 1991-ci il tarixdən
ordudadır. Mübarək döyüşçü paltarını geyməyə, başbilən zabit kimi yetişməyə onu
vadar edən daim ürəyində qovrulan vətən dərdidir. Azərbaycan Politexnik
İnstitutunun məzunudur. Radiotexnika mühəndisidir. Orduda aşağı pillədən yuxarı
pilləyədək bir çox vəzifələrin yükünü çəkib. Ağır günlərə kişi kimi dözüb. Vəzifə
borcunu yerinə yetirməklə yanaşı, silahdaşlarına artilleriya qurğularının sirlərini
öyrədir. Artilleriya xətkeşini, kompası, işçi xəritəsini, qələm-dəftərini həmişə
zabit çantasında hazır saxlayır. Tabeliyində olmayan əsgərə də bilgi verməyə ərinmir.
1992-ci ilin sentyabrında Hicran Abbasovu yüksək təltifə
təqdim etmişdilər. Çünki “Qrad”la əlverişsiz mövqedə düşmənin 3 böyük karvanını
sərrast atəşlə məhv edə bilib. Çünki düşmənin 6 tankını, 5 zirehli döyüş
maşınını “şaqqalayıb”. Çünki komandir ola-ola həm döyüş aparıb, həm də dəfələrlə
ön atəş xəttinə çıxaraq düşmənlə üz-üzə vuruşub. Çünki tullantı kimi baxımsız
qalan onlarca hərbi texnikanı öz vəzifə borcuna daxil olmasa da, gecə-gündüz
işləyərək saz vəziyyətə gətirib. Yenəmi sadalayım?! Ordumuzda belə igid, gözəgəlimli
zabitlər olsa da, Hicran yalnız özünə oxşayan Hicrandır. Nəhayət, Kəlbəcər
dağlarında yüksək hərbi nailiyyətlərinə görə bu ilin əvvəlində onun möcüzə
yaradan əməyi, fədakar əməlləri öz qiymətini aldı. “Hərbi xidmətlərə görə”
medalı ilə təltif olunanların cərgəsində Hicranın da adı çəkildi.
- Mən hərbi hissədə bu sözləri tez-tez eşidirəm: “Hicranın bilmədiyi şeyə qurd düşər”.
Hicran təvazökarcasına cavab verdi:
- Mən radiotexnika mühəndisiyəm. Texnikanın bir
ümumi dili var, bu dili bildinsə, vəssalam, hansı texniki cihaz və ya qurğu
olur-olsun, baş qoşsan, tez öyrənə bilərsən. Bəlli faktdır ki, müharibənin
başlanğıcında ordumuz hərbi texnikadan istifadə etməyi yaxşı bacarmırdı.
Ordan-burdan mütəxəssis axtarırdı. Kəlbəcərdə vaxtilə vur-tut bir əldəqayırma
“Qrad” vardı. Onu da işlədə bilmirdilər. Həm nişangahı, həm də artilleriya
cihazları olmaya-olmaya bu qurğunu adi kompasla nizamlayıb döyüş vəziyyətinə
salırdım. Cəbhədaşlarım şahidlik edə bilərlər: zirehli transportyoru, “Şilka”nı
ustasız-filansız təmir etmişəm. Hərdən də əsl hərbçi texniklərin görmədiyi işi
öz yaradıcı təşəbbüslərimlə yerinə yetirmişəm. Yalan danışmağı sevmirəm.
Texnikanın dilini bilsəm də, hərbi dünyagörüşə müəllimsiz yiyələnməmişəm.
Maşallah, indi özüm əsgərlərə təlim keçirəm. Kəlbəcərin strateji əhəmiyyətli
tunelində bir düşmən tankını tank əleyhinə silahla vurmuşam. Həmin silahdan
birinci dəfə istifadə edirdim. Nabələd olsam da, heç kimdən məsləhət almadan bu
qurğunu qısa vaxtda öyrəndim və istismarına başladım.
“Qrad” düşmənin yerləşdiyi güclü atəş zonasını
uzaqdan vura bilən reaktiv artilleriya növüdür. Hicran bu silahla müxtəlif vəziyyətdə
düşmənin anasını ağladır. Bəzən hərbi tələbləri pozan məqamlar da olur. Amma
bu, onun iradəsi ilə yox, komandirin göstərişi ilə baş verir. Məsələn, Ağdərə
döyüşlərində onun “Qrad”ını əmrlə bəzən düşmənin lap gözü önünə çəkib gətiriblər.
“Qradla düşmənin ön atəş xətti arasında 4-5 kilometr məsafə olub. Hicrançılar sərrast
atıblar. Amma düşmən onu hədəfə ala bilməyib. Bəzən döyüşün qaynar dəqiqəsində
hansısa bir düşmən pulemyotçusunu susdurmağı ona əmr ediblər. Bu, “Qrad”lıq iş
olmasa da, həmişəki kimi əmrə müntəzir dayanıb, öz məharəti ilə üz ağardıb...
...Erməni hərbi birləşmələri Vəng tərəfdən Qozluya
hücum etmişdilər. Bizimkilər Qozlu qəbiristanlığında mövqe seçmişdilər. Relyef
baxımından mövqeyimiz artilleriyaya yararlı deyildi. Üstəlik, erməni quldurları
Kərəmlidən Aterkə gedən yolu da atəşə tuturdular. Topları Aterkin yüksəkliyinə
çıxartmaq ağılsızlıq olardı. Buna heç real imkan da yox idi. Möhkəm müdafiə
istehkamlarının gücü hesabına düşmən bizi geri çəkilməyə məcbur etdi. Müşahidə
məntəqəsinin siqnallarına dayaqlanan Hicran iki daşın arasında gizli bir manevr
etdi. Heç kimin güman etmədiyi yüksəkliyə ”Qrad”ı çıxara bildi. Və dəqiq atəşlərlə
düşmən müdafiəsinin dərinliklərində çaxnaşma saldı. Bir saat ərzində burnunu
yuxarı tutan ermənilərin başı üzərində şimşək kimi çaxdı. Düşmənin “həmlə
sükanı” arxasında kimsə tapılmadı.
Döyüşkən zabit və qaçqın kimi Hicranın gündəliyində
vətən torpağının azadlığı problemi birinci yeri tutur. Bir qızı, bir oğlu üçün
bəxtəvər gələcək “hazırlayır”. Qardaşı İsgəndər Ağdaban döyüşündə şəhid olub.
Kiçik qardaşı İdris özü ilə bir səngərdə erməni gavurlarından intiqam alır. Demək,
halal duz-çörəkli Abbasovların ailə ocağının başında hazırda bir başıpapaqlı
qalıb. O da atası Asif dayıdır. Bu nurani ağsaqqalın ürəyi hər an cəbhə üçün
uçunur. Amma ailəni başsız qoymağı oğlanları ona rəva görmürlər.
Hicran öz ailəsində
necə səmimi, mehriban, tələbkar ata-oğuldursa, ordu həyatında da eləcə bir
zabit-qardaşdır. Onun qalibiyyətli batareyasında indiyədək bir əsgər fərarilik
edib. Kim olsa yaxşıdır: vaxtilə Kəlbəcər rayon icra hakimiyyətinin başçısı
olmuş bir şəxsin bacısı oğlu. Arxalı əsgəri nə qədər cəhd etsə də, cəbhəyə
qaytara bilməyib. Hicranın ən intizamlı əsgəri öz qardaşıdır. Bəzən hərbi
tapşırıqların icrasından narazı düşəndə acığını öz qardaşının üstündə soyudur.
Amma əsgərlər öz komandirini sevdiyinə görə bir kəlməsini də yerə salmırlar. Bu
münasibətin əsas səbəbi daha dərinə gedir. Hərbçilərin “artilleriya müharibənin
allahıdır” hikmətli kəlməsini Hicran öz baxışında belə çevirir:
- İntizam müharibənin
allahıdır. Əsgər komandirini o zaman eşidər, sözünə dürüst əməl edər ki,
komandirin özü də intizam çərçivəsində davranar, intizamla rəhbərlik edər”.
...Medallı zabit Hicran Abbasovun asudə vaxtıdır.
Əsgər çadırında oturub söhbət edirik. Öz əsgərləri ilə öyünür. Söz-sözü çəkib gətirir.
Bir ay əvvəl Murovda şəhid olmuş əsgəri
Mahir Kərimovu xatırlayır:
- Mahirə həyatımı verərdim. Əvəzsiz əsgər idi. Onu erməni
vura bilməzdi. Təsadüfən həlak oldu. Yas yerinə gedə bilməmişəm. Amma nə vaxtsa
ata-anasına baş çəkəcəyəm. Yoxsa, onun müqəddəs ruhu inciyər, üzüqara olaram.
Döyüşçüsü Osman Allahverdiyev hərbi qayda ilə
çadıra daxil olur:
- Cənab zabit, Rəhman mənə tapşırıq verib. Xəritədə
artilleriya atəşi ilə bağlı qeydlər etmişəm. Zəhmət olmasa, baxın, düzmü qeyd
etmişəm? – deyə Hicrandan məsləhət verməyi xahiş edir.
Hicran “gözüm üstə” deyib xəritəni açır:
- Sən öz qeydlərinə bax, mən xəritədə koordinatları
göstərirəm. Əgər mən deyən olsa, demək, düz tapmısan.
Hicranın ordu
narahatlığı, Hicran ideyalarının heyranlığı, Hicran səmimiyyəti ordumuzun
mübariz ovqatında yaşayır və cəbhəmizin
mənəvi dayaqlarını bərkidir. Buz bağlayan könüllərə vətənin xoşbəxt gələcəyi
naminə hərarət verən, düşmən önündə baş əyməyən belə oğulların igidliyi hər cür
təqdirəlayiqdir.
30 aprel 1994-cü il
P.S.
Hicran Abbasov səkkiz ildir ki, ehtiyata buraxılıb. Onun ordu narahatlığına çoxdan son
qoyulub. Yaxşı bilir ki, təkcə düşmənimizə qarşı deyil, Cənubi Qafqazda ordumuz
indi qüdrətli bir qüvvəyə çevrilib. Bu yüksəliş yolunda onun özü sayılıb-seçilən
zabitlərdən biri kimi rəğbət qazanıb. Söz yox ki, yalnız bir dərdi onu daha çox narahat
edir. Axı, Hicran Abbasov öz ailəsi ilə birgə hələ qaçqın həyatı yaşamaqdadır. Kəlbəcərsiz yaşamaqdan çox usanıb. Daha
iynənin ucu boyda da səbri qalmayıb. Əgər sabah düşmən üzərində qəti qələbə naminə döyüş
başlasa, yenidən səngərə girəcəkdir...
İbrahim MƏSİMOĞLU
Комментарии
Отправить комментарий