SƏNGƏR BACILIĞI
Üç cəsur döyüşçü qadın, üç istəkli səngər
bacılığı: Azərbaycan qadınının ecazkarlığı budur. Yurd yüklü sözümü Kəmalə,
Aliyə və Xanımzərdən salmaq istəyirəm. O mətin qadınlardan ki, insanlığa yad və
tünbətün olmuş erməni daşnaklarına təkbətək savaşda əsl döyüş dərsi vermiş 701-lərin
uğurlu hərbi əməliyyatlar tarixində öz dəst-xətti, öz sözü, əvəzedilməz əməlləri
yaşamaqdadır. Milli döyüş tariximizdə ənənəvi döyüşçü-qadın izinin yaşantısı
naminə sıralarımıza qoşulan bu ismətli bacılar həqiqətən əzəmətli bir şöhrətə
sahibdirlər. Onların qadın fədakarlığı qarşısında biz daim baş əyməyə
borcluyuq!
Möhtərəm
oxucu, əvvəlcə digər iki bacıdan üç bahar çox yaşamış Xanımzərdən söhbət açaq.
Qərbi Azərbaycanımızın Vedibasar yurdunda dünyaya göz açan bu igid qadının xain
xislətli ermənilərə bələdliliyi körpəlikdən yaranmışdır. Daşnaklara münasibətində
heç vaxt fikrini dəyişə bilmir. Deyir ki, daşnak erməninin beynini güllə ilə
oymasan, xeyri yoxdur, onlar çətin ki, bizimlə haqq qonşusu olsun! Belə inadlı
Azərbaycan qadınını Vətən savaşından kənarda saxlamaq olarmı?!
Qarı düşməndən öz qisasını almaq niyyəti ilə Xanımzər İsmayıl qızı Həsənova 1992-ci
il mayın 26-da yenicə pərvəriş tapan ordu sıralarına qoşulub. Döyüşə əsgər kimi
başlayıb. Şuşa özünümüdafiə taborunda döyüş sənətinin sirlərinə bələd olduqdan
sonra hərbi əməliyyatlarda çətin, bəzən isə çox müşkül və mürəkkəb
tapşırıqların öhdəsindən bacarıqla gəlib. Tabor dağılsa da, onu ön cəbhədən heç
kim ayıra bilməyib. Daşnaklardan daim öc almağa tələsən bu igid qadın 1993-cü
il mayın 1-dən etibarən döyüşçü taleyini 701 saylı hərbi hissə ilə bağlayıb.
Ağdamın Novruzlu kəndində doğulan Kəmalə Eldar qızı Qəhrəmanova isə Azərbaycanın
Milli Qəhrəmanı Çingiz Mustafayevin hamıya bəlli olan həyəcanlı çağırışı əsasında
orduya gəlib. Bu addımı yalnız savaşqan hünərli qadın ata bilərdi. O zaman
idmanın sambo növü ilə məşğul olan bu igid qızımız karate-do üzrə 1-ci dərəcəli
qara kəmər ustası idi. Məsəl var, deyərlər ki, çayda axına qarşı üzürsənsə, bil
mənbə haradadır, çay axını ilə üzürsənsə, bil mənsəb haradadır. Kəmalə idman
çarpışmasında mənbə-mənsəb səmtini dəqiq əxz etdiyinə və mayasında milli
özümlülük güclü olduğuna görə “Qatır Məmməd” ləqəbli qəhrəmanımız Yaqub
Rzayevin başçılıq etdiyi taborda fəaliyyətə başladığı ilk gündən etibarən
çaşqınlıq məqamlarını yaşamadı. Di gəl ki, komandanlıq ehtiyat edərək Kəmaləni
döyüşə hərdənbir buraxırdılar. Onu incik salan da bu münasibətin doğurduğu “acılıqdan”
irəli gəlirdi. Lakin çox dözə bilmədi.
Könüllü olaraq Şuşa özünümüdafiə taboruna keçərək Kərkicahan bölüyündə
qarşısına qoyulan əmr və tapşırıqları mərdanə yerinə yetirdi. Xanımzərlə onun
döyüş həyatı məhz bu bölükdə qovuşdu. Səngər bacılığının bünövrəsi burada
qoyuldu. Şuşanın işğalından sonra taborun döyüş fəaliyyətinə bir qədər fasilə
verildi. Növbəti səfərbərlik zamanı yenə Kəmalə və Xanımzər bir döyüşçü
sırasında Vətənə xidmət missiyasını qoşa davam etdirməyə başladılar...
Bəs, Aliyə
Əli qızı Piriyevanın döyüş həyatının ilk səhifəsi haçan açılıb? Ağcabədi
rayonunun Mirzəhaqverdili kəndində - doğma dədə-baba yurdunda Vətən savaşının
ağrı-acısını yaşaya bilməyən Aliyə döyüşçü olmaq qərarına gəlib və bu qaynar
istəklə 1993-cü il fevralın 9-da Ağdərə uğrunda aparılan hərbi əməliyyatlarda
iştirak etməyə başlayıb. Mehmanə-Aterk-Drambon döyüşlərində onun döyüşçü
keyfiyyətləri komandirlik tərəfindən yaxşı qiymətləndirildiyinə görə bəzi hərbi
tapşırıqların uğurla icrasına nail olmaq üçün ona etimad göstəriblər.
Üç səngər bacılığına həyat vəsiqəsini 701 saylı hərbi
hissə vermişdir. Bu briqadaya Kəmalə onlardan bir ay qabaq gəlmişdi. Qadın
silahdaşlarını səbirsizliklə gözləyirdi. Nəhayət, Aliyə ilə Xanımzər də ilk
briqadanın döyüşçü sırasına durdular. Bundan sonra onları heç kim ayırmağa cəsarət
göstərmədi. Üç igid döyüşçü hərbi əməliyyatlar zamanı bir-birinə gözəl sədaqət,
etibar nümunəsi göstərmiş, bir-birinin hərbi vəzifəsinin sirlərini əxz etməklə
qarşılıqlı yardım əlini uzatmış, həm də
döyüşçülük sənətinin qarşıya qoyduğu mənəvi və fiziki tələbləri mərdanə ödəmişdir.
Üçlüyün lideri həmişə Kəmalə olmuşdur. İlk cığırı
açmaq daim Kəmaləyə nəsib olduğuna görə Aliyə və Xanımzər vaxtaşırı ondan müəllimlik
dərsi almışlar. Lakin məşəqqətli səngər həyatının yamanlığı onların arasında
heç vaxt sındırılmayan bir dostluq yaratmışdır. Səngər dostluğu barəsində
onların düşüncələri mənaca vahid məntiqi nəticəyə söykənir.
Kəmalə belə düşünür:
“Səngər dostluğu çox nadir tapılan bahalı bir brilyantdır. Heç kim onu itirməyə
razı olmaz”.
Xanımzər qətiyyətlə
söyləyir: “Səngər dostluğumuzun qiyməti çox bahadır. O, hər bir inflyasiya təhlükəsinə
qarşı dözümlüdür”.
Aliyə isə belə
fikirləşir: “Vətən savaşı bizim dostluğumuzun səbəbkarıdır. İşğal dərdi baş
verməsəydi, bizi kim belə birləşdirə bilərdi? Dərddən doğan dostluğun dadı-duzu
əlyetməzdir”.
Komandanlıq adətən onları hərbi əməliyyata ikilikdə
aparırdı. Biri bölüyün dayaq məntəqəsində qalıb güc toplayırdı. Lakin 1993-cü
il avqustun 12-də Murovdağ bölgəsində təşkil edilmiş əks-hücum döyüşünə üçü də
getmişdi. Üçlükdə onların həmlələri daha basılmaz olurdu.
...1993-cü il sentyabr ayının 30-da Aliyə və Kəmalə
düşmən qüvvələrinin arxasında kəşfiyyat aparmaq məqsədilə hazırlanmış 18 nəfərdən
ibarət qrupa daxil edilmişdi. Onların dördü istehkamçı, qalanı isə kəşfiyyatçı
idi. Qrup Sahib Aslanovun başçılığı ilə Qamışlı körpüsünü partlatmaq
tapşırığını almışdı. Qar yağışı altında onlar Camış dağının sıldırımlı
qayalıqlarını xüsusi vasitələr hesabına ötüb-keçə bildilər. Əməliyyatın birinci
gününü Camış dağında gecələdilər. Sonra Qaragöl istiqamətində Sahibin yaxşı bələd
olduğu gizli yollarla təyin edilmiş nöqtəyə itkisiz gəlib çatdılar.
Qasımbinəsində gündüz xeyli müşahidə apardılar.
Düşmən kənd evlərini viran qoymuşdu. Azğın erməni cəlladları təkcə ev-eşiyimizə
deyil, dilbilməz dağlarımıza da elə divan tutmuşdular ki, dağ dağıntılarının səpələnməsindən
salamat yol-iz qalmamışdı. Yanşaq kəndində daha sarsıdıcı bir mənzərə ilə üz-üzə
gəldilər. Əsirlərimizi təhqir edə-edə evlərdən toplanmış məişət əşyalarını
onlara daşıdırdılar. Bu zaman kəndin iç yolundan bir traktor göründü. O, yolu
qardan təmizləyirdi. Sahibin taktiki göstərişləri əsasında Fəxri və Filman
oğrun-oğrun iri daşların arxasında gizlənməklə yola yaxınlaşdılar. Kəmalə və
Aliyənin əzaları yay kimi gərilmişdi. Onlar həmlənin baş tutmayacağı halında
dığaları hədəfə almalı idi. Hər ikisi həyəcanla traktorla yolun qarını təmizləyən
dığaların üstünə döyüşçü yoldaşlarının atılmasını gözləyirdi. Cəld olmaq, bircə
zərbə ilə sürücünü aşırmaq və eyni zamanda bir göz qırpımı içində geri dönüb
arxadakı dığaları vurmaq lazım idi.
Həm Fəxri, həm də Filman verilmiş tapşırığı
bacarıqla icra etsə də sakitlik pozuldu. Bu, kəşfiyyatçılar üçün ağır vəziyyət
yaratdı. Düşmən hiss etdi ki, ətrafda kəşfiyyatçılar mövcuddur. Gecikmək
olmazdı. Kəmalə və Aliyə heç nəyi gözlərindən yayındırmadan dik yoxuşu cəld
çıxdılar. Onlar görünməz yerə çatanda özlərini azacıq yüngül hiss etdilər.
Kəşfiyyatçılarımız gözə dəyməsələr də artıq erməni
döyüşçülərinin mühasirəsinə düşmüşdülər. Hərə öz daldalanacağında son qərarı
barədə düşünürdü. Sanki tanrı haqlı torpaq sahiblərinə qahmar çıxdı: qısa
zamanda dağların başı üstünü qatı duman bürüdü. Araya insan varlığını dara çəkən
müdhiş bir sakitlik çökmüşdü. Kəmalə və Aliyə ehtiyat sursatın üstündə
durmuşdular. Erməni döyüşçülər duman içərisində onların lap yaxınlığından
keçdilər, lakin onları duya bilmədilər.
Komandir müavini Çingiz Əliyevin yarı canı kəşfiyyatçıların
yanında qalmışdı. Bir həftəlik əməliyyata gedən döyüşçülərlə əlaqə kəsilmişdi.
Mühasirəyə düşdüklərinə görə vaxt uzanırdı. Ərzaq ehtiyatı da tükənmişdi. Gecəni
Sususluq dağında keçirən kəşfiyyatçılarımız çox çətinliklə məlhəmli dağ
otlarından yığıb yeyir, aclığa mərdanə dözürdülər. Demək olar ki, hər kəsin
ixtiyarı əlindən üzülmüşdü.
Nəhayət, ötən ikinci həftənin axırında kəşfiyyatçılar
mühasirənin zəif nöqtəsini taparaq görünüş dairəsi məhdudlaşanda oradan Koroğlu
dağına keçdilər. Sən demə, onların izinə düşən 4 kəlbəcərli qaçqınımız da erməni
cəlladların əlindən xilas olmuşdur. Sadəcə olaraq, gecə olduğuna görə kəşfiyyatçılarımız
onların qaçqın olduqlarını hiss etməmişdilər. Bu, yalnız o zaman aşkar edildi
ki, kəşfiyyatçılarımızın verilmiş tapşırığı yarımçıq icra etdiklərinə görə
komandanlıq tərəfindən məzəmmətləndirilən dəqiqələrdə qaçqınlar gələrək gizli
olaraq izlədikləri hadisələri, eyni zamanda kəşfiyyatçılarımızın orada düşmənə
ziyan vurduğu halları açıqladılar. Təsadüfi qaçqın şahidliyi kəşfiyyatçılarımıza
mükafat qazandırdı. Bu mükafatçıların arasında Kəmalə və Aliyə də vardı...
Kəmalənin
qorxmazlığından, Aliyənin cəsurluğundan, Xanımzərin diribaşlığından çox
misallar, maraqlı faktlar söyləyərək dəyərli döyüş anlarından söz aça bilərik.
Onların birgə iştirakı ilə Ağdamın Nəmirli və Şurabad kəndləri arasında düşmən tərəfindən vurulmuş tank və onun
ekipaj üzvləri çıxarılmışdır. Bir-birindən çətin hərbi əməliyyatlarda üçlüyün sərrast
güllələri neçə-neçə erməni gavurunun murdar həyatına son qoymuşdur. Bəzən isə
erməni dilini bildiyinə görə Xanımzər “erməni qız” rolunda dəyərli kəşfiyyat məlumatları
əldə edərək uğurlu həmlələrimizə möhkəm zəmin yaratmışdır.
Qanlı-qadalı savaşlarda əsgər həyatı yaşayan üçlük
atəşkəs dövrü başlayandan sonra zabitlik kursunu müvəffəqiyyətlə bitirərək ayrı-ayrı
hərbi hissələrdə komandirlik fəaliyyətində özlərini sınamışlar. Hər biri
komandanlığın onlara göstərdiyi etimadı ləyaqətlə doğrultmuşdur.
Hazırda mayor Aliyə Piriyeva Dövlət Sərhəd Xidmətində
öz hərbi xidmətini davam etdirir. Baş leytenant Kəmalə Qəhrəmanova Fövqəladə
Hallar Nazirliyində öz hərbi borcunu layiqincə ödəməkdədir. Baş leytenant
Xanımzər Həsənova isə müqəddəs ana missiyasını yerinə yetirir: Dinara və
Ruslanın təlim-tərbiyəsi ilə məşğul olur.
“Hələ də son gülləsi atılmayan müharibə sizə nə
verdi?” Hər biri bu sualı özünəxas tərzdə cavablandırdı.
Kəmalə: “Müharibə mənə
yalnız könül yarası bəxş etdi. Beş il bir igidin nişan üzüyünü barmağımda
daşıdım. Amansız müharibə o igidi əlimdən alıb torpaqlaşdırdı...”.
Aliyə: “Müharibə
bizi düşündüyümüzdən çox kişiləşdirdi. Axı biz qadınıq!...”
Xanımzər: “Müharibənin
ağrı-acısını içimdən qova bilmirəm. Kim necə düşünür-düşünsün, mən sonralar
anladım ki, müharibə qadın işi deyil”.
Əlbəttə, haqlı
fikirlərdir. Hər halda, onlar Vətən eşqinə öz gənclik çağlarından kam almadan
ağır səngər ömrü yaşamışlar və üstəlik, nə qədər kədər, qəm, qüssə...
İbrahim MƏSİMOĞLU


Комментарии
Отправить комментарий