MƏMLƏKƏTİN ŞAHANƏ TƏRANƏSİ


                                                 

Əgər yurd, elat dərdlərinin təsirindən özündə mənəvi gücsüzlük, bədbin ovqat hiss edirsənsə, hökmən Dövlət himnimizi oxu!
Əgər Vətəndən uzaqda məyuslaşaraq dilxor dəqiqələr keçirirsənsə, mütləq Dövlət himnimizi dodaqaltı zümzümə et!
Əgər milli dövlətçiliyimizə qarşı məkrli qüvvələrin fəndgir, bic əməllərinə tuş gəlibsənsə, qeyd-şərtsiz olaraq Dövlət himnimizin lətafətli musiqi sədaları altında dərin-dərin düşün!
Əgər Azərbaycan dövlətinə, doğma Vətənə, ulu yurda heyranlığın, sonsuz sevgi və ehtiramın incə gözəlliyini duymaq istəyirsənsə, Dövlət himnimizə qulaq as!
Təbii, ürəkdən gələn şərtlər deyilmi?! Bu şərtlərə qəlbən əməl etsən, ixtiyari bir halda şanlı Vətənin qəhrəman övladı kimi yetişmək üçün özündə güc-qüdrət mənbəyi tapacaqsan. Dövlət himni əsl vətəndaşın qəlbində intəhasız qürur, iftixar hissi doğuran bir nəğmədir. Onu hərarətlə dinləyən hər yurddaşın varlığında igidliyin, qəhrəmanlığın, özünü ana torpağa qurban verməyin, habelə insanlığın əzəmətli nəcibliyinin üfüqləri açılır. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun bəstələdiyi çox mükəmməl musiqinin ecazkar və emosional təsiri altında ürəyimizin həssas telləri vətənpərvərlik ruhunda köklənir. Rəvan, həzin melodiya səni sanki möhtəşəm qanadlar üzərinə qaldırır. Heç vaxt, heç zaman himn bizi əyləndirən və yaxud usandıran mahnıya çevrilmir.
Dövlət himninin sözlərində, musiqi rənglərində özünəməxsus qədim və çağdaş mədəniyyəti ilə bəşər sivilizasiyasına böyük töhfələr vermiş müdrik xalqımızın böyüklüyü öz təcəssümünü tapır. Himnin musiqisində istifadə edilən səslər adi mahnı səsləri deyil, real həyati məzmun ifadə edən Azərbaycan vətəndaşının ürək döyüntüləri olmaqla yanaşı musiqiləşən bir yurddaş obrazıdır. Himnimizə yüksək sayğı ilə qulaq asıb sözlərini dilə gətirdikcə biz təkcə bu musiqi gözəlliyindən estetik zövq almırıq, habelə gerçək musiqi obrazına çevrilir, vətəndaşlıq məsuliyyətimizi artırır, məmləkətin şahanə təranəsinin ülvi mənası və pak ruhu içərisində qururlanırıq.
Azadlığımızın carçısı olmuş böyük şair Əhməd Cavadın hər misrasında avazlanan mənaları fəhm etmək o qədər də çətin deyil.
Cəmi-cümlətanı dörd bənddə qafiyələnmiş yüksək ideyalı nəğmələr vətəndaş qarşısında xalq ideallarını, azadlıq və istiqlal istəyini açan qüdrətli tərbiyəvi qüvvədir. O, soyuq qəlbləri də təlqin etməyi bacarır. Çünki himnimiz füsunkar və sarsıdıcı melodiyası ilə milli diləklərimizi, ümummilli dəyərləri şüurlara və qəlblərə çatdırmağa qadirdir. Tükənməz ifadəlilik potensialı, mənəvi qüvvəsi işə düşəndə özündən asılı olmayaraq həyəcanlanırsan və içində şanlı Vətəndən ötrü “can vermək”, “qan tökmək” cəsarəti baş qaldırır.
Daxili xidmət Nizamnaməsinin 24-cü maddəsində oxuyuruq ki, Azərbaycan Respublikasının və başqa ölkələrin Dövlət himnləri çalınanda sıradakı hərbi qulluqçular komanda verilməmiş “farağat” vəziyyətini alır, taqım komandirlərindən başlayaraq, bütün rəislər əllərini baş geyimlərinə yaxınlaşdırırlar. Sırada olmayan hərbi qulluqçular himn çalınanda “farağat” vəziyyəti alır, əllərini baş geyimlərinə yaxın tuturlar. Əlbəttə, bunlar rəsmiləşmiş tələblərdir. Ancaq mənəvi nüanslar da yaşanır. Ali təhsilli tankçı əsgərimiz Vaqif Həsənli himnimiz barədə öz düşüncələrini görün necə açıqlayır:
 - Dövlət himnimiz səsləndiriləndə sırada durmasam da, daxili naryad zamanı təmizlik işləri arasam da, həmçinin kiminsə nəzərləri altında olmasam da, o dəqiqə sakitcə dayanır, himnin sözlərini ürəyimdə pıçıldayır və ona öz ehtiramımı göstərirəm. Axı bir Azərbaycan vətəndaşı kimi himn bizdən ötrü müqəddəs bir melodiyadır. Onu sevmək, rəğbət hissi ilə bəzəmək azdır, həm də məhəbbətlə oxumağı öyrənmək gərəkdir.
Bu, vətənpərvərliyin parlaq bir təzahür forması deyilmi?!
Mütəqilliyimizin ilk dövründə ordumuzun bütün hissələrində gənc əsgərlərin əksəriyyəti himnimizi sözbəsöz yaxşı bilmir, rəsmi məqamlarda oxunuş vaxtı səhvə yol verirdi. Eyni zamanda bir əlini ürəyinin üstünə qoyub böyük şövqlə, sönməz həvəslə himni səsləndirən döyüşçülərimiz də var. Onların yurd eşqinə, müstəqillik naminə közərən qəlblərinin mübarək sədasını eşitdikcə çox xoşbəxt dəqiqələr yaşayırdıq.
Və Dövlət himninin oxunuşu sarıdan çatışmazlıq halları uzun ömür sürmədi. Müdrik ulu öndərimiz Heydər Əliyevin “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” sərəncamından sonra gənc əsgərlərin ilkin hazırlıq dövründəcə hamı bir nəfər kimi bu məsələnin həllini tez tapdı, xüsusi zövq alaraq öz yurd məhəbbətini, milli dövlətçiliyimizə, onun müqəddəs atributlarına hörmət hissini ləyaqətlə izhar etdi.
Bugünkü ordumuzun həyatında Dövlət himni necə yaşayır? Əsgərlər sabahı məmləkətimizin baş mahnısı ilə açır, gecəni də həmin melodiyanın yüksək ruhverici sədaları altında yola salırlar. Hətta bəzi döyüşçülərimiz himni xarici dillərdə oxuyur, həvəslə zümzümə edirlər. Bu real faktlar onu göstərir ki, xalq təhsili ocaqlarında da bu istiqamətdə zəruri pedaqoji planlar öz gerçək həllini tapır, gənc nəsil milli dövlət atributlarımıza ehtiramla yanaşır.
1994-cü ildə xidmət keçirdiyim hərbi hissə “N” poliqonunda ağır döyüşlərdən sonra yenidən formalaşırdı. Sıralarımıza yeni könüllü döyüşçülər gəlmişdilər. Mənəvi-psixoloji durum gündən-günə yaxşılaşırdı. Bu istiqamətdə döyüşçülərin savaş etmək ruhuna təkan verən sarsıdıcı bir məqam yaddaşımdan heç silinmir. Komandirimiz Yaşar Aydəmirovun göstərişi və iştirakı ilə hər səhər baxışı zamanı böyük ruh yüksəkliyi ilə Dövlət himnini oxuyur, hərbi andı təkrarlayır və axırda hərəmiz öz sıramızda əyilib torpağı öpürdük. Himnimizin ürəkcoşduran təntənəsi, andımızın inadlı vurğusu və üstəlik sevgili torpaq öpüşü bizi daha qüdrətli, daha yenilməz bir qüvvəyə çevirirdi.
Mən belə anlayıram ki, kimin qəlbi varsa, demək, bəşəri sevgidən məhrum deyil. Kimin qəlbi varsa, Vətən məhəbbətinə, yurd eşqinə sahibdir. Kimin qəlbi varsa, Tanrının bizə bəxş etdiyi bütün sevdalara malikdir. Ən nəhayət, kimin qəlbi varsa, varlı və qalib bir insandır. Əsl Azərbaycan vətəndaşı öz sinəsində daha qüdrətli bir ürək gəzdirir. Bu ürək milli dövlət atributlarımızdan  mənəvi güc alaraq fikrimizə parlaq emosional boya verir. Vətənə, ulu torpağa, onun daşına, suyuna, meşəsinə, dağına məhəbbət hissi oyadır. Və özü yaşamaqla yanaşı, yüzləri, minləri, milyonları yaşadır, inşallah həmişəlik də yaşayıb – yaşadacaqdır...
                                                                                                     
                                                                                             İbrahim MƏSİMOĞLU
                                                    müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”