BİR MÜHARİBƏ ANININ SİRRİ






Hər hansı bir insanı tanımaq, mənəviyyatını aşkarlamaq üçün deyirlər ki, onunla birgə gərək bir pud duz yeyəsən. Bu fikrin öz məkanı, öz məqamı var. Müharibə həyatının bir anı isə tanımaq istədiyin insanın iç dünyasını dərhal açıqlayır. Müharibə anı insan qəlbinə şəffaf şüşəli pəncərə qoyur: bax, tanı əsl el müdafiəçilərini, torpaqdan barlanan qürurlu zirvələri gör, çörəyinə haram qatan gizli niyyətləri aç...
6 avqust 1967-ci il tarixində Tovuz rayonunun Bozalqanlı kəndində işıqlı dünyamıza göz açan Xaliq Abbas oğlu Vəliyevi belə tanımışam. Öz zabitlik şərəfini uca tutan Xaliqin ən alicənab dəyəri qorxmazlığıdır. 1985-ci ildə uzaq Kazan diyarında Ali Tank Komandanlıq Məktəbinə oxumağa getməsinə də bu mənəvi keyfiyyəti əsas olub. Sanki öz vətəninin acı taleyini qabaqcadan duyurmuş kimi, belə gərəkli hərb sənətinə yiyələnib. 1989-1992-ci illərdə SSRİ və MDB Silahlı Qüvvələrində tank taqımı komandiri kimi xidmət edərək sevimli sənətinin layiqli sahibinə çevrilib. Ana torpağımıza xain erməni təcavüzünün törətdiyi ağır nəticələr Xaliqin özgə məmləkətdə xidmətinə qəfil bir nöqtə qoyub: “Öyrəndiyim kifayətdir.  Mən indi öz yurduma, öz xalqıma lazımam”. Bu nəcib yurdkeşlik hissi ilə 7 sentyabr 1992-ci il tarixdə Azərbaycan Müdafiə Nazirliyinə üz tutub. Gəlişinə anası da sevinib, tankçı  sarıdan korluq çəkən nazirliyimiz də. “N” hərbi hissəsində gənc çağırışçılara təlim keçməyi təklif ediblər. Lakin birbaşa döyüş bölgəsinə getməyi üstün tutub: “Mən dövlətimizin, xalqımızın indiki ağır vəziyyətini yaxşı anlayıram. Təlimə ehtiyac çoxdur. Ancaq ürəyim döyüş üçün uçunur. Mən xalqıma qənim kəsilən erməni faşistlərinin başını əzən döyüşçülərimizə ön cəbhədə gərəyəm. Arxa cəbhədə təlimi başqaları da keçə bilərlər”.
Ötən ilin oktyabr ayının 19-dək baş leytenant Xaliq Vəliyevi hamı adicə zabit kimi tanıyırdı. Həmin gün Hoçaz dağı uğrunda gedən döyüşlərdə Xaliqin əsl mənəviyyatı göründü.
...Hoçaz dağına yiyələnən gündən imkanlı mövqeləri saf-çürük edən Xaliq özünü arxayın hiss edirdi. Atəş istiqamətini xəyalən dəyişə-dəyişə komanda gözləyirdi. Oktyabrın 19-da səhər saat 7.42 radələrində bu fikirlərlə yemək stolu arxasında oturmuşdu. Kərə yağı yox idi. Adicə şirin çay içirdi. Gözlədiyi əmr, axır ki, yetişdi. Ön döyüş mövqelərindən təcili siqnal gəldi: Düşmən üç tank və iki PDM-lə Hoçaza hücum edib. Xaliq şirin çayı axıracan içmədi. Tank heyəti bir göz qırpımı içərisində öz yerini tutdu. Heyət, demək olar, zabitlərdən ibarət idi. Xaliq atıcı-operator postunda əyləşdi. Təcrübəli tankçı, kapitan Xəyyam Həsənov komandirliyi öz üzərinə götürdü. Gizir Vüqar Ağamalıyev isə tankı idarə etməyə başladı. “Robot, irəli!” – deyə yerində möhkəmlənən komandirin amiranə, alovlu səsi döyüşçülərə əlavə güc gətirdi. Tank öz atəş nöqtəsini seçdi.
Xəyyam cəbhədaşı Xaliqin döyüş həsrəti ilə dolan baxışlarına nəzər yetirərək ciddi xəbərdarlıq verdi:
- Kəşfiyyat aparmadan atmaq olmaz. Qoy öz gözlərimizlə dəqiq görək: hara atırıq, kimi vururuq...
Xaliq öz səbrini zorla basdı:
- Komandir, qadan alım, tez ol, quzunu qurda yem verməyək. Daha dözə bilmirəm.
“Atəş” kəlməsi komandirin ağzından çıxar-çıxmaz Xaliq düşmən piyadalarını odladı. Atılan iki mərmi texnikaya dəyməsə də, düşmənə xeyli canlı qüvvə itkisi verdi. “Robot” gözdən itərək gizli manevr etdi və üçüncü mərmini atdı. Çox sərrast tuşlanan bu mərmi Xaliqi narahat edən hissləri xırçın-xırçın əzib dağıtdı. “Gözünə dönüm, a ceyran!” – deyə dərin bir ah çəkdi. Üçüncü mərmi düşmən tankını elə darmadağın etdi ki, lülə və qülləsi müxtəlif istiqamətlərə atıldı.
Rabitəçilərimiz tank heyətinə operativ məlumat verdilər ki, piyadalar gizləniblər, təcili növbəti atəş açılmalıdır. Xaliqin dördüncü qəlpəli mərmisi də hədəfə dəydi. 25-ə qədər murdar erməni cəmdəyi göyə sovruldu. Beşinci mərmi də boşa çıxmadı: Düşmənin üçüncü tankı susduruldu.
                           
Növbəti həmlədə erməni hiyləsi üstün gəldi. Gizli siqnallarımızı öyrənən düşmən bizim rabitə tezliyinə girib rusca dedi: “Robot, ya Günəş, vperyod, tretiy tank idyot”, Xaliq ruhən o qədər yüksəlmiş, öz cəsarətindən, igidliyindən o qədər vəcdə gəlmişdi ki, komanda verənin ləhcəsinə, ögey-doğmalığın fərqinə varmadı. “Robot” qartal kimi cəld irəli şığıdı. Bu dəm gözlənilməz düşmən zərbəsi onu yaxaladı (bu aldanışı Xaliq hələ də özünə bağışlaya bilmir). Yanan tankdan birinci Xaliq çölə çıxdı. Gödəkçəsi odlanmışdı. Özünü itirmədən arxası üstə sürtündü və gur yanan alovu söndürə bildi.
Döyüş zamanı rabitəçilərimizin rusca danışmasının bəlası, bax, budur. Əfsus ki, yenə bu vərdiş dəbdədir. Hətta bəzən rəsmi sənədlərimiz də yad dildə doldurulur. Hücum və ya müdafiə anlarında yol verdiyimiz bu sayaq aldanışlar bir yana qalsın, heç olmasa gəlin öz dilimizə hörmətsiz yanaşmayaq.
İlk döyüşdə yaralansa da, Xaliq həmin səmərəli hücumun təəssüratı altındadır, döyüş dərsini davam etdirir. Gəbhə həyatında iki dəfə hospitala düşüb. Birinci dəfə çarpayıda çox az yatıb. Səhhəti tam bərpa olmamış cəbhəyə qayıdıb. İkinci dəfə isə ilk gündən  hospitaldan qaçmalı olub. Bəli, bilərəkdən qaçıb. Halbuki möhkəm əzilmiş, kontuziya almış və yanmışdı. Qəribə olsa da deməliyəm: Xaliq evdən çox döyüş üçün darıxır. Səbəb nə ola bilər? Yəqin ki, qələbədən sonra darıxma “xəstəliyindən” canı qurtaracaq. Axı ana yurdun köksünə çal-çarpaz dağlar çəkən erməni faşistlərin cəlladlığına hansı qeyrətli adam dözə bilər?
Əsgərlərə, ordu yoldaşlarına Xaliq elə isnişib ki, evə gedəndə rahat otura bilmir. Yeganə qızı Günelin gülərüz çöhrəsi döyüşdə də, təlim dəqiqələrində də, yaralandığı dəmdə də gözlərinin önündən çəkilmir. Üzündə təbəssüm izləri işıqlanır. Giyərparası ilə birgə xəyalən şadlanır, ürəklənir: “Mən qorxmaz olanda özümü xoşbəxt sanıram. Allah eləməsin, mən haçansa erməni qabağında qorxum. Qorxan gün ürəyim partlayar. Gəlin Murovdağ bölgəsində 6 aprel 1993-cü il tarixli döyüşü yada salaq. Ən uca yüksəklik hesab edilən Ömər aşırımı düşmənin əlində idi. Xanlar rayonunu, Gəncə şəhərini hər an təhlükə gözləyirdi. Yüksəkliyi ələ keçirmək üçün dörd tankla hücuma başladıq. Ömər aşırımına iki döngə qalmış ratsiya ilə dedim ki, yolun qabağı minalanıb, irəli getmək təhlükəlidir. Minaaxtaranlar yolu yoxlamalı idi. Lakin komandir E. Orucov əmr verdi ki, yalnız irəli! Hərbi əmr müzakirə edilmir. Ürəklə, qorxmadan tankı irəli sürdük. 20 metr getmişdik ki, minaya düşdük. Bunu duymuşdum. Amma ölümə doğru cəsarətlə getdim. Allah saxladı. Möhkəm zədə aldım. Demək, ölüm bizə yox, biz ölümə qalib gəldik. Nəticədə Ömər aşırımından düşmən qovuldu”.
“N” hərbi hissəsinin tank taborunun zabiti kimi öz döyüş səhnələrinin ibrətli məqamlarını əsgərlərə dönə-dönə söyləməyi çox xoşlayır. Buraxılan səhvləri, döyüşçü qəbahətlərini təhlil edir, həvəslə yeni tankçılar yetişdirir. Tankı məharətlə sürür, bacarıqla atəş açır və yaxşı komandirlik edir. Zəruri hallarda təmir işinə də girişir. Cəbhəyə təzəcə gələn Xaliqdən fərqli olaraq indiki  Xaliqin hərbi bilik xəzinəsində xeyli keyfiyyət dəyişiklikləri olub. Doğrudan da, təhsil ancaq təcrübə ilə birləşəndə yaxşı bəhrə verir.
Qorxmaz, fədakar və səriştəli tankçı kimi tanınan Xaliq Vəliyev baş leytenant hərbi rütbəsini də vaxtından əvvəl alıb, kapitan rütbəsini də. Hərbi hissədə mükafatlandırma məsələsi həll ediləndə birincilər sırasında onun adı çəkilir. “Kapitan” rütbəsini çox əlamətdar sayır. Çünki bu rütbəni yad ölkənin ordusunda yox, öz müstəqil dövlətinin silahlı qüvvələrində yaxşı xidmətə görə vaxtından əvvəl alıb. Bir də ona görə növbəti rütbəni yaddaqalan hesab edir ki, bu nailiyyətə Azərbaycan ordusunun ikinci ildönümü münasibəti ilə layiq görülüb. Təsəvvüründə uydurduğu, röyalarında öyündüyü ordu reallığa çerildikcə Xaliqin müvəqqəti hərbi məğlubiyyətlərdən çəkdiyi əzab və iztirabları öləziyir, ordu qurucularımızın başına çökən şübhə dumanı dağılır. Ürəyindən keçənləri xırdalamağa ehtiyat edir: “Bizə niyyət düşmür, gəlin yalnız qol çırmayıb iş görək, dildə yox, əməldə pəhləvan olaq”.

 P.S. Dağlıq Qarabağ savaşının ilk illərində ordu quruculuğu sarıdan başına çökən şübhə dumanı çoxdan yoxa çıxsa da, ehtiyatda olan polkovnik-leytenant Xaliq Vəliyevin indiki ahıl vaxtında yenə ötən döyüşçü əməllərində göstərdiyi tankçı fədakarlığını təkrarlamaq, keşməkeşli səngər ruzigarını yenə yaşamaq istəyi ilə dolanır. Söz yox ki, ana yurdumuzun işğal problemi qurtardıqdan sonra Xaliq daha dinc yaşamağın da dadını  çıxara biləcəkdir.

                                                                                           İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”