“DOYUNCA AĞLAMAQ İSTƏYİRƏM”




Ailəsinin yükünü təkcanına çəkən Xalidə xanımdan ötrü hər ötən gün bir aya bərabərdir. Ən yaxın müjdəçisi televizordur. Həyat yoldaşı Şamil Əmirovun cəbhədən sorağını hər an, hər dəqiqə gözləyir. Prezidentin fərmanı ilə “Hərbi xidmətlərə görə” medalının verilməsi xəbərini eşidəndə Xalidə xanımın damarlarında sanki qanı dayandı. Çünki medalçıların adı sadalananda Şamildən sonra bir şəhidin adı çəkildi, “ölümündən sonra” sözləri qeyd edildi. Xalidə xanım televizor qarşısında çaşıb qaldı: “Allah, özün rəhm elə, Ayselimi yetim qoyma... Yox, Şamilə güllə dəyməz... O sağdır”.
Həssas qəlbli Şamilin özü isə bu şad xəbərdən ağladı. Onun təbiətinə bələd olanlar bu göz yaşlarını qəribə hal kimi qəbul etmirlər. Şamil döyüşlərdə uğurlu həmlələrə göz yaşı tökür. Sevincdən ağlayanda, öz sözləri ilə desək, yaman gümrahlaşır, varlığı təzə ruhla dolur, döyüş əzablarını unudur. Qəti qələbə günü doyunca ağlayacağını indidən açıqca deyir.
...Ağzıköpüklü erməni quldurları Qamışlı kəndində arxayın yer seçmişdilər. Qış günəşinin istisi altında xoşhallanan yeddi düşmən əsgəri tövlənin yanında oturmuşdu. İkisi var-gəl edirdi. Şamilin bölüyü özünü vaxtında yetirdi. Sakitcə görünməz bir yerdə mövqe seçildi. Həmişə birinci addımı atanda ikinci addım barədə düşünən leytenant Ş. Əmirov sağ cinahda yerləşən “N” taboru ilə əlaqə saxladı:
- Qamışlı yolu üstündə duran kimlərdir?
Hündür mövqedən hər tərəfi aydın görən zabit Əli yığcam cavab verdi:
- Şineldədirlərsə, canlarını al...
Şamil yenə tələsmədi. Çünki düşmən hələ onları görmürdü. Qərargahla döyüş durumunu dəqiqləşdirdi. Beş dəqiqə sonra düşmənin bir taqımlıq əsgəri də həmin yerə gəldi. Şamil, adəti üzrə, əli ilə səssizcə hücum əmrini verdi. Sıravi Cəlal Əliyev “PK” ilə döyüşün müqəddiməsini yazdı. Sayıqlığını itirən 6 dığa kötük oturacaqlardan durmadan gəbərdi. Düşmən qüvvələri arxası sıldırım dağa söykənən bir daş evə soxuldular. Şamil özü isə geyimi ilə seçilən düşmən komandirini tuşlayıb vurdu. Camal Məmmədov qumbaraatan silahla daş evi hədəfə aldı. Mərminin biri taxtapuşu, biri isə qapını xurd-xəşil etdi. İmansız dığalar amansız həmləmizə tab gətirməyib, sürünə-sürünə geri çəkildilər. Şamilin göstərişi ilə 3 nəfər əsgərimiz kəşfiyyat aparmaq üçün aşağı endi. Atəş dayanmışdı. Qanına qəltan olmuş dığaların meyiti sayıldı: cəmi 12 nəfər. 5 ədəd avtomat silah, 3 ədəd hava telefonu, 1 ədəd “PK” hərbi qənimət siyahısına salındı. Bu döyüş Qamışlının azadlığına açar oldu. Açarı öz bacarığı ilə ələ keçirən isə Şamilin özü, bölüyünün igid əsgərləri idi.
Vətənini qəlbən sevən və əsl döyüşçü kimi yetişmən Şamil haqqında yazmağa başlayarkən mənə heç kimin fikir söykəyi lazım gəlmədi. Onu qardaşım təki tanıyıram. Bir əsgər süfrəsi arxasında çox duz-çörək kəsmişik. Şamil Vətən uğrunda qanlı döyüşlərdə öz bölüyü ilə məşhurlaşıb. Kəlbəcər bölgəsində onun qoç igidləri beş əlçatmaz yüksəkliyi fəth ediblər. Bir aylıq döyüşdə 80-dən çox düşmən əsgərini susdurublar. Bölüyün şəhidlik tarixinə vur-tut 4 əsgərin adı həkk olunub: Süleyman Şahnəzərov, Emin Əlixanov, Səməd Məmmədov, Cəlal Əliyev. Şamil əsgərlərini yox, qardaşlarını itirib. Təbii ki, hər döyüşçünün xətir-hörməti onu belə sayılıb-seçilən komandir səviyyəsinə qaldırıb. Ona görə də aldığı medalı əsgərlərinin adına çıxır.
Bayaq qeyd etdim ki, şamilçilər beş yüksəkliyi düşməndən təmizləyiblər. Bu beş döyüş təbii axarla meydana gəlməyib. Onun üçünü kimsə ala bilmədikdən sonra şamilçilərə etibar ediblər. Belə hallar qarşıya çıxanda qərargah zabitləri deyirlər: “İş qalıb bircə Şamilə. O da bacarmasa, işimizin düyünü çətin açılacaq...”.
Bir alınmaz yüksəklik uğrunda döyüşün tarixçəsini Şamilin öz dilindən eşidək:
- Almaq istədiyimiz yüksəkliyə qədər olan lüt-üryan təpələrin arası at yəhərinə oxşayırdı. Yəhər şəkilli yolu düşmənin gözü görə-görə qət etmək əlverişsiz vəziyyət yaratmışdı. Həmlə planını birgə müzakirə etdik. Mən o qərara gəldim ki, yolu gecə gedək, sübh tezdən döyüşə atılaq. Amma mən gözlədiyim nəticə alınmadı. Düşmən bizi gecəgörmə cihazları ilə müşahidə edirmiş. Döyüşə başlamazdan əvvəl bölüyümü 3 qrupa ayırdım. Hava çox küləkli idi. Minaatan silahlardan atılan mərmilər güclü küləyin təsiri ilə hədəfdən yayındı. Bir qədər də qabağa getdik. Yüksəkliyin bir üzündə biz, digər üzündə isə düşmən dayanmışdı. Əl qumbaraları ilə döyüşü davam etdirdik. İki əsgərimiz həlak oldu. Mən qərara gəldim ki, döyüşün davamını sabaha saxlayaq, bəlkə, külək kəsdi. Ertəsi gün təbiəti köməyə çağırdıq. Necə deyərlər, Allah səsimizi eşitdi. Hava azacıq dumanlı oldu. Lakin hərəkət etmək çətin deyildi. Dumanın xeyri o oldu ki, bu dəfə həmlə nöqtələrimizi düşmən uzaqdan görə bilmədi. Minaatanlar çarpaz atəş açdılar. Erməni piyadalarının nalə-fəğanı təpənin bu üzünə gəlib çatanda bildik ki, sərrast atmışıq. Çiçəkli dağından düşmənin qaçışını görən döyüşçülərimiz gizli siqnallarla bizə çatdırdlar ki, “təpəni aşın, daha gözləmək vaxtı keçdi”. Təpənin başına dırmaşdıq. 10 erməni cəsədi qalmışdı. Döyüşün axırında, necə deyim, nənəm namaz üstə imiş, düşmənin zirehli döyüş maşınından qəfil atılan mərmi az qaldı ki, məni yox eləsin. Döyüş başa çatanda gözlərim sözümə baxmadı. Qələbə nəşəsi yanaqlarımı göz yaşına qərq etdi. Döyüşçülərim məni sakit buraxdılar. Çünki bilirdilər ki, mən belə dincəlirəm.
1993-cü il aprelin 1-dən cəbhəyə gələn leytenant Şamil Əmirov, necə deyərlər, Saatlı rayonunun çörəyi, suyu ilə ərsəyə gəlib. Bu il fevralın 1-də 34 yaşı tamam olub. Uşaqlığını doğma Xanlar kəndində keçirib. Ali məktəbə qəbulda müsabiqədən keçə bilmədiyinə görə bir sənətə yiyələnmək arzusu ilə Bakıdakı 84 nömrəli texniki-peşə məktəbinə girib. Bir müddət tornaçı kimi Bakı avtomobil zavodunda mənalı fəhlə ömrü yaşayıb. Əsgərlik həyatını da namusla başa vurub. Bu gün Vətən üçün can qoyan Şamil müharibədən əvvəl 6 il Rusiyada ömür sürməli olub: həm ali təhsil alıb, həm də ixtisası üzrə mühəndis işləyib. Şamil çətin gündə doğma torpağa qayıdıb. Müharibəyə görə qaçıb Rusiya çöllərində sülənən, qeyrətdən kasad oğullarımızla Şamilin hərəkətlərini yan-yana qoyanda cəsur, medallı zabitimizin mənəvi keyfiyyətləri daha da işıqlanmırmı?
Şamil düşmən gülləsindən qorxmayan, həmişə öndə gedən bacarıqlı zabit, namuslu vətəndaş, sədaqətli dostdur. Şamil həm də Aysel adlı şirin-şəkər körpənin atası, ömür-gününü uşaq bağçasında şam kimi əridən Xalidə xanımın həyat yoldaşıdır. Şamilin ailəsi hər gün evdə qazan asanda cəbhəçi atanın da payını nəzərdə tutur. Bir qayda olaraq atanın payı çəkilir və yenidən qazana tökülür. Ayselin gözü isə qapıdan çəkilmir ki çəkilmir: “Bəlkə, bu gün müharibə qurtarıb. Atam yoldadır...”.
Ulu Tanrı özü qapıya zillənən körpə gözlərini naümid qoymasın!

19 mart 1994-cü il

P.S.  Şamil çox vətəncanlı səngər qardaşımızdır. Ömrünün qiymətli dövrünü səngərdə keçirib. Ötən Dağlıq Qarabağ savaşımızda ordumuz tərəfindən aparılan  uğurlu hərbi əməliyyatlarda bir bölük komandiri kimi yüksək qəhrəmanlıq nümunələri göstərib. Şamilin  hünər tarixçəsi bizə qürur gətirən bir tarixçədir. Daha onda əvvəlki hövsələ qalmayıb. İşğal dərdinə dözə bilmir. Üstəlik də həyat yoldaşının yoxluğu dərdi... Necə deyərlər, cəbir daşı çat-çat olub...

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”