“İNTİQAM İNTİQAMA SƏSLƏYİR!”
İntiqam hərbi həyatında bir neçə hərbi hissədə xidmət
göstərib. Lakin 701 saylı briqadanı özü üçün ən dəyərli hərbi hissə hesab edir.
Səbəbini Vətən uğrunda aparılan qanlı-qadalı döyüşlərlə bağlayır. Deyir ki, 701
məni döyüşçü kimi yetişdirdi, yurd sevgimi əməlləşdirdi, məni əsl zabit
ucalığına çatdırdı.
Sual oluna bilər: İntiqamı şərəfli hərbçi sənətinin
fövqünə çəkən nədir? Mükəmməl cavab üçün çox düşünərək neçə-neçə uyarlı mühakimə
və fikirlər söyləyə bilərik. Düşüncələrimizin sonucunda dayaq nöqtəsi yox olmuş
boşluqlardan da qulağımıza intiqam nəfəsli pıçıltılar gələcək: Zabit üçün hər əməlin
başında yurd sevgisi hakimdir. Bu hakimlik yalnız və yalnız mütləq hakimlikdir.
Heç vaxt dəyişilə bilməz.
İntiqam haqqında bir qələm adamı kimi mənə söz demək
çox asandır. Çünki onu yaxşı tanıyıram. Hərbçiliyi onun tabeliyində öyrənmişəm.
Sovet anlamında hərbi hissənin “baş komissarı” kimi İntiqamın xidmət təcrübəsi
təqdir ediləsi bir təcrübədir. Gərgin hərbi əməliyyatların gedişində Müdafiə
Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən “İntiqam intiqama səsləyir” başlığı altında hazırlanan döyüş vərəqəsini
yada salmaq istəyirəm:
“Mayor İntiqam Bahəddin
oğlu Mirzəyev 1964-cü ildə Lənkəran rayonunda anadan olub. 1985-ci ildə Lvov
Ali Hərbi Siyasi Məktəbini bitirib. Evlidir, iki övladı var. 1992-ci ildən Azərbaycan
Silahlı Qüvvələrində xidmət edir. Bir müddət “Xalq Ordusu” qəzeti
redaksiyasında işləyib. 3 aprel 1993-cü ildən etibarən “N” hərbi hissə
komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində çalışır.
Onun gəlişi ilə hissədə
şəxsi heyətin tərbiyəsi sahəsində müəyyən bir canlanma yaranıb. İntiqam öz işinə
ilk növbədə orduda aparıcı qüvvələr olan zabit, gizir və çavuşların şəxsi və mənəvi
keyfiyyətlərini, taqım, bölük və taborların qüclü və zəif cəhətlərini öyrənməkdən
başlayıb. Qısa müddət ərzində hissənin şəxsi heyətindən döyüşçülər arasında
sözü keçən, hörməti olan ən savadlı hərbi xidmətçiləri ayırd edib seçərək
onların qüvvəsi ilə işgüzar tərbiyə aparatı yarada bilib.
Öz iş üslubunda
yalnız şəxsiyyətin müsbət cəhətlərinə arxalanmağı üstün tutan İntiqam bu
prinsipi öz köməkçilərinə də aşılamışdır.
Dağ sellərinə bənzər
coşqun xasiyyətinə, cəsarət və igidliyinə görə əsgər və zabitlərin
sevimlisidir. Onu həmişə ön səngərlərdə, əsgərlər arasında görmək olar. Elə
vaxtlar olub ki, taqımın, bölüyün və taborun döyüş əməliyyatlarını təşkil edərək,
onları öz rəhbərliyi ilə həyata keçirib. İntiqam öz vəzifə borcuna böyük məsuliyyətlə
yanaşır, əsgərlərin gündəlik qayğıları ilə maraqlanır. İ. Mirzəyev nümunəvi hərbi
xidmətinə görə növbədənkənar “mayor” hərbi rütbəsinə layiq görülüb.
İntiqam kimi
oğulları olan xalq basılmazdır!
Mayor Mirzəyev
İntiqam Bahəddin oğlunun nümunəvi xidməti
təqdirəlayiq örnəkdir!”
...20 yanvar 1994-cü il. Gərgin döyüşdən sonra nələrin
baş verdiyini, həmçinin hadisələrin sonrakı gedişini hərtərəfli öyrənmək, hər
şeyi öz gözü ilə görmək üçün İntiqam Mirzəyev postlara baş çəkirdi. Kəlbəcərin əksər
kəndlərində düşmənin kürəyi yerə gəlmişdi. Bağırlı kəndində erməni dığaları pərən-pərən
edilmiş, qırılmış və hətta əsir alınmışdı. Döyüşçülərimizin qəlbində ümman
sevinci çağlayırdı. Postlara gedən cığırlar qar altında itsə də, İntiqam bələd
olduğu qaya daşlarına, xüsusi əlamət və nişanlara əsasən rabitəçi Nəsimi ilə
qar topalarını dağıda-dağıda irəliləyir, pusquda duran əsgərlərə bəzi taktiki
hiylələri başa salır, ehtimal edilən ölüm və təhlükə hallarından qorxmamağı öyrədir,
lazımi göstərişlər verirdi. Adəti üzrə öz söhbətini belə bir hikmətli sözlərlə
tamamlayırdı: “Qorxaq gündə yüz dəfə ölər,
igid isə bir dəfə”.
Nəhayət, İntiqam mühüm postlardan birinə gəlib
çatdı. Hiss edirdi ki, düşmən çox yaxınlıqdadır. Ətrafa diqqətlə nəzər yetirdi.
Sıldırım bir qayanı özünə istehkam seçən əsgərin tutduğu mövqe onu bir qədər düşündürdü. Əsgərə
daha düzgün mövqe tutmağı başa saldı. Bu an həmin qayadan düşmən tərəfə gedən
ayaq izləri gözünə sataşdı. “Bu, kimlərin aya izidir?” – deyə üzünü əsgərə sarı
çevirsə də, gözaltı olaraq düşmən tərəfi müşahidə edirdi.
İntiqam Mirzəyev aşağı əyilib ayaq izlərinə daha
yaxından göz gəzdirdi. Şübhəsini yəqinləşdirdi:
həmin izlərin qar üstündə arxa-arxaya yeriyən düşmənə aid olduğunu dəqiqləşdirdi.
Bir anlığa duruxdu. İsti qış gödəkçəsinin yaxasını azacıq açdı. Zarafatlıq halı
olmasa da, birdən-birə gülümsəyərək əsgəri söhbətə çəkdi. Ehtiyat etdi ki, o, qəfil
yaranan həyəcandan özünü itirə bilər. Artıq hiss edirdi ki, onlar hədəfə alınıblar.
Hətta düşmənin iki əsgərinin onları necə müşahidə etdiyini də görmüşdü. Onlar
dar və iki yanı pusqulu olan təhlükəli keçiddə mövqe tutmuşdular. Bu arada
rabitəçi əsgər Nəsimiyə göz-qaş elədi ki, avtomat silahı ona versin. Rabitəçi
onun narahatlığını duydu və yavaşça ona sarı gəldi. İntiqam hiss edirdi ki, hər
an onu əcəl gülləsi yaxalaya bilər. Lakin arxaya dönüb bir daha dığalara baxmaq
fikrindən vaz keçdi. Dərindən bir nəfəs aldı. Avtomat silahı əlinə alan kimi hədəfi
güllə qatarına bələdi. Dığalar üzüqoylu düşərək yeri qarmaladılar. Və güclü
atışma başladı. Qarışıq atışma tufanında heç nə görünmürdü. Üstəlik qatı duman
pərdəsi ətrafı görünməz hala salmışdı. Həmin gün düşmənin tərs damarı elə
sındırıldı ki, xeyli itki ilə geri çəkildi.
Pensiyaya
çıxsa da, ehtiyatda olan polkovnik-leytenant İntiqam Mirzəyev dinc həyat yaşaya
bilmir. Vətən torpaqlarımızın işğal dərdindən doğan narahatlıq hissi düçar
olduğu xəstəliklə bahəm onu daxilən çox incidir. Bəzən çəliksiz rahat yeriyə
bilməsə də, daim müxtəlif hərbi-vətənpərvərlik tədbirlərində iştirak etməyə can
atır və belə izdihamlı yığnaqlarda özünəxas uca səslə öz daxili narahatlığını
yetişməkdə olan gənc nəslin fəalları ilə bölüşür. Hərbi tərbiyəçilik qabiliyyəti, qazandığı ictimai nüfuz
İntiqam Mirzəyevin əsas hərəkətverici qüvvəsidir. Bəzən onun mənəvi qüvvəsi o qədər
coşur ki, əlindəki çəlik də acizləşir, ayaq üstündə möhkəm durmağa, rahat yeriməyə
dayaq verən döyüşkən ruhu onu istədiyi səmtə aparır. Veteranlığının ahıl cağlarını səmərəsiz keçirməyi
özünə rəva görmür və yeri gələndə passiv həmkarlarına irad tutur ki, biz
veteranlar Dağlıq Qarabağ problemi həll edilməyincə susmamalıyıq. İndi bizlər
yox, xain ermənilər öz qonşuluq xəyanətindən usanaraq susmalıdırlar. İndi
intiqam dəmidir. Bizim yaralarımızı, uzun sürən xəstəliyimizi yalnız intiqam
hissləri sağalda bilər...
İbrahim MƏSİMOĞLU
İbrahim MƏSİMOĞLU



ƏSGƏRLƏR İLƏ SÖHBƏTİM ZAMANI ÇƏKİLƏN ŞƏKİL ,1992-Cİ İLDƏ TƏRTƏR RAYONUNDA ÇƏKİLB.SOLDAN BİRİNCİ HƏRBİ HİSSƏ KOMANDİRİ POLKOVNİK YUNİS BAYRAMOVDUR.HUCUMA HAZIRLIQ GÖRÜLƏN VAXTLARDIR.TƏƏSSÜFLƏR OLSUN DĞYÜŞDƏN ÖNCƏ ,TƏRTƏRİN İGİD OĞLU, VƏZİR ORUCOV VƏ NAXÇIVANLI OĞUL YUSİF MİRZƏYEVLƏ ÜÇÜMÜZÜN ŞƏKLİNİ ÇƏKDİLƏR. YUSİF SAĞIMDA.VƏZİR SOLUMDA DURMUŞDULAR.XATİRƏ ŞƏKİLLƏRİ MƏNDƏ OLMASADA ÇOX YAXŞI XATİRİMDƏDİR.HƏR İKİ OĞUL " MİLLİ QƏHRƏMAN" KİMİ TORPAĞA QURBAN GETDİLƏR.canlı milli qəhrəmanlar daima yaşayır.
ОтветитьУдалить