DƏLİQANLI ƏBÜLFƏT



  
 Bəri başdan deyim ki, Əbülfət hörmətli zabit yoldaşım, bir ildən çox eyni hərbi hissədə xidmət etdiyim, eyni səngərdə çörək yediyim cəbhədaşımdır. Onun hər işinə bələdəm. Bəzən şıltaq, bəzən son dərəcə acıqlı, bəzən də zarafatcıldır. Döyüşkənliyinə, qorxmazlığına ürəkdən vurğunam. Ona “Azərbaycan Bayrağı” ordeni verilməsi barədə prezident fərmanının ilk xəbərini də özüm çatdırmışam. Zarafatla demişəm ki, “sən həm rus, həm əfqan, həm də Azərbaycan mükafatı almısan. İndi səni hansı millətin qəhrəmanı hesab edək?!”. Əbülfət də özünəxas tərzdə cavab vermişdi: “Əfqanıstana zorla döyüşə aparmışdılar, bura öz vətənimdir, könüllü vuruşuram, demək, Azərbaycan ordeni o birilərdən çox-çox üstündür”.
Fakt faktlığında qalır: Göyçə mahalının Cil kəndindən olan Əbülfət Vəli oğlu Əliyev igidliyinə görə üç medal, iki orden qazanıb. Bir il dörd ay Əfqanıstanda zəngin döyüş təcrübəsi qazanan bu cəsur döyüşçü ana torpaq uğrunda savaş başlayanda ön cəbhədən uzaqda – Bakı kərpic zavodunda işləməyi şəninə sığışdırmayıb. Əbülfət Vətən səngərinə girən ilk müdafiəçilərdəndir. 1991-ci il noyabrın 27-dən ordumuzun ilk taborunun ən döyüşkən əsgərlərindən biri olub. Həmin taborda erməni işğalçılarına qarşı qəhrəmancasına vuruşub. Amma sıravi əsgər kimi yox, zabit kimi cəngə çıxıb.
...Əbülfətin qəzəbi ürəyini, beynini deşsə də, özünü zahirən sakit göstərməyə çalışırdı. Nə etməli? Naxçıvanik kəndi uğrunda döyüşdə beş igidimizin meyiti düşmənin ön atəş xəttində qalmışdı. Əbülfət kəşfiyyatçıların döyüş maşınını (BRDM) sürürdü. O, zabit Fuada həyəcanla müraciət etdi:
- Beş meyitdən biri mübariz şairimiz Xəlil Rza Ulutürkün oğlu Təbrizindir. İcazə verin, qabağa gedək, səhərədək meyitlər orada qalmasın. Kəndə axşam girmək sərfəlidir. Yoxsa meyitləri təhqir edəcəklər.
- İcazə verirəm. Lakin hökmən İlhamla get. O, iriçaplı pulemyotun ustasıdır.
Təhlükəli zonaya yaxınlaşanda Əbülfət dişlərini bir-birinə sıxa-sıxa dilləndi:
- Aha, dığalar gözə dəyirlər. İndi beş igidimizin intiqamını alarıq.
Qarşıda bir-biri ilə ucalıq bəhsinə girən iki dağ göründü. Barıt qoxusu canına çökmüş dağlar qəmlənirdi. Üstəlik, igidlərimizin yiyəsiz qalmış meyiti dəhşətli vəziyyət yaratmışdı. Əbülfət sürəti artırıb dağın ətəyinə yan aldı. Bu zaman pusquda duran düşmən PDM-nin qaraltısı göründü. Ani tələskənlik yeni faciə doğura bilərdi. Sürücülük məharəti ilə öyünən Əbülfət maşını elə fırlatdı ki, dığalar onu görməyə macal tapmadılar. Lakin uğultusu qulaq deşən maşının səsini artıq eşitmişdilər. PDM vahimə yaratmaq məqsədi ilə iki atəş açdı. Əbülfət azacıq çəkindi. Ona tanış olan ərazini gözəyarı ölçüb-biçdi, hədəf nöqtələrini müəyyən etdi və İlhama atəşə hazır olmağı tapşırdı. Amma İlhamdan səs çıxmadı.
- Nədir, niyə susursan? – deyə üzünü hirslə ona tutdu.
- Əbülfət, pulemyot işləmir. Deyəsən, lentin arasına giliz ilişib.
- Tez ol, düz-qoş, mənim ürəyim partlayır...
Beş dəqiqə ötdü. Əbülfətin həyəcandan dodaqları qurumuşdu. İlham “hazıram” kəlməsini deyəndə sanki canına şir qüvvəsi gəldi. “Allah, kömək ol” deyib sürəti artırdı. İlk atəş hədəfə dəydi. Düşmən PDM-i yanacaq çənindən od tutdu. Ekipaj qaçmaq istəyəndə İlham pulemyotla onları da yerə sərdi. Araya sakitlik çökdü. Görəsən, bu, hiylə sükutudurmu? Əbülfət hadisənin necə davam edəcəyinə məhəl qoymayaraq dərhal maşını söndürüb yerə düşdü.
- İlham, meyitlərin yerini bilirəm, - dedi. – Gəl dalımca...
Bu, Əbülfətin öz doğma ordusunda ikinci döyüşü idi...
...Fərrux kəndi uğrunda gedən vuruşmada Əbülfət öz zirehli texnikası ilə düşməni qırıb-tökür, qanına qəltan edirdi. Göz işlədikcə uzanan, əkinçi əməyinə həsrət qalmış şumluqda maşını saxladı. Yenicə azad edilmiş kəndin evlərini kəşfiyyat məqsədi ilə bir-bir yoxlamağa başladı. İkinci evin qapısını açanda bir erməni ilə üz-üzə dayandı. Onun nə dodaqları əsir, nə də səsi titrəyirdi. Əbülfət bu dığanı öldürmək fikrindən vaz keçmək istəyirdi ki, üzündən-gözündən vəhşilik yağan erməni həyasızcasına donquldadı:
- Mənim oğlum qanımı qabaqcadan alıb. Öldürürsən öldür...
Bu sözləri eşidən Əbülfətin gözlərində sanki şimşək çaxdı. Bir neçə dəqiqə öncə erməninin kor-peşman təslim olacağını zənn edən igidimiz bu hərəkətdən sonra qabağa yeridi. Qəzəbi coşdu və dığanın layiq olduğu cavabını verdi.
...Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin sağ cinahında – qarışıq atışma tufanında göz gözü görmürdü. İrəli bir addım getmək belə təhlükəli idi. Piyada əleyhinə minaların üstündən necə keçəsən? Əbülfət tanklarımızı köməyə çağırdı. Bilirdi ki, piyada əleyhinə minaları tankla xətərsiz-qorxusuz dağıtmaq çox asandır. Tankçılarımız onun göstərişi və himayəsi ilə düzgün, iti manevrli hərəkət etdilər. Düşmən qumbaraatançıları göz aça bilmədilər. Həmlə yolu açıldı. Zabit Yaşar Aydəmirov da bu ağır nöqtəyə gəlmişdi. O, Əbülfəti görcək dedi ki, sənə arxayınam, mən sol cinaha gedirəm. Əgər yarım saat ərzində qarşıdakı yüksəklik alınmasa, kəndi bu gün azad edə bilməyəcəyik. Əbülfət qumbaraatançılar taqımının komandiri olsa da, döyüşü idarə etməklə yanaşı, avtomat qumbaraatan silahın arxasında durmuşdu. O, sərrast atışla düşmən piyadalarını biçib-tökürdü. Nəhayət, irəli getmək məqamı yetişdi. Əbülfət zabit yoldaşı Arif Məmmədovu yanına çağırıb qabağa birgə getmək üçün sözləşdi:
- Sən sağ-sola diqqət yetir, mən də yerə. Minalara baxa-baxa irəliləyək. Biz öndə getsək, əsgərlərimiz daha da ürəklənəcək...
  Əbülfətin gözündən düşmən minaları gizlənə bilmədi. Ariflə birgə gəlib dığaların səngərinə lap yaxınlaşdı. Döyüşçülərimiz də onların ayaq izləri ilə minalanmış ərazini keçdilər. Arxadan “PK” ilə himayə olunan Əbülfət səngərdəkiləri qumbara ilə susdurdu. Qəfil həmlə nəticəsində düşmənin 1 ədəd zenit qurğusu, 1 ədəd avtomat qumbaraatan silahı və bir neçə “PK”-sı ələ keçirildi.
  Ordenli zabitimiz Əbülfət Əliyevin hünəri hesabına Murov döyüşlərində də ordumuz 3 ədəd tank, 4 ədəd PDM qazanıb. Onun başçılıq  etdiyi qumbaraatançıların – göyçəli Ələsgər Rüstəmovun, qazaxlı Hidayət Məmmədovun, ağbabalı Gəray Nəsibovun, lerikli Rasim Həsənovun, ucarlı Ələddin Qədimovun uğurları da az deyil.
  Əbülfət dörd dəfə yaralanıb. Hər döyüşdə bir təkrarolunmaz cəsarət göstərib. Düşmən qabağına keçilməz sədd çəkib. Bu üstünlüyə, qalibiyyətli hücumlara təkmi müyəssər olur?
  - Mən öz məğlubedilməz taborumuzla güclüyəm, - deyə Əbülfət sualıma belə cavab verir. – Cəbhəyə bu taborla gəlmişəm. İndi də onun sırasındayam. Burada iradəsiz, qətiyyətsiz, qorxaq adam çox qala bilmir. Taborumuzun şərəfinə ayrıca əsgər mahnısı da yazıblar.
   Doğrudan da, “N” hərbi hissəsinin 1-ci taboru ecazkar döyüş qüdrətinə malikdir. Onun 8 döyüşçüsü Vətənin yüksək mükafatlarına, orden və medallara layiq görülüb. Onlardan biri də haqqında söz açdığım dəliqanlı Əbülfətdir.
  Görəsən, Əbülfəti öz ərənlərindən ayırsalar, yenə yüksək səviyyədə döyüşə bilərmi? İgidimizin özü bu suala sualla cavab verir: “Duzdan dadı, sudan nəmi, torpaqdan həyat qüvvəsini ayırmaq olarmı?!”.
  P.S. Əbülfət o qədər qanlı döyüşlərdə məşəqqətli güzəran yaşasa da, heç vaxt bizi tərk etmədi, xain dığalara xeyli qan uddurdu, fərqli və amansız ölüm anları yaşadı, amma uca Allahımızın köməyi sayəsində nəfəsi öz üstündə qaldı.  Əfsus ki, ordudan tərxis olunduqdan sonra ağır səngər həyatında qazandığı yaralar, qəfil zərbələr onu ağır xəstəliyə düçar etdi. Bu gün Əbülfət bizim aramızda deyil, lakin müqəddəs ruhu daim bizimlədir. İnşallah, qəti qələbəmizlə onun ruhunu həmişəlik şad edəcəyik!...

                                                                                              İbrahim MƏSİMOĞLU

Комментарии

  1. Qəhrəman oğul kimi qəlbimdə yaşayan Əbülfətı çox yaxşı tanıyırdım.Bir-neçə dəfə içkili olduğu üçün Komandanlığın hədəfinə alınmışdı.Onula söhbət çox çirin olurdu.Bir dəfə dedimki,xuliqanlıq edirsən,özünü yığışdır.Gülə-gülə komandir dedi.Soyuq havanı isti etmək üçün içirəm ki.əsgərlərimizin istisi olsun.İstəmirsiniz qızışsın əsgərlər döyüşdən əvvəl ,yaxşı olar komandir görərsiniz nə edərəm.Ayağında o qədər keyfiyyəli olmayan batinkası par-par parıldayırdı.Döyüşlər başlayanda,dostum xahiş etdi ki . əməliyyata rəhbərlik mən edim.O bir az rusdilli olduğundan mən razılıq verdim.Ən nəhayət saat 5.00- da qarlı havada əməliyyat başladı .Əbülfət əsgərləri ilə birlikdə düşmənin başının üstünü " şığıyan qartal"kimi almışdı.Birdə mən onu aşağı yolevinin ətrafinda tülkü kimi qaçan düşmənin arxasınca yüyürdüyünü gördüm.Düşməni evin tinində gəbərtdi.yaxınlaşıb gördüm ki ayağında corab,Komandir gördünüz dediyimi etdim.Gülə-gülə bağışlayırsız idi sual etdi.Dedim uca səslə YOX.

    ОтветитьУдалить

Отправить комментарий

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”