VƏTƏNÇİLİK RUHUNDA SÖNÜKLÜK GÖRMƏDİYİM NATİQ SƏMƏDOV
Döyüşçü
amalı yalnız müqəddəs bir ruhda köklənir. Öz amalı uğrunda vuruşduqca mənən
yüksəlir və məğlubedilməz olur. Çox səmimi deyirəm: İlk hərbi əməliyyatlardan
başlayaraq mən vətənçilik ruhunda sönüklük görmədiyim cəsur cəbhədaşım baş
çavuş Natiq Səmədovu adi əsgər hesab edə bilməmişəm. Necə ola bilər ki, qolunu
itirəsən də, özünü tam sağlam hiss etməyəsən
də, yenə döyüş səngərini tərk etməyəsən?!
Çünki Natiq ana yurdumuzun könül ahəngini duya bilən bir oğuldur. Yurd sevgisi sonsuzdur. Həmişə doğma
Azərbaycanımızın təbii gözəllikləri qarşısında heyrətləndikcə, milli dərdlərimizə
qarşı mübariz mövqe tutduqca, öz daxili mənəvi güc qaynaqlarını artırır.
Mən 1-ci Dağlıq Qarabağ savaşı dövründə
baş çavuş Natiq Səmədovla bir motoatıcı briqadada xidmət etmişəm. O, 2-ci
taborun 2-ci bölüyünün baş texniki kimi döyüş tapşırıqlarını mərdanə yerinə
yetirmiş və şəxsi heyətin böyük hörmətini qazanmışdır. İlk dəfə onu səngər
sırasında görəndə elə zənn etdim ki, hospitaldan təzə qayıdıb, bir neçə gündən
sonra tərxis olunacaq. Sən demə, belə deyilmiş. Natiq 2-ci qrup əlil ola-ola
döyüşlərdə çox fədakarlıq göstərib. Erməni işğalçılarına qarşı tək əllə avtomat
silahdan elə atəş açırdı ki, onun bu cəsur hərəkətinə məəttəl qalırdın. Baş
texnik kimi bütün hərbi silah-sursatın, texnikaların dilini yaxşı bilirdi.
Baş çavuş Natiq Ağalar oğlu Səmədovun
döyüş həyatı ilə bağlı bir söhbəti haşiyə çıxmaq istəyirəm. Onun dedikləri
yaxşı yadımdadır:
– Ön
atəş xəttinə gələn bilməlidir ki, Vətən üçün ölüm-dirim vuruşuna çıxır. Döyüşdə
yaralanmaq adi haldır. Ümumiyyətlə, məndən asılı olsa, ön xəttə qorxaq əsgəri
yaxın buraxmaram. O əsgər ki, qorxur, demək, hələ əsgər deyil. 1992-ci il
oktyabrın 3-də laçın rayonunda Hoçaz dağı uğrunda döyüşdə iştirak edirdim.
Yaxşı vuruşurduq. Düşmən tab gətirə bilməyib geri çəkilirdi. Birdən mənim
yaxınlığımda zirehli texnikaya atılan mərmi partladı. Ağır yaralandım. Ayaqlarımda
damarım iki yerdən kəsilmişdi. Bədənim qəlpə ilə dolu idi. Zorla sürünürdüm.
Hiss edirdim ki, kömək olmasa, həyatla vidalaşacağam. Amma qorxuya güc gəldim.
Damarım kəsilən yerləri bərk-bərk sıxdım və əsgər yoldaşlarımı səslədim. Nəhayət,
məni hospitala çatdırdılar...
Həmin yaralanma hadisəsindən sonra
Natiq Səmədov yenə öz cəbhədaşlarının yanına qayıtdı və atəşkəs elan edilənədək
hərbi əməliiyalardan kənarda qalmaq istəmədi. Bu gün bir müharibə veteranı kimi
müntəzəm olaraq gənclər arasında hərbi vətənpərvərlik işi aparır. 2-ci qrup
müharibə əlili olsa da, öz ailə
ehtiyaclarını ödəmək məqsədilə fərdi əməklə məşğul olur. Yaxşı inşaat
ustasıdır. Bir əli iş görmək üçün yararlı olmasa da, tək əllə elə inşaat işləri
görür ki, onun əməyinin keyfiyyətli nəticələri insanı sonsuz dərəcədə heyran
edir. Ordumuzun 2016-cı il uğurlu aprel döyüşləri zamanı könüllü olaraq ön xəttə
getmək istəyənlərin sırasında durmuşdu. Əgər yuxarı komandanlıq tərəfindən
razılıq verilsəydi, Natiq Səmədov öz igidlik əməllərini yenidən yaşada bilərdi.
Vətən savaşında iki dəfə yara alan,
sol qolundan şikəst olan, bədənində neçə-neçə qəlpə gəzdirən Natiq Səmədovu bu
gün məmnun edən, ona təsəlli verən bir məsələ ondan ibarətdir ki, xalqımız
güclü bir orduya malikdir. Azərbaycan Ordusu keçmiş kəm-kəsirlərə bir dəfəlik
son qoymuşdur. İndi döyüşçülərimizin bir narahatlığı var: Haçan doğma
torpaqlarımızın azad edilməsi naminə hücüm əmri veriləcək?! Deyəsən, bu
narahatlıq da tezliklə yox olacaq!...
İbrahim MƏSİMOĞLU
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий