DAYAZ VƏTƏNÇİLİK NƏDİR?
Bəzən
biz müharibə veteranları istəsək də, istəməsək də belə bir qənaətə gəlirik: internet
saytlarının, operativ xəbər portallarının, siyasi və müstəqil qəzetlərimizin
bir qisminin antiordu təbliğatı, yad münasibəti düşmənlərimizin xəyanəti, namərdliyi
ilə düz mütənasibdir. Yox, əgər belə deyilsə, onlar antiordu təbliğatından əl çəkib
nə üçün müqəddəs əsgər obrazını, dəyərli komandirlərimizi vəsf etmir, orduya mənəvi
güc vermirlər? Bizim şəstimizə, vüqarımıza toxunan sosial şəbəkədə, qəzetlərdə,
görəsən, haçan hərbi-vətənpərvərlik ideyaları geniş miqyasda göyərəcək? Əksinə
son zamanlar bəzi blogerlər, qeyri-məsul hərbi ekspertlər, müxalif siyasi qüvvələr
milli hərbçi mənliyini qorumaq əvəzinə bizə ünvanlandırılmış böhtan, yalan və təhqir
selini gündən-günə artırır, bəzən də bu mənfi reaksiyanı kampaniya halına
salırlar.
Biz müharibə veteranları doğma hərbçilərlə
yanaşı belə anlayırıq ki, çağdaş mətbuatımız, virtual informasiya sistemi nə qədər
çox siyasiləşirsə və yüksək dəyərlərimizi siyasi mənafelərə qurban verirsə, o qədər
mənən kasıblaşırlar. Ola bilsin ki, bəzi siyasi mətbu orqanlar, saytlar, xəbər
portalları sözün həqiqi mənasında mənəvi iflasın astanasındadırlar. Bəlkə də,
onlar bunu hiss etmirlər. Lakin bu biabırçı hal gerçəklikdir.
Siyasi hakimiyyətlə mübarizəni ordu
üzərində qurmaq, ordunun başçısını, zabitlərini, əsgərlərini bu iyrənc siyasi
oyunlara təhrik etmək qüsurlu fəaliyyət formasıdır. Ordu hər bir yurddaş üçün əziz
bir kollektivdir. Ordunu cəmiyyətdən, onu təmsil edən xalqdan, həmçinin iqtidar
və müxalifətdən kənar bir qurum kimi, yaxud həyatda mövcud olmayan, lakin
fikirdə, təsəvvürdə həyata keçirilməsi mümkün hesab edilən bir maddi-mənəvi struktur
kimi “layihələndirmək” heç bir sağlam məntiqə cığan şey deyil. Bu istiqamətdə
aparılan antiordu təbliğatı hiss ediləcək bir dərəcədə böyüməkdə olan yeni nəslin
ideallarını, duyğulu düşüncələrini heçə endirir, onları vətənpərvərlikdən,
ordusevərlikdən uzaq xudpəsənd ideyalara sövq etdirir. Bununla bahəm mənəvi
quruculuq yükünü çəkən mətbuatımız və dünyalaşan sosial şəbəkə vəzifə
kreslosundan ötrü dəridən-qabıqdan çıxan siyasətçilər tərəfindən asan idarə
olunan bir mexaniki qüvvəyə çevrilir. Nəticə etibarı ilə bu mənfi təzahürlər–mənəvi
boşluq, ruhi eroziya və düşkünlük miqyas baxımından yüksək, dəyərli milli məziyyətlərimizi
üstələyir.
Türk dünyasının böyük oğlu Mustafa
Kamal Atatürkün sözləri yada düşür: “Bütün tarix bizə göstərir ki, millətlər
yüksək məqsədlərinə çatmaq istədiyi zaman bu coşmaları müqabilində hər
zaman uşaqlarına hərbi forma geydirmişlər.
Tarixin bu ümumi oxşarlığı daxilində böyük bir fərq bizim tariximizdə – türk
tarixində mövcuddur... Bu gün türk milləti müvəffəqiyyət qazandığı hər bir həyati
işin qəhrəmanı kimi öz ordusunu, habelə ordusuna komandirlik edən öz
övladlarından ibarət zabitlər toplusunu, ali komanda heyətini görür. Millət və
qəhrəman övladlarından meydana gələn ordu o dərəcədə vəhdət təşkil edir ki,
dünyada və tarixdə bunun örnəyi çox
nadirdir. Bu milli keyfiyyət ilə biz daim öyünə bilərik”.
Bəs biz nə edirik? Niyə ordumuzla
öyünmürük?! Ona görə ki, “siyasi rütbə” qazanmış bəzi müxbirlərimizin və şəxsi
ambisiyalı vətəndaşlarımızın xüsusi marağı var: onlar siyasi mübarizə düşərgəsində
Müdafiə nazirini, Baş Qərargah rəisini, ordu zabitlərini yersiz tənqid atəşinə
tutmaqda, təhqirə məruz qoymaqda sanki yarışa çıxır, bəzəkli ibarələr, obrazlı
fikirlər işlətməklə bir-birinə fors edir, təşəxxüs satırlar. Jurnalist qələminin
həyasını qoruyun, ey möhtərəm qəzetçilərimiz, sayt rəhbərlərimiz, yoxsa sonra
gec olar!
Əgər orduya, yurd müdafiəçilərinə
qarşı məhəbbətin yoxdursa, qınaq sahibi özünsən, təqsir səndədir. Hərgah o müqəddəs eşq, yurd təəssübkeşliyi sənin mənəvi
aləminə həqiqi mənada çıraq tutursa, qoru o çırağın işığını! O işıq sənin
jurnalist nüfuzun, vətəndaşlıq şərəfindir!
Qəzetdə ordunun tənqidi ictimai əhəmiyyət
kəsb edir. Bu tənqid adi tənqidlər kimi qiymətləndirilməməlidir. Bəzən elə bir
tənqidi faktın təhlili məsələsi ortaya çıxır ki, belə tənqid tamamilə qapalı
xarakter daşıyır. Subyektivizmə varıb deyə bilərik ki, hər hansı sosial-iqtisadi
obyekti, ictimai təşkilatı və ya dərnəyi tənqid edərkən səhvə yol veririksə, təbii
hal kimi zahirən qeyri-obyektiv münasibət xatırlanır. Birmənalı şəkildə deməliyik
ki, orduya qarşı qeyri-sağlam tənqid haradasa cinayət əməli həddinə yaxınlaşan
bir hal kimi dərk edilməlidir. Bu həqiqəti hökmən qəbul edib reallaşdırmağa mənən
borcluyuq. Sosial şəbəkə bu incəliyə nəinki məhəl qoymur, habelə Silahlı Qüvvələrin
inkişaf meyillərinə, nümunəvi cəhətlərinə, dünya səviyyəsi ilə fərqli üstünlüklərinə
göz yumub “obyektiv” jurnalist, yaxud “yanımcıl” vətəndaş adı altında yalnız
gözə dəyən mənfi təzahürləri tənqid edirlər. Bu qəbildən olan sayt rəhbərlərini,
ağzına yiyəlik edə bilməyən vətəndaşlarımızı biz necə özümüzə yurddaş
adlandıraq?! Bu, olsa-olsa dayaz vətənçilikdir, nə bilək, bəlkə də, bu
dediyimiz söz o cür nadürüst əməl müqabilində çox yumşaq səslənir.
General – Silahlı Qüvvələrin ali
zabitlər heyətində hərbi rütbədir. Bu rütbə hərbi xidmətlə əlaqədar və Silanlı
Qüvvələr qarşısında xidmətlərə görə verilir. General rütbəsi almış şəxsiyyət – hərbçi
vətəndaş ali və şərtsiz milli sərvətimizdir. Bu öz parlaq ifadəsini cəmiyyətimizin
əxlaqi və hüquqi prinsiplərində tapır. Ləyaqət hissi olan müxbir, yaxud siyasiləşmiş
bir vətəndaş öz doğma Silahı Qüvvələrinin generalı barədə, hətta o generalın xətası
olsa da, onun haqqında söz söyləyərkən “milli sərvət” deyilən anlayışın məna dərinliyinə
varmağı bacarmalıdır. Hər bir generalın ləyaqət tutumunun təməli ölkə vətəndaşlarının
milli mənliyidir. Öz siyasi mənafeyi naminə söz didən, söz güləşdirən blogerlər,
ağzı müdrik söz tutmayan şəxslər, fikrimizcə, dərindən düşünsələr, bu mənəvi həqiqətlərin
varlığına şəkk-şübhə etməzlər. Bu əxlaqi gerçəklikləri isbatlandırmaqdan ötrü
sizlərə hazır reseptlər verməyi də lüzumsuz sayırıq. Axı, ortalığa söz tullayan
təsadüfi adamlar bir yana qalsın, əsl qələm və söz adamına bir eyham da kifayətdir.
...Hərbi jurnalist olaraq ön cəbhə xəttinə
növbəti ezamiyyətə gedirdim. Qatarda hərə öz düşündüyü səviyyədə söhbətə siyasətdən
başladı. Kimi hökuməti yumşaqcasına tənqid etdi, kimi yalnız yaxşı cəhətləri
misal çəkdi, kimi də daxili və xarici siyasəti tamam alt-üst edib Azərbaycanı tərk
edəcəyindən danışdı. Axırda söhbət gəlib ordu mövzusu üzərində dayandı. Ordu
barəsində yaxşı rəy söyləyən də oldu, pis fikir deyən də. Nəhayət, hərbi hissədə
intizamsız hərəkətlərinə görə cəzalandırılan bir əsgər anasının həqarətli sözlərinə
dözə bilmədim. Etirazımı tutarlı real faktlarla bildirdim.
Haqlı sözlərimi eşidənlərin əksəriyyəti
mənimlə razılaşıb həmin qadını əməllicə günahlandırdılar. Hətta bəziləri
ordumuzun həqiqətən inkişaf yoluna çıxması barədə tutarlı faktlara əsaslanıb
nikbin fikirlər söylədilər.
Ordusunun gücündən-qüdrətindən bixəbər
olan və yurd komandirlərinə əsassız qara yaxanlar, görəsən, bu ordunun təmsil
etdiyi xalqa layiqli övlad ola bilərlərmi?! Hər halda belə kəsləri yalnız öz
vicdanlarının mühakiməsinə buraxırıq. Axı, vicdanı biz nə qədər çox ləkələyib haldan
salmamışıqsa, o kifayət qədər qabil və səhv etməyən hakimdir.
Başıma gəlmiş yol əhvalatı kiçik bir
epizod təsiri bağışlasa da, ordu və xalqın mənəvi birliyi haqqında bir sıra
nüansları açıqlayır. Bəlkə də, hər kəsin hələ anlaya bilmədiyi düyünlü bir
mahiyyətin asan açımına iz salır və belə suallar doğurur: Sən öz orduna necə qəlbən
bağlanmısan? Sən öz ordunun ləyaqətini qorumağı bacarırsanmı? Sən Vətənin
müdafiəsi üçün nə etməlisən? Ordumuza əsgər olmağa hazırsanmı? Bu suallar ağılı
və qəlbi qeyri-iradi surədə cəlb edən, ordunun şəxsi heyəti haqqında əsl düşüncə
oyadan, özünü öz içində görməyə sövq edən və öz ordusunun inkişafı, məmləkətin
müdafiə işi haqqında düşünməyə vadar edən suallardır. Söz yox ki, bu suallara
cavab verə bilməyəni mənəvi boşluq hədələyir.
Ordu – xalqın ləkə
götürməyən namusudur. Ordu – xalqın əxlaq inikasıdır. Ordu – xalqın vüqarıdır.
Ordu – xalqın varlıq rəmzidir. Ordu – sizdən, bizdən və hamımızdan ibarətdir. Gəlin
öz ləyaqətimizi, öz şərəfimizi ayaqlar altına salmayaq, daha yetər!
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий