ŞƏHİD ÜLFƏT KƏRİMOV: “KƏLBƏCƏR İŞĞAL OLUNSA, BİLİN Kİ, MƏN DƏ YOX OLMUŞAM...”
Çox cəsur, əyilməz və dağ vüqarlı qəhrəmanlarımızdan
biri kimi xatirimizdən heç vaxt silinməyən Ülfət Kərimov milli hərb tariximizdə
öz adını qızıl xətlə yazmışdır. Doğulduğu Kəlbəcər yurdunun şərəfini qorumaq üçün neçə-neçə
misilsiz qəhrəmanlıq nümunələri göstərmiş və mərdanə şəhid olmuşdur. O, riskli
manevrlər edərək düşməndən iki tank, iki ədəd “PDM-2”, iki “AQS-17”, iki
minaatan (120 mm.-lik) ələ keçirmiş və son nəfəsində xain dığaların üç tankını
məhv etmişdir. 701 saylı döyüşçü heyətinin cəsur kəşfiyyatçısı kimi xidmət edən
Ülfət Kərimov 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində
yerli əhalinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girmiş
və kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin
məzarı yaxınlığında öz döyüş andına sadiq olaraq müqəddəsliyə qovuşmuşdur. Ü.Kərimov
göstərdiyi igidlik əməllərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Hərbi əməliyyatlarda Ülfət Kərimova
böyük inam bəslənirdi. Necə deyərlər, o güllədən yox, güllə ondan qorxurdu. Öz
döyüşçü yoldaşları qarşısında xüsusi döyüş andını elan edərkən heç kim onun
sözlərinə şübhə etməmişdi. Bilirdilər ki, Ülfət sözünü danan igid deyil. O
zaman Ülfət sağ ikən onun adı döyüşçü dillərində əzbər edilmişdi. Motoatıcı
briqadamızın təntənəli sıra qarşısında rəsmən elan etmişdi ki, Kəlbəcər işğal
olunsa, bilin ki, mən də yox olmuşam. İgid qardaşımız necə demişdirsə, eləcə də
şəhid zirvəsinə ucalmışdır.
Ülfət Kərimov biz veteranlar üçün ölü
sayılmır. O, daim bizimlədir. Ülfətin ölməz ruhunun işığı bizim içimizi
işıqlandırır. Onun ruhu düşmənə qarşı başlanacaq qəti qələbə döyüşlərində əsas mənəvi
dayaqlarımızdan biri kimi qüdrətli varlığımızda cövlan edəcəkdir.

Комментарии
Отправить комментарий