İLK HƏRBİ ANDİÇMƏ SEVİNCİ



        İlk briqadamızın təməl daşını qoyan 1-ci taborda təşkilati işlərin o zaman tələsik icra edilməsi üzündən rəsmi surətdə hərbi andiçmə mərasimi keçirilməmişdi. Kərkicahan və Daşaltı əməliyyatlarından sonra azacıq tənəffüs ediləndə döyüşçülər müştəqil dövlətimizin qanunlarına uyğun hərbi andiçmə məsələsini önə çəkdilər. Nəhayət, Şəhidlər xiyabanında, demək olar ki, ordumuzun ilk andiçmə mərasiminin sevincini yaşamaq bizə qismət oldu.
       Vətəni qorumaq naminə hər bir vətəndaşın üzərinə qoyuan hərbi borc, necə deyərlər, yurd üçün “Məmməd Araz daşı” olan hər kəsin bir vicdan səsidir. Axı, hər bir insanın öz cəmiyyətinə, təmsil etdiyi xalqına dərin şəxsi münasibətinin inkişafı öz zirvə nöqtəsini hərbi xidmətdə tapır. Hərbi and içilən gün borc hissinin  təntənə içərisində coşan bir günüdür. Doğma yurdun şərəfi, azadlığı, istiqlaliyyəti naminə atalarımızın qanı ilə suvarılmış torpaqlarımızın hər bir qarışının dəyəri haqqında düşünən vətəndaş hərbi andiçmə günündə çox yüksək duyğularla nəfəs alır.
        Azərbaycan Silahlı Qüvvələrinin ilk Hərbi andı qəbul etməsindən 28 il ötür.
1991-ci il dekabr ayının 8-də Şəhidlər Xiyabanında Azərbaycan Silahlı Qüvvələrinin 18110 saylı (indiki 701 saylı) ilk hərbi hissəsinin birinci taboru Hərbi andı qəbul etmişdir. Bu tarixi mərasimin mütəşəkkil keçirilməsi ilə bağlı tapşırıqların icrasını tabor komandiri mayor Nurəddin Abdullayev öz üzərinə götürmüşdü. Könüllü döyüşçülərdən ibarət taborun hərbi and mərasiminə gətirilməsi polkovnik (sonralar general-mayor ali hərbi rütbəsi verilib) Zadir Rzayevin rəhbərliyi altında həyata keçirilmişdir. O zaman Hərbi and Müdafiə nazirinin müavini general-mayor Dadaş Rzayev tərəfindən qəbul edilmiş və ölkə daxilində böyük əks-səda doğurmuşdur.
        ...Zabit Fizuli Rzaquliyevin çıxışında xüsusi bir vurğu ilə səslənən müstəqil dövlət sevgisi güclü əks-səda verir:
          - Biz bu gün müstəqil dövlətimizin ilk hərbi andını qəbul edirik. İlk hərbi anda imza atanlar içərisində olduğuma görə hədsiz qürur duyuram. Vətən haqqında fikirlər, arzular, həyəcanlar ən yüksək ideyalarla bağlıdır. Çünki Vətən müqəddəs bir varlıqdır. Biz Vətən üçün doğulmuşuq və yeri gələndə Vətənin müdafiəsi üçün ölümə də hazır olmalıyıq!
          Hər taqım ayrı-ayrılıqda and içir. Əsgərlər – Müşfiq Məmmədov, Sabir Abbasov, Araz Cəfərov və başqaları bir-birinin ardınca müqəddəs vəzifənin icrasında, ulu Qarabağımızın azadlığı uğrunda son damla qanınadək etibarlı olacağına, mərdlik, əsl yurdkeş nümunəsi göstərəcəyinə söz verirlər. Baxışlarında qürur hissi coşub-qaynamaqdadır. Özlərini yurda halal vətəndaş kimi hiss edirlər. Hiss edirlər ki, Vətən qarşısında öz övladlıq borcunu ödəmək üçün onlara gözəl bir fürsət verilib. Onlar müstəqil nəfəs alan Azərbaycan Respublikasının döyüşçü əsgəri adını daşıyırlar. Dünyanı, yaşadığı məmləkəti vətənpərvərcəsinə görmək iqtidarında olan oğullardan ötrü bundan da artıq ali hisslər varmı?!
        Əsgər Məhəd Tağıyevin çıxışı yaddaşlarda belə xatırlanır:
         - Biz Vətəni qorumağa borcluyuq. Biz Vətənsiz heç nəyik! Vətən – ana haqqını Tanrı haqqına bərabər tutan, anası Burla xatunun namusu tapdalanmasın deyə “örkənlə boğazından asılmağa”, “iki kürəyindən cəngələ sancılmağa”, “ağ ətindən qara qovurma bişirilməsinə” razı olan Oğuz qəhrəmanı Uruz babamızdan qalıb bizə! Vətən – qırx il kölə kimi sürünməkdənsə, bir gün azad yaşamağı, ixtiyar sahibi olmağı üstün tutan, böyük bir imperiyaya qarşı iyirmi ildən çox ölüm-dirim müharibəsi aparan Babəkin əmanətidir bizə! Vətən – Dəmirçioğlu, Dəli Həsən, Eyvaz kimi yeddi min yeddi yüz yetmiş yeddi ər igidi başına toplayıb yurdun yağı düşmənlərinə qan udduran, dəli nərəsi ilə dağı-daşı lərzəyə salan Qoç Koroğlunun əmanətidir bizə! Biz bu əmanəti qorumasaq, bu əmanətin bir qismini gavur erməni işğalından azad etməsək Azərbaycan torpağı gözlərimizi kor qoyar!
        Belə od ürəkli, el qeyrətli oğulları olan Vətən basılarmı?! Əlbəttə, yox! Düşmən bu həqiqətləri qanmadan yenə işğaldan əl çəkməzsə, vay halına!
         Təntənəli andiçmə mərasimindən sonra el igidlərimiz birbaşa döyüş bölgəsinə, yurd səngərlərinə yola düşdülər...

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”