BİZİ QƏTİ QƏLƏBƏYƏ SƏSLƏYƏN RƏSM ƏSƏRİ
Milli
təsviri sənət tariximizdə yeni doğulan əsərin adı çox düşündürücüdür. “701: kəlbəcərlilərin
xilasında” adını daşıyan bu rəsm əsəri Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə işıq üzü görmüşdür. Məşəqqətli Kəlbəcər işğalı ilə bağlı döyüş səhnəsini
yağlı boyalarla canlandıran bu nəfis və eyni zamanda qürur doğuran təsviri sənət
nümunəsi “Azərbaycan Respublikasının ərazi
bütövlüyü uğrunda gedən müharibə zamanı hərbi hissələrin göstərdikləri qəhrəmanlığın
hərbi qulluqçular və gənclər arasında təbliği” mövzusunda həyata keçirilən dəyərli
bir layihənin tərkib hissəsidir. Layihənin rəhbəri Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər
İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizaga Qənizadədir.
İstedadlı rəssam Əmirxan ( Noir) Nadir
oğlu Babayevin gözəl fırça məhsulu olan bu əsər Kəlbəcər rayonunda son həddə
çatan mühasirə böhranının çox baxımlı təzahürlərini əks etdirir. Təlatümlü
döyüş səhnəsinin mürəkkəb və heyrətli dinamizmi, coşqun həyəcanlı duyğular aləmi,
habelə 701 saylı hərbi hissə döyüşçülərinin fədakarlığı, yenilməz dözümü
universal görünüş yaradır. Təsvir edilən möhtəşəm ulu dağlar yurdunun, demək
olar ki, hər guşəsində qəti və amansız intiqam səsi, erməni işğalçılarına qarşı
intiqama çağırış harayı yüksəlir. Qabarıq şəkildə göstərilir ki, mühasirə məngənəsi
tədricən bütün imkanlarımızı sıxışdıraraq bizi dar və üzücü bir dalana sürükləyir.
Çıxılmaz vəziyyətə baxmayaraq Azərbaycan Ordusunun ilk təməl daşını qoyan və
kifayət qədər döyüş təcrübəsi qazanan 701 saylı motoatıcı briqadamızın mətin
döyüşçülərinin odlu nifrət və qəzəbi, yenilməzlik hissinin doğurduğu nikbin bir
ovqat rəsm mənzərəsinin mənəvi ruhuna hakimlik edir. Kütləvi qəhrəmanlığın
ölçüsüzlük hüdudları insanı riqqətə gətirir. Qeyri-ixtiyarı olaraq iç
dünyamızda bizi hərbi savaş bəhsləşməsinin fəxri kürsüsünə qaldıran hakim bir
qüvvə ərsəyə gəlir.
Sual oluna bilər: bu cəsur döyüşçülər üçün vətən
sevgisinin həddi varmı?! Əlbəttə, yox! Vətənə vurğunluğun son həddi şəhidlikdir!
Bu müqəddəs ideyaya söykənərək ilk
briqadamız özündən sayca on iki qat üstün olan azğın daşnak quldurlarına son nəfəsədək
güclü müqavimət göstərmişdir və nəticədə Kəlbəcərin dinc əhalisinin təxminən
99 faizi təxliyə edilmişdir.
Rəsm əsərinin süjet xətti gərgin
mühasirə durumunda ilk briqadanın erməni işğalçılarına qarşı dirənişinin bir
neçə məqamını əhatə edir: 4-cü taborun
komandiri baş leytenant Mahir Quliyev öz cəsur döyüşçüləri ilə Tuneldən keçə
bilir. Sərhəd zonasından düşmənin uzanan tanklar sırası mühasirəni daha da gərginləşdirir.
Rayon mərkəzində dinc əhalinin təxliyəsi hava yolu ilə icra edilir. Eyni zamanda
düşmənin hava hədəfləri vurulur, zirehli döyüş texnikası odlanır, xeyli canlı
qüvvəsi məhv edilir. Hər halda mühasirə
öz acı nəticəsini ortaya qoyur. Tunel bağlanır. Yalnız bir ümid yolu qalır. O
da qarla kilidlənmiş Murov yoludur. Mətin
birinci briqada düşmənin “ təslim ol “ ultimatumuna baş əymir, ona əsl döyüş dərsi
verir və mühasirəni mərdanə yarır. Düşməni dəhşət hissi bürüyür: Necə ola
bilər ki, sayca özündən on iki qat az olan bir hərbi qüvvəni mühasirə dairəsində
susdura bilmir. Necə ola bilər ki, müdafiə xətti norma həddindən üç dəfə çox
uzadılan bir qoşunu təslim edə bilmir. Necə ola bilər ki, aramsız vuruşan, təminat
qıtlığı içərisində güzəran keçirən bir ordu hissəsinin müqavimətini qıra
bilmir. Əlbəttə, bu haqlı suallara niyə cavab tapılmasın?! Tarixən bizə qonşu
olan və bizi yaxşı tanıyan düşmən, söz yox ki, öz torpağına qəlbən bağlı azərbaycanlıların
mərdliyinə, yurd eşqinə, fədakarlığına şübhə edə bilməz. Onların içərisində bu
həqiqətləri etiraf edən rəsmi mənbələr də az deyil. Amma nə faydası?! Daşnak hansı biçimdə olursa-olsun içində
daim xain nəfəs hakimlik edir...
Bu rəsm əsəri, səhv etmirəmsə, Qarabağ
savaşı ilə bağlı qanlı-qadalı döyüş səhnələrini canlandıran ilkin əsərdir. Vətən
qayəli rəssam fırçasının çeşidli rənglər axını erməni faşizminə qarşı sonsuz qəzəb
və nifrət hissinin ağırlığı altında Kəlbəcər işğalının acı reallığını əks
etdirməklə yanaşı müdrik xalqımızın
azadlıq eşqini, onun azğın düşmən üzərində
hökmən qələbə çalacağına inam hissinin varlığını çox təbii bir üslubda təsdiqləyir.
Yağlı boyaların gücünə arxalanaraq rəssamın canlandırdığı Azərbaycan əsgərinin rəşadəti, cəsurluğu,
igidliyi, yenilməzliyi bizi hədsiz dərəcədə ruhlandırır.
Boyaların məna vəhdətini, əsas məntiqi
vurğusunu hərbi təfəkkür süzgəcindən keçirərkən çox təbii surətdə hərbi həqiqətlərin
gerçək təsvirini, işğal faktını doğuran səbəblərin çılpaq doğruluğunu danmaq
olmur. Güclü fəlsəfi yük daşıyan və işğal hadisəsinin hərbi-fəlsəfi çözümünü düzənləyən bu fırça məhsulu
vətən torpağının nə qədər müqəddəs, nə qədər əziz olduğunu bir daha sübuta
yetirir, eyni zamanda insan qəlbində doğurduğu işıqlı yurddaşlıq duyğusu, təlqin
etdiyi analitik təsvir qavrayışı laqeyd
ürəkli adamları da öz təsiri altına salır. Rənglərin dil genişliyi müxtəlif
emosional çalarları yaratmaq, qrafik üsulları bir neçə səpgidə uyğunlaşdırmaq ,
yəni uyğun cizgiləri kombinasiya etmək, mənalı xətlərdən yerli-yerində bəhrələnmək
yolu ilə heyranedici tonallıq və işıq-kölgə effekti əmələ gətirir. Nəhayət, bu
gözəl sənət əsərini hasilə gətirən müəllifə “ əllərinə sağlıq “ sözlərini demək
qalır.
Ayrı
nə deyə bilərik?! Bizi ruhalandıran, düşmən üzərində qəti qələbəyə səsləyən rəsm
əsərlərinin yeni nümunələrini görmək həsrətindəyik. Axı, yurdun dar günlərində
hər bir eloğlumuz öz fəaliyyət meydanında ən azı “Məmməd Araz daşı” olmağa
borcludur.
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий