“YAŞ TORPAQ YATAĞIMIZ, DAŞLAR BALINCIMIZ, GÖY ÜZÜ YORĞANIMIZDIR...”
Aqil
ölkəmizin o təzadlı günlərini, ordumuzun maneələrlə dolu ilk hərbi quruculuq dövrünü görməmişdi. Amma savaş tariximiz onun
maraq hədəfinə dönmüşdü. Hər dəfə Dağlıq Qarabağ işğalı barədə söz düşəndə “biz
uduzan xalq deyilik” deyərək qətiyyətli vətənpərvər mövqeyindən bir addım da
geri çəkilmirdi. İşğalçı ermənilər şərəfsiz qələbə oyunbazlığı ilə bizə cürbəcür
acıq verdikcə bu gənc yurddaşımız öz əmisi oğlu, qəhrəman qazimiz Elmandan ürəyini
didib-dağıdan suallara tutarlı cavablar alır və qətiyyətlə deyirdi ki, o haqq-hesab
günü yetişəndə mən qohum-əqrəbamız içərisində Elmanın bir nömrəli davamçısı kim
öz hünərli sözümü bəyan edəcək və düşmənə qan qusduracağam.
Aqil heç nədən belə alovlanmırdı. 1-ci
Dağlıq Qarabağ savaşımızda göstərdiyi qəhrəmanlıq nümunələrinə görə cəsur əmisi
oğlu Elman Quliyevin ulu öndərimiz Heydər Əliyev tərəfindən verilən igidlik
medalını daim sinəsində gəzdirməsi Aqili yaman qürurlandırırdı. Bu ruh ucalığı
onun yurdsevər ürəyini dağa döndərir, fədakar varlığını əzəmətləndirirdi. Elman
da öz mənəvi borcunu verməkdən geri çəkilmirdi. Həmişə Aqilə öz uğurlu döyüş təcrübəsinin
mühüm məqamlarını izah edir, dəyərli məsləhətlərini verir, daşnakların şərəfsiz
qələbəsinin incəliklərini açıqlayırdı. Ən axırda o faktı ayrıca vurğulayırdı
ki, erməni çox qorxaqdır, düşmən kişidirsə, savaş meydanına təkbaşına çıxsın, onda
bütün Qarabağı titrədən ayaqlarımız altında can verəcəkdir. Bu sayaq savaş söhbətləşmələri
sayəsində həmişə vətənpərvər ovqatda ərsəyə gələn Aqil Faiqoğlunun taleyi də
ordu həyatı ilə bağlandı.
Tovuz
rayonunun Pələkli kəndinin mərd yetirməsi Aqil Faiq oğlu Əliyev təxminən 3 il əvvəl əsgər həyatına başlayaraq Hərəmi düzündə düşmənə
öz ilk sözünü demişdi. Döyüşçü vərdişlərini tez mənimsədiyinə görə hərbi hissə
komandirliyi ona xüsusi tapşırıqlar verir və qazandığı xidməti müvəffəqiyyətlər
əsasında müntəzəm mükafatlandırılırdı. Həmişə hücum əmri həsrətində olduğunu
bildirir və orduda qalaraq peşəkar döyüşçü olmaq arzusunu dönə-dönə deməkdən fəxr
duyurdu. Aqil sözünün üstündə möhkəm dayandı. Əsgərlikdən 2 il sonra anası Kübrə
xanımdan xeyir-duasını alaraq müddətdən artıq həqiqi hərbi xidmət hərbi
qulluqçusu kimi keçdiyi kursu uğurlu nəticələrlə tamamladı.
Çox görmüşük: əksər hallarda söndürülmüş
görünən bir od parçası küllərin arasında sanki yuxulayır, kənardan azacıq hənirti
duyan kimi gözərir və alovlanmaq istəyir. Aqil Faiqoğlu Hərəmi düzündə, necə
deyərlər, məğlubedilməz bir od parçasına dönmüşdü. Ön atəş xəttində atəşkəs
pozulan dəqiqələrdə yağı düşməni tez susdururdu. Sonralar da həmin od sönmədi.
Çünki onu alovlandıran obyektiv səbəblər vardı. Belə ki, böyük həvəslə peşəkar
hərbçiliyə qədəm basan gənc Pələkli igidi elə öz kiçik vətənində - Tovuz
rayonunda başlayan uğurlu 2020-ci il iyul döyüşlərində qarşısına qoyulan döyüş
tapşırıqlarını qəhrəmancasına yerinə yetirdi. Savaş meydanının relyefinə yaxşı bələd olan Aqil aparılan hərbi əməliyyatlarda
əks-həmlə uğurlarının başlıca səbəbkarlarından biri kimi dəyərləndirilir,
xüsusi qiymət alırdı.
Aqilgilin ailəsi vətəncanlı bir ailədir.
10 il olar ki, qəhrəman ana kimi Kübra xanım tərəfindən idarə olunur. Evin
ağsaqqalı Faiq ata dünyasını dəyişdikdən sonra başda müqəddəs ruhlu Kübra ana
olmaqla ailənin on övladı arasında mənəvi varislik mərdanə davam etdirilir. Əliyevlər nəslinin şəxsi mərdanəlik tarixinin
bir uca zirvəsini də Aqil fəth etdi. Onun igidlik əməlləri hamını şərəfləndirdi.
Belə ki, sentyabrın 27-də müdrik Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə
öz müzəffər yürüşünə başlayan rəşadətli ordumuzun öndə gedən döyüşçülərindən
biri də Aqil Əliyev oldu. Böyük strateji əhəmiyyət daşıyan Suqovuşan döyüşündə
onun cəsur hərəkətləri hesabına təmsil etdiyi bölük fərqli döyüş göstəriciləri
ilə seçildi. Rabitə əlaqəsi yaratmağa həmişə imkan olmasa da, ana narahatlığını
sovuşdurmaq üçün asudə dəqiqələrdə fürsət gəzirdi. Lakin elə dəqiqələr də çox
az olurdu. Nəhayət, istəyinə çata bildi. Anasına şad xəbərlər göndərdi:
- Ana can, gözün aydın, düşmən
arxasızlıqdan hər gün can verməkdədir. Ermənilər təkbaşına döyüşə bilmirlər. Hər
gün torpağımızın bir hissəsini murdar daşnak nəfəsindən azad edirik. Heç
narahat olma. Biz çox güclüyük. Nər döyüşçülərimiz saya gəlməz. İnşallah, qələbə
bizim olacaq. Bundan ötrü hər cür erməni fitnə-bəlasına qarşı mərdanə
dözürük. Ulu babalarımız demişkən, yaş torpaq yatağımız, daşlar balıncımız, göy üzü
yorğanımızdır. Zəfər üçün canımızı verərik,
amma ümidimizi qətiyyən vermərik. Qələbə ruhumuz hər an artır. Çünki bəzən gözlədiyimiz
nəticələr gözlənilməyən əks-həmlələrdən əldə edilir. Düşmən hər döyüşdə haqsız
mövqeyi ilə öz-özünə zülüm gətirir. Qarışqa kimi qırılsa da, haqqa gəlmirlər.
Biz ədalətli savaş aparırıq, heç vaxt susan deyilik. Vətən savaşında bizə şəhadət,
düşmənə gəbərmək düşər. Ana can, qətiyyən qəm çəkmə, daha üzümüzə açılan hər
sabahda günəş bizim üçün doğur. Əziz ana, sənin və rəhmətlik atamın uca vətənçilik
yolu mənim yolumdur, ömrüm sizlərə fəda olsun! Daim başını uca tut, unutma ki,
sənin qəlbinin titrəməsi məndən ötrü bir zəlzələdir!...
Şücaətli oğulun azad yurd nəfəsli
duyğuları qəhrəman ana tərəfindən möhkəm dəstəkləndi. Ana qəlbinin titrəməsi kəsildi.
Mətin övladın nikbin xəbərləri Kübra ananı elə çox sevindirdi ki, içinə dolan
iftixarlı hisslərin təsiri altında daha müharibənin ilk günlərində olduğu kimi
rabitə əlaqəsi yaratmağa can atmır, televizorda yayımlanan operativ döyüş məlumatlarını,
Ali Baş Komandanımızın xarici jurnalistlərə verdiyi mübariz ruhlu müsahibələrini
dinləyərək daxilən möhkəm toxtaqlıq tapırdı.
Tərtər rayonunun Talış kəndi uğrunda
döyüşlərdə Aqilgilin bölüyü inamla çıxış edirdi. Gənc döyüşçülər artıq səngər
naşılığından çıxmışdılar. Hər həmlədə yeni bir igidlik nümunəsi göstərilirdi. Aqil
də öz öncüllüyü ilə səngər qardaşlarının rəğbətini qazanmışdı. Ona görə də Talış
kəndinin xilası dərin ağrılarla müşayiət olunmadı. Oktyabrın 3-də Talış kəndimiz
də öz sahibinə qovuşdu. Hər bir əsgərimiz aciz duruma düşən erməni
seperatçıları üzərində apardığımız ədalətli hərbi əməliyyatlarda öz hünər
tarixini yazdı və tez bir zamanda Talış kəndi ətrafında olan bütün yüksəkliklərinin
hamısının ələ keçirilməsi üçün aramsız əks-həmlərlər həyata keçirdilər. İanə
hesabına silaha yiyələnən və yeni müzəffər
savaşımızda cəsarət dərslərindən “iki” alan dığalar yalnız qan qusurdular.
Düzdür,
Suqovuşanın işğaldan azad olunması nəticəsində Murov, Kəlbəcər, Tərtər yolu
tamam kəsilsə də, o cümlədən Ağdamın azadlığına yol açılsa da, Suqovuşan kimi
digər ana yurd yerlərimizin suları erməni çirkabından təcili surətdə təmizlənməli
idi. Əsirlikdə qalmaqdan hədsiz qaralmış qaya daşlarımızın harayından coşan
yenilməz ordumuz yalnız irəli gedirdi. Nəhayət, Talış kəndi ətrafında strateji
yüksəkliklər uğrunda gedən kəskin döyüşlərdə Pələkli kəndimizin igid yetirməsi
Aqil Faiqoğlu müqəddəs şəhidlik zirvəsinə ucaldı...
Biz Aqil kimi igid oğullarımızın doğma vətən naminə şəhidliyindən şərəf duyuruq. Bilirik ki, ədalət savaşımızın axıtdığı qan haqq yolunu açır, dədə-baba yurdlarımız işğaldan azad olur, bizə yağı düşmən üzərində tam və qəti qələbə sevinci bəxş edir. Bizim hər birimiz Vətən eşqinə, ilahi ədalət eşqinə şəhid olmağa daim hazırıq!
İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий