“İGİD OĞLU YALNIZ İGİD OLAR...”
Axır
ki, damarı tutulan igidlərimizin damağı sazlandı. “Qarabağa, Xankəndinə,
Şuşaya gedirik” deyə səsi ərşə yüksələn
döyüşçülərimizin qabağında bir dığa da duruş gətirə bilmədi. Ali Baş
Komandanımızın döyüş əmrindən hətta 2020-ci ilin payızı da öz həmişəki libasını
dəyişdi. Onun üstünə qış gəlmədi, sanki bahar gəldi. Bu gəliş vədəsiz olsa da,
o xoş baharı düşmən üzərində ordumuzun müzəffər yürüşündən şadlanan könül
dünyamıza igid döyüşçülərimiz, yurd azadlığı naminə şirin canından keçən şəhidlərimiz
bəxş etdi. Onlar azadlıq ocağımızı yandıraraq bəyan etdilər ki, işğal dərdi çəkə-çəkə
utanc içində ölmək bizə yaraşmaz. Qarabağ bizim namus məsələmizdir. Onun
işğalına dözə bilmərik. Bu dünyaya başını uca tutan insan kimi gəlmişik, əbədi
dünyaya da haqlı insan kimi getməliyik.
Gözümüzü heç vaxt Qarabağdan çəkən deyilik. Fədakar və cəsur
oğullarımızın cəsarəti sönməkdə olan qürurumuza güclü nəfəs verdikdən sonra ruhən
çox təzələndik. Şanlı ordumuz zalım düşmənin qorxulu röyasına çevrildi. O
qorxulu röyanı yaradanlardan biri də goranboylu mərd əsgərimiz Qasımov Tural
Yelmar oğlu oldu.
Biz əksər hallarda deyirik ki, cəsarət qol gücündən deyil, ruh gücündən yaranır. Turalda hər cür qüvvənin tükənməz bir ocağı, əyilməz bir dayağı vardı. Bu səbəbdən də onun cəsur baxışları daim qaynayırdı. Erməni tərəfinin lovga hərəkətlərinə dözə bilməyərək sülh danışıqlarına “yox”, ədalətli vətən savaşına ürəkdən “hə” deyirdi. Digər obyektiv bir səbəb doğma Düzqışlaq kəndinin yurdsevərlik duyğuları, qəhrəman oğullarının yaddançıxmaz xoş xatirələri ilə bağlı idi. Belə ki, 1-ci Qarabağ savaşında bu kəndin 4 igid oğlu şəhid olmuşdu. Onlardan biri – Ziyad Məsimov isə Azərbaycanın Milli Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdü. Tural o dövrdə vətəncanlı ruhda yaşayan, öz halal əməyi ilə dolanan Qasımovlar ailəsinin çox əzizlənən körpə uşağı kimi böyüyürdü. Həmkəndlilərinin şəhid titulunu uca tutaraq o ağrılı, problem dolu günlərimizin təsiri altında ərsəyə gələn bu nər igidimiz sanki özünü doğma Qarabağımızın tam azadlığı uğrunda başlayacaq döyüşlərə hazırlayırdı. Nəhayət, bizlərə işğal sıxıntısı yaşadan o illər tez ötüşdü.
21 sentyabr 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin həyətində böyük bir canlanma hökm
sürürdü. Ehtiyatda olan rayon gəncləri hərbi təlimlər üçün səfərbər edilmişdi.
Tural da onların arasında idi. Çağırış vərəqi əsasında gəlsə də, həmin gün
siyahıda onun adı çıxmadığına görə çox məyuslandı. Harahat hisslər keçirən atası
Yelmar kişi oğlunu sakitləşdirərək dedi ki, Allah verən məsləhət yaxşıdır, nə
vaxt çağırsalar gedərsən. Turalın isə ürəyinə yaman dammışdı ki, tezliklə
Qarabağ savaşı başlayacaq, bu fürsəti əldən vermək olmaz. Odur ki, geri çəkilmədi
və şöbə rəhbərliyinə müstəqil surətdə müraciət edərək razılıq ala bildi.
Ata narahatlığı oğlunun təlimə getməsindən yaranmamışdı. Öz istəyi sayəsində
atasının dülgərlik sənətinə yiyələnmiş Tural təkcə Düzqışlaq kəndində deyil,
bütün rayon ərazisində kamil usta kimi rəğbət qazanmışdı. Bir həftə olardı ki,
atası ilə birgə qonşu evində işləyirdilər. Atası məhz buna görə narahatlıq çəkirdi
ki, oğlu təlimə gedəsi olsa, soyuqlar düşməzdən əvvəl qonşunun inşaat işlərini
başa çatdıra bilməyəcək. Tural bu narahatlığı daxilən duysa da, daha çox öz iç
dünyasında çoxdan gözlədiyi yurd savaşına öz layiqli töhfəsini necə verəcəyini
düşünür, qürurverici döyüşçü anlarını yaşamaq istəyirdi. Onun bu cəsarətinin
ölçüsü həmin dəqiqələrdə həqiqi mənada ölçüyəgəlməz bir həddə çatmışdı. Belə
incə məqamlarda oğlunun yüksələn ruhuna yersiz toxunmağa Yelmar kişinin ürəyi gəlmədi.
Tural haqlı imiş. “Yer yarılsa da, göy çöksə də mən Qarabağımızın
işğalına dözmərəm” deyən igidimizin çoxdan arzuladığı döyüş əmri çin oldu.
Beşgünlük təlimlərdə mahir PK-çı adını qazanmış Tural Qasımov komandirliyin
xüsusi təşəkkürünə layiq görüldü. Onun nişan aldığı hədəflərin yalnız bir,
yaxud ikisi atdığı güllədən azacıq yayına bilərdi. Sərrast tətik çəkməyi bir il
yarımlıq əsgərlik dövründə Tovuz sərhəd bölgəsində Koxanəbi döyüş postunda yaxşı
öyrənmişdi. Atəşkəsi pozan dığaları iriçaplı pulemyotla yerindəcə susdurur, həddini
aşan düşmən qüvvələrini cəhənnəmə vasil edirdi. Hələ o zaman deyirdi ki, vaxt gələcək,
düşmən ürəyini sökən döyüşçülərdən biri də mən olacağam, inşallah, ulu dədə-baba
yurdumuzun bir qarış torpağı da erməni tapdağı altında qalmayacaqdır.
Qarabağa sahib çıxmaq üçün içində qanı kükrəyən Tural Yelmaroğlu müqəddəs
arzusuna yetişə bildi. Belə ki, sentyabrın 27-də ordumuzun zəfər yürüşünün
başlanması barədə məlumat gələn gün goranboylu igidimiz öz cəsur təlim
yoldaşları ilə birgə Tərtər döyüş bölgəsinə göndərildi. Onların seçdiyi mövqe
fasiləsiz atəşə tutulurdu. Lakin əsgərlərimizin fədakar müqaviməti qarşısında
itki verən düşmən qüvvələri, necə deyərlər, addım-addım geri çəkilirdilər. Hərbi
əməliyyatların gedişi yalnız gecələr azacıq səngiyirdi. Bu zaman Turalın daxil
olduğu bölüyün komandiri yeni gələn əsgərləri adbaad tanımağa çalışırdı. Bəzən
şam yeməyi üçün münasib şərait əmələ gələn kimi bölük komandiri baş leytenant Fəhmin
Nəcəfov fərdi yanaşma yolu ilə əsgərlərlə söhbət edir, lazımi məsləhətlər
verir, onların döyüşlə bağlı taktiki fikirlərini öyrənir və bacarıqlı döyüşçüləri
daha ağır nöqtələrə doğru göndərirdi ki, yersiz itkilərə, hərbi-taktiki səhvlərə
yol verilməsin. Həmin fərqli əsgərlərdən biri Tural Qasımov idi. Düzdür, çox gərgin
anlarda komandir onun adını düzgün səsləndirə bilməsə də, mahir PK-çı kimi diqqət
mərkəzində saxlayır və piyadalarımızın rahat irəliləməsi üçün onun himayəedici
atəşlərinə üstünlük verirdi.
Döyüşün 3-cü günü Tural öz xüsusi məharəti ilə seçildi. Gecə vaxtı öz
müdafiə mövqeyində səngər qazıntılarını elə icra etdi ki, iki istiqamətdə qəfil
mövqe dəyişməsi apararaq silahdaşlarını fasiləsiz olaraq qoruya bilsin. Verilən
üç həmlə tapşırığının müvəffəqiyyətlə yerinə yetirilməsində Turalın cəsarətli hərəkətləri
və sərrast atışı sayəsində dörd yaralı əsgərimizin təxliyəsini sağ-salamat icra
edə bildilər. Artıq cürbəcür mərdlik əməlləri ilə müqəddəs səngər ab-havasında
bir-birinə qaynayıb-qarışan döyüş kollektivi hər gün bir qələbə sevinci ilə
şadlanır, daha yüksək döyüş göstəricilərinə nail olmaq üçün təşəbbüskarlıq
miqyasını genişləndirirdilər.
Qələbə ovqatı hakim olan döyüş həyatının 7-ci günü Tural sanki uçurdu. Səhər
yeməyindən sonra ona bölük komandiri tərəfindən xüsusi tapşırıqlar verildi. Qoşunlarımız
strateji Ağdərə istiqamətində dönüş yaratmışdılar. Qəddar erməni komandirləri tərəfindən
fərarilik edən dığaların səngərə ayağından zəncirlənmələri barədə yayılan məlumat
fədakar şəxsi heyətimizi yaman coşdurmuşdu. Hamı nikbin ruhda döyüşürdü. Tural
tez-tez deyirdi ki, qələbəmiz çox yaxındadır, bu xain ermənilər bizim gülləmizdən
çox öz güllələrinə qurban olacaqlar.
Noyabrın 3-də təxminən 9.30
radələri idi. Həsənqaya kəndi əhatəsində əlverişli mövqe tutan Turalgilin
bölüyü əks-həmlə edərək erməni səngərini yarımmühasirə şəklində oda bələmişdilər.
Həmin yerdə dığalar arabir səs çıxarırdılar. Lakin digər yüksəklikdə dayanaraq
Turalgilin bölüyünün hərəkətlərini nəzarət altında saxlayan erməni qüvvələri
susmur, minaatan silahların atəşinə güc verirdilər. Bəzən yaralı əsgərlərimizin
təxliyəsi ilə əlaqədar həmlə sürətimiz azalsa da, yeni manevrlər edərək düşmənə
tutarlı zərbələr endirirdik. Hər gün döyüş təcrübəmiz zənginləşirdi.
Səhər tezdən qızmar günəş çıxmışdı. İstidən tərləyən əsgərlərimizin döyüş əzmkarlığı şiddətli bir həddə çatmışdı. Ancaq irəli getmək, mühüm nöqtələri ələ keçirmək məqsədilə bölük dayaq məntəqəsindən verilən qəfil göstərişləri qəhrəmancasına yerinə yetirirdilər. Tural cəsur atıcı əsgərlərimizi yaxşı himayə edirdi. Nəhayət, PK-çıların irəli getmək komandası verildi. Sən demə, 10 dəqiqəlik düşmən susqunluğun hiyləsi varmış. Tural əmr verilən kimi yerindən qartal kimi sıçradı, xeyli irəli gedə bildi. Düşmən səngərinə 15 addımlıq məsafə qalmışdı. Güllə göydən yağış kimi yağdığına görə Tural bir çökəkliyə sığındı və bir dəqiqədən sonra yenə irəli getmək istəyəndə sağ bud nahiyəsindən bir ağrı hiss etdi. Artıq güllə yarasından süzülən qan üzə çıxmışdı. Ölümlə pəncə-pəncəyə gələn igidimiz yaralanmasından dilxor olsa da, qəti qorxu hissi keçirmədi. Allahın adını ucadan çəkərək yerindən durmaq istəyən anda sol tərəfində yerə uzanmış yaralı silahdaşı ondan kömək dilədi. Ona görə də Tural daha irəli getmək yox, imdad diləyən əsgər qardaşına ilkin yardım etməyə cəhd göstərdi. Hə axan qanı, nə də kəskin ağrıları onu sarsıtdı. Amansız ölümlə əlləşə-əlləşə bir qədər süründü. Əfsus ki, bu cəhd onun son cəhdi oldu. İkinci güllə Turalın qarın hissəsindən girərək kürəyindən çıxdı və əsgər yoldaşını qucaqlayaraq bir yerdə, eyni döyüşkən ruhda sönməz yurd sevgisi ilə əbədi müqəddəs bir dünyaya yollandılar. Onların şəhidliyi hesabına bir mühüm düşmən mövqeyi də əlimizə keçirildi...
Tural müzəffər ordumuzun tam qələbəsini görə bilmədi, amma o möhtəşəm döyüş uğurlarımızın cəsur iştirakçısı olmaq şansını qazandı, qısa olsa da, qəhrəman ömür yaşadı, şəhidlik qisməti ilə xalqımızın gözündə ucalıqlara sahib çıxdı. Cəsur və mərdanə döyüşçülük xarakteri, sönməz vətən sevdası, fərqli şücaət əməlləri ilə milli qəhrəmanlıq tariximizə öz imzasını yazdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Tural Qasımov “Vətən uğrunda” medalı ilə təltif edildi.
İbrahim MƏSİMOĞLU
müharibə veteranı,
ehtiyatda olan polkovnik-leytenant




TURAL QASIMOV MENIM EN YAXIN DOLARMNAN BIRYDI UWAQLQDAN BIR YERDE BOYUYUDUYUM COREK KESDYIM QAEDAWMYDI DUZQISLAQ KENDNDE HAMI BILIR DI KI TURAL MERD OGLANDU UREYLI OGLANDI WEHIDIMZ GEDEN GUNUSU MENMLE BIR YERDE IDI DERTLEWDY DANWDQ DEMEK OLARKI GUNUN COX FAIZINI BIR YERDE OLDUQ DOWYUWE GEDREM DEYE SEVINRDI UZUNNEN BELIYYDI KI UREYNDE NECE SEVINC HISSLERI VARIDI ONUNLA ARXRNCI SEFERMZDE GORUWENDE QARDAWIM ALLAHA EMANETSEN DEDIM VE YOLA SALDIQ :(( NE GOZELKI WEHIDLIK ZIRVESNE QALXDI BIR WEYI HEC VAXD UNUTMUYACAM KI ARAMZDA DAHA OLMUYACAQ ALLAH WEHID QARDAWMA REHMET ELESIN BUTUN WEHIDLERMZE REHMET ELESIN QANINZ YERDE QALMADI SIZLERI HEC VAXD UNUTMUYACYQ HEMIWE QELBMZDE YAWAYACQSIZ INWALLAH QISMETSE BIZE CENNETLIK WEHID QARDAWLARMZI ORDA GORECYIK BU HAKDA BURA QOYDUQNZ UCUN TEWWEKURLER EDIREM
ОтветитьУдалить