ÖZ XARABAZARINA QOVMAQ ÜÇÜN QANİÇƏN ERMƏNİYƏ SÜLH HARAMDIR

 

                             


        Həqiqətən ən ədalətli tərəzi zamanın özüdür. Zamanın çox çək-çevirdən sonra qoyduğu nöqtə insafa dayaqlanan nöqtədir. Qəm-qüssəli anlar yaşatsa da, erməni işğalçılarına qarşı apardığımız 1-ci Qarabağ savaşımızda 26 il əvvəl elan olunmuş atəşkəs rejiminin  nə qədər acıqlı bir ovqat doğurduğunu hərdən xatırlayırıq. O zaman doğma motoatıcı briqadamız hünərli oğullarımızın gücü ilə silahı yerə qoymaq istəmirdi. Düşməndən tutarlı intiqam almaq istəyən mərd əsgərlərimiz hətta bəzi məqamlarda hərbi nizamnamə qaydalarını pozaraq səngərdə öz etiraz səslərini qaldırır, müdafiə istehkamı qurmaqdan boyun qaçırırdılar.

        Cəsur briqada komandirimiz Yaşar Aydəmirovun ürəyincə olmasa da, atəşkəs rejiminin  qüvvəyə minməsi barədə əmrin icrasını tələb edirdi. Etiraz əhval-ruhiyyəsi basılmaz 1-ci taborumuzda daha güclü dalğa yaratmışdı. Onlar Seysulan döyüşündə erməni ilə deyil, xüsusi təyinatlı rus döyüşçüləri ilə vuruşurdular. Kəndin içərisində atışaraq xeyli ərazi əldə etmişdik. Evlərin taxtapuşundan mayallaq vuraraq yerə atılan peşəkar muzdlu rus döyüşçülərini cəsur bir hərəkətlə susduran igidlərimizi dayandıra bilmirdik. Nəhayət, yaranmış bir neçə saatlıq tabesizlik şəraitindən acıq həddini aşan sevimli komandirimizi eşitməli olduq. Amma necə eşitdik? Bəzi hövsələsiz döyüşçülərimiz Seysulanda uğurlu həmləmizin yarımçıq kəsilməsinə görə hirsdən boğulur, bəzilərimiz də intiqam şansı itirildiyinə görə sakit bir yerə çəkilərək için-için ağlayırdılar. Bax, atəşkəs xəbəri bizi mənən beləcə çökdürmüşdü.

       Şükürlər olsun ki, həmin sarsıdıcı anları yaşayan zəngin təcrübəli döyüşçü zabitlərdən bir neçəsi hazırda ordumuzun müzəffər savaşında iştirak edir. Digər yaşlı cəbhədaşlarımız da səfərbərlik əmrini gözləyirlər. Hər halda mənəvi ağrılarımız ordumuzun uğurlu həmlə nəticələrinin şadyana təsiri altında günbəgün yox olur. Yaxşı ki, qisasımız qiyamətə qalmadı. Dədə-baba ocaqlarımız murdar nəfəslərdən yavaş-yavaş təmizlənir. Düşməndən ədalətli bir tərzdə öc almaq bizləri çox qürurlandırır. Həm də o vaxtlar bizə vurulan yaraların ikiqat əvəzini çıxarırıq. Çünki çox üstün qüvvəyə malik olmuşuq. 26 illik atəşkəs bizə hədsiz acılar yaşatsa da, ordumuza kamilləşmək fürsəti vermişdi. İndiki ordumuz 90-cı illərin problemli ordusu deyil. Necə deyərlər, güllələrimiz hədər yerə atılmır, daşnakları gözündən, lap ürəyinin başından  vururuq.

       Haqlı bir sualım var: “Dağlıq Qarabağ işğalının müharibə həlli mümkün deyil” fikrini deməkdən bezməyən o beynəlxalq qurumlar, ermənipərəst politoloqlar nə üçün ağızlarına su alıb susublar?! Hanı  onların siyasi hünəri? Niyə öz günahlarını yumaq üçün üzr istəmirlər. Onlarla üzbəüz oturub demək gərəkdir ki, dondurulmuş atəşkəs rejiminin buzu niyə açıldı? Nə üçün münaqişənin hərb yolunu görmək istəmirdiniz?

       Əlbəttə, hərb yolunu inkar edənlər bizdən ötrü müəmmalı şəxs sayılmır. Onlardan iynənin ucu boyda da kəramət gözləməyin mənası yoxdur. Törədilən fitnəkar diplomatik əməllər tarixi-milli kimliyi bəlli olmayan bic ermənidən bir siyasi alət kimi istifadə edənlərin siyasi-taktiki hiyləsindən savayı bir şey deyildir. Onlar qüdrətli ordumuzun şücaəti hesabına öz yerinə oturduldu. Din fərqini qabardaraq müsəlmanı kölgə altında qaralamağa cəhd edən bəzi siyasi liderlər, bəlkə də, müzəffər yürüşümüz hesabına ucalan haqq səsimizdən utanıb gözə görünmək istəmirlər. Maşallah, diplomatiya sahəsində hər gün bir uduş qazanırıq. Hər yanda kələkbaz erməni yalanı dəfn edilir.

      Ali Baş Komandanımız İlham Əliyev “Əl-Ərəbiyə” televiziya kanalına verdiyi müsahibədə Dağlıq Qarabağ böhranının hərb yolunun yoxluğu barədə məkrli Avropa rəyini sərrast diplomatik məntiqlə izah edir: “Mən çox eşidirəm münaqişənin hərbi yolla həlli yoxdur. Birincisi, mən bununla razı deyiləm. İkincisi, yaxşı, əgər hərbi həll yolu yoxdursa, bizə qeyri-hərbi həll yolu verin, bizə diplomatik həll verin. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edin. Onlar dünyanın ən ali beynəlxalq qurumu tərəfindən qəbul olunub və bu qətnamələr erməni qoşunlarının işğal olunmuş ərazilərdən heç bir şərt olmadan çıxarılmasını tələb edir. Biz 1992-ci ildən bu yana danışıqlar aparırıq və bu 28 il ərzində hər hansı diplomatik həll olubmu? Vasitəçilər və ya digər beynəlxalq təşkilatlar bizə siyasi həll təqdim ediblərmi? Xeyr. Onlar bu münaqişəni dondurulmuş etdilər. Lakin o dondurulmuş deyil. Biz nə qədər gözləməliyik? Daha 30 il? Ermənilər bizim torpağımızda oturmağa və bizim insanlarımıza öz evlərinə geri qayıtmağa icazə verməməyə nə qədər davam edəcəklər? Əgər beynəlxalq ictimaiyyət beynəlxalq qətnamələrin yerinə yetirilməsini təmin edə bilmirsə, Azərbaycan bunu özü edəcək. Bu da baş verir. Mən bir daha münaqişənin həllinə kömək etmək istəyən bütün tərəflərə, həmçinin Ermənistan rəhbərliyinə deyirəm ki, nə qədər gec deyil işğala indi son qoyun. Bəyanat verin ki, siz həll prinsiplərini qəbul edirsiniz, Azərbaycanın ərazi bütövlüyünü qəbul edirsiniz, işğal olunmuş bütün ərazilərdən çıxmaqla bağlı bizə vaxt cədvəli verəcəksiniz və Azərbaycan ərazisində “Qarabağ Ermənistandır” deyən Ermənistanın baş naziri Azərbaycan xalqı qarşısında üzr istəməli və deməlidir “Qarabağ Ermənistan deyil” və onda biz dayanarıq.”

     Bu, erməni tərəfkeşlərinə tutarlı bir cavabdır, həm də diplomatik bir dərsdir. Ay insanlığa arxa çevirən, insafı yox olan Avropa diplomatları, daşnak qanına qarışan politoloqlar, bilin ki, dünya tarixini yaradan, ilk savaş qanunlarını yazan, bəşər tarixində misilsiz qəhrəmanlıq salnaməsi ilə ad qazanan, ədalət aşiqi kimi dünya xalqları tərəfindən daim sevilən  türklər, o cümlədən biz Azərbaycan türkləri heç bir əsassız ultimatumlara, yersiz təhqirlərə, mənasız təhdidlərə dözən deyilik. Bizimlə şantaj dilində söz kəsmək sizə xeyir gətirməz.

       Biz müharibə veteranlarının bir dəyişməz mövqeyi var: Öz xarabazarına qovmaq üçün qaniçən erməniyə sülh haramdır. Savaşla qəsb edilən torpaq yalnız savaşla geri qaytarılmalıdır. Ay faşist qayəli daşnak liderləri, əgər varsa, bir azacıq zəkaya sahib çıxın, bir qədər ağıllı olun, amma öz gözünüzdə yox, dürüst dünya gözündə. Unutmayın ki, türk nəinki bir qarış torpağını, heç çınqıl daşını da haqsız yerə güzəştə getməz!...

 

                                                                                  İbrahim MƏSİMOĞLU

                           müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

 

 

 

 

 

 

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”