MÜHARİBƏ VƏ HƏRBİ ƏXLAQ ANLAYIŞININ SƏRRAST TƏQDİMATI

 


Hərbçi jurnalist İbrahim Məsimoğlunun “Hərbi əxlaqın dəyəri” kitabı ordumuzla bağlı ol­muş­­ və müxtəlif halda yaşa­nıl­mış hadisələrin, igid döyüşçü həyatının, fədakar hərbçi ömrünün mənalı məqamlarının publisistik biçimdə təqdimi, yəni real ordu güzəranına, hərbi qulluqçuların cürbəcür xidməti fəaliyyət yollarına, yüksək əxlaqi göstəricilərinə peşəkar bir jurnalist baxışıdır. Bədii sözün qüdrəti ilə müqəddəs hərbçi dünyasını könüllərdə daim ya­şat­maq niy­­yə­ti­,  acılı-şirinli biçimdə yaşanıl­mış mərd ömür səhifələrinin örnək kimi təqdim edilməsi yaradıcılıq baxımından təqdirəlayiqdir, çox bə­yə­ni­ləndir.  Həqiqətən vətəni sevmək təkcə mənəvi ucalıq deyil, həm də yüksək əxlaqi də­yər­dir. Bu anlamda “Hərbi əxlaqın dəyəri” kitabı milli mentalitetimizin yaşa­rı­lı­ğı üçün­­dür. Bu və ya digər hadisəyə hərbi jurnalist münasibəti həm də müəyyən mə­nada ta­rix­çi kimi söz demək şansı yaradır, mənəvi tərbiyə ilə bağlı üzərimizə düşən missiyanı ödəyir.

Məlumdur ki, Ermənistan Azərbaycana qarşı rəsmi elan etmədən işğalçılıq müharibəsinə başlamışdı. Xalqımız öz yurd-yuvasını qanı-canı hesabına müdafiə edirdi. Müharibə ocağına yaxın rayonlarda yerli müdafiə taborları yara­dı­lır­dı. Və­tən­sevər igidlərimiz müharibədən uzaq rayonlardan, şəhərlərdən doğma Qara­bağı mü­da­fiə etməyə, döyüşməyə gəlir və tədricən mətin döyüşçü kimi yetişirdilər. İbrahim Məsi­moğ­­lu o tarixi günləri vaxtında qələmə almağa başlayıb, döyüşçüləri döyüşə gətirən müqəddəs duyğular­dan, milli qəhrəmanlıq əməllərimizdən ya­zıb. Bunlar təkcə adi bir tərzdə jurnalistlik missiyasının yerinə yetirilməsi deyil, həm də yanımcıl bir və­tən­daşlıqdır. Bu baxımdan “Hərbi əxlaqın dəyəri” kitabını əsl vətəndaşlıq kitabı kimi qiymətləndirə bilərik.

Kitabın adı əsas mətləbi önə çəkir. Ordu kontekstində aparılan məfkurə mübarizəsində bütün məqamlara toxunulur. Daha çox pub­li­sistik düşüncələr qarşı-qarşıya qoyulur, müqayisə edilir, obyektiv nəticələr çıxarılır. Tarixi fakt və hadi­sələrə duy­ğu­sal münasibətlərin ədalətli və hikmətli mövqeyi ilə qarşılaşırıq. Hər bir yazı bizi mənən çox zənginləşdirir. “Lider tabor komandirimiz” məqaləsi polkovnik-leytenant Qurban Qurba­no­vun hərbçi xarakterini açır. Həm zabit kimi, həm döyüşçü kimi, həm də insan ki­mi. Belə dəyərli xarakteri ümumiləşdirilmiş xarakter də adlandırmaq olar. Yəni hərbi jurnalistin azərbaycançılıq dəyərlərinə verdiyi yüksək qiyməti, mənəvi qanunlarımıza olan sayğı və sədaqət hisslərini Qurban Qurbanovun timsalında duymaq çətin deyil.

İgid döyüşçümüz Qurban Qurbanov ordumuzun məşhur 1-ci taborunun ilk zabitlərindən olub. Məqalədə rus or­­du­sunun muzdlu hərbçisinin “Krasnaya Zvezda” qəzetində dərc edilən  etirafı Qurban Qur­ba­novun komandirlik etdiyi ta­borun döyüş hazırlı­ğına, savaş üstünlüklərinə görə de­yi­lib: “Biz daha Dağlıq Qarabağ uğrunda döyüşlərə getməkdən vaz keçirik. Çünki daha Azərbaycan Ordusu mövcuddur. Biz döyüşdə ölürük...”.  Bu məqalə iki ba­xım­dan diqqəti çəkir: kifayət qədər hazırlıqlı zabitin komandirlik keyfiyyət­lə­­ri­nin hərbi anda, dövlətə, dövlətçiliyə sədaqət nümunəsi kimi açıqlanması və bu müha­ri­bədə iştirakçı tərəflərin kimliyinə aydınlıq gətiril­məsi. Xarici mətbuata istina­dən qeyd edilən bu real fakt Qarabağ savaşı ilə bağlı həqiqəti üzə çıxarır. Səmimi etiraf  tarixi reallığı işıqlandırır və İb­ra­him Məsimoğlu öz fərqli yazı manerası ilə bu gerçəkliyi yanımcıl vətəndaş kimi vurğulayır.

Müharibədə adi döyüş məqamları ilə yanaşı bəzən qəribə, bəzən də başaçılmaz anlar yaşanılır. Bu, təbii bir haldır. Silahın dil açdığı məkanda əksər hallarda ürəklər rəhmsizliyə düçar olur, yalnız qan tökülür. Bəzən döyüşçünün mənəvi dünyasında hakim olan milli əxlaqi ölçülər ağlasığmaz  savaş epizodlarında elə qabarır ki, o ölçülərin pozulmazlığı bizi hədsiz qürurlandırır. Axı, biz mərdanə tərbiyə almışıq: savaş prosesində bəzən elə qınaqlı vəziyyət yaranır ki, əsgərimiz düş­məni  arxadan vurmağı özünə kişilik hesab etmir. Ədalətsiz müharibə aparan düşmənə bu münasibət bir qə­dər mübahisə do­ğura bilər. Di gəl ki, dərindən düşünən zaman döyüşçü xa­rak­terini, onun milli mən­su­biy­yətini nəzərə alaraq tərəddüd edirsən:

“...İmran İbrahimov şəhid olmuş silahdaşının cəsədini çıxartmaq cəhdi ilə özünü ön xəndəyə atdı. Onu görən yox idi. Əl atıb şəhidin çiynindən çəkə-çəkə arxaya sürünürdü. Birdən xəndəyin başına bir muzdlu rus əsgəri gəlib çıxdı.  Səksəkəli baxışlarla ona doğru boylandı. İmran cavab verməyə hazır dayanmışdı. Uzaqbaşı hər ikisi eyni məqamda atəş aça bilərdi. Nədənsə, rus əvvəlcə qımıl­dan­ma­dı, əlinin işarəsi ilə soruşdu ki, nə edirsən? İmran onu başa saldı ki, şəhidi apa­rıram. Rus barmağını silkələyə-silkələyə onu hədələdi. Amma ani olaraq ar­xasını çevirib uzaqlaşdı. İmkan olsa da İmran onu arxadan vurmadı:

     Arxadan vurmaq kişlikdən deyil...”

Sözügedən yazıda xüsusi vurğulanan bu mənəvi situasiya Daşaltı əməliyyatından sonra Ağdərə, Laçın, Kəlbəcər, Ağdam, Füzuli dö­yüş­lərinin iştirakçısı kimi Qurban Qurbanovun həm özünün, həm də komandiri olduğu taborun döyüş yolu haqqında milli mənəvi dəyərlərə göstərilən yüksək ehtiram nümunəsi olaraq tez-tez xatırlanırdı. Bu ehtiram Qurban Qur­ba­novun timsalında bütün zabitlərə şamil edilə bilər və edilməlidir...

      Eyni fikirlər “Əsl bayramlıq haçan olacaq?” məqaləsi haqqında da deyil­mə­li­dir.

SSRİ vaxtında da azərbaycanlı əsgər­lə­rin hərbi xidmətdə fərqləndiyini yaxşı bilirik. Bu barədə İbrahim Məsimoğlu ilə söhbətləşəndə demişdim ki, sovet əyyamında hərbi xid­mət­də olanda əsgər yoldaşım Nikolay Kvelidze ra­yo­numuz­da nəşr edilən “Kənd həyatı” qəzetinə bir məktub göndərmişdi.  Həmin mək­tu­b qəzetdə dərc edildikdən sonra valideynlərimə rayon rəhbərliyindən xüsusi təşəkkür söylənildi. Yaradıcılıq söhbəti zamanı İbrahim o məktubun surətini məndən istədi və elə zənn etdim ki, yazacağı növbəti publisistik məqaləyə haşiyə kimi salacaqdır. Sən demə, mənim haqqımda yazacağı məqa­lə­yə daxil edəcəkmiş. Sözün açığı, mən gürcü əsgər yoldaşımın səmimi bir tərzdə göndərdiyi məktubu minlərlə soydaşımızın ünvanına göndərilmiş məktub kimi oxumuşdum və çox istərdim ki, o real tarixi bir sənəd kimi azərbaycan­çı­lığa verilən dəyər kimi oxunsun...

Müharibə yurd döyüşçüsünə savaş meydanı açmaq deməkdir. Bu meydan mərdlərin döyüş dərsi meydanıdır. Qələbə ruhu ölməyənlər bu dərsdən yaxşı qiymət alırlar. İşğalçı da qələbə id­dia­­sın­da olur, müdafiə olunan da. Di gəl ki, ədaləti olan tərəfin ruhu sönmür. Daim gücünə güc qatır, qüdrətli ordu yaradır, nizami ordu ilə ruhunu yüksəldir. Mənim fikrimcə, ədalətli tərəfin hərbçilərinin vətənpərvər adlı silahı varsa, ədalətsizlikdən bezən işğalçı tərəf məğlu­biy­yətə məhkum olacaq. Bu minvalla qalib ordunun əsgərləri qəhrəmanlıq postuna sahib olurlar. İbrahim Məsimoğlunun bu kitabında “Döyüşçü haqqında söz” məqaləsi  təkcə yurd savaşı ilə bağlı fakt və hadisələrin sintezindən ibarət adi söz yığını deyil, həm də bu günün əsgərinə tövsiyə xarakterli hərbi jurnalist kəlamıdır, qəhrəmanlıq haq­qında düşüncələrdir: “Qəhrəmanlıq məcazi mənada desək, insan varlığının dərinliyində bir köz kimi işıldayır, közərir, gözə və ürəyə işıq verir. Bu mənəvi qüvvə hansı məqamda istəsən od­lanır. Aləmi öz alovuna bürüyür...”.

 Publisistika real hadisə və faktlara duyğusal münasibət formatında qələmə alındığına görə sanki jurnalistikanın göyqurşağı kimi canlanır. “Hərbi əxlaqın dəyəri” kitabı bu baxımdan diqqətimizi daha çox çəkir. “Mənəvi ideal hərbi and içdikdən sonra əsgərin mə­nəvi inkişafını sanki layihələndirir”, “İdealsız yaşam tərzi insana maraqsız bir dünya bəxş edir”. “Əsgərin mənəvi idealı onun vətən­daş­lıq mövqeyi, dünya­gö­rüşü ilə sıx əlaqədardır”. Ürəkdən gələn bu mühakimələr bizi çox düşündürür, mənən cilalandırır. Kitabın hər yazıdan-yazıya güclənən bədii dəyəri, gerçək həyatımızla səsləşən ideyalar bizi əsl vətənçi kimi yetişməyə həvəsləndirir.

Müharibə qan-qadadır. Müharibədə şəhid döyüşçülərin ruhu da daim səngərdə dolaşır. Döyüşənlərə elə gə­lir ki, sağın­da-solunda əsgərləşmiş ruhlar da vuruşurlar. Qəhrəmanların ruhu sən­gər­­də daha qətiyyətlə dayanır. Şəhid döyüşçü, Azərbaycanın Milli Qəhrəmanı Yu­nis Nəcəfovun ruhu  kimi. “Əsgərin mənəvi idealı” məqaləsində bir maraqlı tarixi döyüş məqamı hədsiz dərəcədə nikbin bir ovqat yaradır. Yaşam fəlsəfəsinin mahiyyəti kimi dü­şün­dürücü mənzərə ilə üzbəüz dayanırıq. “... Bəzən ən ağır dəqiqələrdə döyüş­çü­lə­rimiz Yunisin müqəd­dəs ruhuna müraciət edərək ondan kömək istəyirlər: “Səslə Yunis ruhunu,  tü­kən­məsin gücümüz”. İntəhasız döyüşçü sevdası çox güclü səslənir. Yurd eşqinə aparılan  hərbi əməliyyatları, savaş gərginliyini, əsgərlərin vətənsevərliyini, döyüş əzmini, qə­lə­bə ruhunu nəzərə alanda oxucu belə odlu müraciətin təbiiliyinə necə inanmasın?!

“Müharibədən yazmaq” və “müharibə anlarını yaşaya-yaşaya  onu tarixə köçürmək” – bu fikirlər o qədər də əks-məna daşımır. Vətənçilik missiyasıdır. Hərənin öz qisməti var. Müharibə anlarını yaşayaraq yazanların zəhməti çox ağır olur. Həm döyüşçü olmaq, həm də hərb tarixçisi olmaq xüsusi bir cavabdehlik yaradır. Hər bir halda bu xidmət vətənə xidmətdir. Peşəkar jurnalist İb­ra­him Məsimoğlu ehtiyatda olan bir zabit kimi 1993-cü ildə 701 saylı döyüşkən bir hərbi hissədə hərbi xidmətə baş­layıb. Ağır səngər həyatı yaşayıb. Atəşkəs elan olunduqdan sonra xidmətini “Azərbaycan Ordusu” qəzetində davam etdirib. Qələmi heç vaxt bekar qalmayıb. Yazdığı tarixi məqalələr əsgərlərimizin döyüş əz­mi­nin, qələbə ruhunun ifadəsi kimi ordumuza möhkəm mənəvi dayaq verib. “Hərbi əxlaqın dəyəri” kitabı da o dayağın bir nümunəsidir.

Döyüşdə yaralanan əsgərin köməyinə, söz yox ki,  həmlə, yaxud müdafiə zəncirində ona yaxın dayanan əsgər yoldaşı hər hansı sanitar təlimatçısından daha tez  çatır. Zəruri ilk yardım vaxtında edilərsə,  yaralı döyüşün qaynar nöqtəsindən operativ şəkildə çıxardılarsa, onun həyatı yaxşı xilas edilər. Ağır döyüşlərdə bəzən belə yardımlara imkan olmur və im­kan­sızlıq az sonra bir ürək ağrısına çevrilir. Bu kitabda Azərbaycan əsgərinin mənəvi keyfiyyətlərini tamamlayan bir əsgər xarakteri də obrazlaşdırılır. Əsgərin öz silahdaşına şəxsi sevgisi öz real ifadəsini tapır, Vətən naminə, azərbaycançılıq naminə, insanlıq naminə mərd addım atılır. “Nisgili yox olmayan ürək” məqaləsində o məqamları yaşayırıq:

“...qaranlıq çökəndən sonra çala-çuxur, dikdir yerləri sürünə-sürünə keçərək təxminən 100 metrə yaxın məsafə qət etdi. Düzənliyə çatanda dayandı. İri bir da­şa söykənərək oturan və üzü qana bulanmış qazaxlı Məzahir Sadıqov gözünə sataşdı. Onu görcək bir qədər ürəkləndi:

-      Demək, tək deyiləm.

       ... Məzahir boğuq bir səslə, sözləri uzada-uzada deyərək ona əl hərəkəti ilə çıxıb get­məyi işarə elədi:

-      Mənə... baş qoşma... get...

     Bu sözlər Aslanın ürəyini titrətdi. Kədər yükü çoxalsa da Məzahirə tərəf sü­rünməyə gücü çatdı və ona yaxınlaşan kimi təkidlə etirazını bildirdi:

       Yox... ya birlikdə şəhid olacağıq, ya da birlikdə çıxmalıyıq...”

       “Ən böyük öyüncümüz”, “Əsgərə ehtiram”, “Səngər düşüncələri”, “Qələmimiz süngü de­yil­sə” ... Kitaba daxil edilən bütün səngər yazıları istər məzmunu, istərsə də bədii dəyəri ilə çox qiymətlidir. Oxuduqca mənən qürurlanırsan. Mətin igidlərimiz barədə, qanlı-qadalı Qarabağ savaşımız barədə düşüncələr bizi bədbinlik girdabından elə çıxarır ki, dərhal əsgər libasını geyinib ordu sırasında durmaq istəyirsən...

 

Bayram Məmmədov,

ehtiyatda olan polkovnik-leytenant,

Əməkdar müəllim

 

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”