ERMƏNİ YALANI CÜCƏRİR, AMMA BİTMİR
Qismətimizlə
barışmalıyıq: biz haqq-ədalət, düşmənimiz isə yalan aşiqidir. Buna görə biz hədsiz
dərəcədə üzülməməli və erməni yalanlarına qarşı təkcə dözüm yox, həm də hərtərəfli
mübarizə aparmalı, informasiya savaşında bir addım da geri qalmamalıyıq. Əfsus
ki, rəşadətli ordumuzun Dağlıq Qarabağ uğrunda müzəffər yürüşü başlayan gündən
etibarən sosial şəbəkədə saxta erməni xəbərləri geniş miqyasda qaynamaqdadır.
Savaş meydanında əməliyyat üstünlüyümüzdən bağrı yarılan daşnaklar, necə deyərlər,
heydən düşən yalan maşınlarını iki mühərrikli ediblər. Elə ifrat şeylər
uydurur, elə cəfəng fikir və mühakimələr yürüdürlər ki, əsəb tellərimiz sakit
dayanmır.
1-ci Dağlıq Qarabağ döyüşlərindən fərqli
olaraq indiki uğurlu əks-həmlələrimiz barədə məlumatların yayılması ilə bağlı bir
müsbət cəhət məni çox sevindirir. Yalnız Azərbaycan Respublikası Müdafiə
Nazirliyinin İnformasiya Mərkəzinin elan etdiyi xəbərləri doğru qəbul edirik.
Ona görə də virus kimi aləmə yayılan erməni yalanı qısa ömürlü olub. Hər bir
sahədə pərt olsalar da, geri çəkilmək istəmirlər. Sırtıq daşnak yalanının
ayaqlarını həqiqət qılıncımızla o qədər qırmışıq ki, daha onların yalanı ayaq
üstündə çox dura bilmir. Bu gedişlə daşnak yalanı xroniki hala çevrilərək gödəkayaqlı
kimi dünyaya gəlir. Necə deyərlər, erməni yalanı cücərir, amma bitmir.
Hələ sonu tam bitməyən erməni
saxtakarlığının yaratdığı mühitdə bir qramlıq da həya nişanəsi tapa bilmirsən.
Əksər “demokratiya carçıları” sussalar da, dünyanın gözü qarşısında baş verən
erməni terrorunun qanlı səhifələri bir-bir tarixə köçürülür, hərbi cinayətlər
real şəkildə rəsmiləşdirilir. Hamı görür ki, savaşda Azərbaycan əsgərinə cavab verə
bilməyən düşmən qüvvələri Dağlıq Qarabağ ətrafında yerləşən rayonlarımızla
yanaşı ulu Gəncəmizi də əsas terror obyektinə çeviriblər. İnsanlığa zidd erməni
barbarlığının yeni qara əməlləri törədilir. Vandal həyasızlığının həddinə baxın
ki, ön atəş xəttindən xeyli uzaqda yerləşən Gəncənin dinc əhalisi gecə vaxtı
ballistik raket atəşinə tutulur. Körpə balalarımız yuxu içində qətl edilir. Bu
barədə Azərbaycan Respublikası Xarici İşlər
Nazirliyinin rəsmi bəyanatı bütün dünyaya yayıldığı halda Rusiya televiziya
kanalında erməni diasporasının əli ilə Gəncə terrorunun ürək dağlayan fotoşəkilləri
əvvəlcə yalnış bir formada Ermənistan şəhəri kimi təqdim edilir və sonra həqiqət
açıqlanır. Yəni erməni yalanı daha bir gün də yaşaya bilmir.
Zatıqırıq
erməni yalanı ilə ilişgəli bir məsələyə də işıq salmaq istəyirəm. Əlbəttə, çox
şanlı günlər içərisindəyik. Ordumuzun müzəffər yürüşü bizdə yüksək qürur hissləri
doğurur, fərəh və həzz yaradır. Bu, təbii bir prosesdir. Amma sosial şəbəkə
istifadəçiləri hərbi əməliyyatların aparıldığı istiqamət və mövcud savaş durumu
barədə müxtəlif fikirlər paylaşaraq uğurlu həmlələrimizin nəticələrini
qabaqlamağa cəhd edirlər. Söz yox ki, bu hərəkətlər siyasi-hərbi bilgilərə nabələdlilikdən
törənir.
Savaş meydanında nəyin yaxşı, nəyin pis
olmasını təyin etmək bir hərbi peşəkarlıq əməlidir. Məsələnin dərk edilməmiş tərəflərinə
naşı yanaşma özünə zərbə vurmaq deməkdir. Ordu həyatının gizli məqamlarına, hərbi
informasiyalara dair müvafiq mühafizə qaydalarına bələd olan şəxslər yaxşı dərk
edirlər ki, müharibə dövründə hər bir hərbi xəbərin açımı ciddi ehtiyatlılıq tələb
edir. Zəruri hərbi məxfiliyin bu və ya digər bir səpgidə sosial şəbəkədə
pozulması döyüşçü qardaşlarımızın həyatının təhlükəyə atılmasına səbəb ola bilər.
Bu, çox ehtimal ki, bizə sevinc xəbəri yox, istəmədiyimiz bir halda hər hansı
uğursuzluq məlumatı çatdırar.
Məsələn, Feysbuk sosial şəbəkəsində təxminən
4 gün əvvəl “Vəfa İlaysu sevgim” adlı bir profildə ermənilərin ön atəş xəttindən
çəkdiyi bir video görüntü paylaşılmış və profilin statusunda belə bir rəy
yazılmışdı: ”Ermənilər yeni mövqe tuturlar. Mütləq paylaşın bunu. Düşmən 2 saat
qabaq bu videonu paylaşıb. Artsax dedikləri yerdə mövqe tutublar. Mütləq
paylaşın ki, hərbçilərimiz, bəlkə, görüb bilsinlər ki, düşmən haradadır...”
Əlbəttə, bu rəyi yazanın naşılığı aydın
hiss edilir. Ona anlatmaq lazımdır ki, kamil bir üslubda idarə edilən Azərbaycan
Ordusuna o sayaq kömək gərəkli deyil. Ehtimal
ki, rəy yazan çox gənc bir qız uşağıdır. Onun ordu deyilən bir məsələdən zərrə
qədər də anlayışı yoxdur. Elə zənn edir ki, doğma ordumuza nəsə kömək etmək
gücündədir. Amma anlamır ki, sosial şəbəkəyə qoyulan o videomaterialın müəllifi
ermənidirsə, demək, yüz faiz saxtadır, yaxud bir hiylə cəhdidir.
Kələkli cəhdlər xeyli çarıq yırtar, lakin
dəyərli nəticəsi olmaz. Əsl dəyərli bəşəri əməl odur ki, haqqa varasan,
insanlıq həyasını itirməyəsən. Təəssüflər olsun ki, bayaq misal çəkdiyimiz həmin
rəy böyük maraq hissləri ilə bir neçə dəfə sosial şəbəkədə paylaşılır və mənasız
olsa da, ictimai fikirdə çaşqınlıq halları əmələ gətirir.
Möhtərəm
Ali Baş Komandanımız İlham Əliyev Türkiyənin NTV kanalına müsahibəsində erməni
yalanına qarşı olaraq yeni açıqlamalar vermişdir: "Bu gün Azərbaycan
Ordusu bütün istiqamətlər üzrə erməni ordusuna çox sarsıdıcı zərbələr endirib. Mən bəzi açıqlamalar da verdim və bu rəqəmlər
hər gün dəyişir. Dünənə olan dəqiq məlumata görə, 200 erməni tankı məhv edildi,
33 erməni tankı qənimət götürüldü, - Ermənistanın əlində bir dənə də olsun Azərbaycanın
hərbi texnikası yoxdur, - 33 tank, özü də saz vəziyyətdə, indi bizim
ordumuzdadır. Ondan sonra 2 ədəd S-300 hava hücumuna qarşı müdafiə sistemi məhv
edildi, 35 ədəd OSA hava müdafiə sistemi məhv edildi, KRUQ KUB və başqa
texnikalar. Beləliklə, erməni ordusunun texniki təchizatı çox sarsıldı, yəni
çökür. Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik və bu, reallıqdır.
Yaxın vaxtlarda yeni açıqlamalar olacaq və bu onları daha da sarsıdacaq. Erməni
xalqı da həqiqəti bilməlidir. Ən dəqiq məlumatı biz veririk. Ona görə erməni
xalqı əgər real vəziyyəti öyrənmək istəyirsə bizə qulaq assın, bizi
eşitsin".
Bax, əsl rəsmi açıqlama budur. Gəlin sadəlövh
əməllərimizin qarşısını vaxtında alaq. Unutmayaq ki, müqəddəs Qarabağ səngərimizdə
üzbəüz vuruşduğumuz düşməndə insanlıq sifəti yoxdur. Erməni məkrli bir məxluqdur.
Onun ağzından heç vaxt düz söz çıxan deyil. Erməni üzdə şeytana lənət edib, xəlvətdə
isə onun ardınca gedir. Onun səsləndirdiyi yalandan min böhtan törənir, bir
böhtandan isə min ziyan. Hərbi həyata yaxşı bələd olan peşəkar insanlar yaxşı
bilirlər ki, döyüş əməliyyatları barədə xoş məramla yazılan qeyri-dəqiq məlumatlar,
hiylə məqsədilə çəkilən video görüntülər yalnız erməni tərəfinin mənafeyinə xidmət
edir. Gəlin səhvini anlamayan bir tərzdə
klaviaturaya basılan barmaqlarımıza “dur” deyək! Yalnız və yalnız Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad edək...
İbrahim MƏSİMOĞLU
müharibə veteranı,
ehtiyatda olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий