ƏVƏZSİZ İTKİ AĞLATDI BİZİ
Hərbi hissədə
istehkamçı sıravi əsgər İlham İsmayılovu öz adı ilə çağırmırdılar. Onu görkəminə,
şirin danışığına görə “Ponçik” deyə səsləyir və öz hərbi vəzifəsinin əsl sahibi
olduğu üçün ürəkdən sevirdilər. Bu, adi sevgi, formal rəğbət deyildi. Laçın – Kəlbəcər
hərbi əməliyyatlarında onlarca düşmən minasının “canını alan”, döyüşçüləri real
ölüm tələsindən çıxaran əsgəri də elə-belə sevmək olarmı?! Şəxsi cəsarəti fədakarlığı
ilə neçə-neçə döyüşçü qəlbini ovlayan, hər addımda ölümlə üzbəüz duran adama
soyuqluq göstərə bilərsənmi?!
...Murov silsiləsinin
“N” aşırımı istiqamətində düşmənin partlatdığı iki minanı təzələmək tapşırığı
alan mühəndis-istehkam bölüyünün komandiri Nazim Seyidov öz-özlüyündə fikirləşdi:
- Əməliyyata getməyə
iki əsgər kifayət edər. Bəs kimi göndərməli? Yenəmi “Ponçik”i? O getsə yaxşıdı,
əməliyyat asan yerdə keçməyəcək...
İlham komandirin
daxili gümanlarını üzündən oxudu:
- Cənab komandir,
keyfim yaxşıdır, icazə verin, mən gedim. İki minanı quraşdırmaq nədir ki!..
Axşam saat 19-da
İlhamla bərabər sıravi əsgər Elman Ələsgərov da əməliyyata getmək tapşırığı
aldı. Dağ çiçəyinin ətri üçün darıxan, könlünə quzuqulağı düşən İlham yola düşməyə
tələsirdi: Gedək dağlarımızla nəfəs-nəfəsə
dayanaq, bir az dərdləşək... Hanı mənim minalarım? Bərəkətim onlardadır. Nankor
ermənilərin canını alsa, mən qoyan minalar alacaq”, - deyə o, üç dəfə əlinə
aldığı minanı öpdü və yük kisəsini sahmanlamağa başladı.
- “Ponçik” minaları
çox əzizləmə, mina düşmən tanımır, - deyə Elman yarızarafat söz atdı.
- Yox, qardaş, mənim
minalarım məni yaxşı tanıyır.
İndiki “dağ səfəri”
İlhamı doğma dağlara, gül-çiçəkli yamaclara yox, müqəddəs bir qəhrəmanlıq aləminə
aparırdı. Amma bundan özünün xəbəri yox idi. Havasını dəyişmək xəyalı ilə
düşünürdü. Mina quraşdırmağı beş barmağı tək öyrəndiyinə görə heç həyəcan da
keçirmirdi. Uşaq məşğuliyyəti kimi sevdiyi hərbi istehkamçılıq işini görməyə tələsirdi.
Deyirlər ki, tələsik iş xeyir verməz. Lakin İlham bu xeyiri, bu bərəkəti tələsikliyə
rəvac verən fərasətində, cəsarətində tez tapırdı. Özü də bir-iki dəfə yox, dəfələrlə...
Birinci minanı
rahatlayıb ikincisinə yaxınlaşdı. Elə bil, ürəyinə dammışdı ki, nəsə qəza baş
verəcək. Həmkarı Elmana bir qədər uzaq durmağı tapşırdı. Elman onun sözünə
laqeyd qaldı. Çünki İlhamın qabiliyyətinə bələd idi. Tərslikdən kəşfiyyatçılar
da yaxında durmuşdular. İşin son məqamında minanın partlayıcı içliyinin
qoruyucu iynələri sözə baxmadı. Sən demə, zavoddan zay çıxıbmış. Xəbərdarlıq səsi
çıxdı: “Paq”. İlham dönüb axırıncı dəfə həmkarına və kəşfiyyatçılara baxdı və
bütün varlığı ilə minanın üstündə durdu. Minanı döyüş qalxanı kimi canı ilə elə
örtdü ki, əzizlədiyi “ərköyün oyuncağı” təkcə ona xətər gətirsin. Amma heyf ki,
bu dəfə oyuncaq oyuncaqlıqdan çıxmışdı. Üç saniyə ərzində İlham dünyasını həmişəlik
dəyişdi. Düz 8 nəfər döyüşçünü bir an içərisində ölümdən xilas etdi. Başqa cür
edə bilməzdi. Axı İlham qəlbi yoxsul əsgər deyildi. Onun müharibədə bir
var-dövləti var idisə, o da səngər qardaşları idi. Onlara da qıymağa cürət etməzdi.
DÖYÜŞÇÜ ÜRƏYİNİN AĞRI VƏ TƏSƏLLİSİ
Sıravi Sahib
Aslanov: “İlham ölümü bilərəkdən öz üzərinə götürdü. Götürməyə də bilərdi. Kənara
atılsaydı, nə özü salamat qalardı, nə də biz. İlhamın bu hərəkətinə qəhrəmanlıqdan
başqa heç nə demək olmaz”.
Kapitan Rza Hessari:
“Mən İlhamla birinci dəfə idi ki, əməliyyata çıxmışdım. Hərəkətinə göz
qoyurdum. Özünü çox sərbəst və şən aparırdı. Biz indi onun misilsiz qəhrəmanlığı
nəticəsində yaşayırıq. Ömrümüz boyu İlhama borcluyuq”.
Sıravi Aqil Şərabanov:
“Çoxdandır ki, evə gedə bilmirdi. Komandir yenicə ona 3 günlük məzuniyyət söz
vermişdi. Əcəl aman vermədi. O bizim qəlbimizdə yaşayır”.
Sıravi Natiq
Salahov: “Mən İlhamın lap üç addımlığında idim. Hadisə gözümün önündə baş
verdi. Dözülməz itkidir. İlham bizdən ötrü özünü qurban verdi. Onun qəhrəmanlığına
qibtə edirəm”.
Leytenant Əlvan
İbadov: “8 nəfərin həyatını xilas etmək hər oğulun hünəri deyil. Azərbaycan
xalqı onun igidliyi ilə fəxr etməlidir”.
Çavuş Natiq Məmmədov:
“Ponçik mənim həm məktəb, həm də cəbhə yoldaşım idi. Onun ölümü ilə sanki öz ürəyimi
itirmişəm. Belə igidlər hər gün yetişmir”.
Sıravi Mehman Məmmədov:
“İlham igidlik götərməsəydi, bəlkə də, mən indi o dünyada olacaqdım. Allah ona
rəhmət eləsin!”.
İLHAM UNUDULARMI?!
15 oktyabr 1993-cü
il tarixdən “N” hərbi hissəsinin bütün döyüşçülərinin xatirində sıravi əsgər
İlham İSMAYILOV Milli Qəhrəman kimi yaşayır. Onun çarpayısı mühəndis-istehkam
bölüyünün kazarmasında qara-qırmızı lentlə bəzədilib. Üzərinə qərənfillər
düzülüb. İki əsgər fəxri qarovulda durur. Döyüşçülər öz qəhrəman cəbhədaşının
yasını düz 40 gün beləcə tutmaq fikrindədirlər. Bu da onlara bir az təsəlli
verir.
İlham şəhid olan
günün axşamı həm əməliyyat iştirakçıları, həm də bölük komandiri hərbi hissə rəhbərliyinə
təcili surətdə təqdimat yazıb verdilər: “Xahiş edirik ki, döyüş tapşırığını
yerinə yetirərkən fövqəladə igidlik göstərdiyinə görə İlham İsmayılova “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilməsi barəsində cəbhə komandanlığının qarşısında
vəsatət qaldırasınız”. Hərbi hissə komandiri Valeh Rəfiyev tərəddüd etmədən təqdimata
dərkənar qoydu və dedi:
- İlham kimi əsgərləri
unutmağı bizə heç kim bağışlamaz. O, qeyri-adi qəhrəmanlıq edib. Bizə Vətən
üçün, torpaq üçün şəhid olmağın ən yaxşı nümunəsini göstərib. İlham İsmayılov
dövlətimizin ən yüksək fəxri adına – “Azərbaycanın Milli Qəhrəmanı” adına layiqdir.
SON SÖZ ƏVƏZİ
İlham İsmayılovun cənazəsi
ata evinə yola salınmazdan əvvəl hərbi hissə şəhərciyinin meydançasına
qoyulmuşdu. Silahdaşları bir-bir onunla vidalaşdılar. Yaylım atəş səsləri
ucaldı. Atalarımız “igidə ağlamaq yaraşmaz” deyiblər. Amma əvəzsiz itki ağlatdı
bizi. Özü də yaman ağlatdı...
İbrahim MƏSİMOĞLU
23 oktyabr 1993-cü il


Комментарии
Отправить комментарий