DÖRD DÖYÜŞÇÜ QARDAŞDAN BİRİ
Murov dağını erməni
quldurlarından təmizləyərkən düşmən aviasiyasının basqını ehtimalı da nəzərdə
tutulmuşdu. Buna görə də hava hücumundan müdafiə qüvvələrimiz sayıq durmuşdu.
Lap arxayın idik. Hücum zamanı elə məqam yarandı ki, zenitçilərin avtomatçıları
da piyadalarımızla bahəm irəlilədilər. Zenit qurğusunun avtomatçısı – sıravi əsgər
Bəhrəm Absalam oğlu Eyvazov yüksək döyüş ruhu ilə düşməni Yanşağadək qovdu.
Bu cəsur əsgərlə Ömər
aşırımında görüşdüm. Kefi kök idi, amma döyüşçü qardaşlarının yerini bilmədiyinə
görə azacıq nigaran qalmışdı:
- Beş qardaşıq,
dördümüz Vətənin müdafiəsi uğrunda döyüşür. Böyük qardaşım Nüsrət Ağdərədədir.
Zabitdir. Mətləb və Səfərdən isə xəbərim yoxdur. Ancaq ürəyimdə bir təskinlik
var, çünki ordumuz zəfər yürüşündədir. Düşmənin dizini qıra-qıra qabağa gedirik
və tezliklə qalib gələcəyik. Qardaşlarımın xidmət yeri indi mənə məlum olmasa
da, onlarla Qələbə günü ya Şuşada, ya da Xankəndidə görüşəcəyik.
Kürdəmir rayonunun
Pirli kəndindən olan 21 yaşlı bu igid bir il 8 aydır ki, işğal edilmiş
torpaqlarımızın azad olunması naminə müharibənin hər əzabına qarşı əsl dözüm
nümunəsi göstərir. O, əvvəlcə tikinti taborunda xidmət edib. Sonra könüllü
olaraq döyüş bölgəsinə gedib və zenitçilik sənətinə yiyələnib.
- Müharibədə döyüşçü
hər şeyi bacarmalıdır, - deyə Bəhrəm Eyvazov öz xidməti işindən danışır. – Mən
bir avtomatçı kimi zenitçiləri qorumaqla yanaşı, dar ayaqda zenit qurğusunda
oturub silahdaşımı əvəz edirəm. Bekar durmaqdan lap zəhləm gedir. Yeri düşəndə silahı
sazlayıb piyadaçılıq etməyə başlayıram.
Goranboy əməliyyatında piyadaçıların bizə ehtiyacı çox oldu. O zaman döyüş
mövqeyimizi “N” nöqtəsində tutmuşduq. Arxa tərəfdə isə düşmən aviasiyasının
meydançası vardı. Biz olmasaydıq, piyadalarımız vuruşa bilməzdi. Zenit qurğumuz
dil açan kimi erməni hərbi qüvvələri lal-dinməz olurdu. Həmin döyüşdə biz elə
manevr etdik ki, heç bir düşmən vertolyotu cürət edib bizə tərəf uça bilmədi.
Ona görə də zenitçilərimiz istiqaməti dəyişib xeyli düşmən piyadasını məhv etdi.
Bəhram söhbətinin
axırında dedi ki, bəlkə də, anamın dizində bir taqət qalmayıb. Dörd oğulu
müharibəyə göndərib sakitcə nəfəs almaq zarafat deyil.
Bəhrəmin anası Bikə
xanım böyük ürək sahibidir ki, Vətən müharibəsinə dörd igid balasını yola
salıb. İnşallah, yaxın gələcəkdə onun ünvanına dörd qələbə müjdəsi, dörd qələbə
muştuluğu veriləcək. Bu xoşbəxtlik isə hər anaya qismət olmur.
İbrahim MƏSİMOĞLU
29 yanvar 1994-cü il

Комментарии
Отправить комментарий