“PİYADALAR ARXAYIN HƏRƏKƏT EDƏ BİLƏRLƏR”



Bu gün leytenant Nazim Seyidovun döyüşçüləri – minaaxtaranlar “N” bölgəsində hərb tariximizə şanlı səhifələr yazırlar. Haqqında söhbət açmaq istədiyimiz həmin bölüyün əsası 1992-ci ildə qoyulub. İlk komandir postunda baş leytenant Adil Ağayev oturub. Sanki anadangəlmə istehkamçı olan bu igid müharibə gedə-gedə həm döyüşüb, həm də müəllim kimi öyrədib. Çünki bölükdə minanın sirlərini ondan başqa heç kim bilmirdi. Əfsus ki, Arutunaqomer kəndində tank mərmisindən yaralandı. Bu günəcən bölüyün 20 nəfər əsgəri əmri yerinə yetirən zaman şəhid olub: Nəsir Nəsirov, Hacı Məmmədov, Şöhrət Əliyev, Malik Mirzəyev, Mehman Xəlilov... Onların heç biri öz səhvi ilə həlak olmayıb. Təcrübəli istehkamçılar dəfələrlə “əcəl tələsi” qurub və zərərsizləşdiriblər. Lakin iş başında düşmən gülləsinə tuş gəliblər. Bu da hər Vətən oğlunun torpaq keşiyi tarixində bir alın yazısı – şərəfli taledir: “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” – həqiqəti hədərmi  söylənilib?!
Hərbçi qanunlarına görə, həmlə vaxtı mina çıxarmağa icazə verilmir. O, xüsusi aparatla, ya da dəmir çubuqla axtarılmalı və aşkara çıxarılan kimi yerindəcə partladılmalıdır. Çünki minanın altında çox aldadıcı hiylələr qurulur. Nə qədər ehtiyatlı tərpənsən də, partlayışdan yaxa qurtara bilmirsən. Leytenant Nazim Seyidovun minaaxtaranlarının isə qorxmaz təbiətlərinə uyğun öz qanunları var: “Müstəqil dövlətimizi çox xərcə salmaq insafdan deyil. Düşmən minasını imkan daxilində zərərsizləşdirmək və erməninin özünə qarşı istifadəyə yararlı halda əldə etmək faydalıdır”.
Vaxt ötür, zaman dəyişir. İlk günlər istehkamçılıq işində şəxsi heyət bircə Adilə göz dikmişdisə, indi adillər bölükdə bir deyil, beş deyil. Ceyhun Kərimov düşmənin 80-dən çox minasının kələyini kəsib. Tərlan Ağayev 40-a qədər uğurlu mina basdırıb. Rasim Əliyevin qurduğu minaya bir dəfə tülkü düşsə də, daha çox tülkü cildinə girmiş erməni dığasına rast gəlib və nahaq əməllərinin tutarlı ölüm haqqını alıblar. Seyfulla Əhmədovun da əlləri yüngüldür. Bölüyün istər yol təmiri, istərsə də mühəndis-istehkam taqımlarının döyüşçülərinin hamısı naşılıq vədəsini çoxdan yaşayıb. İstehkamçı sırasına qorxaq, ilk ünsiyyətdə tərəddüd edən əsgərlər qəbul edilmir.
Leytenant Nazim Seyidov istənilən istiqamətdə düşmən üzərinə şığıyanda motoatıcı taborlara “sarvanlıq” etməyə hazır olduğunu arxayın hisslərlə bildirdi:
- İşimizin yaxşı alınmasının bir səbəbi odur ki, komandirlik sahəsində qollu-budaqlıyam. Ordumuzun yarandığı gündən Vətən səngərinə əsgər kimi girən, indi isə zabit vəzifəsində mərdanə duran, döyüşdə yaralanan leytenant Yunis Mirzəyev, istehkamçılıq işini əzbər bilən, əsgərlərlə işləmək sahəsində zəngin səriştə toplayan gizir Qurban Qasımov kimi komandir yoldaşlarım var. Hücum əmri verilərsə, hissəmizin piyadaları arxayın hərəkət edə bilərlər. Çünki istehkamçılarımız tam hazır vəziyyətdədirlər.
...Mühəndis-istehkam bölüyünün yataq otağına daxil olanda şəhid İlham İsmayılovun sağ divarda asılmış nurlu fotosurəti diqqətimizi çəkir. Döyüş meydanını təmizləyərkən özünü partlayan minanın üstünə ataraq 8 silahdaşını ölümdən xilas edən İlham bölüyün ən parlaq “ulduz”u sayılır. Minaaxtaranlar həmişə əməliyyata çıxmazdan əvvəl İlhamın şəklinə baxıb qisas hissi ilə döyüş meydanına yola düşürlər: “İlham, əziz qardaşımız, sənin qanını yerdə qoymayacağıq!”.

İbrahim MƏSİMOĞLU
8 yanvar 1994-cü il





Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”