ARXALI DÜŞMƏNİ SUSDURAN MƏCBURİ MÜDAFİƏNİN SİRLƏRİ
Bu gün qürurla deyə
bilərik ki, ulu öndərimiz Heydər Əliyevin mahir və bənzərsiz memarlığı sayəsində
qurulan, sürətlə dirçələn və inkişaf edən ordumuzda hərb elmi irəliyə doğru tərəqqi
etməkdədir. Təməl daşları möhkəm qoyulduğuna görə milli hərbi təfəkkürün hələ
çox möcüzələrinə şahid olacağıq.
Qarabağ savaşında hərb
sənəti ilə bağlı ordumuz bir sıra dəyərli nümunələr göstərmişdir. Əlbəttə, bu
mövzu məxfi xarakter daşıyır. Lakin onu qeyd etmək olar ki, hərb sənətinin tərkib
hissəsi kimi strategiya, operativ sənət və taktika sahəsində ilk briqada
komandirlərinin, təcrübəli zabitlərin müəyyən qədər uğurları əldə edilmişdir.
İlk briqadanın
komandiri olmuş polkovnik Əzizağa Qənizadənin qazanılmış döyüş təcrübəsi əsasında
hazırladığı elmi nümunələr bu gün yetişməkdə olan zabitlərimiz tərəfindən həvəslə
öyrənilir. Məxfiliyə görə bəzi məqamları açıqlamaq istəmirik. Polkovnik Ə. Qənizadənin
məsləhətlərinə və təqdim etdiyi hərbi əməliyyat nümunələrinə dayaqlanaraq Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin müəllimləri Gəray Bağırov və Vüqar
Əliyev 1993-cü il Kəlbəcər rayonunun müdafiəsi haqqında elmi məqalə yazmışlar.
Bu elmi məqalə məktəbin 2012-ci il tarixli 1 saylı elmi əsərlər məcmuəsində dərc
edilmişdir. Yaradıcı zəhmət hesabına hasilə gəlmiş bu əsərdə Azərbaycan
Ordusunun 1993-cü ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı apardığı müdafiə
döyüşlərinin analizi təqdim olunur. Həm düşmən tərəfin, həm öz ordumuzun, həm də
neytral mənbələrin məlumatları əsasında hər iki tərəfin imkanları qiymətləndirilmiş
və müqayisə edilmişdir. Tarixi əhəmiyyətini və hərbi dəyərini nəzərə alaraq həmin
elmi məqaləni dərc etməyi zəruri sayırıq:
“1993-cü il Kəlbəcər rayonunun müdafiəsi haqqında”
Azərbaycan Milli
Ordusunun 1992-ci ildə keçirdiyi uğurlu hərbi əməliyyatların nəticəsindən
qorxuya düşən Ermənistan Respublikasının rəhbərliyi anladı ki, 1993-cü ildə hərbi
əməliyyatlar belə davam etsə, Qarabağı əldə saxlamaq mümkün olmayacaq. Ermənistan
Respublikası rəhbərliyi Rusiya hökumətinə müraciət edərək, 50 milyard rubl hərbi
kredit aldı. Bundan əlavə, Rusiya mütəxəssislərinin köməkliyi ilə Moskva şəhəri
yaxınlığında 1200 nəfər, Ermənistandakı Rusiyanın hərbi bazasında 2500 nəfər tankçı,
topçu, snayper, kəşfiyyatçı, rabitəçi, istehkamçı, hava hücumundan müdafiəçi və
digər hərbi mütəxəssisləri hazırlamağa başladılar. Bu mütəxəssislərin və kiçik
komandir heyətinin altı aylıq təlimləri 1993-cü ilin fevral ayında başa
çatdırıldı.
Qarabağ Erməni
Ordusu (QEO) Xankəndi-Ağdərə yaşayış məntəqələri istiqamətində hücuma keçmək,
703 saylı motoatıcı briqadanın bölmələrinin müdafiəsini yarmaq, irəliləyib Sərsəng
su anbarını və onun ətrafındakı yolları ələ keçirmək, bununla da Azərbaycan
Milli Ordusunun Laçın rayonunun şimalında yerləşən və Qarabağ Erməni Ordusunun
həyat əhəmiyyətli təminat yoluna - Laçın dəhlizinə təhlükə yaradan bölmələrini əsas
qüvvələrdən ayırmaq, təminat yollarını kəsmək, Ömər aşırımının mövsümlə əlaqədar
olaraq bağlanmasını nəzərə alaraq ordumuzu mühasirə vəziyyətinə salmaq qərarına
gəldi.
Bu məqsədlə Rusiya və
Ermənistanda təlim keçmiş kiçik komandir və mütəxəssislər Laçın dəhlizindən
Qarabağa keçirildi və Qarabağ Erməni Ordusunun sıraları komplektləşdirildi.
Şuşa MRQ (Müdafiə Rayonu Qruplaşması) şimala doğru genişləndi və “Stepanakert” MRQ ehtiyata çıxarıldı. Əsgəran
MRQ və Hadrut MRQ öz ərazilərini genişləndirərək “Martuni” MRQ-nı ehtiyata
çıxardı. QEO yenidən qruplaşma həyata keçirdi. “Mardakert” MRQ, “Mərkəzi” MRQ və
“Martuni” MRQ bölmələri, 54-cü əlahiddə tank taboru, “Şaumyan” (Goranboy),
“Mardakert” (Ağdərə) rayonu silahlı dəstələri, Ermənistanın müxtəlif rayonlarından
olan “fədai” ölüm dəstələri və başqa bölmələr Xankəndi-Ağdərə yaşayış məntəqələri
istiqamətində cəmləşdirildi.
05 fevral 1993-cü il
tarixindən 25 fevral 1993-cü il tarixədək 20 gün ərzində düşmən irəliləyərək
Ağdərə şəhərini, Sərsəng su anbarını, orada həyat əhəmiyyətli elektrik
stansiyasını və taktiki cəhətdən əlverişli Ağdərə-Kəlbəcər yolunun vacib sahəsinə
tam nəzarəti ələ keçirdilər. Düşmən ilk növbədə Sərsəng su anbarına çıxaraq,
onun ətrafı ilə Kəlbəcərə gedən yolları kəsdi, Laçın rayonunun şimalını müdafiə
edən 701 saylı briqadanı Azərbaycan Milli Ordusunun əsas qüvvələrindən ayırdı və
faktiki blokadaya saldı. Kəlbəcər və Laçın rayonunda döyüş əməliyyatları aparan
Azərbaycan Milli Ordusunun hissələri: 701 saylı briqada və başqa bölmələr sağ
cinahdan Ermənistan Respublikası ilə dövlət sərhədi boyunca erməni silahlı birləşmələri,
cəbhə və sol cinahdan QEO və erməni ölüm dəstələri, arxada isə Murovdağ silsiləsi
əhatəsində əlverişsiz vəziyyətə düşdülər.
Erməni mənbələrinə əsasən
1993-cü il yanvar ayında QEO-nun tərkibində 18.000 nəfərdən ibarət şəxsi heyət
vardı. Onlardan 12.000 nəfər qarabağlı, 6.000 nəfər isə ermənistanlı idi. Bu
ordunun əsasını SSRİ zamanı Qarabağda təhlükəsizliyi təmin edən 4 daxili qoşun
alayının və Xankəndində dislokasiya olunan 366-cı motoatıcı alayın silah və
zirehli texnikası təşkil edirdi. Ordunun tərkibində 100 ədəd tank, 190 ədəd zirehli
döyüş maşını, 60 ədəd artilleriya-minaatan sistemləri, 6 ədəd ZU-23-2, 5 ədəd özüyeriyən
ZSU-23-4 “Şilka”, 4 ədəd 57 mm S-60 zenit qurğusu, “Ural” avtomobili üzərində
ZU-23-2 və Ermənistandan göndərilmiş 179 ədəd artsistem, 82 ədəd minaatan
vardı. Ermənistan Respublikasının Azərbaycanla sərhədinin Laçın-Kəlbəcər sahəsini
sayı 3 minə qədər olan 8 tabor qoruyurdu. Bu zaman Ermənistanın rəsmi olaraq
20.000 nəfərlik ordusu, 154 ədəd tankı, 44 ədəd PDM-ı, 6 təyyarəsi var idi. Ermənistana
Rusiya tərəfindən verilmiş 19 ədəd vertolyotdan 11 ədəd Mİ-24 döyüş vertolyotu qalmışdı.
701 saylı motoatıcı
briqada 15 sentyabr 1992-ci il tarixindən əsas qüvvələrini Laçın-Kürdhacı
yaşayış məntəqələri istiqamətində cəmləyərək, soldan Dəlidağ-Alxaslı yaşayış məntəqəsinin,
sağdan Fərraş-Taxtabaşı yaşayış məntəqələrinin ara sərhəd xətləri zolağını,
Alxaslı-Hoçaz-Tiqik-1-Fərraş yaşayış məntəqəsinin ön xətti boyunca, tərkibində
1, 2, 3, 4 və 5-ci Bərdə taboru, Laçın polisi taboru, reyd dəstəsi, kəşfiyyat
bölüyü, zirehli dəstə, D-30 artilleriya divizionu, MT-12 batareyası, BM-21
batareyası (şəxsi heyətin ümumi sayı 1985 nəfər), 7 ədəd tank, 7 ədəd PDM, 27 ədəd artilleriya vasitəsi
olmaqla müdafiə edirdi. Briqadanın 3-cü taboru yalnız atıcı silahlarla
silahlanmış şəxsi heyəti 473 nəfərdən ibarət olmaqla, briqadanın tabeliyindən
alınmışdı və Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində
sərhəd xidməti vəzifələrini yerinə yetirirdi. Bu tabor 70 kilometrlik sərhəd
boyunca Qaraqaya, Söyüdlü, Kürdyurdu, Oktyabr, Ayrım, Dikyurd, Yellicə, Zəylik,
Ağduzdağ, Taxta sərhəd dəstələrinə bölünmüşdü.
701 saylı briqadanın
təminat yolları iki marşrutla həyata keçirilirdi:
1. Əsas marşrut:
quru yolla. Sərsəng su anbarının sahili ilə Ağdərə yaşayış məntəqəsindən;
2. Ehtiyat marşrut:
hava yolu ilə. 3261 metr dəniz səviyyəsindən yüksəklikdə yerləşən, ilin
payız-qış mövsümündə istifadə üçün yararsız olan Ömər aşırımından.
1993-cü il fevralın
15-dən etibarən quru yolun - əsas marşrutun bağlanması nəticəsində ordu rəhbərliyi
701 saylı briqadanın təminatını hava yolu ilə (vertolyotla) həyata keçirməyə məcbur
oldu.
Mart ayının 5-də Azərbaycan
Milli Ordusunun müdafiə cəbhəsinin Ağdərə rayonunda yarılmış sahəsini Ağdərə-Kəlbəcər
istiqamətində bərpa etmək məqsədilə 701 saylı briqadanın müdafiə xətti üç dəfə
uzadıldı. Briqadaya iki əsas istiqamətdə müdafiə olunmaq barədə əmr verildi:
- birinci istiqamət:
Laçın rayon mərkəzi-Kürdhacı yaşayış məntəqəsi;
- ikinci istiqamət: Çərətdar
yaşayış məntəqəsi-Kəlbəcər rayon inzibati mərkəzi.
Briqadaya Dəlidağ-Alxaslı,
Çərəktar-Kəlbəcər yaşayış məntəqələrinin müdafiə zolağını Alxaslı-Hoçaz-Tiqik
1-Fərraş-Nareştar-Mərcimək-Çərəktar yaşayış məntəqələrinin ön xətti boyunca
müdafiə etmək tapşırığı verildi. 701 saylı briqadanın 1-ci taboru tərkibində
130 nəfər canlı qüvvə ilə Çərətdar yaşayış məntəqəsində Ağdərə-Kəlbəcər yolu üzərindəki
yüksəkliklərdə mövqe qurdu.
Artırmalardan sonra
701 saylı briqada dağlıq ərazidə 120 km-ə qədər uzunluqda səpələndi. Briqadanın
müdafiə zolağının mərkəzində 20 kilometr müdafiəsiz dağlıq ərazi yarandı.
Briqadanın sağ və sol cinahları, həmçinin arxası və mərkəzi boş qaldı. Solda Çərəktar
yaşayış məntəqəsindən Ömər aşırımına kimi 25 kilometrlik dağlıq ərazi; sağ
cinahda və arxada Azərbaycan-Ermənistan dövlət sərhəd boyunca 70 kilometrlik
dağlıq ərazi; mərkəzdə Fərraş yaşayış məntəqəsindən Nareştar yaşayış məntəqəsinə
qədər 20 kilometrlik dağlıq ərazi müdafiəsiz qaldı.
11 mart 1993-cü ildə
Ermənistanın Müdafiə naziri Vazgen Manukyanın əmri ilə Azərbaycanın Ağdərə
rayonunda Şaumyan (Goranboy) və Mardakert (Ağdərə) rayonlarının yerli erməni sakinlərindən ibarət silahlı dəstəsinin
nəzdində xüsusi təyinatlı alay yaradıldı.
15 mart 1993-cü ildə
701 saylı briqada 3000 kvadrat kilometrlik dağlıq ərazidə mərkəzində Mıxtökən
dağ silsiləsi olmaqla iki yerə parçalanmasına baxmayaraq, öncə verilmiş
tapşırığı yerinə yetirməklə yanaşı Kəlbəcər rayonunun inzibati mərkəzini 20
kilometrlik dairəvi xətt boyunca müdafiə etmək əmrini aldı. Döyüş düzülüşü:
ümumoşun ehtiyatı ayırmaqla, bir eşelonda mövqe tutmaq.
Kəlbəcər rayonunda
yerli əhalidən könüllü dəstə yaradıldı. Zabit və gizir heyəti olmadığı üçün dəstəyə
yerli mülki insanlar rəhbərlik edirdi. Bu könüllü dəstə təlim keçmədən 6-cı
tabor kimi, 701 saylı briqadanın sərəncamına verildi. 6-cı tabor Nareştar, Mərcimək,
Ağqaya və Ağdaban yaşayış məntəqələrinin mövqelərində yerləşdirildi. Kəlbəcər
rayonunu müdafiə etmək məqsədilə Kəlbəcər rayonu inzibati mərkəzində dağ atıcı
alayının yaradılmasına və yerli sakinlər hesabına komplektləşdirilməsinə sərəncam
verildi. Alayın formalaşdırılmasına 22 mart 1993-cü il tarixində başlanıldı.
25 mart 1993-cü ildə
Ağdərə istiqamətində əldə etdikləri mövqelərdə möhkəmlənən etmənilər yenidən
qruplaşma həyata keçirdi. Tərkibində Stepanakert Müdafiə Rayonu Qruplaşması,
Martuni Müdafiə Rayonu Qruplaşması, xüsusi təyinatlı alay, tank taboru, ölüm dəstələri,
əlahiddə artilleriya və reaktiv divizion, döyüş aviasiyası olmaqla Getavan-Çərəktar
yaşayış məntəqəsi, həmçinin Kaşataq (Laçın) və Şuşa alayı olmaqla
Laçın-Kürdhacı yaşayış məntəqəsi istiqamətlərində hücuma keçdilər.
26 mart 1993-cü ildə
saat 09.00-dan başlayaraq şiddətli artilleriya hazırlığından sonra tank, PDM atəşləri
ilə qurudan və 5 ədəd döyüş vertolyotunun havadan atəş dəstəyi ilə düşmən Ağdərə-Kəlbəcər
atvomagistralı boyunca Getavan-Çərəktar istiqamətində hücuma keçdilər. Gün ərzində
üç dəfə həmlə etdilər.
701 saylı briqada
düşmənin Getavan-Çərəktar istiqamətində çoxsaylı üstünlüyünə baxmayaraq,
hücumları mətanətlə dəf etdi. Düşmənin bir tankı, iki PDM-i, iki döyüş vertolyotu,
50 nəfərə qədər canlı qüvvəsi məhv edildi. 1-ci tabor 5 nəfər şəhid verdi. 6 nəfər
yaralandı. 701 saylı briqadanın müdafiə
zolağı qarşısında, bütün istiqamətlərdə inadlı müdafiə ilə qarşılaşan düşmən
itki verərək geri çəkildi.
27 mart 1993-cü ildə
saat 07.00-dan başlayaraq düşmənin üç alayı, hər birinin tərkibində 1000 nəfər
döyüş təcrübəli canlı qüvvə, 10 ədəd tank, 30-a qədər PDM, 20 ədəd top, 20 ədəd
minaatan olan hücum qrupları ilə Çərəktar, Ağqaya, Ağdaban, Nareştar, Mərcimək
mövqelərinə hücuma keçdi. Düşmən gün ərzində Ağdərə-Kəlbəcər istiqamətində 701
saylı briqadanın bölmələrinə hücum cəbhəsini daim genişləndirərək 3 dəfə həmlə
etdi.
Düşmən 1-ci taborun
müdafiə rayonuna, zenit toplarının atəş mövqelərinə Mi-24 döyüş vertolyotlarının
atəşi ilə havadan zərbə endirdilər. Zenit batareyasının topçularından 3 nəfər həlak
oldu, 2 nəfər yaralandı və zenit topu sıradan çıxdı.
Günün sonunda düşmən
briqadamızın boş cinahına çıxdı. Üstdən-aşağıya və cinahdan həmlə edərək
Ağdaban yaşayış məntəqəsini ələ keçirdi. 6-cı taborun könüllü bölüyü Bağlıpəyə
yaşayış məntəqəsi qarşısında müdafiə üçün mövqeləndi. Çərəktar, Ağqaya, Nareştar,
Mərcimək mövqelərini müdafiə edən bölmələr mütəşəkkil hərəkət edərək öz mövqelərini
qoruyub saxladılar.
Düşmən Azərbaycan
Milli Ordusunun müdafiəsinin zəif yeri olan açıq cinahı müəyyənləşdirdi. 701
saylı briqadanı sol cinahdan və yandan ötərək həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın-Kəlbəcər
yol bağlantısını ələ keçirmək məqsədilə müdafiənin dərinliyinə doğru irəlilədi.
28 mart 1993-cü il səhər
saatlarında düşmən Bağlıpəyə yaşayış məntəqəsinin şimalından 6-cı taborun
könüllü dəstəsinin müdafiə mövqelərinə, həmçinin sol açıq cinahdan üzüaşağı həmlə
etdi. 6-cı taborun könüllü bölüyü düşmənin çoxsaylı üstün qüvvələrinin təzyiqinə
tab gətirə bilməyib mövqelərdən çəkildi və tədricən döyüş qabiliyyətini itirdi.
Bağlıpəyə yaşayış məntəqəsindəki
mövqeləri bərpa etmək məqsədilə Bağlıpəyə istiqamətində irəliləyən, ümumqoşun
ehtiyatı olan zirehli dəstəmiz düşmənin üzərinə əks-hücuma keçdi və Bağlıpəyə
yaşayış məntəqəsini geri aldı. Bir saatdan sonra düşmən yenidən Bağlıpəyə
yaşayış məntəqəsinə hücuma keçdi. Zirehli dəstəmiz 2 ədəd PDM, 4 nəfər şəhid, 5
nəfər yaralıdan ibarət itki verməklə, 2 ədəd tank, 3 ədəd PDM, 20 canlı qüvvə
ilə həyat əhəmiyyətli Kəlbəcər-Ağdərə-Laçın yol bağlantısına çəkilərək Tunel
qarşısında mövqeləndi.
Düşmən Nareştar-Keçiliqaya,
Mərcimək-Zülfüqarlı yaşayış məntəqələri istiqamətində Kəlbəcər rayonu sakinlərindən
təşkil edilmiş 701 saylı briqadanın 6-cı könüllü taborunun bölüklərinə açıq
cinahlarından üstdən-aşağı həmlə etdi. 6-cı könüllü tabor düşmənin çoxsaylı
üstün qüvvələrinin təzyiqinə tab gətirə bilməyərək Nareştar, Mərcimək, Ağqaya
yaşayış məntəqələrində mövqeyindən çəkildi. Ağır itkilər vermiş könüllü tabor
döyüş qabiliyyətini itirdi.
Günün sonuna qədər düşmən
açıq cinahlardan, yandan ötüb-keçərək 1-ci taborun arxasına çıxdı, onu əsas
qüvvələrdən ayırdı, kommunikasiya yollarını kəsdi. 1-ci tabor mühasirəyə düşməmək
məqsədilə Ağqaya-Tunel istiqamətində əlverişli mövqelərə çəkilmək tapşırığı
aldı.
Müdafiəni yarmış
düşmənin qabağını kəsmək və Zülfüqarlı yaşayış məntəqəsindəki Kilsəli-Zülfüqarlı-Kürdhacı
vacib yol bağlantısını ələ keçirmək, bununla da briqadanın təminat və manevr
yolunun bağlanmasının qarşısını almaq məqsədilə Laçın rayonunun şimalında
müdafiə olunan 5-ci Bərdə taborunun bölmələri Zülfüqarlı yaşayış məntəqəsi
istiqamətində döyüş ehtimalı ilə irəliləmək və Ömər-Tunel-Zülfüqarlı-Laçın
yolunu düşməndən təmizləmək tapşırığı aldı.
29 mart 1993-cü il
tarixində saat 11.00-da vəziyyət böhranlı həddə çatmışdı. Azərbaycan-Ermənistan
dövlət sərhədi boyunca Ermənistan ərazisində, Ermənistan Respublikası Silahlı
Qüvvələrinin Nerkin Şorca-Kəlbəcər istiqamətində 3-cü əlahiddə motoatıcı
briqadası, Zod-Dəmirçidam istiqamətlərində xüsusi təyinatlı briqadasının canlı
qüvvə və texnikası toplanmışdı. Düşmən hər an hücuma keçə bilərdi. Ağdərə-Kəlbəcər
istiqamətində irəliləyən düşmən qarşısına Azərbaycan Milli Ordusunun çıxarmağa
qüvvələri qalmamışdı. Kəlbəcər rayon özünümüdafiə taboru döyüş qabiliyyətini
itirmişdi. Kəlbəcər rayonunda dağ atıcı alayı yaradılmamışdı. 701 saylı
briqadanın Çərəktar yaşayış məntəqəsində müdafiə olunan 1-ci taborunun bir hissəsi
Ağqaya yaşayış məntəqəsi – Tunel istiqamətində manevr edirdi.
Ağdərə-Kəlbəcər
istiqamətində irəliləyən düşmənin qarşısına qüvvə çıxarmaq lazım idi.
Respublikanın hərbi ehtiyatı tükənmişdi. Hökumət həm paytaxtdan, həm də iri
yaşayış məntəqələrindən insanları səfərbər edib, vertolyotlarla Kəlbəcər
rayonunun mərkəzindəki meydançaya düşürürdü. Daşınmış 50-80 nəfərlik canlı qüvvə
eniş meydançasından birbaşa Kəlbəcər-Ağdərə istiqamətində döyüş mövqelərinə
göndərilirdi. Bunlar təlim görməmiş, komandir və komanda heyəti olmayan,
bir-birini tanımayan, silahdan istifadə etməyi bacarmayan insanlar idi. Onların
silah və sursatları yeşiklərdə qalmışdı: nə paylanmış, nə də kiməsə təhkim
edilmişdi.
Saat 13.00-da vertolyot
meydançasına toplanmış 75 nəfər canlı qüvvə Tunel mövqeyinə gətirildi. Əsgərlərə
silahların paylanması, silahdan istifadənin öyrədilməsi, kiçik komandirlərin təyin
edilməsi və dəstələrə bölünməsi, vaxtın məhdudluğu ucbatından 15 dəqiqəlik
döyüş hazırlığının keçirilməsi, canlı qüvvənin döyüş mövqelərinə yerləşdirilməsi
və s. məsələlər elə oradaca tələsik icra edilirdi. Döyüşə hazırlıq düşmənin
minaatan və toplarının atəşi altında gedirdi. Artıq bir neçə əsgər, o cümlədən
korpus komandirinin yanında durmuş rabitəçi yaralanmışdı.
Saat 15.00-da 1-ci
taborun 30 nəfər canlı qüvvəsi döyüşlərlə mühasirədən çıxdı və Tunel sahəsinə
toplandı. Vertolyot meydançasına toplanmış növbəti 50 nəfər canlı qüvvə Tunel mövqeyinə
gətirildi. Onlar əlverişli mövqelərdə müdafiə qurmaq və Çərəktar-Vəng yaşayış məntəqəsi
istiqamətində irəliləyən düşməni saxlamaq əmri aldılar. 1-ci taborun 30 əsgəri
də bu tapşırığın yerinə yetirilməsinə cəlb edildi.
Saat 16.00-da vertolyot
meydançasına toplanmış növbəti 50 nəfər canlı qüvvə yenə Tunel mövqeyinə gətirildi.
Bu dəstə Buzluq dağı mövqelərində yerləşdirildi.
Saat 17.00-da vertolyot
meydançasına toplanmış növbəti 50 nəfər canlı qüvvə Tunel – Bağırlı dağının
müdafiə mövqelərinə yerləşdirildi.
26-29 mart 1993-cü
ildə Getavan-Çərəktar istiqamətində ağır itkilər bahasına irəliləyən QEO
Ağdaban, Nareştar, Təzəkənd, Yenikənd, Ağaçakənd, Bağırlı, Keçiliqaya, Comərd
yaşayış məntəqələri hüdudunda saxlanıldı.
30 mart 1993-cü ildə
səhər Kəlbəcər rayonunda fasiləsiz olaraq mürəkkəbləşən ağır vəziyyət öz
böhranlı mərhələsinə çatdı.
Ağdərə-Kəlbəcər
istiqamətində təpədən-dırnağadək silahlanaraq hücum edən Stepanakert və Martuni
Müdafiə Rayonu Qruplaşmaları, xüsusi təyinatlı alay, tank taboru, ölüm dəstələri,
əlahiddə artilleriya və reaktiv divizion, döyüş aviasiyası qüvvələrinə qarşı Azərbaycan
Milli Ordusunun 701 saylı briqadası tərkibində 2 ədəd tank, 3 ədəd PDM, 20 əsgərdən
ibarət zirehli dəstə, 2 ədəd top, 1 ədəd Qrad qurğusu və az sayda təlim görməmiş,
təcrübəsiz canlı qüvvəsi olsa da mətanətlə müdafiə olunurdu. Laçın-Kürdhacı-Tunel-Ömər
marşrutu üzərində vacib obyekt kimi Tunel düşmənin atəşi altında qalmışdı və
Laçın-Tunel-Ömər aşırımı marşrutu bağlanmışdı. 1-ci taborun bölmələri Ağdərə-Kəlbəcər
avtomagistralının Çərəktar yaşayış məntəqəsindən keçən vacib sahəsini əlində
saxlayaraq düşmənin dərinliyində əzmlə müdafiə olunurdu. Laçın rayonunun
şimalından hərəkət edən 701 saylı briqadanın bölmələri Almalı yaşayış məntəqəsində
düşmənlə qarşılaşmış və Zülfüqarlı yaşayış məntəqəsi istiqamətində düşmənin irəliləməsini
dayandırmışdı. Briqadanın artilleriya divizionu və əmrə verilmiş dəstək qüvvələri
atəş mövqelərini tutaraq düşmənin qoşun toplanmalarına artilleriya zərbələri
endirirdi. Ağdərə-Kəlbəcər istiqamətində müdafiəyə soxulmuş düşmən hücumun irəliləmə
tempini itirmişdi və boğulurdu. QEO-nun Ağdərə-Kəlbəcər istiqamətində qanlı
döyüşlərə bağlanmış qüvvələrinin döyüş ruhunu itirəcəyindən və yaxud geri çəkiləcəyindən
ehtiyatlanan Ermənistan Respublikası öz ərazisindən Zod-Dəmirçidam, Vardenis-Kəlbəcər
istiqamətində hücuma keçdi. Qaraqaya, Söyüdlü, Kürdyurdu sərhəd dəstəsi Ermənistan
Respublikası Silahlı Qüvvələrinin xüsusi təyinatlı briqadası, Oktyabr, Ayrım, Dikyurd
sərhəd dəstələri isə Ermənistan Silahlı Qüvvələrinin 3-cü motoatıcı briqadası tərəfindən
zəbt edildi. 40 nəfərlik sərhəd dəstələrimizə şiddətli artilleriya
hazırlığından sonra hücum edən düşmənin şəxsi heyəti 500 nəfərdən ibarət idi.
Onların ixtiyarına 10-dan çox tank və PDM verilmişdi.
Günün birinci yarısı
Kəlbəcər və Laçın rayonu ərazisində dövlət sərhədi boyunca hakim yüksəkliklər
Ermənistan Respublikası Silahlı Qüvvələrinin nəzarəti altına keçdi. Hücuma məruz
qalan sərhəd dəstələrimizin şəxsi heyəti itki verərək Kəlbəcər rayonunun
inzibati mərkəzinə çəkildilər. 3-cü sərhəd taboru 29 nəfər şəhid verdi. Dörd sərhəd
dəstəsi: Zəylik, Yellicə, Ağduzdaq və Taxta düşmənin dərinliyində qaldı.
“Kəlbəcər rayonu əhalisinin
təxliyyə edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin
fərmanı elan edildi. Yerli əhalinin təxliyyəsi başlandı. Bütün kommunikasiya və
taktiki əhəmiyyətli yollarda yaranmış bağlantılara görə təşvişə düşmüş yerli əhalinin
nəqliyyat vasitələri tıxaclar əmələ gətirdi. Bu tıxaclar öz növbəsində Kəlbəcər
və Laçın rayonu ərazisində hərbi bölmələrin manevr imkanlarını tamamilə heçə
endirdi.
701 saylı briqada
Laçın rayonunun şimalından çəkilərək Kəlbəcər rayonunu müdafiə etmək haqqında əmr
aldı. 701 saylı briqada Kəlbəcər rayonunu müdafiə etmək məqsədilə Laçın istiqamətindən,
habelə zəifləmiş müdafiə mövqelərinin cinahından, Hoçaz dağı yaxınlığında olan
mövqelərdən qüvvələri çəkmək, eyni zamanda manevr edərək qarlı, buzlu Laçın və
Kəlbəcər rayonlarının ərazisi ilə 100 km yürüş etmək, Kəlbəcərə çıxmaq məcburiyyəti
qarşısında qaldı.
1993-cü il mart
ayının 30-dan 31-nə keçən gecə 701 saylı briqadanın Laçın rayonunun şimalını
müdafiə edən bölmələri qaranlıq havada manevr etməyə başladılar. Lakin düşmən
yerdəyişməni aşkarlayaraq Kəlbəcərə çəkilən bölmələri özünə cəlb etməklə iflic
halına salmaq və ləngitmək üçün Laçın-Kürdhacı yaşayış məntəqəsi istiqamətində
hücuma keçdi. Eyni zamanda Nerkin Şorca-Kəlbəcər-Qılınclı, Zod-Seyidlər-Yanşaq,
Tunel-Qamışlı, Vəng-Yanşaq istiqamətlərində taktiki cəhətdən vacib yüksəklikləri
və yol bağlantılarını ələ keçirmək, 701 saylı briqadanın manevr yollarını kəsmək,
bölmələrimizi bir-birindən ayırıb parçalanmaq və məhv etmək məqsədilə düşmən qətiyyətli
hücuma keçdi.
Gün ərzində 701
saylı briqadanın bölmələri Laçın rayonunun şimalında düşmənin hücumlarını dəf
edərək Kəlbəcər rayonuna çəkilirdi. Günün sonuna qədər düşmən qüvvələri Kəlbəcər
rayon inzibati mərkəzi ətrafındakı hakim yüksəklikləri, Kəlbəcər-Ağdərə istiqamətində
Keçiliqaya-Comərd-Bağırlı-Qanlıgöl hüdudunu və Laçın-Kəlbəcər yolu üzərindəki
tuneli ələ keçirdilər.
1 aprel 1993-cü ildə
saat 14.00-də Laçın rayonundan irəliləyən 701 saylı briqadanın 4-cü taboru tərkibində
100 nəfər canlı qüvvə olmaqla Kəlbəcər-Zod-Ağdərə yol bağlantısına çatdı. Nəyin
bahasına olursa-olsun Qamışlı körpüsünə aparan Kəlbəcər-Zod-Ömər-Ağdərə yol
bağlantısı və yol sahəsi əldə saxlanmalı idi. Həmin marşrut və körpü vasitəsilə
əhali təxliyyə edilirdi. 701 saylı briqadanın Laçın rayonundan hərəkət edən
bölmələri körpüdən keçməli idi. Bu yol bağlantısını müdafiə etmək üçün 701 sayl
briqadanın 1 ədəd tank, 2 ədəd PDM, komendant taqımının 15 nəfər əsgəri və 4-cü
taborun 100 nəfərdən ibarət şəxsi heyəti cəlb olundu. 4-cü taborun 75 əsgəri Qamışlı
körpüsü üzərindəki Çiçəkli yüksəkliyində, 1 ədəd tank və 10 əsgəri körpünün
Zod-Qamışlı körpüsü istiqamətində, 2 ədəd PDM və 30 əsgəri Kəlbəcər-Qamışlı
körpüsü istiqamətində müdafiə mövqeyi
qurdu.
Düşmən üç istiqamətdən
- Tunel-Qamışlı, Zod-Qamışlı və Qılınclı-Qamışlı istiqamətindən hücuma keçdi.
Gün ərzində Çiçəkli yüksəkliyi 3 dəfə əldən-ələ keçdi. Düşmən 1 ədəd tank, 1 ədəd
PDM və çoxsaylı canlı qüvvə itkisi verərək əldə etdiyi mövqelərdə dayandırıldı.
701 saylı briqadanın bölmələri 7 şəhid verdi.
2 aprel 1993-cü ildə
düşmənin kəşfiyyat-təxribat qrupu 1815.0 yüksəkliyinin şimal-qərb ətəklərində,
Kəlbəcər-Qamışlı-Ağdərə yol bağlantısı - Qamışlı yaşayış məntəqələri arasında
yol üzərində pusqu qurdu və yol ilə hərəkəti iflic etdi. Bu qrupu zərərsizləşdirmək
üçün qüvvə qalmamışdı. Düşmən 4-cü taborun bölmələrinin cinahına çıxaraq, yol
üzərində hakim olan Çiçəkli yüksəkliyini ələ keçirdi və yola tərəf aşağı enərək,
701 saylı briqadanın körpünü müdafiə edən qüvvəsinə - 1 ədəd tank və 10 əsgərə
qarşı hücum etdi. Körpünü müdafiə edən dəstə son gülləyə qədər döyüşdü.
Ermənistan
Respublikası və QEO irəliləyərək Kəlbəcər-Gəncə yolunun kəsişməsini ələ
keçirdilər və Kəlbəcər rayonunda olan Azərbaycan Milli Ordusunun birləşmə və
hissələrini mühasirəyə aldılar.
3 aprel 1993-cü ildə
günün sonuna qədər düşmən AMO-nun geri çəkilən bölmələrini təqib edərək Ömər
aşırımına çıxdı və Kəlbəcəri Gəncə ilə birləşdirən yol ayrıcını ələ keçirdi. Bu
döyüşlər nəticəsində düşmənlə təmas xətti Murovdağ silsiləsinə çəkildi. Azərbaycan
Milli Ordusunun 701 saylı briqadasının Laçın rayonunun şimalından hərəkət edən
2-ci taboru, 5-ci Bərdə taboru, dəstək, təminat və himayə qüvvələri mühasirə
dairəsini daxildən yarmağa başladı.
Murovdağ silsiləsini
aşıb keçən bölmələr Toğana yaşayış məntəqəsində yaradılmış qərargahda toplandılar.
701 saylı briqadanın Toğana yaşayış məntəqəsində toplanmış 100 nəfərə qədər canlı
qüvvəsi Ömər aşırımını düşməndən geri qaytarmaq əmrini aldı. Briqadanın cəsur zabit
və əsgərləri döyüşə hazır olduqlarını bildirərək bir nəfər kimi irəli
addımladılar.
4 aprel 1993-cü il
saat 03.00-da 701 saylı briqadanın bölmələri əks-hücuma keçərək Ömər aşırımı
düşməndən azad etdilər. Bu döyüşdə 26 nəfər şəhid oldu, 20 nəfər isə yaralandı.
5 aprel 1993-cü ildə
Kəlbəcər şəhər müdafiəçilərinin şəhər mərkəzinə sıxılmış son atəş nöqtələri
susdu. Zəylik və Yellicə sərhəd dəstələrinin şəxsi heyəti mühasirəni daxildən gərgin
döyüş hesabına yararaq böyük itkilər bahasına Ömər aşırımına çıxdılar.
Azərbaycan Milli
Ordusunun Kəlbəcər və Laçın rayonunun şimalında qalmış bölmələri Çaykənd-Lev-Daşkəsən
istiqamətində Murovdağ silsiləsini piyada aşmaqla, Ağdərə rayonu ərazisindən isə
15 gün ərzində ölüm-dirim savaşı hesabına mühasirəni daxildən yarıb çıxdılar və
AMO-nun sıralarına qatıldılar. Özləri ilə apara bilmədikləri döyüş texnikasını,
atəş vasitələrini, döyüş sursatını düşmən əlinə keçməsin deyə məhv etdilər.
Azərbaycan Milli
Ordusunun 701 saylı briqadasının əmrinə verilmiş bölmələrin əsgər və zabitləri
bu döyüşlərdə mənəvi-psixoloji və fiziki dözümlülük, sarsılmaz dirəniş, rəşadət
və qəhrəmanlıq nümayiş etdirdilər. Hərbi Hava Qüvvələrinin və mülki aviasiyanın
şəxsi heyəti dinc əhalinin təxliyyəsi və hərbi təyinatlı yüklərin daşınması zamanı
xüsusi fədakarlıq və şücaət göstərdilər.
NƏTİCƏLƏR
1. 701 saylı briqada
çox geniş bir ərazidə müdafiə olunmaq məcburiyyəti qarşısında qalmışdı. Həm Azərbaycan
Milli Ordusunun əsas qüvvələrindən ayrıca təklənmiş vəziyyətdə, həm Qarabağ
yaylası, Mıxtökən, Murovdağ silsilələri arasında blokada şəraitində, həm də
ağır dağlıq ərazidə iki ayrı-ayrı istiqamətlərdə müdafiə olunmaq ehtiyacı briqadanın
döyüş imkanlarını xeyli azaltmışdı. Buna baxmayaraq, briqada 2 ay müddətində
müvəffəqiyyətlə müdafiə olundu. 8 gün aramsız davam edən qeyri-bərabər döyüşlərdə
düşməni yorub taqətdən salmış və ağır itkilərə məruz qoyaraq onu dayandırmışdı.
Manevr edərək müdafiəyə soxulmuş düşmənin cinahına çıxmış və hücumunu boğmaq təhlükəsi
yaratmışdı.
2. 701 saylı
briqadanın zabit və əsgərlərinin dirənişi və dönməzliyi düşmənin niyyətini pozmuş
və Ermənistan Respublikasını hərbi əməliyyatların nəticəsini dəyişmək məqsədilə
açıq-aşkar münaqişəyə hərbi müstəvidə qatılmağa məcbur etmişdi.
3. Azərbaycan Milli Ordusunun
701 saylı briqdası və onun əmrində olan bölmələri bir neçə istiqamətlərdə özündən
12 qat üstün düşmənin bütün cəhdlərini boşa çıxararaq idarəetmə gücünü, manevr
imkanlarını və döyüş qabiliyyətini qoruyub saxlamışdı. Bununla yanaşı mühasirəni
yarıb çıxaraq düşmənə əks-həmlə etmiş və Ömər aşırımını alaraq, onu əlverişsiz
mövqedə saxlamışdı.
İSTİFADƏ EDİLMİŞ MƏNBƏLƏR
1. Rasim Muxtarov
“1992-1994-cü illərdə aparılan döyüşlərin araşdırılması” Hərbi Akademiya, 29
may 2009-cu il konfrans materialları.
2. Карен Степанян.
Хроника Карабахской войны - часть третья Open Armenia http://www.openarmenia.com/
3. “Xalq qəzeti”,
13.02.1996.
4. Şöhrət El-Dəniz,
“Speys” Müstəqil Tele-Radio Şirkəti, “İşğal”, 1 və 2-ci hissə. 01.01.2005. Sənədli
film.
5. “Xalq qəzeti”,
01.04.2006. Vahid İmanov, http://www.agdaban.org/meqaleler
05.php
6. “Bakinski raboçi”
qəzeti, 24.04.1996. Aydın Şiriyev,
7. Tom de Vaal. “Черный сад”. Глава
13. Июнь 1992 - сентябрь 1993 гг. Эскалация конфликта.
8. Allahverdi
Zamanlı, “Təzadlar” qəzetinin rəsmi saytı: http://www.tezadlar.az

Комментарии
Отправить комментарий