SƏNİNLƏ ÖLDÜM, SƏNİNLƏ DİRİLDİM, MƏNİM ŞƏHİD TURALIM!

 

                     


    Həyat insana bağışlanmayıb, yalnız borc kimi verilib. Bu borcu gərək mərdanə ödəyəsən. Mənim igid oğlum Tural kimi! Qorxu deyilən bir hissi heç vaxt yaxına buraxmayan cəsur övladım Tural Qasımov  Ağdərə istiqamətində gedən qanlı-qadalı döyüşlərdə şəhid olaraq mənə müqəddəs bir rütbə qazandırıb. Şəhid anası rütbəsi! Mən bu adla daim fəxarət duyuram.         

       Şəhidlik vətən və millət yolunda öz canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək zirvədir. Şəhidlər təmsil olunduğu xalqın şərəf, qeyrət, ucalıq imzasıdır. Ölüm əslində kiminsə bu dünyada yoxluğu demək deyil. Ölüm əbədi diyara səfərdir. O diyara şəhid kimi getmək bir bəxtiyarlıqdır. Şəhidlik hər yurddaşımızın qisməti ola bilər. Mənim fikrimcə, bu həqiqəti heç bir azərbaycanlı inkar edə bilməz. Böyük şairimiz Xəlil Rza Ulutürk demişkən, vətəndaş olmasa vətən boş bir şeyə çevrilər. Uzaqbaşı beş günlük, on günlük güney qarı kimi yox olar. Vətən məfhumunun özəyini vətənin vüqarlı oğulları təşkil edir! O  oğulların bir qismi şəhid, bir qismi isə qazi olur.

       Mən yurdcanlı oğlum Tural Qasımovun igidlik taleyi ilə bağlı hadisələri yaxşı izləmişəm. Həqiqətən hər bir istək sıralamasında uca yer tutan Vətən sevdası əvvəl başa, sonra ürəyə mıxlanır və daha sonra heç vaxt qopmur. Turalın vətən sevdası bütün istək və arzularından üstün alındı. Bir addım da geri çəkilmədi. Vətən savaşı söhbəti ortaya düşən kimi sinəsini qabağa verdi. Deyə bilmərəm ki, bu addımı atarkən mərd Turalım öz ailəsini, körpə balasını, ata-anasını düşünmədü. Yox, oğlum qətiyyən belə fikir etməzdi. O, dərindən düşünən bir oğul idi. Yaxşı dərk edirdi ki, Vətən deyilən bir varlıq kiməsə məxsus deyil, hamımıza aiddir. Vətən həm ailə, həm oğul-uşaq, həm ata-ana, ümumən desək, bütün Azərbaycan xalqı deməkdir. Mənim cəsur övladım hamını düşündü, xalqımızın şərəfini qorudu, yağı düşmənə qan ağlatdı, yurd əsirliyimizə son qoyan igidlərimizlə bir sırada addımladı, öz qəhrəmanlıq tarixini yazdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş igid oğlum Tural Qasımov “Vətən uğrunda” medalı ilə təltif edildi.

       Müqəddəs sima kimi şəhidlərimizin yolu bizə qürur bəxş edən bir yoldur. Düzdür, uca Allahımızın izni sayəsində yollarımız ayrı olsa da, mənzilimiz birdir. Azərbaycan xalqının mərd övladları eyni milli mənəviyyat, oxşar qəhrəmanlıq sahibidir. Gəlin gücümüzə güc qataq! Ət və dırnaq kimi sıx olaq! Erməni işğalçılarına qarşı o zəfər mücadiləmiz olmasaydı, çox güman ki, içimizi didib dağıdan ətalət hissləri arta bilərdi! Dəmir yumruq kimi möhkəm birləşərək düşmənə necə qalib gəldiksə, eləcə də həyatımızı möhtəşəm bir axarla davam etdirək, azad olan yurdlarımıza yeni nəfəs verək.

       44 günlük vətən savaşımızda az şəhid vermədik. Şəhid olmasa, vətən də var ola bilməz. Şəhid torpağımızı mərdanə azad edir, doğma yurd uğrunda canından keçir. Təbii olaraq qəhrəmanlıq edən o müqəddəs can torpağa gedir, lakin bizə bəxş etdiyi qürur içimizə tükənməz güc verir, əyilən başımızı ucaldır. Şəhid torpağa gedərək səpilmiş toxum kimi yenidən dirçəlir.  Mən bu gerçəkliyi bir şəhid anası kimi öz həyatımda gördüm və şərəflə yaşadım. Rahat uyu, daim şad ol, mənim əziz balam! Səninlə öldüm, səninlə dirildim, mənim şəhid Turalım!

                                                                   

                                                            Mətanət QASIMOVA,

                                             Goranboylu şəhid Tural Qasımovun anası

Комментарии

  1. Şəhidlər ölməz, Vətən bölünməz!

    Çox sağolun, İbrahim müəllim! Şəhid analarının sözlərini və qəlblərindəki fəxarəti bizlərə yetirirsiniz. Allahutəala qələminizə qüvvət versin! Allah Türkü qorusun!

    ОтветитьУдалить

Отправить комментарий

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”