“BAŞINI DİK TUT, ANA CAN, MƏN ÖLMƏYƏ GETMİRƏM...”
Vətən xiffəti çəkməkdən, Qarabağ
savaşımızın canüzən uğursuzluğundan o qədər əsəbi söhbət edirdik ki, xüsusən
gənc nəsil daha sülh danışıqlarını həqarət sanır, yalnız dava etməyi üstün
tuturdu. Əksər cavanlarımız daha çox şəhidlik arzusundan söz salırdılar. Hirsli-hirsli
deyirdilər ki, belə şərəfsiz yaşamaqdansa, erməni kimi xain və faşist bir millətin
çox yalançı, mənasız sülh sicilləmələrinə qulaq asmaqdansa, vətən savaşına
başlayaq, ya şəhid olaq, ya da qazi!
Samuxlu gəncimiz Əfqan Rövşən oğlu
Nuriyev da belə düşünürdü. O, Sarıqamış kənd orta məktəbində oxuyan zaman həyatda
əsas arzusunun nə olduğu barədə inşa yazısında şəhid olmaq qayəsini ayrıca
vurğulamışdı. Yazmışdı ki, nə qədər Qarabağ müsibəti çəkmək olar, müddətsiz
həsrətdən gözlərimə qan gəlib, daha bəsdir, mən Qarabağımızın azadlığı uğrunda
şəhid olmağa hazıram və əsas arzum da budur. Bu kəlmələr həqiqi ürək kəlmələri
idi. Ona görə də ədəbiyyat müəllimi Qərənfil xanım onun bu yüksək yurd duyğulu,
vətən qayəli fikirlərini dərs zamanı bir neçə dəfə misal gətirmişdi. Hamı yəqin
bilirdi ki, Əfqan qeyrətli vətən oğludur.
Haqlı olaraq deyilir ki, həyat beşiklə məzar arasında sınaq müddətidir. Əfqan bir məktəbli kimi dərs yoxlamalarında bəzən geriləsə də, ömür imtahanlarından kəsilən oğul deyildi. Zəhmətkeş atası Rövşən kişinin, övladcanlı anası Nailə xanımın öyüd-nəsihətlərini həmişə layiqincə yerinə yetirən Əfqan uşaq cağlarından etibarən bütün həyati sınaqlarda kimisə məyus etməmişdi. Həm əsgərlik dövründə, həm də əmək fəaliyyəti zamanı yalnız ürəkaçan əməllər edir, xüsusi rəğbət sahibi olurdu. Necə deyərlər, sözünün ağası idi. Qan bahasına olsa da, vədinə əməl edirdi. Bu səbəbdəndir ki, erməni işğalçılarına qarşı başlanan əks-həmləmizin ikinci günü, yəni sentyabrın 28-də hərbi səfərbərliyə yüksək fərəh hissləri ilə getdi. Onu gözü yaşlı yola salan anasına “sənə ağlamaq yaraşmaz, başını dik tut, ana can, mən ölməyə getmirəm, ulu Qarabağımızı azad etməyə gedirəm” demişdi. Anası da yaxşı bilirdi ki, daim vətən sevgisi ilə öyünən oğlu Əfqanın damarında qan deyil, düşmənə qarşı qəzəb dolaşırdı, onu bu yoldan kimsə saxlaya bilməzdi.
Doğrudan da, igid qazancı igidlik olar.
Əfqan Qarabağ savaşına təcrübəli rabitəçi kimi səfərbər olunmuşdu. Belə ki,
vaxtilə ordumuzun mühüm aviasiya hərbi hissəsində hərbi rabitə işinin
incəliklərini yaxşı mənimsədiyinə görə daim komandirliyin təşəkkürlərini
qazanırdı. Hərbi səfərbərlik məqamı yetişəndə də özünü arxayın aparırdı. Hərbi
qeydiyyat ixtisasına uyğun kifayət qədər təcrübəsi vardı. Hələ hərbi
əməliyyatlara daxil olmazdan əvvəl keçirilən təlim yoxlamalarında təcrübi
bilikləri ilə seçildi və bu üstünlük nəzərə alınaraq onun ön xəttə çıxarılmasına
ürəkdən zəmanət verildi. Bölük komandiri baş leytenant Mahir Şahmarzadə ilk
fərdi söhbətində onun bacarıqlı fəaliyyətinə bələd olduğuna görə açıq şəkildə
etiraf etdi ki, rabitə məsələsində problemimiz olan deyil.
Oktyabrın 12-də Əfqan uğurlu döyüş
əməliyyatlarımıza qoşuldu. Dəhşətli məqamlarla, yarımağır, yarımyüngül düşmən
müqaviməti ilə üzbəüz dayansa da, özünü çox həyəcanlı aparmırdı. Gözləri daim
komandirin ağzına dikilmişdi. Aldığı göstərişi bir an içərisində lazımi məsul
postlara ötürürdü. Bəzən öz rabitəçi funksiyaları ilə yanaşı təxliyə prosesinə
müəyyən köməklik göstərir, yaralı döyüşçülərimizə ürək-dirək verərək yardım
əlini uzadırdı. Demək olar ki, onun qanlı-qadalı səngər güzəranında təbii
surətdə yaranan həyəcanı özündən çox döyüşçü yoldaşlarına yönəlmişdi. Savaş
meydanında öz yoldaşını köməksiz qoyub qaçan dığaların namərd hərəkətlərini,
qorxa-qorxa geri çəkilmə anlarını öz gözləri ilə görüb hey deyinirdi ki,
dözüləsi dərd deyil, heç inana bilmirəm, əvvəllər biz bu kafirlərə necə
uduzmuşuq?!
Cəsur rabitəçi əsgərimiz Əfqan Nuriyev
həm Füzuli, həm Cəbrayıl, həm də Qubadlı rayon ərazilərində gedən hərbi
əməliyyatlarda sahib olduğu telefon dəstəyi vasitəsilə manevr zamanı vacib
döyüş məlumatlarının çatdırılmasında, komandirlərin operativ əmr və
sərəcamlarının ötürülməsində heç bir səhvə yol vermirdi. Əfqanın məxfi
siqnallarla işləmək fərasəti komandiri daha çox razı salırdı. Ən sevindirici
məsələ ondan ibarət idi ki, yalnız qələbə xəbərləri, ordumuzun irəli getmək və
uğurlu əks-həmlələr etmək barədə ötürdüyü məlumatlar onu qəlbən çox sevindirir,
şadyana ovqat içərisində ön xəttin çətinliklərini, səngər mərhumiyyətlərini heç
vecinə də almırdı. İmkan daxilində ata-anası ilə əlaqə saxlamağı da unutmurdu. Hər
telefon danışığında şanlı ordumuzun davamlı zəfər yürüşündən çox söz salır,
məxfilik qaydalarını pozmur və ən başlıcası, elə əsaslı mətləblərdən danışırdı
ki, ailəsi ondan çox narahat olmasın.
Noyabr ayının 3-də – Laçın rayonunun Giləbird kəndi azad edilən gün Əfqan sanki göydə uçurdu. Hamı böyük ruh yüksəkliyi ilə düşmənin acı məğlubiyyətindən söz salır, mənfur dığa mənəviyyatsızlığının gülünc doğuran təzahürlərini lağa qoyurdular. Hər şey gözümüz önündə baş verirdi. Super güclərin əvvəlki arxasından məhrum olan dığalar yaman ürək qopmacasına düşmüşdülər. Əksəriyyəti fürsət düşən kimi silahını, sursatını yerə necə gəldi ataraq fərarilik edirdilər. Hərbi qənimətlərimizin çoxu yararlı olduğuna görə bəzən erməni əsgərləri öz silahlarının gülləsi ilə cəhənnəmə yola salınırdı.
Döyüş azacıq səngidiyinə görə komandirin
göstərişinə əsasən ehtiyat qüvvələrimiz bir-bir ön mövqeyə çıxarılırdı. Növbəti
həmlənin əmri gözlənirdi. Əfqangilin hərbi hissə döyüşçülərinin qarşısına
Səfiyan kəndinin azad edilməsi tapşırığı qoyulmuşdu. Əfqan qələbə xəbərlərindən
elə coşa gəlmişdi ki, bir dəfə komandirə üz tutub ürəkdən dedi ki, icazə verin,
bu telefon dəstəyini bir neçə dəqiqəlik səngər yoldaşıma verim və bir faşist
ermənini öz silahımla gorbagor edim ki, işğalçı ermənilər bizə göstərdikləri
qəddar əməllərə cavab olaraq mənim də döyüşçü payımı alsınlar. Komandir onun bu
ciddi sözlərini xoş duyğularla qəbul etdi və cəsur əsgərinin xahişini səmimi
şəkildə cavablandırdı. Dedi ki, narahat olma, yaxşı rabitəçi kimi sənin
gördüyün əməllər də düşmənə tutarlı bir zərbədir.
Nəhayət, hava qaraldı. Lakin seyrək
atəş səsləri kəsilmirdi. Haramzada düşmənin mina atışlarına sərrast cavab
verilir və tədricən irəli gedirdik. İki motoatıcı bölük qəfil həmlə etmək vəziyyətində
qalmışdı. Təxminən axşam 20.00 radələrində Əfqanın komandirinə bir qədər qabağa
gedərək Səfiyan kəndində mövcud vəziyyəti müşahidə etmək tapşırığı verildi. Gecəgörmə
cihazları vasitəsilə ətraf ərazi tam izlənir və dığaların hər bir hərəkəti
dəqiq müşahidə edilirdi. Əfqan öz cəsur komandiri ilə birgə irəliləyirdi.
Gözlənilməz bir halda düşmən artilleriya atəşlərinə güc verdi. Onlar cavabsız
qalmadı. Amma Əfqangilin qabağa getdiyi yol birdən toz-dumana büründü. Sən
demə, onların hərəkəti qarşıda çox da uzaq olmayan düşmən yüksəkliyindən
izlənirmiş. QRAD mərmilərinin qəlpələri onların tərəfinə çox sancılanda yerə
qısılan komandir tüstü pərdəsi altında qalmış rabitəçisini səslədi:
– Əfqan, yaxşısanmı? Qəlpələrdən qoruna
bildinmi?
Əfqan yara aldığını hiss etsə də, komandiri
həyəcanlandırmaq istəmədi:
–Yoldaş
baş leytenant, yaxşıyam – deyə bütün
ağrılarını içinə çəkərək susdu.
Tez aşkarlanan
ölüm faktı düşmən mərmilərinin düşdüyü yerdə mövqe tutan gəncəli Səxavətlə
bağlı oldu. Əfqan özü yaralı olduğu halda təxminən beş addım ondan aralı qəlpə
zədəsinə məruz qalan cəbhədaşına kömək etmək üçün rabitə vasitəsilə təxliyə
siqnalını göndərə bildi. Amma sol böyrəyinə sancılan qəlpə 3 dəqiqə sonra onu
hərəkət etməyə imkan vermədi. Hər bir halda komandiri narahat etməmək üçün ağrılı
səs çıxarmağı özünə rəva bilmədi. Di gəl ki, özünü sındırmayaraq qabaqcadan
arzuladığı və uca Allahımız tərəfindən alnına yazılmış qəza-qədəri anbaan
yaşayırdı. Amma asta-asta yerə və içinə süzülən qan axıntısı Əfqanın
vəziyyətini birdən kəskinləşdirdi. Artıq komandiri duyuq salmaq məqamı yetişdi.
Əfqan əlini sol boyrünə sıxaraq yerə yıxıldı və komandirə məlumat verdi:
–Komandir,
deyəsən, mən də yaralanmışam...
Baş leytenant
Mahir Şahmarzadə telefon dəstəyini cəld əlinə alaraq ilkin yardım və təxliyə
üçün sanitar təlimatçısının tez gəlməsini tələb etdi. Lakin Əfqanın şəhidlik
arzusu gerçəkləşməkdə idi. Zədə aldığı yer səngər qardaşları tərəfindən təcili
surətdə sarğılansa da, içəri çox qan axdığına görə təxminən 10 dəqiqə sonra
gözlərini əbədi olaraq yumdu.
İgid əsgərimiz Əfqan Nuriyev, necə deyərlər, müqəddəs məzarla sonuclanan həyatına mərdanə surətdə “əlvida” dedi. Söz yox ki, biz igid şəhidimizə “əlvida” demədik. Ötən şəxsi həyat sınaqlarında olduğu kimi səngər imtahanında da öz dəyərli qiymətini aldı, müqəddəs şəhidlik statusuna sahib oldu. Amma yüksək əxlaqi-döyüş mətinliyi sayəsində özündən sonra bizim başımız üstündə şimşəkli buludlar saxlamadı. Öz layiqli sahibi üçün darıxan, növrağı pozulmuş Laçınımız da qəm dəyasından çıxa bildi. Təkcə Əfqanın deyil, digər müqəddəs ruhlu şəhidlərimizin axan qanını yerdə qoymayan mərd silahdaşlarımız həmin günün səhəri Laçının Səfiyan kəndini də daşnakların murdar nəfəsindən təmizlədilər.
İgid şəhidimiz Əfqan Nuriyev Samux
rayonunun Sarıqamış kəndinin tarixində ikinci şəhiddir. O, 1-ci Qarabağ
savaşında Murovdağ döyüş bölgəsində şəhidlik zirvəsinə ucalmış Salmanov İntiqam
Camal oğlunun qəhrəmanlıq ənənəsini davam etdirərək doğma Azərbaycanımızın
sadiq bir oğlu kimi öz müqəddəs borcunu şücaətlə yerinə yetirdi və ölümündən
sonra Ali Baş Komandanımız tərəfindən “Vətən uğrunda” medalı ilə təltif edildi.
Ötən 23 illik çox qısa, amma yüksək dəyərli ömrünə qəhrəmancasına elə şərəfli
bir bəzək vuruldu ki, o bəzəyin gül-çiçəkləri heç vaxt solan deyil!...
İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda
olan polkiovnik-leytenant






Комментарии
Отправить комментарий