ATA QANININ, ANA SÜDÜNÜN HAQQINI MƏRDANƏ VERDİK!...

 

                              


       Haçan cəsur cəbhədaşlarımla birlikdə düşmənə qalib gələcəyimiz barədə söhbət düşürdüsə, hamımız 1-ci Qarabağ savaşının iştirakçısı kimi bir ağızdan deyirdik: Gücü gücümüzdən az, ağlı ağlımızdan az bir azğın düşmənə biz məğlub ola bilmərik! Sözümüzün axırında qeyrət, namus məsələsi açılanda isə hirsimizdən lap boğulurduq. Deyirdik ki, erməni deyilən bir məxluq arsız bir simadır, onun varlığında qeyrət, namus nə gəzir! Yaxşı ki, biz ötən illər acıqlı olduq, qaşqabaqlı olduq, amma ümidsiz olmadıq. Qələbə çalacağımıza çox inandıq. 30 ildən sonra qoca tarix biz deyən həqiqətlərə şahid oldu. Yağı düşmən 44 gün ərzində əzildi, həm də yaman əzildi. Ata qanının, ana südünün haqqını mərdanə verdik. Çoxdan arzuladığımız Zəfər paradını da görmək bizə qismət oldu. Bu parad gözümüzə sönməz bir nur, qəlbimizə tükənməz güc verdi, yağı düşmənə isə göz dağı oldu.

       Sözün açığı, ömrümdə bu qədər parad sevinci yaşamamışdım. Sovet əyyamında ömür sürənlərə vurğuladığım bu hisslər yaxşı məlumdur. 1 May paradından tutmuş müxtəlif təşkilatların təntənəli yürüşlərində iştirak etmişik, lakin milli varlığımızı bu qədər şərəfləndirən Zəfər paradı səviyyəsində qürurverici nümayiş görməmişdik. Ötən tariximizdə neçə-neçə təntənəli günlər yaşamış Azadlıq Meydanımız dekabrın 10-da çox ülvi bir görkəm almışdı. Vətən müharibəsində “dəmir yumruq” adlı ildırım sürətli hərbi əməliyyatlarımız nəticəsində  qazandığımız qələbəyə həsr olunmuş hərbi paradda müasir hərbi texnika, raket və artilleriya qurğuları, həmçinin hava hücumundan müdafiə sistemlərimizlə  yanaşı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi bizi hədsiz dərəcədə sevindirirdi. Bu, düşməni mənən öldürən simvolik bir mesaj oldu. Yeri gəlmişkən, uğurla başa vurduğumuz Dağlıq Qarabağ savaşında Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının dəyəri mütəxəssislər tərəfindən aparılmış hesablamalara görə təxminən 4 milyard 8 milyon ABŞ dollarına bərabərdir. Söz yox ki, kiçik və son dərəcə dılğır, lüt, yaramaz dövlət üçün bu rəqəm sarsıdıcı rəqəmdir.

       Bizi şad edən ən mühüm səbəblərdən biri də odur ki, bütün dünyada ayaqlanan beynəlxalq hüquq bizim hünərimiz sayəsində ayağa durdu və dilənçilik hesabına ordu quran erməni dövləti savaş meydanında o qədər ziyan altına düşdü ki, əgər gələcəkdə istəsə, uzaq başı 30 il ərzində yalnız öz gücünə ordu qüvvəsini bərpa edə bilər. Əslində ona da ehtiyac yoxdur. Əgər ordusunun yarıdan çox hissəsi açıq-aşkar şəkildə fərariliyi döyüşçü şərəfindən üstün tutursa, o xalqın ordu yaratmasına nə lüzum?!

      Söz sözü çəkər, amma alçaq erməni etirafı lap yerinə düşər. Biabırçı məğlubiyyət  acısından boğula-boğula yaşayan erməni polkovnik Senor Asratyan öz Feysbuk hesabında bəzi milli eyiblərini açmaqdan çəkinməmişdir: "Biz niyə məğlub olduq? Bu sualı uzun müddət özümüzə verəcəyik və hər birimiz nə etməli olduğumuzu, ancaq etmədiyimizi qeyd edəcəyik. Biz, sadəcə özümüzə hörmət etmədik... Biz, bir-birimizi güclü etmək əvəzinə, zəiflətməyə, sevmək əvəzinə, nifrət etməyə üstünlük verdik. Bir neçə nəfər bizi inək sürüsünə çevirdi və istədikləri yolla getməyə məcbur etdi. Amma bu vəziyyətdə belə inək sürüsü olmaqda davam edirik. Çünki müstəqil düşünmək qabiliyyətimiz yoxdur. Həm də düşünməyi biləni də dinləmirik. Bir neçə nəfərin uydurduğu nağılları dinlədik, indi də inanırıq...”

      Düz deyir, amma bu düzgünlükdə insanlıq nəfəsi yoxdur. İlahi nöqteyi-nəzərdən deyə bilərik ki, yaşadığımız yer kürəsində torpaq heç kimin deyil, lakin cəmi insanlıq torpağa məxsusdur, gec və ya tez hamımız torpaqlaşacağıq. Bu mənada pozulmaz bir qaydanı gözləmək gərəkdir: bu fani dünyada adam balası kimi yaşamaq və axırda günahsız olaraq  torpaqlaşmaq! Bəla orasındadır ki, bizə qonşu olan xain erməni özünü adam balası kimi aparmır! Yenə ümid uca Allahadır.  

       Zəfər paradımızın xoş təəssüratı altında ixtiyarsız olaraq keçmiş xatirələr yada düşür. Xidmət etdiyim və ağır səngər ömrü sürdüyüm dövrlə müqayisədə indiki qalib ordumuzda gördüyüm fərqlər bir müharibə veteranı kimi məni çox sevindirir. 1-ci Dağlıq Qarabağ savaşının əvvəlində uğurlu həmlələrlə bahəm nələr görmüşük?! Hər gün hədsiz və mənasız bir axarla siyasiləşən ordumuzda ürəküzən bir sarsıntı, acı məğlubiyyətlər, bir də ki, ağlasığmaz özbaşınalıq faktları... Peşəkar hərbçi qıtlığı üzündən tabor komandiri kimi bir məsul postu taksi sürücüsü tuturdu. Kiçik komandir özündən böyüyü eşitmirdi, böyük də heç kimi. Küçədən, ictimai nəqliyyatdan zorla yığılan əsgər təlimsiz-filansız döyüşə atılırdı. Bəzən kəşfiyyat dəstəsinə qoşulası bir fərli istehkamçı əsgər tapa bilmirdik. Döyüşdən-döyüşə rastlaşdığımız təxribatlar bizi usandırmışdı. Düzdür, bəzən erməni işğalçılarına qarşı  qanlı döyüşlərdə  irsən canımıza-qanımıza hopmuş türk qəhrəmanlığı, türk igidliyi hesabına qələbə də qazanmışıq. Amma bu uğurların ömrü gödək olub. Çünki döyüşən, qələbə çalan əsgərimiz olsa da, sərkərdə sarıdan korluq çəkmişik. Dövlətimizin xəzinəsi indiki qədər zəngin olmayıb. Bəzən lazımi həmlə dəmində saz tankımız, bəzən də fasiləsiz vuruşda kifayət qədər mərmimiz çatmayıb. Dilimizi yaxşı bilən erməni kəşfiyyatı da sanki bizimlə bir sırada addımlayırdı. Qurulan hücum planının xəbəri düşmənə bizdən qabaq bəlli olurdu. Daha nə qaldı deyim?!

     Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı hər şeyi təzələdi, hər sahəni dirçəltdi. Bu minvalla Silahlı Qüvvələrimizin inkişafına güclü təkan verildi. Ordumuz çətin səngər şəraitində yaşasa da, qeyri-adi Heydər Əliyev təfəkkürünün, fenomenal Heydər Əliyev idarəçiliyinin gücü ilə pərvəriş tapdı. Gələcəkdə erməni işğalçıları üzərində qazanacağımız davamlı qələbənin əsasını qoydu. Bu gün Silahlı Qüvvələrimizdə hərbi təhsilin inkişaf spektri o qədər zənginləşib, o dərəcədə təkmilləşib ki, irili-xırdalı keçmiş sovet dövlətlərinə nümunə çəkilməkdədir. Planauyğun təlim-tədris proqramını bacarıqla reallaşdıran ordumuzun sıralarında indi hansı hərbi ixtisas üzrə desən qabiliyyətli komandir, əsgər heyəti var. Bu inkişaf dayanmaq bilmir, hər gün, hər ay pillə-pillə yeni zirvələrə qalxır. Çünki sükan etibarlı əllərdədir. Ata vəsiyyətlərini bir-bir həyata keçirən müdrik Ali Baş Komandanımız İlham Əliyev həmişəyaşar və əfsanəvi sərkərdəmizin yolu ilə gedərək bizi tarixi qələbəmizə qovuşdurdu və Zəfər paradını keçirdi.

     Rusiyalı siyasi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun teleqram kanalında qalib sərkərdəmiz haqqında yazdığı fikirlər bizi çox qürurlandırır: “İrəvanda Paşinyan və müxalifət bir-biri ilə münasibətlərini aydınlaşdırarkən, Bakı möhtəşəm Qələbə paradına hazırlaşır. Paradı müasir dünyanın aparıcı siyasətçilərinin ilk onluğuna daxil olmuş İlham Əliyev qəbul edəcək. Bax, tarix belə yazılır!”...

      Mahir dövlət başçımız İlham Əliyev düşmənə güc verən qüvvələrlə qarşılaşdığımız siyasi döyüş meydanından Azərbaycanı qalib çıxartdı, işğalçı Ermənistanın murdar xislətini gizlədən maskanı dünya ölkələrinin gözü qarşısında cırıb dağıtdı. Qüdrətli ordumuz isə döyüş meydanında öz zəfər tarixini yazdı, Dağlıq Qarabağ dərdini dağıtmaqla xalqımızın ömrünə qələbə bəzəyi vurdu.

    Qalibiyyət rəmzi kimi Şuşada qaldırılacaq Dövlət Bayrağımızın Zəfər paradına gətiriləcəyi ilə bağlı bir neçə il öncə mübariz Ali Baş Komandanımızın bəyan etdiyi vədin bu gün yerinə yetirilməsi bizə yüksək bəxtiyarlıq duyğuları yaşatdı. Paradın aparıcısı tərəfindən açıqlanan məlumata görə, sözügedən bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların uğurla keçirilməsində müstəsna xidmətləri olan general-mayor Zaur Məmmədov gətirdi. Məlum oldu ki, o, Şuşanın ilk komendantıdır və Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan bir igiddir.

      Zəfər paradından aldığımız mühüm mənəvi zövqlərdən biri də ondan ibarət oldu ki, qardaş Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan öz igid əsgərləri ilə birgə möhtəşəm qələbə yürüşümüzə təşrif gətirdi. Paradımızda iştirak etmək üçün gələn türk əsgərlərinin sayı yüksək iftixar hissləri doğuran rəqəm sayı kimi ayrıca vurğulana bilər. Vətən savaşımızda daimi müqəddəsliyə qovuşan qəhrəman şəhidlərimizin sayı qədər, daha dəqiq desək, 2783 türk əsgəri “tək ürək, iki dövlət” deyərək qalib ordumuzun izdihamlı sırasında vüqarla addımladı. Söz yox ki, bu say təsadüfən düşünülməmişdi. 2-ci Dağlıq Qarabağ  döyüşlərində erməni işğalçılarına qarşı əks-həmlələrdə qəhrəmancasına şəhid olmuş oğullarımızın sayı qədər boşalan döyüşçü sıramızı cani-dildən tamamlamaq yalnız doğma qardaş münasibətinin real əməli nəticəsidir.

     Bu, ər oğlu ər olan türk məntiqidir: yəni rəmzi olaraq bəyan edildi ki, neçə yüzümüz ölürüksə, o qədər də dirilirik! Nümayişkaranə sübut olundu ki, qardaş Türkiyə həmişə canı bir, qanı bir olan doğma Azərbaycanın yanındadır və bu birlik pozulmazdır. Reallıq budur: erməni faşizmi kin əkdiyi qədər yalnız qan biçər! Qoy mənfur erməni başçıları bilsinlər ki, türkün niyyəti xalisdir, biz ana yurdun daimi həbsinə, zatıqırıq daşnak zülmünə heç vaxt baş əymərik. Türkün damarı qapanarsa, düşmənin dinc halı, xoş əhvalı çox çəkə bilməz. Bizdən torpaq istəyəni torpaq altına soxarıq!...

                                                               İbrahim MƏSİMOĞLU

                         müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

 

 

 

 

 

 

 

 

 

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”