SƏNİNLƏ ÖLDÜM, SƏNİNLƏ DİRİLDİM, MƏNİM ŞƏHİD TURALIM!
Həyat
insana bağışlanmayıb, yalnız borc kimi verilib. Bu borcu gərək mərdanə ödəyəsən.
Mənim igid oğlum Tural kimi! Qorxu deyilən bir hissi heç vaxt yaxına buraxmayan
cəsur övladım Tural Qasımov Ağdərə
istiqamətində gedən qanlı-qadalı döyüşlərdə şəhid olaraq mənə müqəddəs bir rütbə
qazandırıb. Şəhid anası rütbəsi! Mən bu adla daim fəxarət duyuram.
Şəhidlik vətən və millət yolunda öz
canından keçməyə razı olan insanların fəth etdiyi ən yüksək zirvədir. Şəhidlər təmsil
olunduğu xalqın şərəf, qeyrət, ucalıq imzasıdır. Ölüm əslində kiminsə bu
dünyada yoxluğu demək deyil. Ölüm əbədi diyara səfərdir. O diyara şəhid kimi
getmək bir bəxtiyarlıqdır. Şəhidlik hər yurddaşımızın qisməti ola bilər. Mənim fikrimcə, bu
həqiqəti heç bir azərbaycanlı inkar edə bilməz. Böyük şairimiz Xəlil Rza
Ulutürk demişkən, vətəndaş olmasa vətən boş bir şeyə çevrilər. Uzaqbaşı beş
günlük, on günlük güney qarı kimi yox olar. Vətən məfhumunun özəyini vətənin
vüqarlı oğulları təşkil edir! O
oğulların bir qismi şəhid, bir qismi isə qazi olur.
Mən
yurdcanlı oğlum Tural Qasımovun igidlik taleyi ilə bağlı hadisələri yaxşı izləmişəm.
Həqiqətən hər bir istək sıralamasında uca yer tutan Vətən sevdası əvvəl başa,
sonra ürəyə mıxlanır və daha sonra heç vaxt qopmur. Turalın vətən sevdası bütün
istək və arzularından üstün alındı. Bir addım da geri çəkilmədi. Vətən savaşı
söhbəti ortaya düşən kimi sinəsini qabağa verdi. Deyə bilmərəm ki, bu addımı
atarkən mərd Turalım öz ailəsini, körpə balasını, ata-anasını düşünmədü. Yox,
oğlum qətiyyən belə fikir etməzdi. O, dərindən düşünən bir oğul idi. Yaxşı dərk
edirdi ki, Vətən deyilən bir varlıq kiməsə məxsus deyil, hamımıza aiddir. Vətən
həm ailə, həm oğul-uşaq, həm ata-ana, ümumən desək, bütün Azərbaycan xalqı deməkdir.
Mənim cəsur övladım hamını düşündü, xalqımızın şərəfini qorudu, yağı düşmənə
qan ağlatdı, yurd əsirliyimizə son qoyan igidlərimizlə bir sırada addımladı, öz
qəhrəmanlıq tarixini yazdı.
Müqəddəs
sima kimi şəhidlərimizin yolu bizə qürur bəxş edən bir yoldur. Düzdür, uca
Allahımızın izni sayəsində yollarımız ayrı olsa da, mənzilimiz birdir. Azərbaycan
xalqının mərd övladları eyni milli mənəviyyat, oxşar qəhrəmanlıq sahibidir. Gəlin
gücümüzə güc qataq! Ət və dırnaq kimi sıx olaq! Erməni işğalçılarına qarşı o zəfər
mücadiləmiz olmasaydı, çox güman ki, içimizi didib dağıdan ətalət hissləri arta
bilərdi! Dəmir yumruq kimi möhkəm birləşərək düşmənə necə qalib gəldiksə, eləcə
də həyatımızı möhtəşəm bir axarla davam etdirək, azad olan yurdlarımıza yeni nəfəs
verək.
44 günlük vətən savaşımızda az şəhid vermədik.
Şəhid olmasa, vətən də var ola bilməz. Şəhid torpağımızı mərdanə azad edir,
doğma yurd uğrunda canından keçir. Təbii olaraq qəhrəmanlıq edən o müqəddəs can
torpağa gedir, lakin bizə bəxş etdiyi qürur içimizə tükənməz güc verir, əyilən
başımızı ucaldır. Şəhid torpağa gedərək səpilmiş toxum kimi yenidən dirçəlir. Mən bu gerçəkliyi bir şəhid anası kimi öz həyatımda
gördüm və şərəflə yaşadım. Rahat uyu, daim şad ol, mənim əziz balam! Səninlə
öldüm, səninlə dirildim, mənim şəhid Turalım!
Mətanət QASIMOVA,
Goranboylu şəhid Tural Qasımovun anası

Şəhidlər ölməz, Vətən bölünməz!
ОтветитьУдалитьÇox sağolun, İbrahim müəllim! Şəhid analarının sözlərini və qəlblərindəki fəxarəti bizlərə yetirirsiniz. Allahutəala qələminizə qüvvət versin! Allah Türkü qorusun!