İGİD DÖYÜŞDƏ MƏLUM OLAR
Arxasını böyük güclərə dirəyən xain erməni elə güman edirdi ki, fələk göydən yerə ensə də, Azərbaycan Dağlıq Qarabağ uğrunda heç vaxt hərbi qələbə qazana bilməyəcək. Biz isə gümana yox, reallığa dayaqlanırdıq. Yəqin bilirdik ki, separatçı ermənilər 1-ci Qarabağ müharibəsində müvəqqəti əldə etdiyi şərəfsiz qələbəyə görə bizə xor baxsalar da, əsassız erməni təkəbbürü yalnız Ermənistan ictimai fikrində qabarıq əks olunurdu. Ona görə də beynəlxalq siyasi masada ermənipərəst qüvvələr hərbi yolun açılmasına hər cür maneələr yaradır, gerçək dəlilləri olmayan qərarlar qəbul edir, saxta ideyalar qondarırdılar. Dərindən düşünən erməni başları isə daim həyəcan içində qalmışdı. Axı, özünə yox, özgəyə güvənməyin möhkəm təməli ola bilməz. Gərək öz ordunla döyüşə girəsən, öz igidlərinə arxalanasan. Belə mərdanə hisslər erməni ordusuna, səfeh Ermənistan rəhbərliyinə yad hisslər idi. Beləliklə xudbin daşnak başçıları Ermənistanı fələkin güdazına verdilər. Erməni xalqı bu gün qan içində fəryad qoparmaqdadır. Gecəli-gündüzlü nalə çəkən əksər erməni əsgər anaları öz övladının meyitinə də sahib çıxa bilmir və ən dəhşətli hal odur ki, o anaların göz yaşını silən də yoxdur.
Zəfər qazanmış Azərbaycanımızda böyük
qürur təntənəsi yaşamaqdayıq. Övladı şəhid olan analarımız möhtərəm və çox hörmətli
statusa sahib olaraq başı uca dolanır və ülvi duyğularla yaşayırlar. Əlbəttə, bu,
qan-damarımızla bağlı bir milli xüsusiyyətdir. Biz tarixən görmüşük ki,
analarımız həyata yeni övlad gətirəndə “oğul doğmuşam” demir, “dünyaya əsgər gətirmişəm” deyərək
qürurlanır, xüsusi fərəh hissi keçirirlər. Haqqında söhbət açmaq istədiyim
xüsisi təyinatlı qəhrəman əsgərimiz Fərid Fariz oğlu Aslanovun anası Şəhla
xanım da yeganə oğlunun doğumunu belə iftixarla bəyan etmişdi. Həmin “əsgər
doğumu”nun yaratdığı sevinc hissləri çox çəkdi və 21 ildən sonra ona el içində dərin
məğruranə bir baxış verdi, qəhrəman anası olmaq fürsətini qismət etdi.
Bu günəcən cəmi-cümlətanı 21 bahar
yaşamış Fərid Aslanova öz üstün məziyyətlərinə görə həmişə tayı-bərabəri
olmayan bir gənc kimi qiymət verirdilər. Sanki Qarabaş savaşında onun göstərəcəyi
igidlik əməllərini qabaqcadan duymuşdular. Ötən tarix sübut edir ki, Fərid həqiqi
mənada çox ləyaqətli bir igiddir. Bu ad ərəb mənşəli bir ad olaraq “tək”,
“misilsiz” və “taysız” mənalarını verir. Görünür, atası Fariz bəyin öz övladına
ad seçimində qətiyyətli dayanmasının səbəbi varmış. Uşaqlıq çağlarının müxtəlif
məqamlarında onun qorxmaz hərəkətləri, dalaşqan xüsusiyyətləri ilə bağlı
söz-söhbətlərin bir ucu məhz adının mənası ilə əlaqələndirilirdi. Həqiqətən Fərid
öz adına mənən sahib çıxmışdı.
Fərid Aslanov hələ öz doğma yurdunda –
Samux rayonunun Qovlarsarı kənd orta məktəbində oxuduğu illərdə erməni
işğalından çox söz salırdı. Düzdür, təhsil göstəriciləri elə yüksək olmasa da,
vətənpərvərlikdə geri qalan deyildi. Torpaqlarımızın xain ermənilər tərəfindən
qəsb edilməsi barədə məlumatları birbəbir öyrənir və çox acıyırdı. Heç vaxt
yersiz öyünməzdi. Hər hansı bəhsləşmə zamanı deyirdi ki, birinci olmaq hökm
deyil, çalış arxada qalmayasan. Bir müddət polis olmaq arzusuna düşmüşdü. Lakin
əsgərlik vaxtı döyüşkən ruhlu hərb həyatına elə meyilləndi ki, tədricən fikrini
tamam dəyişdi. Bunun obyektiv səbəbləri vardı. O, Ağcabədi rayon ərazisinin
Xosavəndlə bitişik yerlərində, özü demişkən, qaynar Ergi düzündə yaxşı döyüş dərsi
almışdı. Reaktiv artilleriyada fərqli fərasəti və zəruri bilgiləri sayəsində bəzən adi əsgər həddini
adlayıb keçirdi. Ona görə də kiçik çavuş rütbəsi almış və manqa komandiri təyin
edilmişdi. Təlimlərdə atış üzrə apardığı dəqiq hesablamalar hamını heyran
edirdi. Bu müvəffəqiyyət, geniş bacarıq imkanları və cəsarətli xidmət göstəriciləri
onun taleyini ordu həyatına bağladı.
Əsgərlikdən sonra cəmi 4 ay qoyun-quzu
otarmaqla gün keçirməyi xoşlamayan Fəridin döyüşçü olmaq arzusu 2020-ci il iyun
ayının 19-da rəsmiləşəndə sanki göylərdə uçurdu. O, müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu kimi döyüşkən bir status qazanmışdı. Həm də Daşkəsən kimi uca dağ vüqarlı bir məkanda
xidmət edir, yalnız ana yurdumuzun yüksək zirvələrinə yetişməyə, başlanacaq vətən
savaşında öz sözünü deməyə can atırdı. Bütün xidməti münasibətlərində sərtliyi
yox, mərdliyi önə çəkərək silahdaşlarının rəğbətini qazanır, müasir döyüş sənətinin
yeni sirlərini əxz edir, öncüllüyü ilə sevilirdi. Bu mühüm dəyərləri nəzərə
alınaraq, heç bir sorğu-sual edilmədən hərbi hissə komandanlığı tərəfindən həmlə
taboruna qəbul edilmişdi.
![]() |
Haqlı deyimdir: İgid döyüşdə məlum olar.
İlk həmlə, ilk döyüş sevinci və ilk acılar... Təkcə döyüşçü üçün deyil, hər kəsin
təbii həyat axarı belədir: həm itirirsən, həm də qazanırsan. İlahi mizanı kimsə
dəyişə bilməz. Cəsur Fəridimizin ucalıq eşqi məşəqqətli savaş meydanında yaman
coşdu. Tam sübut etdi ki, sözünə, ürək hökmünə sadiqdir. O, ilk döyüşünü
Murovdağ silsiləsinin ən ağır keçid və aşırımlarından başladı. 2020-ci il
sentyabrın 27-də rəşadətli ordumuzun bu istiqamətdə həyata keçirilən əks-hücumunda
Fərid öz ilk sözünü deyə bildi. Çox boğanaqlı və kəskin keçidli dağ cığırları
ilə gedərək düşmən üzərinə atılmaq, lazımi müdafiə elementləri qıt olan qaya-səngərdə
manevr etmək, düşmənin atdığı minalardan qorunmaq fürsəti əldə etmək, söz yox
ki, dağ relyefində kiməsə asan sayıla bilməz. Onu da nəzərə almaq gərəkdir ki, əksər
döyüşçülər savaşda ilk sınaqları ilə üz-üzə gəlirdi. Yüksək dağ mövqeləri bu dəfə
davamlı istehkam quran düşmən qüvvələrinə kömək oldu. Fəridgilin 23 nəfərdən
ibarət olan həmlə dəstəsi 16 saat neytral bir ərazidə nə irəli, nə də geri gedə
bildilər. Di gəl ki, igidlərimizin sərrast atışları hesabına dığalar bir yandan
itki versələr də, tez-tez öz qayaaltı qazmalarına qısılaraq susur və ehtiyat
qüvvə yığırdılar. Gecə 23.00 radələrində qəfil gələn duman pərdəsi döyüşçülərimizə
neytral nöqtədən çıxmaq imkanı verdi.
Növbəti plan başqa səmtə doğru cızıldı. Bu
əks-hücum əməliyyatı Murovdağ silsiləsinin Koroğlu yüksəkliyində reallaşdı. Qəfil
həmlər sayəsində Kəlbəcərimizin bəzi strateji nöqtələri bizim nəzarətimiz
altına keçmişdi. Güçlü mövqe döyüşü gedirdi. Düşmən daha çox snayperlərə
arxalanırdı. Nə qədər güllə yağışına məruz qalsalar da, sağ qalan qismi qayalara
dırmaşan 5 döyüşçümüzü hədəfə ala bildi. Bu zaman Fərid üzə çıxan iki ermənini
hərəkətdə ikən gəbərtdi. Yaralılarımızı köməksiz qoymaq olmazdı. Verilmiş
tapşırığa əsasən Məharət Məmmədzadə adlı bir yaralını çiyninə alaraq bir qədər
enişli mövqeyə çəkildi. Bu zaman aramsız güllələrə tutuldu. Axan döyüşçü qanı
onun gözlərinə dolmuşdu. Gözlərini ovxalaya bilmirdi. Gediş səmtini itirsə də,
gözüyumulu halda əyri-üyrü qayalar üzərində çevik hərəkətlər edirdi. Nəhayət, təsadüfən
daldalanacaq bir yerə yıxıldı. Fərid digər 2 yaralımızı da təxliyə edə bildi.
İki gün sonra Koroğlu yüksəkliyinin Kəlbəcər
rayonuna enən digər bir ərazisində tutarlı zərbələr hesabına irəli gedərək
mühüm bir post qura bildik. 2 gün mənfur daşnaklar qarşımızda qan ağladılar.
Lakin postumuza gedən cığırların keçilməzliyi ucbatından ərzaq təminatımız
alınmadı. Fərid bu postun davamlı müdafiəsində ağır zədələr alsa da, ayaq
sızıltılarını içində çəkdi, bir kərə də “uf” demədi. Bir qəfil həmlə zamanı hündür
qaya üstündən qartal kimi elə sıçradı ki, silahdaşları onun salamat qalmasına
inana bilmədilər.
Ölüm saçan savaş sınaqları Fəridin əzmkarlığını
artırdı, müdafiə və hücum sirlərini əməli surətdə öyrəndi. Aldığı fiziki zədələrə
görə ona dinclik verilsə də, ön xətdən çox aralı dayana bilmədi. Silahdaşlarına
qoşularaq daha hünərli bir addım atdı. Oktyabın
26-da birgə savaş dərsi aldığı 33 silahdaşı ilə xüsusi təyinatlı əsgər olmaq
barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırıldı və yoxlama zamanı heç
kim çıxdaş edilmədi. Əksinə onların hər birinə “əhsən” deyildi.
Bu seçim təxmini meyara əsaslanmadı. Bir
ayda peşəkar döyüşçü olmaq niyyəti gerçək əməllərlərdən, şücaətli savaş nəticələrindən
ortaya çıxdı. Murovdağ döyüşü kimi dimdik qayalar üzərində məşəqqətli bir hərbi
əməliyyat icraçıları Şuşa qalasına qədəm basmaq şansı əldə etdilər. Həmin
anların təəssüratını gəlin mərd əsgərimiz Fərid Aslanovun öz dilindən eşidək: “Bəlkə
də, Qarabağ yaramız olmasaydı, mən döyüşçü olmazdım. Lakin bu yara həm də namus
yaramız sayılırdı. Kim buna dözə bilərdi?! Həyatımda hər şeyi kənara atdım. Zalımın əlində
qıvrılan yurd-yuvalarımızın qorunması üçün təcrübəli döyüşçülərimizlə dərddaş
oldum. Ata-anamın bir oğul övladı olsam da, el səngərindən uzaqda durmağı qeyrətimə
sıxışdıra bilmədim. Dedim ki, intiqam
almadan göz yaşı tökmək bizə haramdır. Qərarımı dəyişdirməyə kimsə cəhd etmədi.
Peşəkar döyüşçü olmağım mənim sönməz qürurumdur. Özümü xoşbəxt sanıram ki,
misilsiz Şuşa döyüşünün iştirakçısı oldum. Düşməni savaş meydanında zəlil
etdik. Qaçan qaçdı, qalanı diz çökdü, yalvardı ki, Qarabağ işğalına görə onları
bağışlayaq. Biz sübut etdik ki, yenilməz Azərbaycan oğluyuq, bizə namus yarası
yaraşmaz...”
Ordumuzun müzəffər yürüşünün hər günü bir
qəhrəmanlıq tariximizdir. 44 günlük uğurlu savaşımızda xalqımızın igidləri xain
düşmən üzərində həm də bir mənəvi döyüş sınaqları keçirdi. Azərbaycan əsgəri ilə
erməni əsgəri sanki bir mərdlik tərəzisinə qoyuldu. Açığı, daşnak
qor-qoduqlarının çoxu heç o tərəziyə yaxın dura bilmədi. Basılmaz igid
oğullarımız düşməni siçovul yuvalarında boğa-boğa irəli cumaraq Dövlət Bayrağımızı
azad olan yurd-obalarımızda fəxarətlə dalğalandırdılar. Fərid Murovdağ, Hadrut
döyüşlərindən başlayaraq bütün ölüm-qalım sınaqlarında yalnız öndə getdi. Əvvəlcə cəhənnəmə vasil etdiyi dığaları
sayırdı. Lakin Hadrut döyüşlərində təcrübəli silahdaşlarının birgə himayəsi
altında irəli gedərək xəncəri, çəpəki, çoxqatlı, çarpaz atəşlərlə o qədər erməni
məhv etmişdilər ki, daha erməni ölü sayı yaddan çıxmışdı.
Fərid deyir ki, erməni namərdliyinin
parlaq təzahürü kimi əsgərlərimizin dilində tez-tez hədsiz gülünc doğuran döyüş
yumoru dolaşırdı. Biz öz şəhidimizi imkan daxilində savaş meydanında yiyəsiz
qoymurduq, ilkin yardım etməklə yanaşı yaralılarımızı belimizə alıb döyüşə-döyüşə
onların təxliyə işini aparırdıq. Bəs ermənilər necə edirdilər?! Onların çoxu nəinki
öz tankını, ağır döyüş texikasını, həm də adi yüngül silahını yerə atıb
qaçırdılar. Yaralı dığalara yiyə duran yox idi. Onlar qan içində zar-zar
ağlayırdılar. Biz yaxınlaşanda isə dərin nalə çəkir, yalvarırdılar ki, onlara yardım
edək. Elə yalan dil tökürdülər ki, guya bizi haqlı sanırlar. Müşahidə edirdik
ki, ön xətdən qaçan erməniyə özləri qənim kəsilir və gecə dəqiqələrində onların
meyitlərini zibil kimi basırır, öz vəhşiliklərindən doymurdular.
Fərid Aslanov həmin döyüş günlərini belə
xatırlayır: “Xocavənd ərazisində düşməni taqətdən salan qrupumuz cəmi 3 gün
dayanaraq lazımi təminat işi gördü. Düşmən elə zənn edirdi ki, Xocavənd tam
alındıqdan sonra Şuşaya doğru gedəcəyik. Çox tədbirli komandirimiz general-leytenant
Hikmət Mirzəyevin kamil qərarları üzərində çalışırdıq. Demək olar ki, hərbi
əməliyyatlarda səhvə yol vermirdik. İti sürətli basqılarımız, kəskin
həmlələrimiz meşəlik içindən salındı. Təxminən 40 km yol qət etdik. Meşə, uşurumlu
dağ yollarını gecə getmək asan məsələ deyildi. Qorxu deyilən şey bilmirdik. Cəbhədaşlarım
arasında “mən yoruldum”, “mən çəkindim” sözləri qətiyyən eşidilmirdi. Təhlükəli
meşə keçidlərində dəhşətli situasiyalarla
üzbəüz dayansaq da, biz nə qorxuya baş əydik, nə də düşmənə. Əsas hədəf
Laçın dəhlizinin alınması idi. Bu strateji yol boyunca 20 metrdən bir dərin
səngər qazan dığalar bir həmləmiz sayəsində məhv oldular. Sürpriz tələ kimi
ölmüş əsgər meyitlərinə maskalanmış şəkildə mina bağlayırdılar ki, biz onları
kəşfiyyat tələblərinə uyğun olaraq yoxlayan zaman qəfil partlayış altında
qalaq. Bizə qarşı qurulan belə murdar hiylələr işə keçmədi. Yaxşı bilirdik ki,
döyüşdə erməni meyiti onlar üçün müqəddəs sayılmır. Faşist qayəli dığadan xəyanət
gözləməmək necə məqbul hesab edilə bilərdi?! Biz hədsiz fəxr duyurduq ki, mətin
və peşəkar döyüşçü sırasında addım atırıq. Yalçın qayalar, dərin dərələr, kiçik
yaşayış məntəqələrini keçərək irəliləyirdik. Qarşımıza tək-tük cılız dığalar
çıxırdı. Onların başını ilk andaca əzirdik. Müsbət hallardan biri də ondan ibarət idi ki, Qırmızı Bazar müdafiə
istehkamlarında pusqu quran düşmən bizi gözləməklə hədər yerə vaxt itirdilər.
Bəzən oturub yeyib-içən erməni əsgərlərinin yanından elə ehmalca keçib gedirdik
ki, onlar ayaq səslərimizi də duya bilmirdilər. Dəqiq və sahmanlı kəşfiyyat
əməliyyatlarımızda bir anlıq da büdrəmə halı yaşamırdıq. Söz yox ki, düşmənə süfrə başında da qan
qusdura bilərdik. Lakin hərbi kəşfiyyatın pozulmaz müddəaları ilə yanaşı mənəvi
dəyərlərimiz də hifz edilirdi. Biz düşməni aldadaraq Laçın-Şuşa magistral
yoluna girdik və uğurlu həmlələrlə o yolu bağladıq. Unikal Şuşa əməliyyatına başlamaq üçün bizə
qarşıda çox çətin çıxılan bir təpənin alınması tapşırığı verildi. Dikinə
qalxmaq mümkün deyildi, bəzən ayağımız sürüşür və səmtsiz halda aşağı
yumalanırdıq. Yalnız yorucu ziqzaq gedişlərlə yuxarı çıxa bilirdik. Təpənin
başına çıxmaq üçün 2 saat yarım vaxt sərf etdik. Bu kəskin yoxuşlu yüksəkliyi
ələ keçirdiyimizi düşmən bildikdən sonra bizi fasiləsiz minaatan, top atəşinə
məruz qoydu. Yuxarı hissə qayalıqdan ibarət olduğuna görə səngər qaza bilmirdik.
Mina və mərmi qəlpələrindən xilas olmağımız uca Allahımızdan asılı qalmışdı. Əks-zərbə
səmtlərində yerə qısılıb qorunurduq. Qayaya çırpılan mina özü ilə bahəm qaya
qırıntılarını iti qəpə kimi üstümüzə yağdırırdı. Təpədə cəmi 24 igidimiz
müqəddəs şəhidliyə qovuşdu...”
Təpəni tərk etmək məqamı çatmışdı. Dünən
buludsuz və ulduzlarla sayrışan göy bu gün aydın sezilmirdi. Səma qara
buludlarla örtülmüşdü. Fərid bu gecəni qrupdaxili növbəyə əsasən döyüş postunda keçirdi. Ətrafa
çökən qatı qaranlıq müşahidə işini çətinləşdirmişdi. Döyüş postları xüsusi siqnallar vasitəsilə bir-birini yalnız
gözə dəyən qaraltılardan duyuq salırdılar. Səhərə yaxın hava azacıq işıqlaşanda
Fərid daha arxayın olmaq üçün postdan aşağı iri qayaların arxasını yoxladı və rahat
halda qrupun gecələdiyi daldalanacağa gələndə xəbər aldı ki, “irəli” komandası
verilib. 8 gün ac-yalavac yol getdilər. Ağlasığmaz epizodlarla üzləşir, qarşıya
çıxan əngəlləri mərdanə dəf edirdilər. Susuzluqdan igid dodaqları çatlayırdı. Yağış
yağanda yorğun ərənlərimizin canına yeni güc gəlirdi. Hamı ağzını göyə açırdı
ki, yağış damcıları canüzən susuzluğu azacıq da
olsa, kəsə bilsin. Gecələr yarımyaş geyimlərlə qaya-daş üzərində yatırdılar.
Ocaq qalamaq da mümkün deyildi. Sönməz və xətərsiz daxili hərarət sanki əlavə
güc verirdi. Di gəl ki, heç kim xəstələnmirdi.
Sızan məlumata görə erməni qüvvələri bizi Şuşanın girişində gözləyirdilər. Ordumuz uca dağ silsiləsini üç tərəfdən aşıb keçdi. Fəridin daxil olduğu qrup noyabrın 4-nə keçən gecə Xankəndi tərəfindən meşəlik içindən keçərək doğma Şuşamıza qədəm basdı. Basılmaz ərənlərimiz sönməz intiqam hissi ilə Şuşanın türməsi tərəfindən düşmənin başına elə qəfil yumruq vurdu ki, dığalar dağılıb pərən-pərən oldular. 3 gün mövqe döyüşü aparıldı. Küçə savaşımız möhtəşəm səhnələrlə müşayiət olunurdu. Tankı qoyub qaçan dığanı öz qüvvələri qəsdən vururdular. Hətta savaşın ilk günlərində sinəsinə döyüb lovğalanan muzdlu erməni döyüşçüləri Fəridgili görən kimi dizini yerə qoyub əllərini göyə qaldırır və könüllü əsir düşürdülər. Di gəl ki, düşmənin sayı aramsız olaraq artırdı. Görünür, erməni komandanlığı təslim olmamaqdan ötrü bütün qüvvələri Şuşaya toplamışdı. Səngəri, beton istehkamı olmayan dığalar gələn kimi qırılırdılar. Güllədən çox əl qumbaraları karımıza gəlirdi. Sanki döyüşçülərimizin uzun sürən yorğunluğu, aclıqdan yaranmış halsızlığı döyüşə girən kimi kifayət qədər azalırdı. Onların yorğun əl-ayağı çox böyük səy və dəhşətli iradə gərginliyi sayəsində hərəkətə gəlirdi. Bircə dəfə “can Azərbaycan”, yaxud “haydır Allah, haqdır Allah” deyəndə igid nəfəsli canlara əlavə güc gəlirdi, bir an daxilində sanki şirə, pələngə dönürdülər.
Son nəfəsini dərən ermənilər Şuşaya
xeyli mina atdı, dağıdıcı mərmilər tulladılar. Ordumuz isə tarixi mədəni
abidələrimizi qorumaq məqsədilə dağıdıcı silahlardan istifadə etmədi. Fərid
avtomat silahından yalnız tək atəşlər açır və konkret olaraq qabağına çıxan
dığaları gəbərdirdi. İctimai binalar, yaşayış evləri, iaşə obyektləri hərbi
taktiki tələblərə ciddi əməl edilməklə yoxlanırdı. Bir evdə ailənin qaça
bilməyən üzvləri şkaf içində yaxalandı. Çox gülməli epizodlar yaranırdı. Ordumuzun
humanist hərəkətləri qarşısında bir acı söz də deyə bilmirdilər. Təslim olan
erməni yüksək bəşəri ədəb-ərkanla əsir alınır, silahı yerə qoymayanlar isə
əksər hallarda süngü-bıçaqla susdurulurdu. Fərid deyir ki, zəncirvari düzülərək
həyata keçirilən hər bir həmlədə nə sağından, nə də solundan nigaran deyildi.
Bir tərəfində itigözlü Qərib Əhmədov, pəhləvan cüssəli Ruhan Hüseynov, digər
tərəfində dəliqanlı Mehdi Mürsəlov, mahir “itqovan” Qəlbinur Budaqov vuruşurdu.
Əməliyyatların icrası zamanı, demək olar
ki, az danışırdılar. Söz və zəruri himayə işarələri baxışlarla bildirilir,
xüsusi eyham əsasında həmlə istiqaməti müəyyən edilirdi. Şuşa küçələrində hər
bir xüsusi təyinatlı əsgərin, necə deyərlər, döyüş marşrutu qabaqcadan
cızılmışdı. Ona görə də düşmən onların planlı gəlişini çox hiss etmirdi. Şəhərin
təmizləmə prosesində çox qalmaqallı situasiyalar əmələ gəlmirdi. Döyüşçülərimizin
cəsarətli hərəkətlərindən düşmən ilk baxışdaca boğulur, gülləsiz can verirdi...
Hərbi mənada alınmaz qala sayılan Şuşada
apardığımız döyüş öz hərbi-taktiki cəhətlərinə görə nadir bir döyüş kimi tarixə
yazıldı. Bu döyüş uğurumuz doğma Qarabağımızda tam və qəti qələbəmizi təmin
etdi. Möhtərəm Ali Baş Komandanımız demişkən, biz təkcə erməni separatçılarını
deyil, dünyanı boğaza yığan erməni faşizmini məhv etdik. Sübut etdik ki,
savaşda qalın zirehli tanklar, izdihamlı hərbi texnikalar yox, cəsarət qalib gəlir.
Ən başlıcası odur ki, haqq bizi yalqız qoymadı, yağı düşmənə əzab, bizə qələbə
bəxş etdi.
Misilsiz hərbi qələbələrimizi
qəhrəmancasına əldə edən igidlərimizdən biri kimi xüsusi təyinatlı cəsur
əsgərimiz Fərid Aslanov öz doğma kəndinə qayıdanda çox qürurlu anlar yaşadı. Fariz
bəy də, Şəhla xanım da ötən ömür günlərində bu sayaq şadyana bir güzəran
görməmişdilər. Böyüklü-kiçikli bütün kənd sakinləri onlara öz dərin təşəkkürünü
bildirir, belə qəhrəman oğul yetişdirdiklərinə görə şərəfli sima daşıyan
ata-anaya dönə-dönə “sağ olun” deyirdilər.
İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant



BİR NAL BİR ATİ, BİR AT BİR TÜRK CƏNGAVƏRİNİ, BİR TÜRK CƏNGAVƏRİ İSƏ BİR RƏŞADƏTLİ ORDUNU TƏMSİL EDİR. EWQ OLSUN HƏR BİRİ BİR DÜŞMƏN ORDUSUNA BƏRABƏR GÜCƏ MALİK İGİD OĞULLARINA VƏ ONLARI BU RUHDA BÖYÜDƏN VALİDEYNLƏRİNƏ!!!
ОтветитьУдалить