LABÜD MƏNƏVİ MƏSƏLƏ
İnsan həyatında dostluq yoldaşlığın ən ali dərəcəsi
hesab edilir. Dostluğun ana xəttini mənafe, zövq, baxış, həyat məqsədinin
ümumiliyi və digər mənəvi maraqlar tutur. Bəzən ayrıca iki dostun arasında daha
ciddi tələblər və şəxsi qanunlar mövcud olur. Bəs, ordu həyatında necədir? Bir
il altı aylıq əsgərlik ömrü həqiqi dostluğun təməlini qoymaqdan ötrü kifayət
edirmi?
Mən deyərdim ki, əsgər dostluğu, ordu
qardaşlığı insan həyatında yoldaşlığın müqəddəs bir dərəcəsidir. Ana torpağı
sevmək, vətən qarşısında öz borcunu ləyaqətlə ödəmək kimi işıqlı, güvəncli vətəndaşlıq
hissi çağlayan bir mühitdə birgə hərəkət
etməmək, bir-birini qorumamaq, el-obanı, ulu yurdu, ata-ananı, bacı-qardaşı, ən
nəhayət, milli namusu müdafiə etmək üçün savaş dərsi keçməmək mümkünsüz bir
fikirdir. Ordu mühitində dost olmaq labüd mənəvi məsələdir. Başqa sözlə desək, əsgərliyə
gedib kiminsə dostsuz tərxis olunmasını eşitmək ağlımıza sığan bir şey deyil. Əgər
belə adama təsatüf edəriksə, söz yox ki, onu könülsüz təsəvvür etməyə məsburuq.
Bu sayaq adamın əgər zəif bir qəlbə
malik olduğunu yəqinləşdirsək, demək, həmin qəlbin açarsızlığı üzərində
dayanmalıyıq. Ayrı yol tapa bilmərik. Necə ki, müdriklər insan mənəviyyatının
açımı barədə çox gözəl demişlər: Öz
həyatında əsl yoldaşlıq körpüsü qurmaq, həyatı mənalı, ibrətli yaşamaq istəyirsənsə, öncə öz qəlbinin açarını tap, əgər o açarı
aşkarlasan, elə onun gücü ilə hamının qəlbini aça bilərsən.
Nəcib müqəddəs, ülvi arzularla zəginləşdirən
əsgər daşlığı–ordu dostluğu şəraitində hərbçi ürəyi xeyirxahlığa, comərdliyə,
alicənablığa həssas olur. Nəticədə əsgər səngər içində, uzunmüddətli istehkam
arxasında və yaxud orugah daxilində bahəm çalışdığı, birgə kişilik dərsi
keçdiyi, yan-yana yatdığı öz silahdaşlarının mənəvi gözəlliyini hər an hiss
edir, mərifət, qnacaq dolu əxlaqi qüvvələr onun varlığında mərd əməllərə doğru
güclü meyil doğurur.
Erməni işğalçılarına qarşı qanlı
döyüşlərdə neçə-neçə dostluq, qardaşlıq nümunələrinin şahidi olmuşam. Mən
Nizami adlı əsgər tanıyıram ki, özü yüngül yaralı olduğu halda ağır vəziyyətə
düşmüş döyüşçü dostunu beş kilometr belində sürünə-sürünə səhra tibb məntəqəsinə
çatdırmış, özünü və sevimli silahdaşını xilas etmişdir. Mən Həsən adlı döyüşçü
tanıyıram ki, özü hərbi hospitalda can hayında olduğu halda ölümcül yaralanmış
cəbhədaşlarına qan verməyə təşəbbüs göstərmişdir. Mən Laçın adlı əsgər tanıyıram
ki, Murovdağ kimi soyuq bir səngər şəraitində döyüş postuna gedən fiziki cəhətdən
zəif manqa yoldaşına öz yun corabını, yun gödəkçəsini vermiş, nəticədə özü möhkəm
soyuqlamışdır. Bax əsl dostlar bunlardır: ciddi sınaqlara tab gətirməyə qadir
ürəklərin sarsılmazlığına, mətinliyinə söz ola bilməz.
Təbiidir ki, hər bir ordu təmsil
etdiyi xalqın, cəmiyyətin tərkib hissəsidir. Bu mənada Silahlı Qüvvələrdə hərbi
tərbiyə nə qədər hakim rol oynasa da, bəzi-bəzi fərdlər intizam tələbi ilə
çıxış edən ordu əxlaqının təsir dairəsindən uzaqlaşa da bilər. Dostbazlıq, təmənnalı
zəmanət, qarşılıqlı surətdə bir-birinin günahından keçmək cəhdi, rəhimdillik arxasında xudpəsəndlik kimi hallara bəzən təsadüf
etsək də, onlar prinsipial, pak və fədakar hərbçi dostluğunun–ordu
qardaşlığının kölgəsində mənən yanıb tamam külə dönürlər. Çünki qeyri-pozitiv
xarakterli, təhrikli münasibətlər daim könül ağrıları verir. Hamı bu ağrını çox
çəkməyə qoymur və məhv edir.
Ordumuzda əsgərlər daim bir-birinin
şəxsi keyfiyyətlərini qiymətləndirmək üçün böyük maraqla meyar axtarır, dost və
dostluq idealı formalaşdırır, habelə öz fərdi məziyyətlərini təkmilləşdirməyə
can atırlar. Əlbəttə, bu proses nə qədər davam etsə də, ayrıca bir əsgərin
taleyində bir il altı aydan çox getmir. Ona görə də tərxis məqamınadək hər bir əsgər
özünə xatirə dəftərçəsi tutur. Bu barədə
gəlin zabit Şahin Həsənzadənin fikirləri ilə tanış olaq: “Hərbi hissəmizdə
əsgərin xatirə dəftərçəsi yaratması ənənə halını almışdır. Burada silahdaşların
ürək sözləri, şəkilləri yapışdırılır və ev ünvanları qeyd edilir. Əlbəttə, ev
ünvanıgələcəkdə əsgər dostluğunun davamlığı üçün götürülür. Bəzən bir dost tərxis
olur, digəri orduda qalır və nəticədə onların hərbi hissədə görüşmək zərurəti
meydana gəlir. Biz belə xoş hadisələrin çox şahidi olur, onlara mənəvi dəstək
verir, daha yüksək ordu qardaşlığı şəraiti yaradırıq. Bu günlərdə topçu əsgər Lətif
Əzizoğlunun xatirə dəftəçəsi təsadüfən əlimə keçdi. Orada dostluq barədə yazılmış
nə qədər qiymətli sözlər, fikirlər oxudum. “Dostun yoxdursa, axtar, tapdınsa,
onu qoru!”, “ Dostu olmayanın günü xoş keçməz”, “Dost dostdan inciyər, amma qəlbində dönməz”, “ Əsgər
dostlarının ayrılığından düşmən sevinər”, “ Yaxşı dost qardaşdan irəlidir”, “
Yaxşı dost yaman gündə tanınar”.
Ordumuza qədəm basan gənc əsgər hərbi
and içərkən sanki dostluq adına da imza qoyur. Müxtəli imkanlı, taleli ailədən
gəlmiş əsgərin cürbəcür xarakteri ordu əxlaqının, hərbi tərbiyənin təlqinedici gücü ilə tədricən vəhdət təşkil edir. Bəzən bir
manqa sırasında xidmət keçirən 7-8 insan xarakteri bütövləşir. Çünki bu sırada
söhbət yalnız vətəndən gedir. Vətən ideyası ilə nəfəs alan, yaşayan, əməlləşən
bir yerdə əsgər dostluğu–ordu qardaşlığı dərin özül qoyur, möhkəm qol-budaq
atır.
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий