ERMƏNİ ƏSİRİ

 

Sənədli hekayə

 

Murovdağın ayazlı-şaxtalı, qarlı-qırovlu yanvar ayı bizi insafsız bir tərzdə sınağa çəkmişdi. Fasiləsiz yağan qardan iri təpəliklər əmələ gəlmişdi. Döyüş texnikası və avtomobillərimiz aşırımlı dağ yollarını çətinliklə keçir, bəzən qəzaya uğrayırdı. Qışın oğlan çağında hücum çəkəcəyimizi güman etməyən haramzada erməni quldurları qəfil həmləmizdən özlərini itirmiş, pərən-pərən düşmüşdülər. Kəlbəcərin on iki kəndini işğaldan azad etmişdik. Qələbə nəşəsini dadan, qalibiyyət ruhu ilə silahlanan igid döyüşçülərimiz həm Murovdağ soyuğuna, həm də şiddətli döyüşlərin ağırlığına, məşəqqətli rüzgarına mərdanə sinə gərir, baiskar qonşumuzdan yaxşıca haqq-hesab çəkirdilər.

Təbiətin rəhmsizliyindən, düşmənin əzazilliyindən özünü itirmiş Yanşaq kəndi qaynar qazana dönmüşdü. Bəzən reaktiv artilleriyanın, qısalüləli topların səsindən qulaq tutulurdu. Meydançayın kənarlarında qurulmuş əsgər çadırlarının bacalarından çıxan tüstü burum-burum yuxarı qalxaraq kəndin üzərində qalın, basırıq bir hava təbəqəsi yaratmışdı. Elə bil, tüstü göylərə yüksəlməyə yol tapmayaraq günəş şüasını kəsə biləcək kəsif bir kölgə əmələ gətirmişdi. Yanşaq dünyanın kini-küdurəti içinə dolmuş bir kənd kimi görünürdü. Düşmən bütün evləri dağıtmışdı. Bircə tövlələrə əl dəyilməmişdi.

Heç özümdə deyildim. Sanki ürəyimi qamçılayırdılar. Dünənki itkilər mənə yaman kədər gətirmişdi. Öz içərisindən qırılmış bir insan kimi hər dəqiqə nəsə bir bədbəxt hadisə olacağından xoflanır, hər addımda ehtiyatlanırdım. Say-seçmə üç cəngavər əsgərimiz şəhid olmuşdu. Döyüşçü yoldaşım Zülfüqarın bir gözünə qəlpə girmişdi. Həm qonşum, həm də dostum Şahvələd ayağından güllə yarası alıb hospitala aparılmışdı. Qulağım səsdə idi. Hospitaldan xəbər gözləyirdim. Qorxurdum ki, qanaxmadan nəsə bədbəxt hadisə baş verər. 5-ci taborun maddi-texniki taqımında bir stəkan çay içib hərbi hissə qərargahına doğru getmək, komandirə dünənki itkilər barədə məruzə etmək istəyirdim ki, Yanşaq qayalarının gündöyər tərəfindən bir hay-küy qopdu. İlk baxışda heç nə anlaya bilmədim. Qabaqda əllərini yuxarı qaldıran axsaq bir nəfərin gəldiyini görəndə hiss etdim ki, erməni əsiri tutub gətirirlər. O dəqiqə kefim bir qədər duruldu. Ona görə yolumu dəyişib 5-ci taborun qərargahına qayıtmağa başladım.

Kəlbəcərin Bağırlı kəndində cəsur döyüşçü, dəvəçili igid Feyruz Qurbanlının döyüş zamanı əsir tutduğu erməni Slavik Vasilyeviç İsaverdiyanla qabaq-qabağa durmuşduq. Bic erməni dığası nə qədər yazıqlaşarmış... Elə bil, qızıldan qiymətli torpağımızı qana batıran erməni gavuru deyil. Haqlı tənələrimizə dözmədiyinə görə baş qaldırıb üzümüzə dik baxa bilmirdi. Bəzi döyüşçülərimiz qəzəbdən, kindən özlərini saxlaya bilməyib əsirin sifətinə tüpürmüşdülər. Bir də ki, baiskar erməninin əsl görkəmi belə olsa yaxşıdır. Sifətində nəsə bəşəri bir şey axtarmağa dəyməz. Onu rüsvayi-cahan eləsən də, gönü qalındır, sözlə haqq yoluna gələsi deyil. Görünür, bir qədər yazıqlaşdığına, əsir düşdüyünə görə daşnaksütun ab-havası da beynindən çıxıb, yox olmuşdu.

Feyruz erməni əsirinin cibindən çıxartdığı məktubu mənə uzatdı:

- Cənab kapitan, görün, bu gorbagor erməni öz anasına nələr yazır.

- Ermənicə oxuya bilirsinizmi? - deyə mən təəccübləndim.

- Erməni döyüşçülərinin çoxu rus təhsillidir. Bu alçaq da onların bir tayıdır, - məktub rus dilində yazılıb.

- Ruscadırsa, mən oxuyaram...

Məktubu cümlə-cümlə oxuyub tərcümə edirəm: “...Yanvarın 18-də axşam bizi “həyəcan” siqnalı ilə posta göndərdilər. 19-da səhər tezdən posta çatdıq. Döyüş başlanmışdı. Vuruşma saat 16-dək davam etdi. Axşam türklər yenə hücuma keçdilər. Bizdən çox adam öldü. Mən sağ dizimdən güllə yarası aldım. Yeriyə bilmədim. Hücum zamanı sağ qalanlarımız qaçdılar. Mən qayalar arasında tənha qaldım. Düşmən demək olar ki, başımın üstündə idi. Yanvarın 20-də səhər qar yağdı. Bu mənə imkan verdi ki, türklərin burnunun altından çıxım. 500 metr sürünüb uzaqlaşdım. Lakin türklərin hücumu yenə başlandı. Qaya daşının arxasında gizləndim. 50 nəfər türk məni görməyib keçdi. İki gündür acam. Bilmirəm ki, özümə necə yemək tapım. Mən gərək özümüzünkülərə qədər sürünüm, eşidirsən məni, ana?! Mən səni və Feliksi çox sevirəm. Yanvarın 28-də sənin ad günündür. Gücüm çatsa, Razdana kimi sürünəcəyəm. Amma qayıda bilməsəm, Feliksi qoru və böyüt. Qəm yemə ana, görünür, belə olmalı imiş. Məni yada sal, ana, indi mən ağlayıram, amma sən ağlama. Ayağım yaman bərk ağrıyır. Necə olsa da, sürünəcəyəm... Heyf ki, yeni şeirlərim nəğmələrdə səslənməyəcək!..”.

Axırıncı kəlmə məndə müəmmalı maraq doğurdu. Necə başa düşək, əsirin şairliyi də var?! Sanki Feyruz məni duyurmuş kimi, əlini əşya kisəsinə salıb şeir dəftərçəsini çaxartdı:

- Cənab kapitan, budur, baxın, bu köpəkoğlu şeir də yazır. Görünür, Ermənistanın vicdanına bit, güvə düşən şairlərindəndir.

- İstəmirəm, lazım deyil, uydurduğu şeirlər onun təpəsinə dəysin. Şeir yazan duyğulu, kövrək adam olur. Bəs, sən necə? Ay erməni dığası, yad bir torpaqda vəhşilik etməyə gəlmisən? - deyə əsirə üzümü tutub cavab istəyirəm.

Cavab vermir, elə bil, dilindən daş asıblar, əsə-əsə əllərini başına tutub susur.

Feyruz hirsli-hirsli yerə əyilib bir ovuc torpaq götürüb əlini əsirin gözlərinə doğru aparır:

- Sox... bu torpağı sox gözlərinə! Deyəsən, bilmirsən yad torpağa kəm baxanda adam kor olur ha! Unutma ki, biz hələ ölməmişik. Heç kəs gəlib bizim doğma və halal vətənimizdə ağalıq edə bilməz.

Qorxudan dili tutulmuş daşnağı dilləndirmək, sözə-söhbətə çəkmək, ona mənəvi dərs keçmək üçün tabor komandirinin göstərişi ilə çadırda Slaviklə təkbətək qaldım. Və sən demə, tənə dolu tünlükdən, məzəmmətli baxışlardan stressə düşən dığa da belə istəyirmiş. Ağzına qıfıl vurulmuş erməni əsiri birdən dil açdı, yavaş-yavaş suallarıma cavab verməyə başladı.

- Söylə, o xaraba qalmış Ermənistanın harasındansan?

- Razdan şəhərindənəm. Leninakanın çavuş məktəbini bitirmişəm. Yerevan şəhərində avtomobil bölüyündə xidmət edirdim. Keçən ildən Kəlbəcərə döyüşə gəlmişəm.

- Belə çıxır ki, könüllü döyüşçülərdənsən?

- Yox... Bizi Azərbaycana zorla gətirirlər. Gəlməyəni ağır cəza gözləyir.

- Neçə yaşın var?

- Bu il martın 22-də 20 yaşım tamam olacaq.

- Əsl Dağlıq Qarabağ tarixindən xəbərin varmı? Dağlıq Qarabağ torpağı kimə məxsusdur?

- Bilmirəm...

- Özünü tülkülüyə vurma! Bilirsən, özü də lap yaxşı bilirsən!

Əsir başını aşağı salıb dinmirdi. Hiss edirdim ki, fikrini açıq deməkdən qorxur, təhqir ediləcəyindən çəkinir.

- Bilirsənmi ki, ermənilərin Qərbi Azərbaycana - indiki Ermənistana kütləvi axını 1828-ci ildən başlayıb. O zamandan ki, Rusiya İranı müharibədə məğlub edib və erməniləri bizim bəlamıza çevirib. Bilirsənmi ki, XIX əsrin sonunda “Ermənistan” adlandırılan quberniya Qafqazda yaşayan azərbaycanlıların sayı və sıxlığı baxımından Bakı və Gəncə quberniyalarından sonra üçüncü yeri tuturdu. Bu, çox gerçək tarixdir. Bilirsənmi ki, Ağdərə rayonunun Marquşevan kəndində ermənilər 1978-ci ildə Dağlıq Qarabağa köçüb gəldiklərinin 150 illiyi ilə əlaqədar abidə qoymuşlar. Xeyli sonra şovinist ermənilər Azərbaycan torpaqlarında qonaq olduqlarını gizlətmək hiyləsi ilə həmin abidə üzərində həkk olunmuş tarixi - “1828-1978” rəqəmlərini dağıdıb yox etmişlər. Bu həqiqəti bəzi insaflı erməni tarixçiləri də təsdiqləyirlər, sən də bilirsənmi, ey azğın dığa?!

Birdən hirsim başıma vurdu, qeyri-ixtiyari halda yerimdən durub şəhadət barmağımla Slavikin kəlləsini döyəcləyə-döyəcləyə ucadan soruşdum:

- Cavab ver, Dağlıq Qarabağ kimə məxsusdur?

Erməni əsiri ona qarşı ikrah hissinin coşduğunu duyaraq ağzımdan söz qurtarar-qurtarmaz dərhal dilləndi:

- Dağlıq Qarabağ sizindir!

- Bəs, onda bu müharibə, qan tökmək, dinc adamları yurd-yuvasından didərgin salmaq nədən ötrüdür?

- Dağlıq Qarabağ bizim səhvimizdir...

- Ay qanmaz dığa, bu səhv deyil, ağır günahlar da belə alçaq əməlin yanında heç nədir. Axı insan səhv edər, günaha batar və son məqamda Allahın rizası ilə bağışlana da bilər. Vəhşiləşmiş erməni bilə-bilə quldurluq edir, açıqdan-açığa amansız, yırtıcı əməllər törədir. Bunlar səhvdirmi?! Bunları hansı günahkarın ayağına yazaq?! Siz öz halal torpağında dinc yaşayan ismətli, məsum bir qonşunun əli qanlı qatilisiniz. Qəsdən cinayət edən canini də bağışlamaq olarmı?!

Bayaqdan hıçqıra-hıçqıra dillənən erməni əsiri bu dəfə susdu. Ağır güllə yarası almış ayağını yavaş-yavaş ovxalayır, başını yuxarı qaldırmaq istəmir və haqlı suallarıma yenə cavab verə bilmirdi. Bəlkə də, ağır mənəvi sarsıntı nəticəsində Slavikin yaddaşından “Böyük Ermənistan” ideyası da çürüyüb yoxa çıxmışdı. Öz canının hayında idi. Bəlkə də, günahını tədricən başa düşürdü. Amma zalım erməni daşnakının xain baxışları gözlərindən tez oxunurdu.

Qərargahdan siqnal gəldi ki, erməni əsiri Slavik təcili hərbi hissə komandirinin yanına aparılmalı, sonra isə xüsusi idarənin nümayəndəsinə təhvil verilməlidir. Lakin dığa yerindən durmağa özündə taqət tapmadı. Onu xərəkdə apardılar...

                                                                               İbrahim MƏSİMOĞLU

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”