HƏRB TARİXİ
“GİZİR” HƏRBİ TERMİNİ
İlk dəfə nizami döyüşçü sırasında Azərbaycan dilində
komanda eşitdiyim an aldığım mənəvi zövqün təəssüratını hələ unuda bilmir və
qeyri-ixtiyari olaraq qürur hissi keçirirəm. Bu zaman “bizdən ordu yaradan
olmaz” mühakiməsinin əsassız olduğunu yəqin edirsən. Müstəqil dövlətimizin
iqtidarına bel bağlamağa və bu şərəfli yolda cani-dildən xidmət etməyə adamda
güclü həvəs yaranır.
Ordumuzun özül daşları od-alov içərisində qoyulub.
Hələ öyünməli faktları yalnız bir əl barmaqları ilə sanamaq olar. Bu mənada gəlin
ordu sözlüyünün bir məqamına çıraq tutaq.
Hərb sənətimizin yeni-yeni cilvələnən sözlüyünün
cövhərində ana dilimizin lətafəti hiss edilirmi? Məncə, bu sualın bir cavabı
var: həm hiss edilir, həm də yox. Etiraf etməliyik ki, “praporşik” termininin
qarşılığı kimi istifadə olunan “gizir” hərbi termininin ordu sözlüyümüzdə vətəndaşlıq
vəsiqəsi alması uğurlu addımdır. Bəs “gizir” necə yarandı? “Gizir” bu günümüzün
sözüdür, yoxsa...
Apardığımız axtarışlar əsasında deyə bilərəm ki,
“gizir” hərbi rütbəsi ilk dəfə ordu sözlüyümüzə Azərbaycan ordusunun əsasını
qoyan birinci briqada tərəfindən salınıb. Bu hadisənin tarixçəsini canlı şahid
kimi gəlin mayor Telman İbrahimovun dilindən eşidək:
- 1992-ci il mart ayının əvvəli idi. Komandirimiz “praporşik”
hərbi rütbəsinin qarşılığını tapmaq barədə briqadadaxili müsabiqə elan etdi. Hərbi
hissənin kadrlar şöbəsinin rəisi kimi, hərbi terminlərlə çox işlədiyimə görə
komandirin bu məsələyə əməli münasibəti məni çox sevindirdi. Müsabiqədə fəal
iştirak etmək üçün dilçilikdən başı çıxan zabitlərlə məsləhətləşdim və xeyli
araşdırma işi apardım. Azərbaycan dilinin izahlı lüğəti köməyimə çatdı. Bu
kitabda mənası hərtərəfli izah edilən “gizir” sözü könlümə yatdı. Belə qərara gəldim
ki, “praporşik” sözünün əvəzedicisi kimi “gizir” sözü çox milli və diləyatımlı
səslənir. Müsabiqəyə zabitlərin yığıncağında yekun vuruldu. Bəziləri
“praporşik” terminini hərfən tərcümə edib işlətmək təklifini irəli sürdülər. Mən
izah etdim ki, “praporşik” köhnə slavyan sözü olub, “bayraqdar” deməkdir.
“Bayraqdar” ordu anlamında “praporşik” sözünün təsirli mənasını vermir. “Gizir”
sözündə bizim milli tariximizin nəfəsi duyulur və nəzərdə tutduğumuz məna
çalarına çox uyğundur. Mənim təklifim səsə qoyuldu və yekdilliklə qəbul edildi.
Səhər toplanışı zamanı komandirimiz rəsmi elan etdi ki, bu gündən “gizir”
sözünü işlətməyi mən də məqbul hesab edirəm və bu barədə ilk təqdimatı
yazacağam.
Azərbaycan dilinin izahlı lüğətində qeyd edilir ki,
“gizir” sözü ana dilimizdə iki mənada işlədilir. Birinci mənada sözün iki
çaları var: 1. Aşağı rütbəli inzibati işçi; 2. Köməkçi, əlaltı.
İkinci məna isə bir çaları özündə əks etdirir:
Xalqımızın qədim “aşıq-aşıq” oyununda aşığın toxan tərəfinə əks olan tərəfə dədə-babalarımız
“gizir” deyirlərmiş.
“Salam, Azərbaycan əsgərləri!”, “Düzlən”,
“Farağat”... Hər səhər komandirimizin dilindən bu kəlmələri eşidəndə mənə elə gəlir
ki, dünyanın ən güclü, ən bəxtəvər cəbhəçi – jurnalistlərindən, ana torpaq
müdafiəçilərindən biri də mənəm!

Комментарии
Отправить комментарий