ZÜLFİ RUHLU ZÜLFÜQAR HEÇ VAXT KORŞALA BİLMƏZ
Müzəffər
ordumuzun təməl daşını qoyan 701 saylı motoatıcı briqadamızın mətin kəşfiyyatçıları
ilə hər söhbətdən tükənməz mənəvi güc alırdım. Hər biri fərqli bir igid kimi
sevilirdi. Bu mərdlik bölüyü səbəbsiz yaranmamışdı. Qəlbimizdə milli qəhrəman kimi
ucalan Rəhman Köçərioğlunun təlim-tərbiyə verdiyi əsgər və zabitlərin içərisində
zəif qüvvəni necə tapa bilərdin?! Bir dəfə şəhid qardaşımız baş leytenant Kərimov
Zülfi Habil oğluna verdiyim suala cavab alanda qaneedici fikrimi tamamlayaraq dedim
ki, Zülfinin zülfüqarı altından, görəsən, haçansa bir murdar dığa salamat çıxa
bilərmi?! Əlbəttə ki, heç vaxt! Ona görə ki, Masallı rayonunun Qızılağac kəndində doğulub mərdanə bir ruhda ərsəyə gəlmiş bu igidimiz nankor erməni işğalçılarına
qarşı həyata keçirdiyimiz hərbi əməliyyatlarda düşmənə qan uddururdu. Şücaətini,
döyüşçü bacarığını, qələbə ruhlu həmlələrini müntəzəm olaraq təzələyən Zülfi Kərimov
öz silahdaşları arasında daim heyranlıq doğururdu. O, kimisə yamsılamırdı, bir
qayda olaraq, milli igidlik standartlarına uyğun surətdə öz şücaət hissini
artırırdı. Səhərdən axşamadək varlığında yalnız qəhrəmanlıq harayı cövlan
edirdi. Deyirdi ki, biz tam qələbə naminə yalnız irəli getməli, heç vaxt
yerimizdə saymamalıyıq, atalarımız demişkən, axar su yox, durğun su xarab olar.
Biz Vətən üçün doğulmuşuq. Sonunu düşünən kəsdən qəhrəman çıxmaz. Bizim döyüşçü alnımıza yalnız “zəfər”
yazılıb. Ulu vətənimiz Azərbaycanın müdafiəsi üçün canımız fəda olsun!
Minaatan batareya komandiri Mətləb Ələsgərovun Zülfi barədə bir xatirəsini yada salmaq istəyirəm. O deyir ki, 1994-cü ildə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edilməsi uğrunda apardığımız döyüşün müsbət təəssüratları məni həmişə qürurlandırır. O zaman bizim üç dalğalı rabitəmiz vardı. Həyəcanlı ön xətt siqnallarını operativ surətdə əldə edirdik. Həmləmizin sürətli bir məqamında xəbər aldım ki, Zülfi Kərimovun bölüyü düşməni yaman duruma salıbdı. Dığaların müdafiə dayaqları tamam laxlandığına görə döyüşçülərimiz dayanmadan irəli gedirdilər. Zülfinin cəsur əsgərləri daha sürətlə qabağa çıxmışdılar. Qarşımızda müqavimət göstərən bir erməni də qalmamışdı. Yəni qalan dığaları məhv etmək üçün əlimiz onlara çatmırdı. Mən ön atəş xəttinin tam müdafiəsini təmin etdikdən sonra əmr verdim ki, minaatanları çiynimizə alaraq lazımi qədər qabağa gedək. Axı, kəskin həmlə məqamında qətiyyət lazım gələrsə, əfəllik göstərmək necə rəva sayıla bilər?! Fikirləşirdim ki, minaatan və avtomat silahla irəli getməyin arasında çəki baxımından fərq az deyil. Minaatanın çəkisi 57 kiloqramdır. Belə ağırlıq altında necə asan qaça bilərdik?! Hər ehtimala qarşı dayanmamağı üstün hesab etdim. Lakin qısa zaman ərzində rabitə dalğasında həyəcanlı səslər çox ucaldı. Sağ və sol cinahlardan tələb edildi ki, Zülfi Kərimov irəli gedən əsgərlərini saxlasın. Sözün açığı, qələbə ruhu əsgərlərin ehtiyat hissini yaman hala salmışdı. Bir əsgərimiz də dayanmaq istəmirdi. Nəhayət, briqada komandiri hirsli bir halda Zülfi əsgərlərinin dayanması barədə əmr verdi. Çünki nəzərdə tutulan ərazini azad etmişdik və növbəti həmlə üçün tutarlı bir mövqe yaratmaq zəruri sayılırdı. Dayanma barədə əmr icra edildikdən sonra Zülfi mənə məlumat verdi ki, minaatanlarımız üçün hədiyyəsi var. Sən demə, söhbət hərbi qənimətdən gedirmiş. Bu xəbəri alan kimi dedim ki, ehtiyatı əldən verməyin. Unutmayın ki, ehtiyat igidin yaraşığıdır. Düşmən, söz yox ki, öz mövqeyini tərk edərkən minaatan qurğularla bağlı taktiki hiylə qurmaq ehtimalı ola bilər. Hamı hər addımı ehtiyatla atmağa başladı. Beləliklə cəsur əsgərlərimiz verilən tapşırığı təhlükəsiz yerinə yetirə bildilər. Mərmilər də çox idi. 2 ədəd 120 mm-lik minaatan qurğu bizdən ötrü çox xeyirli hərbi qənimət sayıldı. Ona görə ki, nəinki bizim taborda, heç briqadamızda belə qurğu yox idi. Uğurlu həmlə nəticələrinə görə axşam Zülfi Kərimovu bağrıma basıb öpdüm və dərin minnətdarlığımı bildirdim.
Zülfi Kərimov vətən sevgisi ilə doğulan
mərd döyüşçülərimizdən biri sayılırdı. O, 1992-ci ildə Qarabağ uğrunda gedən keşməkeşli
döyüşlərə könülü olaraq qatılmışdı. İlk gündən başlayaraq hərbi taktiki bilgiləri
tez mənimsəyir və qorxmaz əməlləri ilə seçilirdi. Yurdcanlı oğullarımızla birgə
Laçın rayonunun qorunmasında ilk döyüş təcrübəsi qazanmışdı. Məsul tapşırıqları
qüsursuz icra edirdi. Hər gün qəfil meydana gələn ölüm həyəcanı onu heç bir
halda usandırmırdı. Başımıza bəlalı hərbi oyunlar açan Daşaltı döyüş əməliyyatlarında üzərinə düşən
tapşırıqları mərdanə yerinə yetirmiş və nə qədər çətinliklər görsə də, heç vaxt
ümidsizliyə qapılmamışdı. Ümid edirdi ki, gec-tez qara
buludlar üzərimizdən dağılıb yox olacaqdır...
1993-cü ilin mart ayında Kəlbəcər uğrunda gedən döyüşlərdə əlindən yaralanmışdı. Müalicə aldıqdan sonra döyüş bölgəsinə qayıtmış və yenə 701 saylı motoatıcı birqadamızın kəşfiyyat bölüyündə hərbi xidmətini davam etdirmişdi. Səmimi şəkildə deyə bilərəm ki, bu bölükdə zəif döyüşçü yox idi. Hər kəsin varlığında fərqli bir mənəvi gözəllik, iradə ucalığı vardı. Briqadanın kəşfiyyat xidmət rəisi Rəhman İsgəndərovun yaratdığı təlim-tərbiyə ruhu içərisində fərdi kontekstdə icra edilən hər əsgərin özünütərbiyə missiyası şəxsi heyətin kamilləşməsində güclü motiv rolunu oynayırdı. Hər bir kəşfiyyatçımız yetkin əsgər səviyyəsində xidmət edir, istər axşam, istərsə də gündüz aparılan kəşfiyyat əməliyyatlarında düşmənə tutarlı hərbi dərs verirdi. Zülfi Kərimov öncül igidlərlə birgə xidmət edərək döyüş təcrübəsini daim zənginləşdirirdi. Ən ağır situasiyalarda da ölüm ona qalib gələ bilmirdi. Bir neçə dəfə ağır yaralansa da, tez müalicə olunaraq döyüşçü sırasına qayıdırdı.
Tabor komandiri Şamil Əmirov deyir ki, mən
Zülfi Kərimov ilə hərbi əməliyyatlarda olmamışam. Çünki o, atəşkəs elan
edildikdən sonra bizim tabora gəlmişdi. Bölük komandiri kimi üzərinə düşən vəzifə
tapşırıqlarını layiqincə yerinə yetirirdi. Mən onun fəaliyyətində bir dəfə də
olsun səhv görməmişəm. Hərbçiyə xas olan bütün müsbət xüsusiyyətlər onun zabit
xasiyyətində parlaq şəkildə əks olunurdu. Necə deyərlər, ifrat eqoizmin əleyhinə
olan bir komandir obrazı yaratmışdı. Bəzən sərt hərəkətlər də edirdi, lakin
tabeliyində olan əsgərlər onun sərtliyini çox səmimi qarşılayırdılar. Ona görə
ki, əsgərə qarşı haqsız hərəkət etməzdi. Zülfi tələbkarlığı bir gün də zəifləmirdi.
Döyüşçü ünsiyyəti, komandir davranışı xoşagələn ovqat yaradırdı. Əksər hallarda razılığını
zövqoxşayan bir gülüşlə ifadə edirdi. Zülfinin sırasında onun mənəvi tərəfkeşləri
müntəzəm olaraq artırdı. Birgə inam onları müqəddəs vətən ideyası ilə çox gücləndirirdi.
Bir bölük komandiri kimi elə hərəkət edir, elə davranış yaradırdı ki,
tabeliyində olan heç bir kəs məyus olmasın. Həm tələbkarlıq, həm də hörmət
missiyası yalnız bərabər səviyyədə icra olunur və qarşılıqlı ehtiram hissləri rəvan
bir tərzdə yüksəlirdi. Zülfi öz
silahdaşları arasında kamil cəsarət sahibi kimi sevilirdi. Təbii ki, onun cəsarəti
səngər fədakarlığı hesabına formalaşmışdı. Bu və ya digər formada ağır hərbi əməliyyat
prosesində müşkül duruma düşsə də, həmişə inamın gur işığı altında hərəkət
edirdi. Bilirdi ki, ən etibarlı müdafiə bacarıqdır. Silahdaşları söz düşəndə
deyirdilər ki, Zülfi düşmən üçün gözəgörünməz ildırıma dönmüşdü. Taqım komandirləri Vadim Allahverdiyev, Əlövsət
Həsənov, əsgərlər – Teyyub Miriyev, Zəfər Həsənov, Savalan Əsgərov, Eldar Əhmədov,
Balaş Babayev, Fərahim Əliyev kimi cəsur və nümunəvi döyüşçülər Zülfi zəhmətinin
real nəticəsidir.
Zülfü Kərimov daha sonra komandirin müvafiq əmri ilə 5-ci taborda xidmətini davam etdirmişdir. 1993-cü il dekabrın 29-dan etibarən 1994-cü il fevral ayının 16-dək Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə bölük komandiri kimi xidmət etmiş və misilsiz igidlik nümunələri göstərmiş, həmçinin hərbi bilik diapozonunu genişləndirməyə çalışmışdır. Briqada komandiri lazımi idarəetmə xüsusiyyətlərini və döyüş səriştəsini nəzərə alaraq ona “kiçik leytenant” rütbəsinin verilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmışdır.
Dəyərli cəbhədaşı Qurban Mirzə oğlu
söyləyir ki, bir bölük komandiri kimi Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin
alınmasında göstərdiyi qəhrəmanlıq nümunələri hələ də döyüşçü qardaşlarmızın yaddaşında
qalmaqdadır. Ağdam rayonunun Şurabad və Nəmirli kəndləri uğrunda döyüşlərdə qarşısına
qoyulan tapşırıqları mərdanə yerinə yetirmişdir. Briqada komandirinin müvafiq əmrinə
əsasən Zülfi Kərimovun 5-ci tabordan 6-cı tabora keçirilməsinə baxmayaraq səngər
dostluğumuz hər zaman davam etmişdir. Tərtər rayonunun Qapanlı kəndinin
qorunması onun bölüyünün üzərinə düşürdü. Mühafizə etdiyi strateji bir ərazidə hərbi-taktiki
tələblərə uyğun surətdə düzəltdiyi tunelə öz silahdaşları arasında “Zülfi yolu”
adı verilmişdi. 18 aprel 1996-cı il tarixində qəfil verilmiş əmrə əsasən kəşfiyyat
xarakterli əməliyyat zamanı minaya düşərək şəhid olmuşdur.
Axır ki, ədalət qılıncımızın axıtdığı qan haqq yolunu açdı. İnsanlıq əleyhinə çıxan erməni faşizmini boğduq. Əfsus ki, Zülfi düşmən üzərində tam və qəti qələbəmizi görə bilmədi. Şükürlər olsun ki, müzəffər ordumuz Zülfünün ruhunu həmişəlik şad etdi. Necə deyərlər, Zülfi qardaşımız səngər dostlarının, qiymətli cəbhədaşlarının qəlbində daim unudulmaz bir igid kimi yaşamaqdadır. Bu, obyektiv səbəblərdən irəli gəlir. Zülfi Kərimov milli savaş tariximizdə fərqli bir iz qoymuşdur. Prezidentimiz İlham Əliyevin 25 iyun 2011-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Anadan olduğu Qızılağac kənd orta məktəbi onun adını daşıyır. Vaxtilə işlədiyi “Bibiheybət” Neft-Qaz Çıxarma İdarəsinin həyətində inşa edilən xatirə abidəsində ona həsr olunan guşə yaradılmışdır.
Biz Zülfi kimi mərd oğullarımızın birgə
gücü sayəsində xalqımıza utanc yaşatmadıq! Yurdumuza şərəf gətirmək boynumuzun həmişəlik
borcudur. Tam qələbəmizdən sonra şəhadətimizin qüruru yüksəkliklərdə dalğalanan
müqəddəs dövlət bayrağımızda əks olunur. Unudulmaz şəhid qardaşımız Zülfi Kərimovun igidlik və şərəf ölçüsü mənəvi
ömrümüzün əbədi ideyasındadır. Zülfi ruhlu zülfüqarın kəsəri müzəffər ordumuzun
döyüşçü sırasında heç vaxt korşala bilməz.
Şəhid qardaşımız Zülfi Habil oğlu Kərimovun ruhu daim şad olsun!
İbrahim MƏSİMOĞLU
Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant





Комментарии
Отправить комментарий