ANALİTİKA
Döyüş meydanında qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir
Biz həm
beynəlxalq hüququn haqqımıza
real dəstək verməsinə, həm də gözgörəsi siyasi haqsızlığın–ikili standartların
sona çatmasına nail olmalıyıq. Ehtimal ki, hədəfimizə çatmağa az qalmışdır. Bu
istiqamətdə qələbə təmin edildikdən sonra döyüş meydanında qələbəni Azərbaycan
Ordusu mütləq təmin edəcəkdir. Həmin qeyri-bəşəri haqsızlıq bitəndə işğalçı
ölkə də öz haqlı cavabını alacaqdır.
Torpaqlarımızın işğal dərdinə son
qoymaq günümüzün baş mövzusudur. Yaxşı bilirik ki, düşmən üzərində qəti qələbə
qazanmadan bu dərd sönən deyil. Lakin zaman dayanmır, qəti qələbədən ötrü əməli
nəticə isə gecikir. Hər üzümüzə açılan gün düzgün məqam arayırıq. İçimizdə səbir
edərək o həlledici məqamı gözləyənlər kifayət qədər olsa da, dərdə dözməyənlər
də az deyil. Necə deyim, səbir edənləri qınamağa dəyməz. Axı, müdrik
ağsaqqallarımız deyirlər ki, səbir ağlın xəzinəsidir. Cani-dildən sevdiyi, həsrətlə
dilədiyi yurduna qovuşa bilməyənləri qınamaq da insafdan deyil. Bəs, orta məxrəci
harada hasilə gətirək?! Əlbəttə, çətin çözülən məsələdir. Beynəlxalq bir siyasi
dünyadan müstəqil ölkə kimi təcrid edilmək istəmədiyimizi və təcrid edilmənin
namünasib sayılmadığını nəzərə alaraq hər bir halda yetişəcək o mühüm zamanı təmkinlə
gözləyirik.
İyunun 18-də Azərbaycanın Respublikasının Müdafiə
naziri, general-polkovnik Zakir Həsənov tərəfindən mətbuat nümayəndələri ilə
keçirilən görüşdə toxunmaq istədiyimiz məsələnin bütün məqamları hərtərəfli
işıqlandırılmışdır. Həqiqətən eşitmək istədiyimiz əsas cavablar qəlbimizi fərəh
hissi ilə doldurdu. İndiki zamanın tələblərinə uyğun olaraq ordumuz silahlanma
sisteminin modern silah və texnikalarla zənginləşdirilməsi, habelə bu davamlı
inkişaf istiqamətində düşməni yarı yolda qoyması, demək olar ki, özgə hünərinə
kişiləşən işğalçı ölkənin bağrını tamam qana döndərmişdir. Bugünkü düşmən
ordusundakı mövcud vəziyyət erməni
daşnaklarının özündənrazı siyasi liderlərinin öz çıxışlarında daha çox
adətkərdə etdikləri şişirdilmiş fikirlərə, cəfəng ideyalara qətiyyən bənzəmir.
Cənab Müdafiə
nazirinin dediyi inamlı kəlmələrdən isə o sərfəli qənaəti müəyyən etmişik ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün
tapşırıqları yerinə yetirməyə tam qadirdir. Bizim Ordumuzda mövcud olan faktlar
öz real cəhətləri ilə göz oxşayır, könül şadlanır, qürur hissi qəlbimizə hakim
kəsilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu strukturunda
həyata keçirilən islahatlar hər bir azərbaycanlını qəlbən sevindirir. Hər
inkişaf xəttinin öz sübutu var. Bu gerçəkliyi təkcə biz yox, eyni zamanda
beynəlxalq qurumlar etiraf edir. Biz dünyanın ən güclü əlli ordusundan biriyik.
Məmləkətimizin müstəqil yaşam tarixi müqayisə baxımından az müddəti əhatə etsə
də, qazanılmış bu inkişaf göstəriciləri
miqyas etibarı ilə kiçik sayıla bilməz. Demək olar ki, müntəzəm surətdə ordumuz
yeni müasir silah, texnika və avadanlıqla təmin edilir. Tələb olunan hərbi
infrastruktur planlı şəkildə yenilənir, döyüş qabiliyyəti dayanmadan artırılır,
sosial baza gücləndirilir. 2018-ci ildə Silahlı Qüvvələrin 100 illiyi ilə
əlaqədar keçirilən möhtəşəm paradda nümayiş olunan silah və texnikanın 90 faizi
yeni və müasir idi. Cənab Müdafiə naziri xüsusi olaraq vurğuladı ki, paradda
hərbi məxfiliyi nəzərə alaraq ixtiyarımızda olan bütün silahlar nümayiş
etdirilmədi. Bəli, bu da bir reallıqdır.
Gün gələcək ki, qətiyyətli yurd savaşımıza qalxan
zaman modern silah və texnikalarımızı boşboğaz, yaltaq və qorxaq təbiətli dığa
liderləri görəndə gözləri bərələ qalacaq, gen dünya başlarına dar olacaq. Hətta
bəziləri indidən ağlaşma quraraq erməni diasporunu haraylamaqdadır. Bu da mənasızdır. İndi vaxt bizim xeyrimizə
işləyir. Daha indiki zamanın intizamlı və sərrast dövr etməsi o ağrılı və
qarışıq zaman gərdişindən fərqlənir.
Biz inamlı qələbə yoluna çıxmışıq. Daha sıxıntılı
günlər yaşamırıq. Necə deyərlər, bir gülləyə beş dığanı cəhənnəmə vasil edəcək
gücümüz var. Tezliklə Xankəndində milli dövlət bayrağımız ən uca bir nöqtədə
dalğalanacaqdır. Mən inanıram ki, o gün uzaqda deyil.
Mən Müdafiə nazirinin mətbuat konfransında açıqladığı
fikirlərə istinad edərək sosial şəbəkədə yayımlanan lağlağı söhbətlərə və
siyasi cəhətdən bayağı atmacalara bir keçmiş hərbçi və müharibə veteranı kimi
müəyyən cavab vermək istəyirəm. Söz yox ki, bir qisim insanlar ordumuzun döyüş
qüdrəti ilə bağlı real vəziyyət barədə gerçək həqiqətləri bilmədiklərinə görə
müdafiə işimizdən danışanda ümidsizliyə qapılırlar. Bəziləri mənfi fikrlərin
axarında yanlış mövqe tutaraq az qala düşmən olduqlarını bəyan edirlər. Siyasi
mənafe güdən müxalifətçi qüvvələr isə nəinki üstün cəhətlərimizi qaralamağa
çalışır, həm də düşmən dəyirmanına su tökməkdən sanki ləzzət alırlar. Bu ögey
və nadan münasibət xalqımız arasında elə böyük narahatlıq yaratmaq iqtidarında
da deyil, sadəcə hər yersiz deyilən kəlmə könüllərimizi bulandırır. Cənab
Müdafiə nazirimiz gəncləri sosial şəbəkələrdə diqqətli olmağa, təxribatlara
uymamağa çağıraraq belə demişdir: "Vətən, millət, dövlətçilik
məsələlərində bütün şəxsi mövqelər kənarda durmalıdır. Biz hamımız bir
olmalıyıq. Bəzən sosial şəbəkələrdə Azərbaycan adı altında əsassız məlumatlar
paylaşılır. Ermənilərin məqsədi dövlətçiliyimizə və ordumuza qarşı saxta
məlumatlar yaymaqdır. Sosial şəbəkələrdə belə məlumatları yayanların 90 faizi
ermənilər, digərləri isə öz şəxsi mövqelərindən çıxış edən cılız məqsədlər
güdən insanlardır. Vətən, millət, dövlət məsələsində bütün maraqlar kənara
qoyulmalıdır. Biz hamımız bir olmalıyıq”.
Hərbi qulluqçumuz, əsgər Elşən Xəlilovun vurulmasına
şəxsən əmr verməsi ilə bağlı Ermənistanın müdafiə naziri David Tonoyanın dediyi
fikrə münasibət bildirən Zakir Həsənov çox gözəl vurğulamışdır: "Deyə
bilərəm ki, Ermənistanın müdafiə naziri David Tonoyan yalan danışır. O özünü
reklam edir. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir
müddət sonra onlar öz itkilərini bir-bir üzə çıxaracaqlar. Xalqımız Ali Baş
Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusundan qələbələr gözləyir. 2016-cı
ildə üç gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan
ordusunu darmadağın etdi. Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş
etdirməyə hazırdır”.
Siyasi hakimiyyətimizə müxalif mövqe tutan qüvvələr
nədənsə bütün səyləri ordumuza yönəldirlər. Halbuki siyasi mübarizənin öz yolu
var: ölkənin müdafiə işində hamı vətənçilik mövqeyində durmalıdır. Vətən hamı
üçün müqəddəs bir məkandır. Lakin müxalif siyasi düşərgədə biz bunun əksini
görürük. Hərbi məxfiliyin pozulmaz qaydaları kölgə altına salınır. Ən biabırçı
hal odur ki, ordu rəhbərlərinə əsassız ləkələr atmağa cəhd edirlər. Onların
cəfəng iddialarında yarımhəqiqət də tapa bilmirsən. Biri zabitlərimizi “cəsarətsiz
hərbi başçı” kimi qələmə verməyə çalışır, biri içimizdə xain axtarmağa can
atır, biri 2016-cı il aprel döyüşünün nəticələri barədə Silahlı Qüvvələrin Baş
Qərargah rəisi adından saxta sənədin üzdəniraq yayımına güc verir, biri
gündən-günə artan hərbi qüdrətimizi şübhə altına salmağa cəhd edir, biri də
yalnız müxtəlif istiqamətlərdə mənasız söz oyunu qurur. Siyasi mübarizəni küçə
söyüşü həddində aparanlardan isə heç danışılası deyil. Daim həyasız bir şəkildə
səs qaldırırlar ki, ordumuz niyə hücuma keçmir və bu susqunluqda hərbi
rəhbərlərimizi təqsirli sayırlar. Əlbəttə, bu mənasız çıxışlar siyasi
səbatsızlıqdan başqa bir şey deyil. Onların iç dünyası daim kirlənməkdədir.
Dərk etmirlər ki, yurdunu sevən siyasi qüvvə xalqının qəlbini işıqlandırmağa
borcludur. Əfsus ki, bu mənəvi tələb onların vecinə deyil. Yalnız xalqın
qəlbinə qaranlıq kimi çökməyə can atırlar və dərk etmirlər ki, bu hədyan və
tərbiyəsiz əməllər, nankor münasibət onların ömürlük məğlubiyyəti deməkdir.
Cənab nazirimiz onlara cavab olaraq yetkin və çox lakonik bir fikir
söyləmişdir: "Azərbaycan
xalqı Ordumuzun qələbəsini gözləyir. Lakin müharibəni hərbçilər başlamır, hərbçilər
icraçıdırlar"... Həmçinin qeyd edir ki, beynəlxalq vəziyyət bizə müharibəyə
başlamağa imkan vermir. Bu münasibət, bu real mövqe obyektiv siyasi şəraitin
diktəsidir. Düzdür, ürəyimizcə deyil, amma siyasi səhvlərə yol vermək bizə
yaraşmaz. Biz həm beynəlxalq hüququn haqqımıza
real dəstək verməsinə, həm də gözgörəsi siyasi haqsızlığın – ikili
standartların son çatmasına nail olmalıyıq. Ehtimal ki, hədəfimizə çatmağa az
qalmışdır. Bu istiqamətdə qələbə təmin edildikdən sonra döyüş meydanında
qələbəni Azərbaycan Ordusu mütləq təmin edəcəkdir. Həmin qeyri-bəşəri haqsızlıq
bitəndə işğalçı ölkə də öz haqlı cavabını alacaqdır.
Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində
genişmiqyaslı işlərin görüldüyünü real faktlar əsasında sübutlandıran Zakir
Həsənov inamla belə demişdir: "Bilirsiniz ki, döyüş hazırlığının əsas
hissəsi şəxsi heyətin, hissə və birləşmələrin səhra bacarığının artırılmasıdır.
Biz tez-tez irimiqyaslı təlimlər keçiririk, müasir təlim mərkəzləri qurmuşuq.
Təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə, gecə və gündüz, ilin bütün
fəsillərində keçirilir. Biz gündən-günə daha böyük hissə və birləşmələri bu təlimlərə
cəlb edirik. Bir neçə il əvvəl Azərbaycan Ordusu işğal altındakı ərazilərimizdə
yerləşən düşmən ordusunun birləşmələrinə böyük zərbə vurdu. 2016-cı ildəki
əməliyyatların əsas nəticəsi o oldu ki, Azərbaycan Ordusunun kiçik bir hissəsi
3-4 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Nəticədə ermənilər məcbur
olub atəşkəs üçün müraciət etdilər”. Müdafiə naziri yeri gəlmişkən xüsusi
olaraq bəyan etdi ki, “2019-cu ildə əsas istiqamətlərdən biri ordunun idarə
olunmasının təkmilləşdirilməsidir. Burada əsas vəzifə bütün hissə və
birləşmələrin fasiləsiz, məxfi, operativ şəkildə idarə olunmasıdır. İndi bütün
dünyada bu məsələyə çox ciddi fikir verilir. Ən müasir texnika
bu işlərə cəlb edilir, müasir komanda-idarəetmə sistemi qurulur. Biz artıq
hərbi hissələrimizi real vaxt rejimində, avtomatlaşdırılmış idarəetmə
sistemləri vasitəsilə idarə edirik. Biz tabora uzaq məsafədən real vaxt
rejimində idarəetmə tətbiqinə nail olmuşuq. Ali Baş Komandan bu məsələlərə çox
ciddi fikir verir və biz tezliklə bu məsələni də həll edəcəyik. Azərbaycan
Ordusu aparıcı dövlətlərin təcrübəsindən və texnikalarından istifadə edərək bu
məsələnin həllini böyük dərəcədə təmin edib. Kibertəhlükəsizlik və
radioelektron mübarizə sahəsi də daim diqqətdə saxlanılır. Aparıcı dövlətlərin təcrübəsindən
və texnikalarından istifadə olunaraq bu məsələ də həllini tapıb”.
Keçmiş hərbçi və müharibə veteranı olaraq mən də açıq
etiraf edirəm ki, kibertəhlükəsizlik və radioelektron mübarizə sahəsi həqiqətən
ordumuzun yaranışının ilk dövründə ən yaralı yerimiz sayılırdı. Düzdür, ordu
quruculuğumuzun əvvəlində sosial şəbəkə deyilən bir informasiya düşərgəsi yox
dərəcəsində idi. Amma bitib-tükənməyən dedi-qodular, sosial ajiotaj yaradan
şayiələr hərbi əməliyyatlarımızın gedişinə əngəl olur, torpaqlarımızın işğalı
ilə əlaqədar geniş mənəvi tənəzzül ovqatı yaradırdı. O zaman gənc dövlətimiz
düşmənə qarşı informasiya mübarizəsini yetərincə yerinə yetirə bilmirdi. Bəzən
düşmənin söz hiyləsi fonunda öz-özümüzü xain erməni gözündə görürdük. Bunlar
keçmiş döyüşçülərimizə yaxşı bəllidir. Bu gün isə həm xüsusi kəşfiyyat
orqanlarımız, həm də ordumuzun özü bu istiqamətdə təkmil addımlar atırlar.
Hiyləgərliyi ana südündən qazanmış ultraşovinist daşnaklar adi bir yalanı da
işə keçirə bilmirlər. Hər bir informasiya həmləsinin qarşısı yerindəcə kəsilir,
yalan dillər susdurulur.
Nəhayət, söhbəti peşəkarlıq faktı üzərində tamamlamaq
istəyirəm. Bu gün bizim tabor komandirimiz 1992-ci ildə olduğu kimi taksi
sürücüsü deyil, yaxud əsgərimiz küçədən zorla tutularaq səngərə salınmır.
Ordumuz siyasi qüvvələrin oyuncağı rolunda çıxış etmir. Vahid komandanlıq
mütəşəkkil və fasiləsiz fəaliyyətimizin əsas zəmanətidir. Azərbaycan Ordusunun
şəxsi heyətinin 80 faizinin peşəkar hərbçilərdən ibarət olduğunu vurğulayan
cənab nazirimiz qürur dolu hisslərlə deyir ki, "bu gün orduda döyüş
qabiliyyətini müəyyən edən vəzifələrdə peşəkar hərbçilər xidmət edirlər.
Tankların, zirehli döyüş maşınlarının, artilleriya vasitələrinin, gəmilərin,
hava hücumundan müdafiə texnikalarının heyətləri, sürücülər orduda müqavilə
əsasında xidmət edirlər. Artıq onlar öz sahələrində kifayət qədər
peşəkardırlar. Müddətli hərbi xidmət keçən əsgərlər isə yalnız atıcı
vəzifələrində xidmət edirlər”. Yəni qoşunlarımızda naşı adam yoxdur. Hərə öz
cavabdehliyini layiqincə anlayır və daşıyır. Yəni döyüşçülərimiz söz güləşdirən
yox, əsl əməl sahibidirlər. Ordunun yurd amalı yüksək, xidməti müqəddəsdir.
İnşallah, qələbə vədimiz də öz zamanında gerçəkləşəcəkdir!

Комментарии
Отправить комментарий