BLOQ HAQQINDA


ORDU XALQIN NAMUSKARI, XALQIMIZ İSƏ
ORDUNUN ARXADAŞI VƏ TƏƏSSÜBKEŞİDİR!
      

        Hərəmiz bu fani dünyada bir ömür yaşayırıq. Ya mənalı, ya da mənasız ötüb-keçsə də, rəngarəng yaşam tariximiz hər gün müəyyən səbəblər üzündən bəzən tam, bəzən alayarımçıq yazılır, bəzən də heç yazılmır. Söz yox ki, ölüm tariximiz uca Allahımızdan savayı kiməsə bəlli deyil. Milli mənəvi qanunlarımıza görə varlığımızın pozulmaz şərtlərindən biri ana yurdumuzla bağlıdır. Biz daim Vətənə gərəkliyik, Vətən də dəyərli əməllərimizə görə bizə arxalanır. Böyük vətənpərvər şairimiz Xəlil Rza Ulutürk demişkən, vətəndaş olmasa boş şeydir Vətən! Sanki beşgünlük, ongünlük güney qarıdır. Vətən məfhumunun özəyi isə onun vüqarlı oğullarıdır! Bu mərd oğullarımız bu gün bizim ordumuzda təmsil edilir. Azərbaycan Ordusu bizim güvənc yerimizdir. Silahlı Qüvvələrimiz gecəli-gündüzlü bizi düşməndən qorumaqdadır. Ordu xalqın namuskarı, xalqımız isə ordunun arxadaşı və təəssübkeşidir!
        Kim doğma yurduna vurulan yaranı öz ürəyinin dərinliklərində hiss etmirsə, demək, vətəndaş deyil. Kim öz ordusunun layiqli əsgəri olmaq istəmirsə, ona vətəndaş deyə bilərikmi?! Əlbəttə, yox!... Vətən sevgisi virtual gündəlik-səhifədə açıqlamaq istədiyim dərdlərin əsl dərmanıdır. Kimin vətən sevgisi yoxdursa, ona sağlam ürək sahibi kimi baxmaq mümkün sayıla bilməz. Ümumən desək, sevgisi olmayanlar mənəvi xəstələr sırasında addımlayırlar. Bu səbəbdəndir ki, “yurddaşlıq” adı altında internetdə açdığım virtual gündəlik-səhifəyə də yazdığım epiqaf məhz bizə xüsusi zövq verən vətən sevgisi ilə bağlıdır: “Vətən sevgisi bol olan məmləkətin ürəyi az həyəcan yaşayar”. Gündəlik-səhifəmizin əsas ideya xəttini məhz bu mövzu üzərində qurmuşam.
         Sual oluna bilər: Mən nə üçün yalnız yurddaşlığı hədəf seçmişəm? Qısa cavabım budur: uludan ulu Qarabağ dərdimizdən xilas olmayınca, xalqımızın yaralı yerinə çevrilən bu işğal söhbəti bitən deyil. Bir də ki, keşməkeşli Qarabağ savaşının hər üzünü görmüş bir döyüşçü veteran kimi mən  müqəddəs vətənçilik əməllərini təbliğ və təşviq etməyi şəxsi həyatımın başlıca missiyası hesab edirəm. Ordusevərlik bizim əsas qayəmizdir. Son nəfəsimizədək ölkəmizin işğal dərdini yox etməyə and içmiş Silahlı Qüvvələrimizin mənəvi dayaq qüvvəsi kimi çıxış edəcək və bu müqəddəs yolda əlimizdən gələni əsirgəməyəcəyik!
        Dövri mətbuatda mənim imzamı tanıyanlar az deyil. Təbii ki, onların əksəriyyəti veteran döyüşçülərdir. Hər ehtimala qarşı olaraq özüm barədə internet istifadəçilərinə qısaca məlumat vermək istəyirəm. Mən ulu Nizami yurdu Gəncənin yetirməsiyəm. Peşəkar hərbi jurnalistəm. Hazırda ehtiyatda olan polkovnik-leytenant rütbəli zabit kimi mənalı veteran həyatı yaşayıram.  20 il Azərbaycan Respublikasının  Silahlı Qüvvələrində  həqiqi hərbi xidmətdə olmuşam. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin 1985-ci il məzunuyam. 35 illik  jurnalistik təcrübəm var və dəyərli yaradıcı həyatım fasiləsiz davam etməkdədir. “Oğuz yurdu”, “Gəncənin səsi” və “Millət” qəzetlərində müxbir işləmişəm. Ordumuzun ilk təməl daşını qoyan 701 saylı hərbi hissənin tərkibində Murovdağ, Kəlbəcər, Füzuli, Ağdam və Tərtər döyüş zonalarında erməni işğalçılarına qarşı hərbi əməliyyatlarda iştirak etmişəm. 10 il Müdafiə Nazirliyinin orqanı olan “Azərbaycan Ordusu” qəzetinin  Ağdam-Murovdağ döyüş zonası üzrə müxbiri, Silahlı Qüvvələrin qoşun növləri şöbəsinin hərbi müxbiri və hərbi publisistika bölməsinin rəisi vəzifələrində nümunəvi xidmət göstərmişəm. 9 il  Müdafiə Nazirliyinin orqanı olan “Hərbi bilik” jurnalının baş redaktoru olmuşam. İki kitab müəllifiyəm. “Hərbi əxlaqın dəyəri” adlı üçüncü kitabım çap mərhələsindədir.
        Hərbi jurnalist kimi bir-birindən maraqlı və təsirli döyüş reportajları yazmış, milli hərb tariximizi, xalqımızın qəhrəmanlıq salnaməsini özündə parlaq əks etdirən oçerk, məqalə, zarisovka və korrespondensiyalar hazırlamışam. Dəyərli səngər yazılarıma görə Azərbaycan Respublikası Mətbuat fondunun “Dan ulduzu” mükafatına layiq görülmüşəm. Milli Mətbuatın 141-ci ildönümü münasibəti ilə dövri mətbuatda tanınmış qələm sahibi və cəsarətli jurnalist olduğuma görə “Qafqaz – Media” İctimai Birliyinin təsis etdiyi “Ustad jurnalist”  və “Cəsur döyüşçü” diplomları ilə təltif edilmişəm. Ölkədə hərbi vətənpərvərlik ideyalarının təbliğində fəallıq göstərdiyimə görə mənə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr  Veteranları Təşkilatı tərəfindən “General Həzi Aslanov” və ”Səməd Mehmandarov” medalları verilmişdir. Ümummilli liderimiz Heydər Əliyevə həsr edilmiş çoxseriyalı televiziya filminin yaradıcı heyətinin fəal üzvlərindən biri olmuşam. “İlk briqadanın ibrətli döyüş dərsləri” adlı kitabım Azərbaycan Mətbuat Şurasının fəxri diplomuna layiq görülmüşdür.
         Bu ilk müraciətimdə Sizə bəyan etdiyim nurlu ideyalar heç vaxt sönən deyil. Çünki o ideyalar mübariz ruhlu Azərbaycan xalqının müdafiəsi ilə bağlı ideyalardır. Əminəm ki, Sizin gözləriniz, mənim isə yurd sevgili qələmim işıq sarıdan korluq çəkməyəcək!...

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”