ŞƏHİD RUHUNA TOXUNAN BƏD ƏMƏL BAĞIŞLANILMAZ SƏHVDİR

 



Fikir söyləmək hər kəsin haqqıdır. Kim necə düşünürsə, necə görürsə, necə anlayırsa, o sayaq da əqli mövqeyini, şəxsi qənaətini ortaya qoyur. Həqiqətən keçmişdə indiki qədər fikir bolluğu görməmişik. Çünki uzun illər yarımac, yarımtox yaşadığımız sovet güzəranının dəyişməz və pozulmaz qaydaları vardı, dövlətin qoyduğu fikir qəliblərindən kənara çıxa bilməzdin. Süni demokartik normaları, əmranə verilən Moskva göstərişlərini formal məmnunluqla ödəyir, gerçək ürək sözlərini yalnız xəlvətdə kiməsə deyib mənəvi toxtaqlıq tapırdıq. İndi xoşumuza gəlsə də, gəlməsə də, demokratiyanın şitini çıxarmışıq. Kimi çəkinmədən haqq yolunu seçir, ilahi ədaləti qorumaq məqsədilə qan tökməkdən qorxmur, kimi rəy verərkən həddindən artıq bayağı görünür, kimi öz mənafeyi naminə həddini aşır, kimi də öz şəxsi münasibətini itirməmək üçün ifrata varır. Sosial şəbəkə vasitəsilə sanki fikir selinə qərq olur, təzadlı diskusiyalarda boğuluruq. Haqqın müdafiəsinə sevinir, ədalətsiz çıxışlardan isə bezirik.

Bəzən deyilir ki, fikirlər silahlardan daha güclü olur. Məncə, bu, mütləq sayıla bilməz. Hər mübarizə yolunun öz çarpışma standartı var. Hərtərəfli və köklü dayaqları olan mübarizə daha üstün nəticələr verir. Necə ki, erməni faşizminə qarşı apardığımız qanlı-qadalı döyüşlərdə qəsbkar düşməndən həm silah qarşıdurmasında, həm də fikir davasında güclü olduq. Fasiləsiz əks-hücumlarımızda modern səviyyədə yaratdığımız top, mərmi, mina yağışında daşnak cəmdəkləri leş-leşə qalandı. Bir gün də dayanmadıq. Bəzi müasir döyüş vasitələrimizin dağıdıcı gücü altında gəbərən erməni əsgərlərinin cəsədləri yanaraq külə döndü və öz övladının ölüsünə də sahib ola bilməyən erməni anaları ağlar qaldılar. Beynəlxalq müstəvidə isə müdrik Prezidentimiz İlham Əliyev öz  kəskin və ədalətli çıxışları ilə erməni havadarlarını tam susdura bildi. Bizim əsaslı və düzgün tarixi həqiqətlərə söykənən mövqeyimiz və ədalətli mübarizəmiz hamını heyran etdi. Hətta bir vaxtlar bizim haqlı sözümüzə yox, saxta erməni sicilləmələrinə inanan bəzi beynəlxalq qüvvələr də öz səhvini dərk etdilər. Məncə, söz davasında qalib çıxmağımızın, habelə müəyyən məqamlarda ehtimal edilən ürəkbulandırma hallarının yox olmasının ən mühüm bir səbəbi dövlətimiz tərəfindən yaradılan sosial şəbəkə məhdudluğu oldu. Yoxsa düşmənin əyri-üyrü yollarla yaratdığı sözatımı epizodları qürurlu ovqatımıza iyrənc xələl gətirə bilərdi.

Əfsus ki, bu gün vüsətlənən qələbə sevinclərimizi gözü götürməyən düşmən yenə öz fitnəkarlıq peşəsindən əl çəkmək istəmir. Sosial şəbəkədə müxtəlif biçimli daşnak iftirası qaynamaqdadır. Xain qonşumuzun eybəcər təzahürləri ilə hər gün üzləşirik. Bəzən buraxdığımız səhvin necə son nəticə verəcəyini bilmədən həmin nalayiq hərəkətlərin yaranmasına fürsət qazandırırıq. Məsələn, Qaradağ rayonu Xocasən-Lökbatan yolunun üzərində yerləşən qəbiristanlıqda narazılığa səbəb olan şəhid məzarlığı ilə bağlı xoşagəlməz söz-söhbətlər artıq düşmənin bizə qarşı söz silahına çevrilib. Bu barədə videogörüntüləri paylaşaraq bizə mənəvi zərbə vurmağa cəhd edən üzdəniraq daşnaklar hər cür pozucu fikirlər yozurlar. Əlbəttə, çox utandırıcıdır. Sinə daşlarının üzərinə qrunt suyunun yığılması, müqəddəs şəhid ruhuna toxunan qeyri-münasib şərait təkcə şəhid ailələrində deyil, hamıda incik doğurmuşdur.

 Öncə onu deyim ki, şəhid dəfninin 2-ci Fəxri Xiyabanda deyil, münasib sayılmayan bir yerdə həyata keçirilməsi əvvəlcədən səhv düşünülüb. Əksər dünya ölkələrində, o cümlədən qardaş Türkiyədə şəhid məzarlığına aid gözəl nümunələri biz də yaratmışıq. Axı, bizim özümüz də fərqli nümunə sahibiyik. Unutmayaq ki, şəhid ruhuna toxunan bəd əməl bağışlanılmaz səhvdir...

       İndi real problem ondan ibarətdir ki, həmin məzarlıqda uyuyan 18 şəhidin valideynləri qəbirlərin köçürülməsini istəyirlər. Rəsmi verilən məlumata görə yaranmış narazılığın aradan qaldırılması üçün şəhid ailələri ilə görüş keçirilib və incik fikirlər tam dinlənilib. Müqəddəs məkan sayılan ərazinin abadlaşdırılması və münasib bir guşənin yaradılması üçün artıq plan da hazırdır. Həmçinin həmin şəhid qəbirlərinin 2-ci Fəxri Xiyabana köçürülməsi də təklif edilir. Söz yox ki, şəhid ailələrinin gileyi ilahi bir gileydir. Şəhid ruhuna iynənin ucu qədər də qara xal salmaq böyük günah sayılır. Sözügedən məzarlıqda təbii axarla meydana gələn o ürəkdağlayıcı qəbir abadsızlığı ya təcili aradan qaldırılmalı, ya da verilən təkliflər dərhal həyata keçirilməlidir.  

        Yaxşı ki, şəhidlərimizlə bağlı açıqladığım bu fakt bir istisna xarakterli faktdır. Bizə erməni işğalçıları üzərində şanlı qələbə sevinci bəxş edən igid oğullarımıza, sağlamlığını itirən qazilərimizə, şirin canından keçən şəhidlərimizə xalqımız tərəfindən göstərilən dərin hörmət və sayğı həqiqətən çox güclü mənəvi ruh yaradır. Yaxşı anlayırıq ki, ana vətənimizin azadlığı uğrunda şəhid olan cəsur qardaşlarımız bizdən ötrü ölü sayılmır. Hər iki dünyada şəhidlər əziz tutulur. Onların şəhadəti bizim baş ucalığımızdır. Yekəxanalıqla qürurumuzu çeynəyən faşist erməni dığalarını qanına qəltan edərək yüksək yurd amallarımız uğrunda canını fəda edənlər həmişə bizim qəlbimizdə yad edilməkdədir.

1992-93-cü illərdə çox olmasa da, əksər şəhər və rayonlarımızda bəzən yaşayış qəsəbəsinin bir küçəsinin başında şəhid yas mərasimi, aşağı hissəsində isə toy ziyafəti qurulurdu. Toy təntənəsinin əks-sədası yas məclisində oturan qohum-əqrəbanın, habelə şəhid ailəsinə başsağlığı verməyə gələnlərin qəlbinə yaman toxunurdu. Bir dəfə mən dözməyərək toy sahibinə öz etirazımı bildirdim. Aldığım cavab məni məyus etdi. Dedilər ki, toy və yas bir-birinə qardaşdır, həyatımızı poza bilmərik. Bu biganə sözləri qəbul edə bilmədim. Nə yaxşı ki, şəhid mərasiminin necə müqəddəs və ümumi məna daşıdığını, adi ölü yığnağı ilə fərqini qısaca izah etdikdən sonra onlar susdular.

 Bu gün o məyusedici hallara təsadüf etmirik. Bir neçə həftə əvvəl Zəngilan bölgəsində daşnak minasına tuş gələrək şəhid olmuş zabitimiz Sərxan Muxtarovun cənazəsinin Gəncədə yaşayan ailəsinə necə yüksək ehtiram hissləri ilə gətirilməsinin şahidi olmuşam. Xəbəri eşidən gəncəlilər gecəni yatmamışdılar. Cənazənin maşın karvanı xalqımız tərəfindən böyük sayğı ilə müşayiət edilir, qürur dolu bir ovqatla bir ağızdan rəhmət oxunurdu. Dəfn günü Gəncənin Fəxri Xiyabanında xüsusi şərəf doğuran sayda o qədər ziyarətçi vardı ki, necə deyərlər, iynə atsaydın yerə düşməzdi. Təkcə dəhşətli daxili yanğı hissləri keçirən şəhid anası Çimnaz xanım övlad harayı salmırdı, bütün analar onun sarsıdıcı harayına doğma və yanımcıl səs qatırdı. Aləmə yayılan ana ah-naləsi sanki məzarlığı titrədirdi.

Ölkəmizdə pandemiya şəraitinin məhdudiyyəti hökm sürsə də, hörmət əlaməti olaraq şəhid mərasimi üçün iri həcmli bir çadır qurulmuşdu. Pandemiya tələblərinə ciddi əməl edərək hamı doğma yurdumuzun azadlığı naminə oğlunu qurban verən ata-anaya ürək-dirək verməyə gəlirdi. Çadır fasiləsiz olaraq səhərdən axşamacan dolub-boşalırdı. Əza pulu verilərkən rastlaşdığım bir məqam ruhumu yaman təzələdi, qəlbimə fərəh doldu. Bir orta yaşlı kişi əza dəftərinə öz ad və soyadını yox, yalnız “Allah bəndəsi” yazdırmağı xahiş edirdi. Sonra məlum oldu ki, şəhid ailəsinə imkanı çatdığı qədər bu sayaq maddi dayaq verənlər az deyilmiş. 

1-ci Qarabağ savaşımızda kifayət qədər ağrılar çəkmiş, məşəqqətli günlər yaşamış və müxtəlif səngər sınaqlarından keçmişəm. Yalnız ordu həyatından yazmışam, igid silahdaşlarımızın qəhrəmanlıq tarixini qələmə almışam. 36 illik jurnalistik fəaliyyətimin, demək olar ki, 28 ili hərbçiliklə bağlıdır. Yəni mən siyasiləşən söz adamı deyiləm. Daimi mövqeyim vətənçilikdir. Hər bir yazımda ordumuzu, milli dövlətçiliyimizi müdafiə etmişəm.

Şadam ki, uzun illər çəkdiyimiz zəhmət itmədi. Ordumuz basılmaz güc sahibi oldu, dövlətimiz tükənməz iqtisadi potensial sahibi olaraq beynəlxalq nüfuz və qüvvə sarıdan öncül bir mövqeyə çıxdı. O cümlədən geniş miqyaslı gerçək fəxarət təntənəsi yaşadıq, habelə yəqin etdik ki, xalqımız üçün şəhidlərin xüsusi bir dəyəri var. Şəhidlik olmadan vətən ayaq üstündə dura bilməz. Şəhid cənnət sakinidir. Onlar Allah dərgahında nüfuzlu bir mərtəbədə qərar tutur, qəm-qüssə çəkmir, dərdsiz ömür sürürlər. Biz  şəhidlərimizə mənən çox borcluyuq.  Onlar bizə işğal dərdini unutdurdu, həyat tariximizdə igidlik və milli birlik rəmzinə çevrildi. Hər bir yurdaşımız Allah rizası üçün bir-birinə sevgi bəslədi, milli dövlətçiliyimizin davamlı zəmanətinə birgə dəstək oldu...

                        

                              İbrahim MƏSİMOĞLU

müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

 

 

 

 

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”