“ERMƏNİSTAN ORDUSU HEÇ VAXT ŞƏRƏFLİ QƏLƏBƏ SAHİBİ OLMAYIB...”

 

                          


Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlu ilə müsahibə

-  İbrahim müəllim, Sizin imza oxucularımıza yaxşı bəllidir. Fəal hərbi jurnalist kimi vaxtaşırı öz sözünüzü deyir və hərbi vətənpərvərlik işinə davamlı olaraq gərəkli məsləhət və xüsusi töhfələr verirsiniz.

- Ürəkdən gələn söz həmişə ürəklərə yol tapır. Yurd sevgili fikirlər isə daha çox könül oxşayır, nikbin ovqat yaradır, möhkəm mənəvi təməllər qoyur. Söz yox ki, Azərbaycan xalqının ulu mərd əcdadlarından irs yolu ilə ötürülən vətənpərvərlik duyğuları heç vaxt sönən deyil. Necə ki, zatıqırıq qonşumuzun xəyanəti ucbatından Qarabağ azarına tutulduq, amma tam üzülmədik, büsbütün ölmədik. İşğal dərdi bizdən ötrü azarlıq oldu, lakin bezarlıq olmadı. Super güclərin təsiri altında bizi mənən sındıra bilmədilər. Hər cür təyziqlərə rəğmən bir olduq, iri olduq, diri olduq. İldən-ilə öz hərbi potensialını gücləndirən, daha modern silahlara sahib olan  ordumuz inkişafın elə bir həddinə yüksəldi ki, düşmən onun qarşısında duruş gətirə bilmədi, az bir müddət ərzində qurduğu siçovul yuvalarına bənzər istehkamlarda diz çökdü. Fasiləsiz əks-hücumlarımız nəticəsində Ermənistan ordusunda döyüş effektivliyi minimum bir həddə salındı. Azğın işğalçılara qarşı apardığımız hərbi  əməliyyatlarında çox ağıllı hesablama və konkret şərait üçün elə bir unikal strategiya tətbiq etdik ki, 44 günlük müharibədə müzəffər ordumuz 5 min kvad­rat kilometrə yaxın ərazini işğaldan azad etdi. Necə gəldi ağız yırtaraq lovğalıqla bəyan edilən “Ohanyan xətti”  faşist dığaların ölün xəttinə çevrildi. Ermənilərin “yenilməz ordu” mifinə elə qurd saldıq ki, onun cəfəng ideyaları qısa zaman dönəmində çürüyüb yoxa çıxdı.  Mühüm iqlim amili, müxtəlif coğrafi şərtləri, dığa təffəkkürünə sığmayan yeni fövqəladə situasiyaları qabaqcadan nəzərə alan yenilməz ordumuz nadir hərbi-taktiki cəhətləri ilə fərqlənən uğurlu Şuşa döyüşümüzü dünya hərb tarixinə qızıl hərflərlə yazdı. İşğalı əbədi etmək xülyası ilə yaşayan Ermənistan barədə müzəffər ordumuzun müdrik Ali Baş Komandanı İlham Əliyevin dediyi fikirlər çox kəsərli səslənir: “Əgər Azərbaycan Ermənistanı döyüş meydanında məğlub etməsəydi, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıx­mayacaqdı. Bunu deməyə əsas verən bir çox amillər var. İlk növbədə, o bölgələrdə – işğal edilmiş torpaqlarda qurulmuş istehkamlar, oraya böyük vəsait xərclənib. O istehkamlar elə qurulub ki, Azərbaycan Ordusu oradan keçə bilməsin. Ona görə onlar bu istehkamları qurarkən və eyni zamanda, digər ad­dımlar atarkən, bir məqsədi güdürdülər ki, bu işğalı əbədi etsinlər”.

- Bilirik ki, ordumuzun zəfər yürüşünə könüllü olaraq 1-ci Qarabağ müharibəsinin təcrübəli iştirakçıları da cəlb edilmişdi və verilən məlumatlara görə onların savaş səriştəsi gənc döyüşçülərimizə möhkəm dayaq vermişdir.

-  Öncə onu deyim ki, erməni işğalçılarına qarşı ordumuzun uğurlu əks-hücumu başlayan gün respublikamızın veteran təşkilatları birgə təşəbbüs göstərərək koordinasiya mərkəzi yaratdılar. Mərkəzə gərəkli təşkilatçılıq keyfiyyətləri ilə seçilən ehtiyatda olan polkovnik Əzizağa Qənizadə rəhbərlik edirdi. Ölkəmizin müdafiəsi ilə bağlı vətənpərvər ictimai həyatımızda geniş vüsət alan bu mühüm yurdsevərlik fəaliyyətinə mən də qoşuldum. Mərkəzin mətbuat katibi kimi üzərimə düşən tapşırıqları layiqincə yerinə yetirdim. Demək olar ki, 1-ci Qarabağ müharibəsi veteranlarının əksəriyyəti aparılan hərbi əməliyyatlara səfərbər olunmaq niyyətində idi. Lakin səhhəti nasaz olduğuna, hərbi xidmətə çağırış yaşı xeyli ötdüyünə görə  onların bir qismi səfərbərliyə cəlb edilmədi. Yəni könüllülük prinsipi yüksək dəyərləndirilsə də, mövcud qanunvericilik sənədlərinin tələbləri nəzərə alındı. Buna baxmayaraq təxminən 200 nəfərə qədər veteranımız geri çəkilmədi. Onların könüllü müraciətini nəzərə alaraq Koordinasiya Mərkəzimiz adından möhtərəm Ali Baş Komandanımız İlham Əliyevə rəsmi müraciət etdik ki, istisna hal kimi onların səfərbərliyə alınması barədə müvafiq göstəriş verilsin. Düzdür, peşəkar kadr sarıdan ordumuzun heç bir problemi yox idi. Sadəcə olaraq keçmiş döyüşçülərdə mənəvi ruh, uğurlu Qarabağ savaşında şəxsən iştirak etmək sevdası yaman kükrəyirdi. Hər bir cəsur vətən oğlu “Dəmir yumruq” əməliyyatında öz yumruğunu görmək istəyirdi. Düşməndən qisas almağa can atan veteranlarımızın bir qismi o qürurlu anları şəxsən yaşaya bildi. Belə ki, ağır şəraitdə həyata keçirilən döyüşlərdə, hərbi-taktiki cəhətdən yaxşı düşünülmüş həmlələrdə öz şəxsi məsləhətlərini verməklə yanaşı ön atəş xəttində sıradan çıxan döyüş texnikalarımızın təmir-bərpa işlərində yaxından iştirak etdilər.

-  Fasiləsiz əsk-hücumlarımızdan, qəfil həmlələrimizdən bağrı yarılan düşmən tərəf bizim mənəvi ruh yüksəkliyimizi, üstün hərbi göstəricilərimizi sosial şəbəkədə kölgə altına almağa can atırdılar, amma bütün cəhdlər boşuna çıxdı.

- Həqiqətən bizdə döyüşçü olmaq istəyənlərin sayı hədsiz dərəcəyə çatmışdı, düşmən tərəfində isə fərarilik tüğyan edirdi. Güclü zərbələrimiz altında çıxış yolu tapa bilməyən erməni generalları, separatçı rejimin məmurları ön xətdən qaçırdılar. Səfərbərlik işi zorla icra edilir, bəzən döyüşdən qaçan qorxaq dığalar üzərində məcburən feodal cəza tədbirləri görülürdü. Hərbi komandanlıq yalan əsaslı təbliğat işi qursa da, Ermənistanın bəzi media qurumları ordudaxili neqativ halları və ölüm faktlarını gizlətmirdi. Sosial şəbəkələrdə və açıq mənbələrdə yayılan məlumatların təhlili göstərir ki, döyüşə göndərməyə kişi tapmayan Ermənistan hökuməti qadın taboru yaratmışdı. Əslində isə bu tabor xaricdən gətirilən muzdlu döyüşçülərin marağı üçün təşkil edilmişdi. Ordudaxili münasibətlərdə hərbi-əxlaqi normalar heçə endirilmişdi. İtkilərin yerini doldurmaq məqsədilə yeni gətirilən əsgərə hərbi geyim də verə bilmirdilər. Yeri gəlmişkən Ermənistan mediasında yayılan növbəti qalmaqallı bir məlumata istinad etmək istəyirəm. Xəbər verilir ki, müharibədə iştirak etmiş erməni əsgər Aşot Avagyanın ordu təminatı ilə bağlı bir açıqlaması öz ölkəsini tamam biabır edib. O deyir ki, atəşkəsdən 1 həftə sonra evə qayıdaraq hərbi komissarlıqdan hərbi biletimi götürməyə gedəndə  müharibəyə getdiyim zaman verilən bel çantası, yorğan, dəsmal və sair lazımi əşyaların pulunu istədilər və cəmi 15334 dram ödədim. Sən demə, əsgərlərə verdikləri ləvazimatları əslində əsgərə satırmışlar. Bu cür gerçək faktlar sübut edir ki, Ermənistan ordusu heç vaxt şərəfli qələbə sahibi olmayıb. Öz mənliyini ayaqlar altına salaraq özgələrin gücü, təmənnalı dəstəyi ilə qabağa çıxıblar. Silah arsenalı ianələr hesabına formalaşan dövlət necə hünər sahibi ola bilər?!

- Bu həqiqətləri şanlı ordumuz döyüş meydanında hərtərəfli təsdiqlədi. Cəsur hərbçilərimiz dünya hərb tarixində görünməmiş igidlik nümunələri göstərdilər.

 - Məni çox qürurlandıran o nümunələrdən birini xatırlatmaq istəyirəm. Həm də məqsədim 1-ci Qarabağ savaşımızda baş vermiş bəzi oxşar qəhrəmanlıq hadisələrinə işıq salmaqdır. Sinəsini düşmən tərəfindən atılmış əl qumbarasının üstünə sıxaraq 10 nəfər döyüşçü yoldaşını xilas edən şir ürəkli, polad iradəli, cəsur əsgərimiz Tərlan Həsənov bizim fəxredici hisslərimizi coşa gətirən yüzlərlə igidlərimizdən biridir. Bu mərd hərəkətinə görə döyüş yoldaşları Şəkinin Baş Zəyzid kəndində anadan olmuş 23 yaşlı bu igidimizi "Qumbara Tərlan"  deyə səsləyirlər. O, real bir təhlükəni bir neçə saniyə ərzində yox edərək silahdaşlarının ölməz xilaskarına çevrilmişdi. Çox öyünc verən bir şücaətdir. Bu fədakarlığı yalnız biz edə bilərdik. Kəskin partlayışdan sonra Tərlan bir neçə saat huşsuz vəziyyətdə qalıb. Silahdaşları dərin həyəcan çəkərək onun şəhid olduğunu düşünüblər. Xoşbəxtlikdən zirehli gödəkçə və sinəsində olan rabitə aparatı onu ölümdən xilas edib. Qaşından yara alan bu igidimiz onu təxliyə etmək istəyən komandirə “məni qəhrəmanlıq etməkdən məhrum etməyin” deyərək yenə döyüşlərə atılıb. Bu qəhrəmanlığın oxşarını biz 1-ci Qarabağ savaşında da görmüşük. Xidmət etdiyim 701 saylı hərbi hissədə istehkamçı sıravi əsgər İlham İsmayılovu öz adı ilə çağırmırdılar. Onu görkəminə, şirin danışığına görə “Ponçik” deyə səsləyirdilər. İstehkamçılığa yaman yiyələnmişdi. Ən çətin əməliyyatın da öhdəsindən gələ bilirdi. Ona görə komandir İlhama xüsusi rəğbət bəsləyirdi. Söz yox ki, Laçın – Kəlbəcər hərbi əməliyyatlarında onlarca düşmən minasının “canını alan”, döyüşçüləri real ölüm tələsindən çıxaran belə əsgəri necə sevməyəsən?! Şəxsi cəsarəti, fədakarlığı ilə neçə-neçə döyüşçü qəlbini ovlayan, hər addımda ölümlə üzbəüz duran bu igidə hamı fəxarətlə salam verirdi. Nəhayət, bir operativ  xəbər gəldi ki, Murovdağ silsiləsinin Ömər aşırımı istiqamətində düşmənin partlatdığı iki minanı tezcə təzələmək lazımdır. Bu tapşırığı alan mühəndis-istehkam bölüyünün komandiri Nazim Seyidov əməliyyatın asan yerdə keçməyəcəyini nəzərə alaraq təcrübəli istehkamçı kimi İlham İsmayılovu göndərmək qərarına gəldi. İlham həmin dəqiqə komandirin daxili gümanlarını üzündən oxudu və inamla cavab verdi ki, cənab komandir, narahatlığa əsas ola bilməz, iki minanı quraşdırmaq nədir ki! Nəisə... hadisə yerində birinci minanı İlham rahat qurdu. İkinci minanı əlinə alarkən sanki ürəyinə elə gəldi ki, nəsə qəza baş verəcək. Həmkarı Elmana bir qədər uzaq durmağı tapşırdı. Elman onun sözünə laqeyd qaldı. Çünki İlhamın qabiliyyətinə bələd idi. Tərslikdən kəşfiyyatçılar da yaxında durmuşdular. İşin son məqamında minanın partlayıcı içliyinin qoruyucu iynələri sözə baxmadı. Sən demə, zavoddan zay çıxıbmış. Xəbərdarlıq səsi çıxdı: “paq”. İlham dönüb axırıncı dəfə həmkarına və kəşfiyyatçılara baxdı və bütün varlığı ilə minanın üstünə uzandı. Minanı döyüş qalxanı kimi canı ilə elə tamam örtdü ki, heç kimə xətər dəyməsin. Amma üç saniyə ərzində İlham dünyasını həmişəlik dəyişdi. Düz 8 nəfər döyüşçünü bir an içərisində ölümdən xilas etdi.

- Həqiqətən eyni əsgər igidliyidir. Bəs, nədən oxşar igidlik timsalında Tərlan sağ qalır, İlham isə şəhidlik zirvəsinə ucalır?

- Bu, ordumuzun inkişaf amili ilə bağlı bir məsələdir. Biz veteranlar ordumuzun hərtərəfli irəliləyişinə canlı şahid olmuşuq. Bizi fərəhləndirən inkişaf pillələrini yüksək şəxsi xidmət göstəricilərimizlə keçmişik və ötən illərlə əlaqədar heç nə unudulmayıb. 1992-93-cü il ordusunun maddi-texniki təminat işlərində bəzən elə çatışmazlıq halları yaşamışıq ki, hərbi əməliyyatlarda müəyyən subyektiv amillər ucbatından bir əvəzinə iki itkiyə məruz qalmışıq. Təxliyə işinin təşkilində rastlaşdığımız ağır hadisələri heç dilə gətirməyə dəyməz. Lakin həmişə nikbin olmuşuq, ümidimizi dəfn etməmişik. Bilmişik ki, ümid görünməyəni görür, duyulmayanı duyur, mümkün olmayanı tədricən mümkün edir. Necə ki, bayaq misal çəkdiyimiz fakt əslində keçmiş tariximizə aid adi fakt deyil. Tərlan da, İlham da yüksək mənəvi dəyərlərə, cəsur xarakterə malik olan igidlərimizdir və onların sayı heç vaxt tükənən deyil. 1-ci Qarabağ savaşımızda bizim zirehli gödəkçəmiz yox idi. Ona görə də İlham sinəsi ilə səkkiz silahdaşını xilas edərkən Tərlan kimi özünü qoruma imkanına malik deyildi. Amma bu gün ordumuz tam şəkildə müasir qorunma vasitələri ilə təchiz edilib və demək olar ki, hər ay yeni bir üstünlük qazanırıq, daim irəliyə doğru gedirik.

- Bizə yaxşı məlumdur ki, siz iki zabit atasısınız. Onlar vətəncanlı ata ənənəsini vətən savaşında necə yaşada bildilər?

- Hər övladda atadan bir nişanə olar. Fərəhlənirəm ki, övladımın ikisi də mən gedən yolu vüqarla gedir. Vətəncanlılıq onlara da xasdır. Böyük oğlum polkovnik-leytenant Babək İsgəndərov hərbi təyyarəçi kimi torpaqlarımızın işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi. Növbəti mükafatı da gözlənilir. Kiçik oğlum kapitan Beyrək İsgəndərov isə vətən müharibəsində iştirak etmək fürsəti qazana bilmədi. O, hazırda Hava Hücumundan Müdafiə Qüvvələrimizin öncül zabiti kimi doğma Türkiyəmizin sayılıb-seçilən ali hərbi təhsil ocağında akademik təhsil alır. Erməni işğalçılarına qarşı döyüşlər başlayanda müvafiq qaydaya uyğun olaraq öz dinləyici zabit yoldaşları ilə birgə müharibədə iştirak etmək məqsədilə yuxarı hərbi komandanlığa müraciət etsələr də, onların şəxsi qərarı məqbul hesab edilmədi və cavab verildi ki, yalnız ehtiyac olduğu halda onlar səfərbərliyə cəlb ediləcək. Tam əminəm ki, Beyrək də məqamı yetişəndə öz müqəddəs borcunu layiqincə yerinə yetirəcəkdir.

- Hansı yaradıcılıq planlarınız var?

- Demək olar ki, “Vüqarlı ömür karvanı” adlı dördüncü kitabım başa çatmaq üzrədir. İndi son redaktə işi aparıram. Bu kitabımı əzəli yurdumuz kimi Qarabağın azadlığı uğrunda gedən qanlı-qadalı döyüşlərdə şərəfli tarix yaşamış Zirehli tank xidmətiin ilk rəisi polkovnik Məmmədov Ramiz Fəsi oğlunun dəyərli hərbi xidmətinə həsr etmişəm. Əlavə edim ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlandırma İdarəsinin tərkibində fəaliyyət göstərən bu mühüm xidmət sahəsinə 1992-1993-cü illərə qədər Müdafiə nazirin silahlandırma üzrə  müavini general-mayor  Baba Nəzərli, daha sonra polkovnik Tofik Əliyev və general-mayor Kazbek Qurbanov rəhbərlik etmişlər. 1998-ci ildən isə Müdafiə nazirinin maddi-texniki təminat üzrə  müavini vəzifəsini icra edən general-mayor Qorxmaz Qarayev Zirehli tank xidmətini yeni inkişaf səviyyəsinə yüksəltmişdir. İndi nə kadr, nə maliyyə, nə də silah, yaxud sursat korluğu çəkilir. Ordumuzun zəfər yürüşündə də bu müvəffəqiyyətlərin real nümunələrini gördük.

-  Bir müharibə veteranı kimi Zəfər paradımızı necə keçirdiniz?

- Həyatda elə əlamətdar tarixlər var ki, hamı tərəfindən ehtiramla qarşılanır. Elə tarix də var ki, dəyərli olsa da, az nəzərəçarpandır. Zəfər paradı o tarixlərin zirvəsidir. Qəhrəman xalqımızın hünər təntənəsini bizlərə yaşadan Zəfər paradı təkcə ehtiram selinə qərq olmadı, həm də bütün azərbaycanlıları mənən əlçatmaz bir ucalığa yüksəltdi. Söz yox ki, qalib döyüşçülərimizin sırasında mən də addımlamaq istəyirdim. Bu istək hər bir yurd savaşçısının təbii bir istəyidir. Əfsus ki, qəbul edilən parad standartları bu mənəvi tələbləri həmişə yetərincə ödəmək imkanına malik olmur. Amma Zəfər paradımızı canlı izlədikcə özümü o qüdrətli qardaş və mərd balalarımızın yanında hiss edirdim. Səmimi demək istəyirəm. 1-ci Qarabağ müharibəsində səngər dünyasının hər ağrı-acısını yaşayan zaman çəkdiyim həyəcan hissləri indiki qədər coşqun deyildi. Dərindən anladım ki, döyüşçünün özündən çox onu düşünən, ondan ötrü narahat olan kəslər hədsiz təşviş içində gün keçirirlər. 44 günlük rəşadətli savaşımız mənə həm qürur bəxş etdi, həm də acı göz yaşları... Neçə-neçə zabit dostumuzu, yoldaşımızı, doğma qohum-əqrabə üzvlərini itirdik. Şükürlər olsun ki, o igid şəhidlərimizin hesabına könlümüzü didən acılar sona yetdi!... Qarabağ savaşının bitməsini istəməyənlər odlu nəfəsimizi daim ənsələrində hiss etdilər. Elə unikal döyüş oyunu qurduq ki, mənfur daşnaklarla birgə onlara dəstək verənlər öz ağzında murdar dillərini yırta-yırta çərənlədilər. Ədalət qılıncımızın axıtdığı qan haqq yolunu açdı. Vətən eşqinə, ilahi ədalət eşqinə dəmir yumruq kimi möhkəmlənən birliyimizdən doğma Qarabağımız daimi dirilik qazandı...

                                         Müsahibəni aldı:

              “HƏRBİ AND” qəzetinin müxbiri Aytən NAZİMQIZI

 

 

 

 

 

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”