DOĞMA YURD UĞRUNDA ÖLÜM HƏYATIN SONU DEYİL, ŞƏRƏFLİ DAVAMIDIR!...

Qohum olduğuna görə cəsur zabitimiz Sərxan İlqar oğlu Muxtarovun həyatı
mənə çox bəllidir. Onun könül dünyası həmişə
yüksək qürur hissləri doğururdu. Yenilməz bir hərbçi idi. Demək olar ki, Sərxanın
çox çılğın və qorxmaz uşaqlıq illəri gözlərim qarşısında keçib. İstəmirdi kiməsə
bənzəsin, yalnız öz cığırı ilə getməyə can atır, hər bir sahədə üstün olmağa
çalışırdı. Qoçaqlıqda, ordudaxili fiziki bəhsləşmələrdə əksər yaşıdlarını geridə
qoyurdu. Hər açılan sabaha ümidlə baxar, nəzərdə tutduğu hər bir işə həvəslə
başlayardı. Kimsənin ortaya atdığı bir şübhəli fikri qəbul etməzdi. Onun olduğu
yığnaqda sevinc təntənəsi artar, müşkül zənn edilən tapşırıqların icrasında
azacıq da olsa, qorxu hissi keçirməzdi.
Sərxanın uşaq nadincliyi, yeniyetmə şuxluğu, kursant çalışqanlığı, hərbçi
nikbinliyi xoşagəlimli bir xarakter kimi qohumları, yaxın dostları və
silahdaşları tərəfindən daim yada salınmaqdadır. Bəzən bu və ya digər yüksəkliyin
çoxluğundan çəkinməyərək necə gəldi tullanır, zədə alır, bəzən həlli mümkün
sayılmayan məsələnin çözümünə girişir, heç kimin unamadığı çıxış yolunu tapır,
bəzən də hamını kədərləndirən bir işin şad məqamlarını yaşadırdı. Səhv etməyi də
sevməzdi, di gəl ki, qeyri-ixtiyari yol verdiyi səhvdən ibrətli dərs alırdı.
Peşə seçimi söhbəti düşəndə hünərli əməllərinə, qorxmaz hərəkətlərinə əsaslanaraq mən onun atası, 1-ci Qarabağ müharibəsinin mərd iştirakçısı İlqar Sərdaroğluna məsləhət görürdüm kü, Sərxandan yaxşı hərbçi olar. Bu mövzuda söz düşəndə o mənim fikrimi ürəkdən dəstəkləyərək qardaşı İsrafili də hərbçiliyə həvəsləndirirdi. Necə deyərlər, əvvəlcə məqsədin çəkisinə bax, conra əməldən yapış. Mən Sərxanla yanaşı qardaşına da zabit ucalığının, hərbçi şərəfinin incəliklərini o qədər izah etdim ki, hər ikisi tərəddüd etmədən eyni mövqedə durdular. Yurdsevər anası Çimnaz xanım da möhkəm mənəvi dayaq verdi. Qarşıya qoyulan məqsədin ağırlığını xoşluqla qəbul edərək qəbul imtahanlarına elə yaxşı hazırlaşdılar ki, ali hərbi məktəbə yüksək qiymətlərlə daxil oldular. Yaşlarına uyğun olaraq əvvəl İsrafil, bir il sonra isə Sərxan kursant libasını fəxarətlə daşıyaraq layiqli zabit kimi yetişdilər. Biri artilleriya üzrə bacarıqlı zabit, digəri isə motoatıcı taqım komandiri kimi ayrı-ayrı hərbi hissələrdə örnək hədəfi oldular. İki qardaş hərbçi bir-birinə mənəvi güc verə-verə yalnız öncüllük etdilər.
Doğma Qarabağımızın işğal dərdi barədə söhbət açılanda həmişə axırda
o fikri təskinliklə deyirdik ki, çox ağlamağa dəyməz, hər göz yaşının axırı təbəssümdür,
gəlin ruhdan düşməyək. Sözün açığı, hər dəfə arzuladığımız qələbə sevincinə
sahib olub-olmayacağımızla bağlı rəyləri Sərxan biganə dinləmirdi. Qətiyyətlə
deyirdi ki, çalışın uzun-uzadı dərd çəkməyi tərgidək, yalnız ordumuzun hünərli sözünü
yaddaşımızda möhkəm saxlayaq, şərəfsiz erməni bizim qarşımızda qalib kimi dura
bilməz, inşallah, möhtərəm Ali Baş Komandanımızın hücum əmri bizə hökmən qələbə
bəxş edəcək! Mənəvi
yolçuluğumuzun əsas hədəfi vətənçilikdir. Sonda kim öləcək, onu Allah bilər!
Dişə diş, qana qan!
Yaxşı ki, Sərxan o mübarək anları yaşadı, müzəffər ordumuzun zəfər
günlərini görə bildi. Söz yox ki, mənfur erməni işğalçıları üzərində tam və qəti
qələbəmizin qazanılmasında onun öz payı oldu. Lakin dünya hərb tarixində yeni və
təkrarsız iz salan həmin hərbi əməliyyatlarda istədiyi kimi iştirak edə bilmədi.
Belə ki, Qarabağın azadlığı uğrunda əks-hücum əməliyyatı başlayanda kapitan Sərxan
Muxtarov Qazax bölgəsində yerləşən “N” saylı motoatıcı briqadamızın öncül tabor
komandiri kimi xidmət edirdi. Lazımi ehtiyat qüvvələrin təşkili istiqamətində
yuxarı komandanlığın müvafiq əmri veriləndə bütün silahdaşları ilə birgə Sərxan
çox ruhlandı. Həmin hərbi hissədən 3 tabor ön atəş xəttinə yollandı. Onlardan
biri də intiqam hissləri ilə alışıb-yanan Sərxan Muxtarovun taboru idi.
Döyüş həyəcanı səsləndiyi andan etibarən həmlə layihələri barədə
fikirləşməyə başladı, tabeliyində olan zabit və əsgərlərlə fərdi söhbət
aparmaqla bahəm ehtimal edilən döyüş sınaqlarından danışır, şəxsi heyətə lazımi
bilgi və məsləhətlər verir, təcrübi təlimlər keçirirdi. Tale elə gətirdi ki, səfərbər
edilən həmin taborların ikisi uğurlu döyüşlərə qatıldı, lakin Sərxan Muxtarovun
komandirlik etdiyi tabor Daşkəsən bölgəsində ehtiyat qüvvə kimi saxlanıldı. Vətəncanlı
komandir başda olmaqla taborun şəxsi heyəti vətən müharibəsində iştirak etmək təşəbbüsü
ilə yuxarı komandanlığa müraciət etsə də, yalnız gözləmə əmri verildi.
Qəsbkar erməni dövlətinin dizini tam qırdıqdan sonra müzəffər
ordumuzun daxilində müəyyən kadr dəyişikliyi aparıldı, əlavə hərbi birləşmələr
yaradıldı. Eyni zamanda doğma torpaqlarımızın azad edilməsi ilə əlaqədar olaraq
Dövlət Sərhəd Xidmətinin fəaliyyət sahəsi genişləndirildiyinə görə yuxarı
komandanlığın göstərişi əsasında Müdafiə Nazirliyinin bir qisim təcrübəli
zabitləri sərhədçi olmaq şansı qazandılar. Onlardan biri də kapitan Sərxan
Muxtarov oldu. Fərqli xidmət sahəsinə keçirilsə də, eyni vəzifəyə təyin edildi.
İlk gündən mütəşəkkil fəaliyyətə başlayaraq müsbət nəticələr əldə etdi. Sərxanın
seçilən təşkilatçılıq qabiliyyətini, idarəetmə səriştəsini, habelə yüksək iradi
keyfiyyətlərini nəzərə alaraq komandanlıq tərəfindən ona növbəti “mayor” hərbi
rütbənin verilməsi barədə təqdimat yazıldı.
Sərxan ötən hərbi xidmət ərzində müvəffəqiyyət qazanmağın sirlərini
yaxşı əxz etmişdi. Hər uğurlu addımı onu mənən zənginləşdirir və yeni üstün fəaliyyət
barədə düşünürdü. Bəzən qarşısına çıxan müvəffəqiyyətsizlik zəncirini qıra bilməyənlərə
pənah əlini uzadır, şəxsi köməklik göstərməkdən xüsusi zövq alırdı. Yeni xidmət
sahəsində də dəmir hərbi intizama söykənən öz nümunəvi xidmət ahəngini olduğu
kimi davam etdirdi. Lakin növbəti addımları çox məsul bir mövqedə – erməni
işğalından azad etdiyimiz təhlükəli bir ərazidə atdığına görə daim narahatlıq
içində gün keçirir, tabeliyində olan zabit və əsgərlər tərəfindən qüsursuz xidmət
üçün bütün zəruri şərtlərin əməl edilməsinə xüsusi diqqət yetirirdi. Yaxşı
anlayırdı ki, hər gün qəza ehtimalı yaradan bir təhlükə burulğanında çalışmaqdadır.
Buna görə də hər saat, hər dəqiqə ehtiyat hisslərini gücləndirirdi.
Yanvarın 12-də taborun səhər baxışında Sərxan Muxtarov şəxsi heyət
üçün çətinliklə hasilə gələn içməli su məsələsini ayrıca vurğuladı və hərbi
hissə komandirinin icazəsi ilə bu gün su probleminin tam qurtaracağı barədə fikrini
açıqladı. Belə bir məlumat əldə etmişdi ki, taborun nəzarətində olan ərazidə –
Zəngilan rayonunun Yuxarı Yeməzli kəndinin dövlət sərhədi yaxınlığında bir
bulaq var. Əvvəllər ermənilər bu bulaqdan istifadə edirmişlər. İndi həmin yer
bizim haqlı ixtiyarımızdadır. Bəs niyə istifadəsiz qalsın? Nə üçün taborumuz su
təminatı üçün əlavə xərclərə yol versin?
Bu əsaslı suallara bacarıqlı tabor komandiri Sərxan Muxtarov əməli
cavab axtarmaq məqsədilə həmin bulaq başına getməyi qərara aldı. Dəqiq bilirdi
ki, xidməti maşının təhlükəsiz hərəkəti üçün sürücü əsgər lazımi bilgilərə
malikdir. O, minalı ərazidə qoyulmuş şərti işarələrə əsasən maşını arxayın sürə
bilirdi. Hər ehtimala qarşı tabor komandiri də ona müəyyən məsləhətlər verir,
daim ehtiyatlı olmağı tələb edirdi. Sərxan onu da müəyyən etmişdi ki, bulaq
olan sahədə hələ mühəndis-istehkam tapşırıqları tam başa çatdırılmayıb. Yəni
tapdanmış yoldan kənara çıxmaq olmaz. Həqiqətən gediş qəzasıq yerinə yetirildi.
Sərxan bulaq olan ərazidə zəruri abadlıq işlərinin görülməsi barədə ayaqüstü
cızmaqaralar etdi və rabitə vasitəsilə tapşırıq verdi ki, bu gün operativ bir şəkildə
verilən təhlükəsizlik tapşırıqlarını yerinə yetirmək şərti ilə bu bulaqdan hökmən
istifadə edilməlidir. O, sürücünün qəzasız fəaliyyətindən də məmnun qaldı və
xoş ovqatla komanda verdi:
–İgid əsgərim, indi elə manevr et ki, gəldiyimiz yolla sağ-salamat geri qayıdaq. Unutma ki, düşmənin hiyləsi kölgəsindən böyükdür. Erməni etibar ediləsi qonşu deyil...
Sürücü komandirin
xoş münasibətindən daha yaxşı ruhlanaraq sükan arxasına arxayın keçdi və maşını
işə saldı. Sən demə, erməni gavurları bu yerdə gizli hiylə qurmuşlar. Məhz
manevr ehtimalı nəzərdə tutulmuşdu. Düşmən tank əleyhinə minanı ora gələn yolun
üstündə yox, ehtimal edilən manevr hərəkətinə uyğun quraşdırmışdı və o ehtimal
daşnak hiyləsini işə keçirdi. Düşmənimiz döyüş meydanında puç olsa da,
qarşımızda diz çökərək təslim sənədini qollasa da, xain niyyətlə basdırdığı
minalara qarşı hələ mübarizəmiz davam edirdi. Necə ki, faşist dığaların kələklə
yerə soxduğu mina partlayışı nəticəsində sürücü ağır yaralandı, ömrünün yalnız
32 baharını yaşamış tabor komandiri Sərxan Muxtarov isə arzuladığı müqəddəs şəhidlik
zirvəsinə ucaldı...
Sərxanın yurd eşqi ən
uca bir hədəfə yetişdi. O, bu ülvi hədəfdə mərd və mübariz xalqımızın sevimli
bir simasına döndü, ilahi bir halallıq aldı. Doğrudan da, şəhidlik hər kəsə
qismət olmur. Vətən üçün can verən ölü sayıla bilməz. Hər kəsin yetişə bilmədiyi
o pak dünyaya yalnız cəsur oğullarımız sahib olur və el yolunda şirin canını
qurban verərək heç vaxt unudulmurlar. Sərxanın igidlik taleyi onun özünə, sədaqətli
həyat yoldaşı Vəfaya, atasız qalan 4 yaşlı Çimnaza, habelə övladlarına qəhrəmanlıq
dərsi verən ata və anasına sönməz bir qüdsiyyət bəxş etdi. Sərxan bu dünyanı
yalnız cismən dəyişdi. Çünki doğma yurd uğrunda ölüm həyatın
sonu deyil, şərəfli davamıdır!...
İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda
olan polkovnik-leytenant

Комментарии
Отправить комментарий