ŞƏHİD RUHUNA TOXUNAN BƏD ƏMƏL BAĞIŞLANILMAZ SƏHVDİR
Fikir söyləmək hər kəsin haqqıdır. Kim necə düşünürsə, necə görürsə, necə anlayırsa, o sayaq da əqli mövqeyini, şəxsi qənaətini ortaya qoyur. Həqiqətən keçmişdə indiki qədər fikir bolluğu görməmişik. Çünki uzun illər yarımac, yarımtox yaşadığımız sovet güzəranının dəyişməz və pozulmaz qaydaları vardı, dövlətin qoyduğu fikir qəliblərindən kənara çıxa bilməzdin. Süni demokartik normaları, əmranə verilən Moskva göstərişlərini formal məmnunluqla ödəyir, gerçək ürək sözlərini yalnız xəlvətdə kiməsə deyib mənəvi toxtaqlıq tapırdıq. İndi xoşumuza gəlsə də, gəlməsə də, demokratiyanın şitini çıxarmışıq. Kimi çəkinmədən haqq yolunu seçir, ilahi ədaləti qorumaq məqsədilə qan tökməkdən qorxmur, kimi rəy verərkən həddindən artıq bayağı görünür, kimi öz mənafeyi naminə həddini aşır, kimi də öz şəxsi münasibətini itirməmək üçün ifrata varır. Sosial şəbəkə vasitəsilə sanki fikir selinə qərq olur, təzadlı diskusiyalarda boğuluruq. Haqqın müdafiəsinə sevinir, ədalətsiz çıxışlardan isə bezirik. ...