MÜHARİBƏ HAQQINDA KİTABIN QƏLƏBƏ RUHU

 

                            


Qaynar həyat hadisələri də, bədii təxəyyül də son nəticədə yaradıcılıq məhsulu  olaraq yazı­çı­nın həyat gerçəkliklərinə təkcə fəal münasibəti ilə deyil, həm də sözün qüdrətindən isti­fa­də bacarığı ilə oxucu diqqətini özünə çəkir. Belə əsərlər həm tarixi yaşadır, həm də real tarix olaraq daimi ömür sürür. Bu prosesdə oxucu yaddaşı mühüm rol oynayır. Son 30 ilin ədəbiyyatı səfeh siyasət yeridən və super güclər hesabına yaşayan Er­mə­nistan dövlətinin Azərbaycana qarşı torpaq iddiası ilə başlayan müharibəyə bağlanıb. Bu səbəbdən də  çox aktual xarakter daşıyan müharibə mövzulu ədəbiyyatımız yaranıb. Erməni işğalı başlayan gündən etibarən başımıza açılan müsibətlər və igid oğullarımızın qəhrəmanlıq əməlləri real faktlar əsasında yazılmaqdadır. Dəyərli bədii-sənədli əsərlər yüksək maraqla oxunur. Ən yaxşı hal odur ki, müharibə ədəbiyyatı milli qəhrəmanlıq tarixi kimi geniş miqyasda sevilir.

Dünyanın gərdişi belədir: Həqiqət çox az adama nəsib olur, bəzən isə əsl gerçəklik üçün nə qədər qan-tər axıdırıq. O cümlədən yalnış fikirlər, bir qayda olaraq, hər yerdə dolaşır. Üstəlik dolaşdıqca şaxələnir, yeni yalanlar doğulur. Milli hərb tariximizi olduğu kimi yaşatmaq üçün hərbçilərin özündən tarix yazmağı xahiş etməliyik. Heyf ki, hər hərbçinin bu missiyanı həyata keçirməyə yazı qabiliyyəti, söz gücü çatmır. Bu mənada hərbçi jurnalistlərdən çox razıyıq. İbrahim Məsimoğlu bu müqəddəs yolda yorulmadan çalışır.

Hərbi-yazıçı jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlunun “İlk briqadanın ibrətli döyüş dərs­ləri” kitabı milli hərb tariximiz üçün dəyərli bir yaradıcılıq məhsuludur. Müəllif ordumuzun ilk təməl daşını qoyan 701 saylı motoatıcı briqadanın döyüşkən zabiti olaraq iştirak etdiyi döyüşləri, mərd səngər qardaşlarının igidlik əməllərini, yüksək vətənse­vər­liyini, bu və ya digər uğurlu həmlələri qələmə alıb. Gecəli-gündüzlü hərbi əməliyyatlarda nə silahını yerə qoyub, nə də qələmini. Sənədli hekayələri ilə yanaşı  məqalə for­ma­­tında yazdığı tarixi səngər yazıları öz bə­dii məziyyətləri, hərbi, bədii və publisistik dəyəri ilə seçilir. İbrahim Məsimoğlunun yaradıcılığı erməni işğalına qarşı apardığımız hərbi əməliyyatlarda onun canlı şəkildə gördüyü fakt və hadisələrə əsaslanır. Hər bir oxucu bu əsər­lərdə xalqımızın müharibə tarixinin bədii-tarixi inikasını real döyüş səhnələri ilə izləyir.  

Söz yox ki, gerçək müharibə faktları döyüşçülərin yaddaşında yaşayır. Bu yaddaş qələm adamı üçün çox dəyərli material olur. Hərbi-yazıçı jurnalist kimi İbrahim Məsimoğlunun fərqli xüsusiyyəti ondan ibarətdir ki, o, yazdığı tarixin real iştirakçısı olmaqla bərabər yaxın cəbhədaşlarının döyüş həyatını tarixləşdirir.  İndi ehtiyatda olan polkov­nik-leytenant Bəhram Ləzimovun yaddaşına istinadən yazdığı “Hoçaz uğrunda, irəli!” məqaləsi həm tarixiliyi, həm də hadisəyə duyğusal münasibəti ilə yadda­qa­­lan­dır: Məhrəm insan hənirtisinə qəribsəyən vəfalı kənd itlərinin yanıqlı-ya­nıqlı ulaşması adamı dəhşətə gətirirdi”. “Onlar odsaçan silahla mənə atəş aç­dı­lar. İsti gödəkçəmə və kürkümə od düşdü. Torpağa sürtüb odu zorla söndür­düm. Bir də­qi­qə keçməmişdi ki, odsaçanın ikinci atəşi açıldı. Başımın üstündən keçən bu od­lu ölüm mərmisi arxamda mövqe seçmiş əsgərlərin yanına düşsə də, heç kəsə xətər yetirmədi ...“.

 Eyni savaş həyəcanları, cəsarət nümunələri “Seysulan vuruşu” məqaləsində də yaşanır. Mü­ha­ribənin istər uğurlu, istərsə də uğursuz olan hər döyüşü özünəməxsus anları ilə fərqlənir. Yadda qalanların heç biri digərinə bənzəmir. Onları bircə məqam birləşdirir: yaralanma ehtimalı, düş­mən qüvvələrini cəhənnəmə vasil etmək, ən nəhayət müqəddəs şəhidlik zirvəsinə yüksəlmək. Müharibə mövzusunda yazıl­mış neçə-neçə əsərlərdə ölümün, necə deyərlər, gözlə qaş arasında olduğunu çox oxumuşuq, təbii ki, belə məqamlara  kimsə şübhə edə bilməz. Müqayisəli real fakt olaraq sovet əyyamında çəkilmiş “Əsgər atası” filmində Arkadinin həlak olması da, əsgər atası Qoderzi Maxaraşvilinin faşistin üstünə yerişindən sonra alma­nın ölümü də həmin qəbildəndir. “Seysulan vuruşu”nda təsvir edi­­lən döyüş epizodu meydana gələn ölüm vəziyyətinin qəfil necə so­vuş­­ması və təbii axarla davam edən bu sovuş­ma­ məqamında  azərbaycanlı hərbçinin milli mərdlik qanunlarına necə əməl etməsi təsvir edilir. Əlbəttə, bizlər üçün bu adi sayılır. Çünki öz mənəvi dəyərlərimizə yaxşı bələdik. Yaxşı haldır ki, bunu düşmən görür və sarsılır. Özgə gücünə arxalanan erməni millətinin bizə yönəltdiyi namərd hərəkətlər, xainlik xisləti onun özünü biabırçı bir hala salır: İmran İbrahimov şəhid olmuş silahdaşının cəsədini çıxartmaq cəhdi ilə özünü ön xəndəyə atdı. Onu görən yox idi. Əl atıb şəhidin çiynindən çəkə-çəkə sü­rü­nür­dü. Birdən xəndəyin başına bir muzdlu rus əsgəri gəlib çıxdı. Səksəkəli baxışlarla ona doğru boylandı. İmran cavab verməyə (atəş açmağa – B.M.) hazır dayanmışdı. Uzaqbaşı eyni məqamda hər ikisi atəş aça bi­lər­di. Nədənsə, rus əv­vəl­cə qımıldanmadı. Rus əsgəri əli ilə soruşdu ki, nə edirsən? İmran da lalsayağı başa saldı ki, cəsədi aparıram. Rus barmağını silkələyə-silkələyə onu hədələdi. Amma ani olaraq arxasını çevirib uzaqlaşdı. İmran imkan olsa da, onu arxadan vurmadı...”.

Çox düşündürücü bir müharibə epizodudur. Mərdliyi vurğulayan bu ibrətamiz səngər söhbəti, ədalətli savaş barədə fikirlər həm mənəvi zövqün, həm də müdrik düşüncəli ağlın nəşəsidir. İmran yaxşı bilirdi ki, muzdlu rus əsgəri ermənilərə köməyə gəlib, bu məqamda o da düş­mən sayılır. Ancaq hansısa təbii bir du­yumun təsiri altında olaraq şəhid dostunu döyüşün içindən çı­xar­dan azərbaycanlı əsgərə atəş açmadı. Dönüb gedəndə İmran onu arxadan vura bilərdi. Lakin o, mərdliyi üstün tutdu. İmran bir-iki dəqiqə əvvəl rus əsgərinin, bəlkə də, şəhid silahdaşını döyüşdən çıxardığı üçün ona atəş aç­ma­dığına, habelə milli azərbaycanlı düşüncəsinə görə barmağını tətikdə hərəkətsiz saxlayır. İbrahim Məsi­moğ­lu bu real döyüş epizodu ilə təsdiqləyir ki, Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün yüksək mənəviyyat zirvəsi mövcuddur. Hər kəsin əli çatmadığı bu zirvə tolerantlığın həsəd apardığı bir zirvədir.

“Hər bir insan öz sözündə görünür”, “qəhrəmanlıq hər kəsin öz içində gizli yaşayır” kimi hikmətli fikirlər kitabın publisistik çalarlarını müəyyənləşdirir, yəni “İlk briqadanın ibrətli döyüş dərsləri” kitabı həm də dərin hərbi publisistik bir mövzuya malikdir. Birinci Qarabağ müharibəsində zabit kimi xidmət edən, savaşdan sonra həqiqi hərbi xidmətini hərbçi jurnalist kimi davam et­di­rən İbrahim Məsimoğlunun yazıları fərqli publisistik çalar­la­­rı, vətəncanlı xüsusiyyətləri ilə oxucunun düşüncələrinə hopur, onu mənən saflaşdırır, yurd naminə mərdlik dərslərinə çağırır. Onun ruhunu doğma yurd savaşına bağlayır, döyüş əzmkarlığını artırır, qələbə inamını gücləndirir. “İlk briqadanın ibrətli döyüş dərsləri” ki­ta­bını oxuyanlar ixtiyarsız olaraq əsgər sırasında durmağa can atırlar. Yəni bu kitab qələbə ruhlu bir kitabıdır.

“Azərbaycan əsgəri igiddir” sərlövhəli səngər müsahibəsində tabor komandiri Nəriman Zeyna­lo­vun fikirləri bizi çox nikbinləşdirir. Açıqlanan rəşadətli hərbçi mövqeyi qəlbimizi qürur hissləri ilə doldurur: “...Cəmi beş canlı qüv­və ilə Nareştar kəndini müdafiə edərkən 60-a yaxın ermənini böyük tələfatla geri oturdan döyüşçülərimizin – Namiq Məhərrəmovun, Qılman Abdalovun, El­mar Şi­rinovun, Şaiq Kərimovun və Ağakişi Əhmədovun misilsiz cəsarəti heç vaxt yaddan çıxmaz”. Həqiqətən bu kontekstdə zabit də haqlıdır, onun yurd savaşı ilə bağlı mühakimə və mülahizələrini qələmə alan da. Mərd döyüşçü düşüncələri azərbaycanlı zabitin mənəvi kamilliyinin təsdiqi kimi oxunur, yadda qalır. Xalqımızın nəhəng bədii fikir sahiblərindən biri olan Məhəmməd Hadinin bir kəlamını daim xatır­layıram: “Məfkurə yolunda tö­külən qan hə­dər get­mir”. Mənə belə gəlir ki, bu kəlam hərbi-yazıçı jurnalist İbrahim Məsi­moğ­lunun da yaddaşında həmişə işıqlanır. Bu çox gərəkli, dəyərli, əsl bə­­şəri kəlam azərbaycançılığın parlaq bir mənəvi hissəsidir. Min illərdir ki, biz belə bir mərdanə tərzdə yaşamışıq. Bu yoldan heç vaxt dönən deyilik.

Bəhram Ləzimov ali təhsilli riyaziyyatçıdır. 1991-ci ildə Azərbaycan Ordu­sun­­da xidmətə başlayıb. Kitabda xüsusi yer tutan “Döyüş böyük məktəbdir” sərlövhəli müsahibədə onun döyüş xatirələri yada salınır. Bu sıradan Hoçaz əməliyyatı da müharibə tarixi kimi oxunur: “...Özüm beş cəsur əsgərimlə düşmənin 3 ədəd “T-72” markalı tankı və 1 ədəd PDM-i olan atəş mövqeyinin 150 metrliyinə qədər cəsarətlə gedib çatdıq. Güclü qarşıdurma oldu. Biz elə çevik manevr etdik ki, düşmən bizim qüvvəmizin 6 nə­fər­dən ibarət olduğunu anlaya bilmədi. Erməni döyüşçülərinin hamısını məhv etdik. Üstəlik həmin texnikaları sağ-salamat ələ keçirdik. Həmin texnikaların kö­mə­yi ilə bir ay müddətində Hoçaz dağına düşmənin 6 güclü hücumunun qar­şı­sı­nı aldıq...”.

Qürur doğuran döyüş səhnələrindən biri kimi Hoçaz əməliyyatı hələ nöqtəsi qoyulmayan savaş tariximizin bir səhifəsidir. Təbii ki, bö­yük tarix­lər belə kiçik səhifələrdən yaranır və onu yazanlar bir yaradı­cı şəxs kimi unudulmurlar. Qarabağ savaşının iştirakçısı kimi İbrahim Məsimoğlunun “İlk briqadanın ib­rətli döyüş dərsləri” kitabı da bu baxımdan çox qiymətlidir. Bu kitab oxu­cu­la­rın düşüncələrinə sevilə-sevilə hopulur, şəhidlərə ehtiram, qazilərə min­nət­darlıq duyğuları ki­mi...

“Güclü iradə” adlı məqalə “Hərbi xidmətlərə görə“ medalı ilə təltif olunmuş Azər İbrahimova həsr edilsə də müharibə tarixi kimi çox müsbət qiymətləndirilə bilər. Müəllif mühari­bə­nin bir gününü yaddaqalan fikirlərlə ifadə edir:  Düşmənin top atəşinə tuş gə­li­rik – Azər təmkini pozmur. Ölüm ehtimalımız artır – Azər həyəcanını içində boğur. Rabitə xətlərində nasazlıq yaranır – Azər çevik qərar çıxarır. Minalı əraziyə düşürük – Azər təhlükəni sovuşdurur...”. Belə zabitlə zamanında bri­qa­da­nın za­bitləri, əsgərləri çox qürurlanıb. İndi isə milli hərb tariximizə sayğısı olanların hamısı bu sayaq mərd əməllərdən şərəf hissi keçirir.

“İlk hərbi andiçmənin sevinci” məqaləsi savaş içində doğulan ordu tariximizin bir anını yada salır. Şə­hid­lər Xiyabanında keçirilən bu andiçmə mərasimi həm də şəhidlərin ruhunu nigarançı­lıq­dan xilasetmə missiyasını daşıyır. Müəllif bu andiçmə haqqında duyğu­sal­lıq­la söz açır. İgid əsgər Məhəd Tağıyevin çıxışını xatırlayır: Biz Vətəni qorumağa borcluyuq. Biz Vətənsiz heç nəyik! Vətən – ana haqqını Tanrı haqqına bərabər tutan, anası Burla xatunun namusu tapdalanmasın deyə “ör­kən­lə boğazından asılmağa”, “iki kürəyindən çəngələ sancılmağa” ... razı olan Oğuz qəhrəmanı Uruzdan qalıb bizə...”. Bu and Azərbaycan Ordusunda hərbi andın mət­nindən tamamilə fərqlidir. Lakin çox təsirlidir. Bu, Azərbaycan əsgə­ri­nin mənəvi zənginliyinin ifadəsidir...

İbrahim Məsimoğlu həm də mərd silahdaşlarının xahişi ilə həvəskar şairlik də edib. Kitabda igid döyüşçülərimizin səngər həyatı ilə bağlı bu və ya digər mühüm mətləblər poetik söz imkanları həddində şeirləşdirilib. “Birinci briqadam”, “Bayrağa sipər igidlər”, “Oldum səngər müxbiri”, “Açıldı Murov yolu” adlı şeir­lər döyüşçü müəllifin təbii  duyğularının ifadəsi olmaqla yanaşı həm də ordu ta­riximizin şərəfli anlarını bədii bir biçimdə yaşadır.

İbrahim Məsimoğlunun “İlk briqadanın ibrətli döyüş dərs­ləri”  kitabının əsas qayəsi vətənsevərlikdir və bu gün bu qayə bizim əsas həyat amalımızdan doğur.

 

Bayram Məmmədov,

Ehtiyatda olan polkovnik-leytenant,

Əməkdar müəllim

 

o     

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”