İGİD KÜRƏKDƏN YOX, ÜRƏKDƏN VURAR

 

                           


      27 sentyabr 2020-ci il. Payızın beşinci günündə sönməz iradəli ordumuzun erməni işğalçılarının növbəti təxribatına qarşı ilk əks-həmləsi nəticəsində bizi bezdirən işğal dözümümüz ana yurd təbiətimizin saralmış yarpaqları kimi ayaqlarımız altına sərildi və yoxa çıxdı. Qələbə şadlığı içərisindəyik. Düşmən tapdağı altında inildəyən torpaqlarımız qüdrətli ordumuzun hünərli hücumları sayəsində  hissə-hissə azad edilir. Şanlı uğurlar qazandığımız bu tarixi günlər – cari ilimizin payızı heç vaxt unudulan deyil. Ötən 30 ilə yaxın bir zamanda  dözə-dözə özümüzə təskinlik verdik ki, dözüm gücün, tərslik isə zəifliyin övladıdır. Amma çox ağrılı olsa da, tükənməz qüvvə, əsl qüdrət övladı olmaq istədik. Yağı düşmən elə zənn etdi ki, biz yalandan doymayan sadə bir lafçıyıq. Yox ay dığa, sözçülük, yersiz lovğalıq sənə məxsus bir ədadır. Sözümüz üstündə duran qəhrəman bir xalq olduğumuzu dünya yaxşı bilir.

      Bəli, gerçəklik budur: Tariximizi pozmaqdan usanmayan ermənilər Azərbaycan türklərinin misilsiz milli qəhrəmanlıq əməllərini özlərinə unutdurmaq istədilər. Yalançı sülh fikirlərini çeynəyərək bizə daim acıq verdilər. Mənasız çeynəmə murdar xislətli daşnaklara nə verdi?! Yalnız aclıq, yalnız dilənçilik...

      Biz bir müsəlman olaraq rəhmdilliyi, mərhəmətli olmağı daim önə çəkmişik. Amansız düşmənlə də çox vaxt həlim davranmışıq. Ötən savaş tariximiz yaxşı sübut edir ki, bizə qənim kəsilən dığalara arxadan güllə atmamışıq. Demişik ki, igid kürəkdən yox, ürəkdən vurar. Ulu və real tariximiz canlı şahiddir. Vətən sevgisində sözü əmələ çevirməkdə aciz olmayan xalqımız səbr etməyə üstünlük verib. Mənəvi əzəmətimizin əsas səbəbi odur ki, ata-babalarımız yurd naminə mərdanə şəhid olmağı qanımız vasitəsilə damla-damla beynimizə yeridiblər. Biz yurd eşqinə fədai olmağı qürurlu bir əməl saymışıq. Bəs, düşmən nə edir? Xain dığalar onlarla üzbəüz döyüşə çıxan igidlərimizi yox, mülki yaşayış məkanlarımızı atəşə tuturlar. Təsərrüfat təyinatlı obyektlərimiz dağıdılır. İçində az da olsa, insanlıq duyğusu olan kəs mülki qadın və uşaqlarla döyüşərmi?! Bax, budur murdar erməni xisləti!...

      30 ilə yaxın müddətdə doğma torpaqlarımızın işğalına göz yuman beynəlxalq qurumlar yalnız cəfəng söz oynu nümayiş etdirirlər. Biz indi Qarabağın işğalı ilə bağlı BMT qətnamələrinin icrasına başlamışıq. Onların işini görmək məgər dünyanın siyasi liderlərinə ar gəlmirmi?! Layiqli addım atmaq əvəzinə BMT başqanı ilə yanaşı digər beynəlxalq qurumlar isə “dərhal döyüşü kəsin və danışıqlara başlayın” deyirlər. Təxminən üç onillik hərbi cinayətkar tarixindən, sülh masası arxasında necə gəldi söz və barmaq fırladan Ermənistanın faşist xunta rejimindən isə bir kəlmə də ədalətli söz açan yoxdur. Təklif edirlər ki, ağıl kəmliyi ilə acı gülünc doğuran Ermənistan rəhbərliyinə danışıqlar üçün etimad göstərək. Xeyli müddət işğal faktları ilə bizə yanıq verən bir xain qonşuya hansı üzlə etimad etmək olar?! Belə höcət yanaşma yalnız biabırçı bir mənzərə yaradır. Görünür, xristian tərəfkeşliyindən doğan siyasi hiyləyə əsaslı  nöqtə qoymaq bizə qismət olacaq. Bizim ədalətli savaşımız, haqq gülləmiz yalnız bəşəri qanunları qoruyur, beynəlxalq hüquqa qərəzli baxışları kor edir. Ermənipərəst güclər təkcə bizim yox, ilahi həqiqətin qənimi kimi çıxış etməklə dünyanın gözündə heçə bərabər olan çox bayağı bir mənasız simaya dönürlər. Onların ikiüzlü siyasətinin əsl mayası çiliklənir. Daha dözə bilmirik. Dözümün ifrat həddinə çatmışıq.

         Azərbaycan Ordusuna bəslədiyimiz sonsuz sevgi bu gün maksimal bir yüksəklikdədir. Çünki o müqəddəs sevgi bizi mənən çox ucaldır, milli mənliyimizi, şərəfimizi qoruyur, dədə-baba yurdumuza sahibliyimizi bərpa edir. Bir müharibə veteranı kimi məni məmnun edən əsas məsələ odur ki, qüdrətli ordumuz apardığı uğurlu hərbi əməliyyatların gedişində heç bir boşluğa, hər hansı bir çatışmazlığa, bu və ya digər təcrübəsizliyə yol vermir. Nə təchizat qıtlığı var, nə də təminat ləngliyi. Vaxtilə yaralı yerimiz olan təxliyə prosesi modern bir üslubda reallaşdırılır. Birinci Qarabağ savaşında baş verən nöqsanlar, xoşagəlməz hallar təkrar olunmur. Şükürlər olsun ki, təkmil qoşunlara sahib olmuşuq. Düşmənə əsl savaş dərsləri keçirik ki, bir daha bizə xainlik etməyə cəhd göstərməsin. Necə deyərlər, ordumuz saat kimi çox dəqiq fəaliyyət göstərir. Ötən hər dəqiqə ərzində planlı döyüş zəfərlərinə imza atılır.

         Bəzən hərbi sarıdan peşəkarlığı olmayan şəxslərimiz diletant bir tərzdə ordu barədə subyektiv rəy söyləyərək fitnəkar erməni kəşfiyyatının yaydığı yalan və saxta informasiyalara istinad edirlər. Görünür, hələ də aramızda erməni fitnəsinə uyan, qondarma döyüş məlumatlarına inanan sadəlövh insanlarımız var. Gəlin gözümüzlə gördüklərimizə inanaq, öz dövlətimizin əsaslı şəkildə təqdim etdiyi informasiyaları məmnunluqla qəbul edək. Elə təmkinli və ağıllı hərəkət edək ki, erməni dezinformasiya kələyi baş tutmasın. Qarabağ torpağı altına bəd bir niyyətlə gündə bir xaç işarəli daş kitabə basdıran daşnakların saxta tarixçilik fəaliyyətinə, işğalçı siyasətinə, antibəşər əməllərinə son qoyaq. Mən əminəm ki, budəfəki payız savaşımız qəti qələbəmizlə başa çatacaq və ədalətli vətən savaşımızda alışan silahlarımızın kölgəsində əsl beynəlxalq həqiqət ayağa duracaqdır. Siyasi hiylələrə dayaqlanan mənasız sülh masasına qarşı ikrah hissimiz hədsiz coşmaqdadır. Daha getdiyimiz haqq yolundan bizə geri dönüş yoxdur.

                                                                                  İbrahim MƏSİMOĞLU

                           müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”