LERİKLİ ARİF VƏ ONUN İGİDLƏRİ
Atəşkəs elan olunduqdan sonra ermənilər gecələr səmaya fasiləli atəş açırlar. Bu, hədə-qorxu deyil. Onu göstərir ki, düşmən yenə də təcavüzkar niyyətindən əl çəkmir. “N” taborunun igidləri də öz səngərlərində sayıq dayanıblar. Budur, müharibənin çox üzünü görmüş ordenli zabit Arif Məmmədov fikirli-fikirli oturub atəş xəttini müşahidə edir. Asudəlikdir. Lerikli igiddən müsahibə almaq üçün ona yaxınlaşıram.
- Cənab zabit, düşmən
atəşkəsə ciddi əməl edirmi?
- Bizim bölgədə əməl
edir. Amma onlara bel bağlaya bilmərik. Bir hərbçi kimi biz şirin sözlərə yox,
gerçək əməllərə inanırıq.
- Atəşkəs haqqında
döyüşçülərimizin fikri necədir?
- Biz istəyirik ki,
süni yaradılmış Qarabağ münaqişəsi sülh yolu ilə həll edilsin. Müharibə heç kimə
xeyir gətirməyib. Amma düşmən torpağımızı tərk etməsə, sözümüz sözdür: son
damla qanımızadək Vətəni müdafiə edəcəyik.
- Arif, qardaşım,
deyirlər ki, sizin tabor müharibədə çox uğurlu döyüş yolu keçib. Xüsusən Kəlbəcər
bölgəsində bu ilin əvvəlində bir neçə müvəffəqiyyətli vuruşlar aparmısınız. Bu
barədə xatirələrini yada sala bilərsənmi?
- Cəbhə xatirələri də
yaddan çıxarmı? Ötən hər döyüşü müqəddəs bir tarix kimi yaddaşımıza yazırıq.
Uğurlu əməliyyatlarımızla fəxr edir və Azərbaycan ordusunun mənəvi varisliyini
necə olur-olsun qorumağa çalışırıq. Kəlbəcər dağlarındakı misilsiz döyüşlərimiz
isə tez-tez söhbətimizin baş mövzusuna çevrilir. Yaxşı yadımdadır, Murovdağın səkkiz
aylıq müdafiəsi bizi təngə gətirmişdi. İşğalçıların özbaşınalığına dözə bilmirdik.
Nəhayət, qisas dəqiqələri yetişdi. 1993-cü ilin axırıncı günü gecə saat 1-də
minalanmış dağ aşırımını mətanətlə ötüb keçdik. Qarın qalınlığı 2 metr olardı.
İgidlərimiz kəndirlərlə əlyetməz qarlı ucalıqlara dırmaşıb Murovdağ nahiyəsində
nəzərdə tutulan tapşırığı vaxtından 3 saat əvvəl yerinə yetirdilər. Şaxta kələyimizi
kəssə də, heç kim ruhdan düşmürdü. Səhər saat 8 radələrində Kəlbəcərin “Yol
evi”ndə özünə isti yuva qurmuş daşnak canavarlarını qanına qəltan etdik. Səkkiz
dığanı gəbərtdik. 3 ədəd tank, 3 ədəd PDM, 3 ədəd minaatan qurğu, 2 ədəd
qatlanan avtomat, 2 ədəd “PK” və xeyli miqdarda sursat qənimət kimi ələ keçirildi.
Yanvarın 2-də 16 saat ərzində qarlı-boranlı zirvələrdən aşaraq Yanşaq kəndinin
yuxarı başına çatdıq. Bu, müharibə tarixində görünməmiş səfər idi. Qarlı
dağlarda özümüzlə lazımi qədər ərzaq götürmürdük. Əsas yükümüz silah-sursat
olurdu. Yanvarın 14-də saat 19 radələrində 29 yaşlı zabit Qurban Qurbanov ön atəş
xəttində təsirli bir çıxış etdi. Dedi ki, “bu dəfə ya bir nəfər kimi hamımız şəhid
olmalıyıq, ya da Yanşağı murdar erməni quldurlarından təmizləməliyik. Başa
düşürəm: şaxta güclüdür, dincliyimiz isə yoxdur. İcazə verirəm, kim dözə
bilmirsə, bəri başdan desin, onu əvəz etməyə qüvvəmiz çatar”. Qurbanın sözlərindən
gözlərim yaşardı. İgidlərimin bir neçəsinin ayaq dərisi nəmdən, şaxtadan
soyulmuşdu. Onlara üz tutub fikirlərini soruşdum. Əzab-əziyyətdən gileylənən
olmadı. “Komandir, biz döyüşə hazırıq”, - dedilər. Mən ömrümün 40-cı qışını
yaşasam da, belə dözümlü gənclərin arasında xeyli cavanlaşdım. Bəlkə də,
dünyada heç belə hadisə baş verməmişdi. 6 gün, 6 gecə ac-susuz qalmaq hər
adamın hünəri deyil. Qar yeməkdən dil-dodağımız buz bağlamışdı. Qardan isti
koma düzəltmişdik. Növbə ilə “evimiz”ə girib çovğundan qorunur, quru spirti
yandırıb damarlarımızda donan qanı hərəkətə gətirirdik. Lakin şiddətlənən
şaxtaya qarşı müqavimət göstərə bilməyən döyüşçülərimiz də oldu. İstəkli əsgərim
Fikrətin buz bağlamış göz qapaqlarını öz əlimlə yumdum. Akif Knyaz oğlu
Hüseynov isə əfsanəvi qəhrəmanımız Mehdi Hüseynzadənin davamçısı kimi düşmənə
ağır tələfat verdi, son anda axırıncı əl qumbarasını öz ürəyinin başına çıxdı
ki, əsir düşməsin. Ötən ağır dəqiqələrdə mən saat əqrəbi kimi fırlanır və qoç
igidlərimi bir an belə ruhdan düşməyə qoymurdum. Yanvarın 20-də artıq üzük qaşı
kimi əhatə etdiyimiz Yanşaq kəndini az itki ilə düşməndən təmizlədik. Bundan
sonra bizə qısamüddətli istirahət verildi. Yanvarın 24-də axşam saat 23.30 radələrində
isə “həyəcan” siqnalı ilə bizi yuxudan oyatdılar. Çirklənmiş alt köynəyimi təzəcə
yumuşdum, məcbur olub yaş-yaş əynimə geydim. Bədənimdə hərarət də vardı. Zorla
dözürdüm. Üz-gözündən yorğunluq yağan tabor komandirimiz mənə dedi ki, Arif, sənin
vəziyyətini yaxşı anlayıram. Amma çıxış yolu yoxdur. Ordumuzun qoca qartalı
kimi bu gün bizə gərəklisən, Təkəqaya əməliyyatında hökmən iştirak etməlisən.
Ürəkli cavab verdim ki, bu sınaq anlarında komandirin kefi pozulmasın. Əslində
isə nəinki tək özüm, hamımız yamanca yorulmuşduq. Vətən eşqinə ayağa qalxıb
yola düzəldik. Təkəqaya kəndinə çatanda “N” taborunun əsgərləri bizi görüb
sevindilər. Onlar döyüş qabiliyyətimizə yaxşı bələd idilər. Yanvarın 25-də zəruri
yollar yoxlanıldı və zirvələrdə kəşfiyyat pusqusu qoyuldu. İgidlərimlə “N”
qayasının ortasında mövqe tutdum. Tapşırığımız ondan ibarət idi ki, Çəpli kəndindən
bir düşmən texnikası da aradan çıxıb qaça bilməsin. Cəmi 1 ədəd minaatanımız
vardı. Özümüzlə kifayət qədər mina götürmüşdük. Səbirsizliklə əmr gözləyirdik.
Yanvarın 26-sı gəlib çatdı. Həmin gün uğursuz Daşaltı əməliyyatının 2 illiyi
tamam olurdu. Xəyalən orada şəhid olmuş qardaşlarımın ruhu ilə söhbət edirdim.
Buraxdığımız nöqsanları, sarsıdıcı döyüş anlarını xatırlayırdım. Eyni zamanda Təkəqaya
əməliyyatının taktiki yollarını öz-özümə götür-qoy edir, lazımi nəticələr
çıxarırdım. Bu vaxt bizə məlumat verildi ki, ön atəş xəttindən 1.500 metr
aşağıdakı kənd evlərində dığalar çıraq işığında oturub dincəlirlər. Bizi isə
soyuq əldən salmışdı. Çay şırıltısını eşitdikcə susuzluğumuz daha da artırdı.
Dodaqlarımızı yalaya-yalaya qalmışdıq. Nəhayət, düşmənin “UAZ” markalı bir
maşınının bizə tərəf gəldiyini gördük. “Həyəcan” siqnalı verdim. Düşmən geri çəkilməyə
məcbur oldu. Baş çavuş İsmayıl Cəfərov isə dedi ki, ermənilər oyanmamış dayaq məntəqələrini
alt-üst etmək lazımdır. Hücum komandası verdim. İgidlərim kəndi dərhal mina atəşinə
tutdu. Dığaların fəryadı aləmi götürmüşdü. Soyuq külək adamı qılınc kimi kəssə
də, minaatan qurğumuzun hər uğurlu partlayışı bizi daxilən isidirdi. Səhər saat
6-dək güclü çarpışma nəticəsində kənddə bir nəfər də dığa qalmadı. İgidlərimlə
Təkəqayanın içərisinə endik. Düşmən bütün texnika və sursatını qoyub qaçmışdı:
2 ədəd zirehli qoşqu maşını, 2 ədəd PDM, “Ural” və “UAZ” maşını, xeyli
qumbaraatan mərmisi və s. Ermənilərin bir vacib sənədi də əlimizə keçdi. Onu gəbərmiş
zabitin cibindən çıxarmışdıq. Kəndi hərtərəfli yoxladıqdan sonra düşmənin
arxasınca yola düşdük. Qənimət götürdüyümüz “Ural”ı özüm sürürdüm. Əfsus ki, bu
barədə qərargaha vaxtında məlumat verə bilməmişdim. Yolda özümüzünkülər bizi
maşında tanıya bilmədilər. Yaxşı ki, artilleriyaçılarımızın atdığı top mərmisi
50 metr aralıya düşdü. Gizir Maarif Məmmədov məni sükan arxasında uzaqdan
tanıya bilməsəydi, bəlkə, daha bədbəxt hadisə törəyərdi. Maarif bizi görcək
hava telefonu ilə məlumat vermişdi ki, Təkəqaya bizimkilərin əlindədir. Dağ
çayını keçəndə bir düşmən PDM-i güllə kimi üstümüzə şığıdı. “Ural”dan düşüb buz
bağlamış çayın içinə girdik. Biz silaha əl atınca 1-ci bölüyün “qartal”ları gəlib
çatdılar. Onlar PDM-ə göz verib, işıq vermədilər. Əfsus ki, düşmən aradan
çıxdı. Arxa cəbhə ilə məlumat mübadiləsi aparıb sol cinaha çəkildik. Növbə ilə
paltarımızı ocaq istisində qurutmağa başladıq. Birdən nəsə özümü narahat hiss
etdim. Ocaq başından uzaqlaşıb yola göz qoydum. Sonra isə bir zirvəyə qalxıb ətrafı
müşahidə etdim. Nə görsəm yaxşıdır: bizimkilər təxminən 40-a qədər dığanı
qova-qova kəndin bir küncünə soxmuşdular. Tabor komandirinin əmri ilə yenidən
döyüşə başladıq. Qızdırma içində yanan igidlərimi – İsmayıl Cəfərovu, Qəhrəman
Şirinovu, Elman Həsənovu, Tofiq Ramazanovu, İlham Cəfərovu və Elman Babayevi
tanıya bilmirdim. Doğrudan da, Azərbaycan əsgərinin mənəvi gücü tükənməzdir.
Fiziki cəhətdən nə qədər zəifləsə də, o, silahı yerə qoymur, “yoruldum” kəlməsini
dilinə gətirmir. Yanvarın 28-də gecə ətraf kəndlərdə olan dığalar da əkildilər.
Hərbi qənimətlərin sayı artdı: 7 ədəd “Ural” maşını, 2 ədəd PDM, 1 ədəd “UAZ”,
1 ədəd “Şilka”... Ertəsi gün axşam hərarətim 39-a çatdı. Məni xərəkdə hospitala
göndərdilər.
- Ailə qayğısı
döyüşçünün ən vacib problemlərindəndir. Açığı, bu sahədə çox çətinliklərlə üzləşirik.
Sizin arxa cəbhədən gileyiniz çoxdurmu?
- Əgər konkret
olaraq söhbət özümdən gedirsə, deyə bilərəm ki, narazılığım yoxdur. 72 yaşlı
atam Böyük Vətən müharibəsi iştirakçısıdır. Anam qəhrəman anadır. 6 qardaş, 5
bacıyıq. Ailəmiz Lerik rayonunun Hiveri kəndində yaşayır. Qazancımız təsərrüfatdan
çıxır. Özüm də evliyəm. İki qızım var. Ailəmizə rayonumuzun icra başçısı Ataxan
Şiriyev daim diqqət və qayğı göstərir. Doğma kəndimizə gedəndə yalnız hörmətlə
qarşılanıram. Bu məndən ötrü əvəzsiz nemətdir. Hiss edəndə ki, sayılırsan, çəkdiyin
zəhmətə qiymət verən var, onda adamın döyüş əzmi birə on artır.
- Yenə deyiləsi ürək
sözünüz varmı?
- Təkrar edirəm: atəşkəs
haqqında razılaşma bizi qətiyyən arxayın sala bilməz. Azərbaycan əsgərinin
döyüş rəmzi dəyişməyib - düşmənə qarşı amansızlıq, torpağa bağlılıq və qələbəyə
möhkəm inam...
İbrahim MƏSİMOĞLU

Комментарии
Отправить комментарий