KAMRAN AYRILIĞININ ACISI

 

                               

        

         Həyat tale imtahanları ilə doludur. Hər bir halda qalib gəlməyin səbəbləri müxtəlifdir. Gərək taleyini kor qoymayasan. Əsas güc mənəvi gücdür. Çalışmalısan ki, ünsiyyətdə olduğun insanların məhəbbətini qazanasan. Uğurlu tale imtahanları hərəyə bir cür nəsib olur. Polkovnik-leytenant Kamran Allahyar oğlu Məmmədov tale imtahanlarından heç vaxt çəkinmirdi. O, milli şərəfimizi uca tutan çox dəyərli və təmənnasız bir hərbçi dostumuz kimi daim sevilməkdədir. Həm ordu kontekstində, həm də mülki həyatda yaratdığı bütün qarşılıqlı münasibətlərdə onun sözü ilə əməli həmişə bir-birini tamamlayırdı. Başqalarının maraqları arxasında gizlənərək öz istəklərinə nail olmaq istəyənlərdən çox uzaq dururdu. Hədəfi milli mərdanəlik idi. Yalnız ulu və müqəddəs vətənimizlə birgə nəfəs alırdı. Keşməkeşli hərbçi sənətinə də bu ali məqsədlərinə görə qəlbən bağlanmışdı. Tez-tez söylədiyi ibrətamiz xatirələr bizi çox təsirləndirirdi. Deyirdi ki, söz əməllərin kölgəsidir. Kim sözünə sahib çıxa bilmirsə, ən yaxşı halda onun susması vacibdir. Bu fani dünyamızda yalnız dəyərli əməllər qalır, yaxşılıq yüksək mənəvi bağlılıq yaradır, boğazdan yuxarı deyilən sözlər isə müsbət nəticə vermir, tez unudulur. Xeyirxah, ağıllı əməllər edərsənsə, o zaman adın könüllərdən heç vaxt  silinməyəcək.

        Kamranla ilk tanışlığım Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsində olmuşdu.  O hələ həqiqi hərbi xidmətdə öz borcunu verirdi. Mən isə dövlət qulluqçusu statusu ilə Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-mayor Qorxmaz Qarayevin referenti vəzifəsində çalışırdım. İlk görüşümüzdə xidməti tapşırıqların icra axarında doğma Azərbaycanımızın ağrılı tarixindən söz düşdü. Tutarlı faktlara istinadən açıqladığı tarixi həqiqətlərdən hiss etdim ki, çox yurdcanlı bir hərbçidir. Çünki qəhrəman ana tariximizi elə yüksək qürurlu hisslərlə söyləyirdi ki, qeyri-ixtiyari olaraq Kamranı qucaqlayıb alnından öpdüm. Onu yaxından tanıyan digər zabit yoldaşları söhbətimizə müdaxilə edərək dedilər ki, Kamran Məmmədov məhsuldar və təkmilləşmiş istedada, iti ağla malik hərbçidir. Həm zəhmətsevər, həm də bilikli peşəkar zabitdir. Həqiqətən ürəkdən deyilən tərifləri səmimi qəbul etdim. Vətən tariximizin hansı səhifəsindən sual verdimsə, hərtərəfli cavab aldım. Fikrimi dəqiqləşdirmək üçün hansı ali məktəbi bitirməsini soruşdum. Dedi ki, Poltava Ali Hərbi Zenit-Raket Komandanlıq Məktəbinin məzunudur. Sözün açığı, bir qədər təəccübləndim. Axı, sovet əyyamında SSRİ daxilində qeyri-ölkələrin ali təhsil ocaqlarında Azərbaycan tarixi tədris edilmirdi. O da məlumdur ki, öz məktəblərimizdə bir pozulmaz qayda olaraq SSRİ tarixinə çox dərs saatı ayrılırdı. Demək, ülvi milli duyğulu Kamran Məmmədov ana vətənimizlə bağlı tarixi bilgiləri müstəqil surətdə öyrənmişdi.

       Belə bir hikmətli fikir var, deyirlər ki, mənə gedən yolu göstərin, məndən gedən yolu özüm seçərəm. Bu, yalnız güclü şəxslərə aid mövqedir. Necə ki, Kamran Məmmədov sevimli doğum yurdu Şəki rayonunda Toxuculuq Texnikumunu bitirsə də, 1984-86-cı illər ərzində Almaniyada olan sovet qoşunlarının tərkibində əsgərlik həyatını uğurla başa vurduqdan sonra qətiyyətli mövqe seçərək Poltava Ali Hərbi Zenit-Raket Komandanlıq Məktəbinə daxil olmuş və Quru Qoşunlarının Hava Hücumundan Müdafiəsi üzrə Taktiki-Komandanlıq ixtisasına yiylənmişdir.

       Sovet dövründə ilk hərbi xidmət yeri Sibir hərbi dairəsində yerləşən 228-ci motoatcı alay olmuşdur. Burada zenit-raket taqımının komandiri vəzifəsində xidmət edərək hər gün nəzəri əsaslara istinadən öz empirik bilik səviyyəsini artırmışdır. Cəmi-cümlətanı bir il keçmişdi ki, qəlbimizə qara günlər yaşadan Qarabağ savaşının od-alovu aləmi bürüdü. Arxalı və çox qudurğan Ermənistan dövləti öz həddini tamam aşmışdı. Müstəqil Azərbaycanımızın dərdli harayına Kamran Məmmədov necə biganə qala bilərdi?! Beləliklə öz qərarını qətiyyətlə qəbul etdi. 1992-ci ilin aprel ayından etibarən  doğma ordumuzun sıralarına daxil oldu. İlk gündən öz silahdaşları arasında peşəkar hərbçi kimi sevildi. Yeni qurulan gənc ordumuzda peşəkar və təcrübəli zabitlərə olan tələbatı nəzərə alaraq könüllü surətdə ön atəş xəttinə çıxdı. Müvafiq yerdəyişmələr əsasında 123, 737 və 703 nömrəli hərbi hissələrdə xidmət edərək erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında öz sözünü mərdanə dedi. Kadr qıtlığı ucbatından onu boş qalmağa imkan vermirdilər. Hərbi tapşırıqların icrası, habelə maddi-texniki təminat problemləri ilə bağlı gündüz də çalışırdı, gecə də. Nəhayət, yuxarı komandanlıq Kamran Məmmədov kimi təcrübəli və bilikli bir zabiti təlimlərə cəlb etmək qərarına gəldi. 889 nömrəli hərbi hissədə əvvəlcə təlim zenit-artilleriya taqımının komandiri, sonra isə təlim zenit-raket batareyasının komandiri vəzifəsinə təyin edildi. Onun keçirdiyi hər təlimdə həm zabitlər, həm də əsgərlər arasında yetkinlik əmsalı ifrat dərəcədə yüksəlirdi. Çünki hər bir çalışmanın formallığını yox, əməli nəticələrini önə çəkir, hər kəslə mehriban qardaşlıq ünsiyyəti yaradır, hərbçi şəxsiyyətinin fərdi məziyyətlərinin gücləndirilməsi üçün bütün varlığını səfərbər edirdi.  Kamran Məmmədov həm döyüş, həm də atəşkəs dövründə müxtəlif vəzifə pillələrini müvəffəqiyyətlə keçərək fərqli və üstün mükafatlara layiq görülmüş və nəhayət, pensiya yaşına əsasən 14 aprel 2015-ci il tarixində ehtiyata buraxılmışdır.

         Hamıya yaxşı bəllidir ki, 1-ci Qarabağ savaşından sonra uzunmüddətli atəşkəs rejimi bizi yaman bezdirmişdi. Ordumuzun gücünə yaxından bələd olmayanlar mənfi subyektiv fikirlər irəli sürürdülər. Təbii ki, hərə öz baxış bucağına görə fərdi mühakiməsini ortaya qoyurdu. Uğurlu hərbi əməliyyatlar keçirən, misilsiz qəhrəmanlıq nümunələri yaradan ordumuzla bağlı məğlubiyyət söhbətinin müzakirəsində Kamranla mən bir mövqedə fikir söyləyirdik. O əsaslı şəkildə deyirdi ki, biz 1-ci Qarabağ savaşında erməniyə məğlub olmamışıq, bu savaş hiylə yolu ilə super güclərin beynəlxalq arenada bir çirkli siyasi oynuna çevrilib. Bu səbəbdəndir ki, çox baş ağrısı çəkmişik. Məlum haldır ki, savaşa məqsədli şəkildə ara verilib, lakin biz Qarabağ müharibəsinə hələ nöqtə qoymamışıq. Uludan-ulu yurdumuzun xəritəsində işğal damğası ola-ola biz özümüzü necə kişi sanarıq! Buna görə də barmağımız həmişə tətikdədir. Həm indiki gerçəklik, həm də milli tarixi həqiqətlərimiz düşmənə tam aşkardır. Qoy, ağıllarını başlarına yığsınlar. Atalarımız demişkən, külək qayadan yalnız toz apara bilər. Unutmasınlar ki, biz mərd oğuz türklərinin soyundanıq. Necə olursa-olsun, həmişə dərd selinin yaratdığı ağrılı dərd selində yaxşı üzməyi bacarırıq.

       Bax, bu, damarında əsl türk qanı axan Kamran Məmmədovun haqlı mühakiməsi idi. Onun dedikləri gerçək oldu. Biz Qarabağ savaşını siyasi yox, hərb məsələyə çevirdik. Murdar xislətli daşnak arxasından super güclər çəkilən kimi Ermənistan ordusu Azərbaycan döyüşçüsünün ayaqları altında can verdi. Şükürlər olsun ki, dəyərli qeyrətkeşimiz Kamran Allahyar oğlu Məmmədov öz sözünün real nəticəsini görə bildi, şanlı ordumuzun zəfər sevincini birgə yaşadıq.


         Kamran Məmmədov milli hərb tariximizin inkişafında öz töhfəsi olan bir igiddir. Hava Hücumundan Müdafiə Qoşunları üzrə aparılan ordu quruculuğumuzun ilk izlərində seçilmiş bir iz kimi Kamran Məmmədovun izini ötən keşməkeşli günlərimizin qaranlıqlarında axtarmağa dəyməz. Yurdcanlı Kamran Məmmədov bu günümüzün iç qatındadır. Onun ömrü çox bərəkətli bir ömür idi. Milli sevgisi, humanist xarakteri, sönməz qabiliyyət imkanları və hərbçi cəsarəti Kamranın ömür yolunda hakim qüvvə olaraq zəngin bir həyat yaratmış və şərəfli adının lüğəvi mənasına uyğun surətdə müqəddəs arzularının çoxuna sahib olmuş, layiqli kam almış və xoşbəxt ailə qurmuşdur. Bu gün iki oğul övladı – Rüstəm və Nicat da yurdcanlı atanın mənəvi yol yolçusu kimi rəğbətlənir. Əfsus ki, vaxtsız ölüm, çarəsiz qəfil xəstəlik Kamranın bir qism arzularının reallaşdırılmasına mane oldu. Kamran ayrılığının acısı bizi daim kədərləndirir. Ruhun daim şad olsun, unudulmaz qardaşımız!...

        Bu dünya imtahanlar dünyasıdır. Həmişə cürbəcür sınaqlara çəkilirik. Uca Allahımız sevdiyi insanları çox imtahana çəkir. Bu Allahın bir lütfüdür. Sevdiklərimizin acısı da bu yolda bizə bir imtahandır...

                                                                         İbrahim MƏSİMOĞLU

 

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”