"Feyruz Qurbanov cəsurların ən cəsuru kimi fəxri ad almışdır..."

 

Feyruz Qurbanov

     Bu fani dünyada ya həmişəlik olmağın, ya da birdəfəlik ölməyə qarşı bir çarənin tapılması mümkün deyil. Amma mərdanə yaşamağın yaxşı əlacı var. Göz dəyməsin, millətimiz bu sarıdan çox mənəvi ağrı keçirmir. Keçmiş və indiki tariximiz kimə bəlli deyil. Həyat qavrayışının zirvələri, mənəvi sərvətləri bizdən ötrü əlçatmaz sayılmır. Dinc həyatda hərəmizin dərdli-dərdsiz öz yaşam tərzi olsa da, mərdlik yolunda etibarlı və cəsur silahdaşlarımız saya gəlmir. Ona görə də həm real, həm də xəyali situasiyaların axarında biz nə qədər çətin fikirlərə qərq olsaq da, nikbinliyimizi itirməmişik. Həmişə mərdanəliyi üstün hesab etmişik. Şabran rayonunun Məliklər kəndində doğulub ərsəyə gəlmiş Feyruz Əlihüseyn oğlu Qurbanov milli mərdanəliyimizin misilsiz səhifələrini yaratmış şəhid silahdaşlarımızdan biridir. O, “Xilaskar” ləqəbli basılmaz taborumuzun unudulmaz müqəddəs bir simasıdır.

Feyruz Qurbanovun fədakar döyüşçü həyatının ilk addımı 1993-cü ilin aprelində Pirəkəşküldə yardılmış dağ diversiya taborunda atılmışdı. Qısa zaman ərzində 701 saylı hərbi hissə sırasına daxil olmuş və Murovdağın Ömər zirvəsində öz qorxmaz və təcrübəli əməllərini ilk hərbi əməliyyatda gerçəkləşdirmişdi. Bu səbəbsiz deyildi. Belə ki, Feyruz Qurbanov sovet ordusunda bir əsgər kimi xüsusi təyinatlı dəstədə xidmət etdiyinə görə savaş sirlərini, döyüşçü səriştəsini yaxşı əxz etmişdi.

Döyüşçü yoldaşı Qurban Mirzəoğlu söyləyir ki, həmin vaxt motoatıcı briqadamızın komandiri pokovnik-leytenant İlqar Əliyev bizə Ömər aşırımını və Koroğlu yüksəkliyini azğın dığalardan təmizləmək tapşırığı vermişdi. Diversiya qrupuna daxil olan ilk könüllülərdən biri Feyruz oldu. Ömər zirvəsindən sıldırımlı qayalardan aşağı istiqamətdə hücuma keçmək kimin ağlına gələ bilərdi?! Çünki hər tərəfi qalın qar basmışdı. Ən az qar dərinliyi yarım metrdən çox idi. Çətinliklərə baxmayaraq səhər tezdən alaqaranlıqda hücuma keçdik. Tək deyildik. Digər taborlar da bizə yardım göstərirdilər. Taktiki hiylələrimiz hesabına keçilməz yüksəkliklərdən yaxşı enə bildik. Gözə şübhəli dəyən çala-çuxurların, daşlı dağ yollarının böyründən ehtiyatla keçərək hədəflə birbaşa üz-üzə gəldik. Açıq döyüşdə dığalar bizə tutarlı müqavimət göstərə bilmədilər. Təxminən 4 saat ərzində apardığımız sərrast atəşlərdən yarısı həlak olan düşmən qüvvələri səngərdən çıxıb qaçdılar. Döyüş tapşırığını nöqsansız başa vurduq. Heç bir itkimiz olmadı. Uğurlu hərbi əməliyyatdan sonra hamımız mükafatlandırıldıq.  

İki gün sonra ermənilər Ömər zirvəsini geri almaq üçün əks-hücuma keçdilər. Üzbəüz döyüşdə onların bir ədəd PDM-i və 1 ədəd tankı susduruldu. Beləliklə düşmənin əks-hücumu alınmadı. Gecə dəqiqələrində qərargah rəisimiz Rafiq  Sadıqov və Feyruz Qurbanov vurulmuş texnikalardan iriçaplı pulemyotları və digər silahları gətirmək üçün həmin istiqamətdə irəli getdilər. Düşmən texnikalara yaxınlaşmaq imkanı vermirdi. Nəhayət, Feyruz cəsarətlə irəlilədi. O qayıdarkən məlum oldu ki, həm PDM-in, həm də tankın içərisində rus ordusuna və rus əsgərlərinə aid sənədlər var imiş. Bu məsələni araşdırmaq üçün bir neçə gün sonra dörd rus zabiti bizim briqadaya gəlmişdi.   

Feyruz Qurbanov taborun ən yüksək cəsarət rəmzi sayılırdı. Hər döyüş əməlində nəsə bir fərqli nümunə göstərirdi. Bu səbəbdən də aparılan kəşfiyyat əməliyyatlarında o birinci sırada dururdu. Bir dəfə briqada komandirinin müvafiq tapşırığına əsasən 3 günlük kəşfiyyata göndərildi. Aparılan müşahidələrdən hiss edilirdi ki, düşmən Kəlbəcər tərəfində nəsə güclü qüvvə toplayır. Hökmən dəqiq məlumat əldə etmək lazım idi. Feyruz gecə dəqiqələrində üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi. Dığaların nəzərdə tutulan həmlə istiqamətləri aşkarlandı. Təcili surətdə artilleriya atəşləri nəticəsində ermənilərin bir neçə dayaq məntəqələri və ehtiyat silah-sursat anbarı dağıdıldı. Buna görə də ermənilər ön atəş xəttinə yaxın ərazilərdə çox qüvvə saxlamadılar. Həmçinin silah-sursat anbarlarını da xeyli arxada inşa etdilər.  

Taborun qərargah rəisi Məhəbbət Qəribov söyləyir ki, mənəvi zənginliyi ilə sevilən Feyruz Qurbanov fiziki cəhətdən güclü və cox hazırlıqlı idi. Dostluqda, yoldaşlıqda ondan kimsə inciməmişdi. Hər savaşda bir qəhrəmanlıq əməli ilə önə çıxırdı. Feyruzun igidlik dünyası bizi çox qürurlandırırdı. Bir məsələni ayrıca vurğulamaq yerinə düşər. Vətən savaşımızın ilk dövründə ixtisaslı hərbçilərimiz az idi. Hərbçi kadrlarımızın qıtlığı bizə çox problemlər yaradırdı. Lakin hər döyüşdə öz təcrübəmizi artıra bilir və ümidimizi itirmirdik. “Xilaskar” taboru daxilində cəsur silahdaşlarımıza, Feyruz kimi bacarıqlı döyüşcülərə bir xilas yolu kimi baxırdıq. Vətənimizin ağır günlərində torpağımıza göz tikən mənfur düşmən öz himayədarları hesabına ayaq üstündə dura bilsə də, habelə bir qisim işğal arzularını həyata keçirsə də, biz hər hansı bir məğlubiyyətlə barışmırdıq.          

Bütün hərbi əməliyyatlarda Feyruz Qurbanov təcrübəli döyüşçü kimi yalnız irəli gedirdi. Xüsüsi döyüş bacarığını və tükənməz fiziki gücünü nəzərə alan komandanlıq onu vaxtaşırı olaraq düşmən qüvvələri haqqında zəruri məlumatların toplanılması üçün düşmən qüvvələrinin arxasına kəşfiyyata göndərirdi.  Feyruzun əldə etdiyi məxfi və eyni zamanda etibarlı məlumatlar həmlələrimizi xeyli asanlaşdırırdı.   

Bəzən peşəkar tabor komandirimiz Vəli Bayramov da kəşfiyyat əməliyyatlarında iştirak edirdi. Hücum planlarının, qəfil həmlələrin hazırlanmasında Feyruzla onun birgə fikir mübadiləsi yaxşı nəticələr verirdi. 2-ci Kəlbəcər əməliyyatı başlamazdan əvvəl tabor heyətimizin azlığı nəzərə alınaraq 701 saylı hərbi hissədə 5-ci Bərdə taboruna biz xilaskar bölüyü kimi daxil olduq. Xilaskar imzamız yenə qüvvədə qaldı. 1993-cü il dekabr ayının 29-da yeni qəhrəmanlıq tariximizi yazmağa başladıq. Təxminən 50 gündən ibarət olan bu keşməkeşli hərbi əməliyyatda Feyruz Qurbanov həmişə olduğu kimi bütün döyüşlərin öncül igidi kimi seçilirdi. Təkcə özünü deyil, həm də öz silahdaşlarını qoruyur, dığaların hərbi-taktiki hiylələrini puç edirdi.



Meydançay əməliyyatında çox uğurlu döyüş nəticələri qazandıq. Qaya-səngərlərdən qəfil sıçrayaraq düşmənin çoxlu canlı qüvvəsini qan içərisində boğduq, beləliklə Kəlbəcər rayonuna girişi təmin etdik. Qızılqaya əməliyyatında göstərdiyimiz fədakar əməllər dığaları mat qoymuşdu. Çünki onlar inanmırdılar ki, çox etibarlı müdafiə istehkamları ilə qorunan mövqeləri heç bir halda basıla bilməz. Bölüklərimiz öndən qəfil həmləyə keçəndə Feyruz Qurbanov başda olmaqla cəmi 10 nəfər silahdaşımız –  Məmmədov Hikmət Şəfaqəddin oğlu,  Qubadov Rahim Rəhman oglu, Cəfərov Müşfiq Məhəmməd oğlu, Həsənov Əli Məhərrəməli oğlu,  Zəkiyev İbadulla Gulbala oğlu,  Fərmanov Telman İsrafil oglu,  İskəndərov Valeh İsrail oğlu, Abbasov Rasim Xanoğlan oğlu və Məmmədov Kamil Firuddin oğlu aldadıcı hərəkətlər hesabına düşmənə arxadan zərbə vurdular. Biz onlara rəmzi mənada “Qızılqayanın qızıl onluğu” deyirdik.

60-dan çox canlı qüvvə itirən nankor daşnaklar qaçmağa üz tutdular. Xeyli hərbi qənimət əldə etdik. Həmin yüksəkliyin alınması nəticəsində Kəlbəcər-Murovdağ yolu bizim nəzarətimiz altına keçdi.

Buzluq, Bağırlı və Bağırsaq kəndləri uğrunda gedən döyüşlərdə də öz hünərimizi fərqli şəkildə ortaya qoyduq. Əldə edilən məlumatlara görə həmin mövqelərdə düşmən az qüvvə yerləşdirmişdi. Tabor komandiri Vəli Bayramovla Feyruz Qurbanovun apardığı kəşfiyyat zamanı daha dəqiq faktlar üzə çıxdı və ayrıca vurğulandı ki, ehtiyat hissini itirmək olmaz, yəni istənilən vaxt vəziyyət kəskin bir formada dəyişə bilər. Onların ehtimalı doğru çıxdı. Bağırlı kəndinə yaxınlaşan zaman müəyyən edildi ki, dığalar təbii maskalar altında tələ qurmuşdular. Çevik hərəkətlərlə müdafiə mövqeyi qurduq. Bir var ki, ağıl hesabına hərəkət edəsən, bir də var ki, əl-biləklə iş görəsən. Döyüşçü kontekstində belə bir pozulmaz tələb var: Silahın gücünü gərək ağıldan alasan. Savaş tariximiz sübut etdi ki, biz daşnak kələyinə yaxşı bələd olmuşuq. Odur ki, hər addımda yalnız hərbi təmayüllü ağıla güc verirdik. Qısa zaman içərisində dağlıq ərazinin xarakterik xüsusiyyətlərinə uyğun surətdə düşmən mövqelərini oda bələdik. Həqiqətən çox ağır döyüş oldu. Çünki dığalar yüksək dağ mövqelərindən bizi yaxşı görürdülər. Yalnız tüstü şaşkalarının hesabına çevik manevr edir və düşmən tələlərini puç edirdik. Döyüşlərdə qubalı igid çavuşumuz Qubadov Rahim Rəhman oğlu və ağdaşlı əsgərimiz Abbasov Rasim Xanoğlan oğlu şəhidlik zirvəsinə ucalddılar. Səkkiz igidimiz ağır yaralandı.  Əhmədov Kamran Sirac oğlu və Məmmədov Xanlar Həmzə oğlu Buzluq ətrafında, İsayev Bəxtiyar Əmirşah oğlu, Həsənov Aydın Alxan oğlu, Əlyarov  Əfqan  Niyyətverdi oğlu, Qarayev İlyas Teymur oğlu, Musayev Şahvələd Mərdan oğlu və Quliyev Əliqara Əkbər oğlu isə Bağırlı kəndi uğrunda gedən döyuşlərdə yaralandılar.

Düşmənin itkisi bizimkindən çox idi. Dığaların bağıra-bağıra danışıq səsləri, həmçinin qorxu altında əsərək iri daş və qayalar arasında pərən-pərən düşmələri bizə yaxşı məlum oldu ki, onların  bizi mühasirəyə salmaq cəhdi baş tutmayacaq. Birdən bir erməni qoduğunun çaşqınlıq içərisində öz mövqelərindən uzaqlaşdığını gördük. Dığanın nə edəcəyini qabaqcadan müəyyən etmək olmadı. Feyruz onu sakit halda yaxşıca izlədi və tutarlı bir pusquya salaraq əlbəyaxa döyüş nəticəsində əsir götürdü.

Tale elə gətirdi ki, Feyruz Qurbanovun əsir tutduğu ermənidən müsahibə almaq mənə qismət oldu. Düzdür, o zaman mən hərbi jurnalist vəzifəsində deyildim. 701 saylı doğma briqadamızın tərbiyəvi işlər üzrə təlimatçısı kimi hərbi əməliyyatlarda iştirak edirdim. Amma döyüşçü yoldaşlarımın istəyinə və briqada komandirinin razılığına əsasən vaxtaşırı hərbi jurnalistlik missiyasını icra edirdim. Yeri gəlmişkən deyim ki, həmin əsir erməni əslən Ermənistanın Razdan şəhərindən olan, Gümrünün çavuş məktəbini bitirən və İrəvan şəhərində hansısa hərbi hissənin avtomobil bölüyünün çavuşu olan Slavik Vasilyeviç İsaverdiyan idi. Müsahibəmin axırında Feyruz Qurbanov yerdən bir ovuc torpaq götürüb mənə verdi və dedi ki, alın bu torpağı, soxun o murdar dığanın gözlərinə! Qoy unutmasın ki, onlar bizim kimi mərd oğulları yer üzündən silə bilməzlər. Axı, birimiz şəhid olursa, minimiz dirilir. Heç kəs gəlib bizim doğma Vətənimizdə ağalıq edə bilməz.

Əsir tutduğuna görə Feyruz Qurbanova pul mükafatı verildi. O, aldığı maddi vəsaiti döyüşçü yoldaşları arasında böldü. Bax, bu yanımcıl hərəkət Feyruz qəlbinin əzəmətli zirvəsindən xəbər verirdi. 50 günlük keşməkeşli 2-ci Kəlbəcər əməliyyatında 60-dan çox daşnak qoduğunu cəhənnəmə vasil etdiyinə və yüksək qəhrəmanlıq nümunələri göstərdiyinə görə ona “leytenant” hərbi rütbəsi verildi və motoatıcı taqım komandiri təyin edildi.

Bir təəssüb doğuran haşiyə çıxmaq istəyirəm. 1-ci Vətən savaşımızda qəhrəman oğullarımızın sayı 2-ci Vətən savaşı ilə müqayisədə az deyildi. Çünki biz Oğuz türklərinin soyundanıq. Qəhrəmanlıq ana vətənimizin azadlığı naminə bizdən ötrü həm adi, həm də zəruri bir mənəvi borcdur. Əfsus ki, o dövrdə orden və medallarla təltif olunmaq qisməti indiki qədər zəngin deyildi. Təbii ki, bu, tam və qəti qələbəmizin aqibətindən irəli gəlmişdir. Gec olsa da, kaş Feyruz Qurbanovun daşlaşmış sinəsi də bu gün orden-medallarla tam bəzənəydi.

Cəsur döyüşçümüz Feyruz Qurbanov 1994-cü il aprelin 21-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə başından aldığı ağır güllə yarasından şəhid olmuşdur. Məzarı Şabran rayonunun Məliklər kəndindədir. İndi onun ruhu daim şadlıq içərisindədir. Çünki ana vətənimiz azad nəfəs almaqdadır. 5-ci tabor komandiri Gəray Əsədov demişkən Feyruz Qurbanov apardığımız qanlı-qadalı döyüşlərdə cəsurların ən cəsuru olmuşdur. Onun əziz xatirəsi həmişə qəlbimizdədir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Feyruzun adı bizim qan yaddaşımızda Milli Qəhrəman kimi yazılmışdır. Çünki o adi döyüşçü deyildi. Bu gün dəyərli silahdaşımız, Feyruzun  keçmiş zabit yoldaşı Füzuli Cümşüdov fərəhlə söyləyir ki,  Feyruz Qurbanov cavaş tariximizdə layiqli yer tutan “Xilaskar” taborunun fəxri üzvü, vuran ürəyi, görən gözü olmuşdur. Biz onu həmişə cəsarət simvolu kimi xatırlayırıq... 

Mən gözəl sözlərə yox, gözəl fikirlərə vurğunam. Verən də, alan da Allahdır. Biz axirətdə səngər qardaşlarımızla görüşəcəyik.  Yurdsevənlər üçün ayrılıq yoxdur.  Əvvəl-axır o daimi səadət yurduna hamımız köç edəcəyik. Allah çarəsizlərin yeganə çarəsidir. O səbir edənləri daim mükafatlandırır. Unutmayaq ki, şəhidlərimiz üçün Allah rəhmətinin hüdudu yoxdur...

                                                                                      İbrahim MƏSİMOĞLU

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”