ŞƏRƏF DÖYÜŞÇÜ RUHUNUN SÖNMƏZ GÜCÜDÜR



              

        Qarabağ kontekstində savaş tariximizin həm ağrılı ilk illəri, həm də dəmir yumruqla tamamlanan sonluğu bizdən ötrü unudulmaz bir tarixdir. Bəzi uğursuz hərbi əməlliyyatlara görə ötən düyünlü gün-güzəranımıza, super güclər hesabına erməni faşistlərin törətdikləri vandal əməllər ucbatından yaddaşımıza həkk olunan bəzi qanqaraldıcı savaş səhifələrinə kəc baxmaq bizdən ötrü lüzumlu sayıla bilməz. Savaş sınaqlarından yaxşı dərs ala-ala son nəticədə müzəffər bir ordu yaratdıq. Uğurlu Qarabağ savaşımız xalqımızın ürəyini uca bir dağa döndərdi.

        İstər 1-ci, istərsə də 2-ci Qarabağ müharibəsi ilə bağlı ibrətamiz xatirələrimiz çoxdur. Müharibə iştirakçılarının hər biri fərqli tale yaşayıb. Kimi qısa döyüş yolu keçmiş, kimi də zəfər günümüzədək şərəfli səngər ömrü sürmüşdür. Hər bir əsgər taleyinin zaman məsafələrində nisbi bir meyar olsa da, verilən dəyər mütləq xarakter daşıyır. Vətən fədailərimizlə daim fəxr edirik. Azərbaycan Ordusunu savaş sənətinin fövqünə çəkən şəhidlərimiz heç vaxt unudulmayacaqdır. 

        1-ci Qarabağ müharibəsinin iştirakçısı Elşən Səlim oğlu Əliyev çətinliklərlə dolu döyüş yolu keçsə də, həmişə döyüş uğurlarından fəxrlə söhbət salır. O, Ağdaş rayonunun Ləki qəsəbəsindəndir. Ordumuzun ilk xüsusi təyinatlı hərbi hissəsi olan 771 saylı xüsusi reyd dəstəsinin əsgəri kimi Laçın, Şuşa, Goranboy, Füzuli və Xocavənd rayonlarının müdafiə döyüşlərində iştirak etmişdir.

         Elşən qürur hissləri ilə vurğulayır ki, onun təmsil etdiyi xüsusi reyd dəstəsi ən ağır hərbi tapşırıqların icrasında qalib qüvvə adını qazanırdı. Komandir heyətində peşəkar zabitlər az olsa da, yurdcanlı igidlərimiz savaş sirlərini tez əxz edirdilər. Həm də vaxtaşırı təlimlər keçirərək uğurlu döyüş aparmağı yaxşı mənimsəyirdilər. Bəzən ağır şəraitdə keçirilən hərbi əməliyyatı şəhidsiz başa vurur, daşnaklara tutarlı savaş dərsi verirdilər.

        Səngər ağrılarının acı nəticəsidir ki, Elşən Əliyev indi çəliklə gəzir. Şəkər xəstəliyindən çox əziyyət çəkir. Səhhətində problem olsa da, şanlı ordumuzun erməni işğalçıları üzərində tam və qəti qələbəsindən sonra daxilən çox rahatlanmışdır. Döyüş yolundan söylədiyi xatirələr maraqla dinlənilir: “Doğma ordumuzda hərbi xidmətim 13 mart 1992-ci il tarixindən başlayır. Bir ay Üçtəpə poliqonunda gərgin təlimlər keçirmişik. 771 saylı hərbi hissəmiz xüsusi təyinatlı hərbi hissə olduğuna görə bizi çətin sınaqlara salır və müşkül proseslərə cəlb edirdilər. Bir səbəbə görə bəxtimiz yaxşı gətirmişdi ki, hərbi hissə komandirimiz Əzizağa Qənizadə zəif zabit deyildi. Sovet dövründə Əfqanıstanda döyüş təcrübəsi qazanmışdı. Onun hər söhbətindən nəsə təzə bir hərbi bilgi əldə edirdik.

         İlk döyüş sınağımız Laçın rayonunun Köhnəkənd yaxınlığında Böyük Kirs dağında keçdi. Öz millətindən gileylənən bir erməni kolxoz sədrini birtəhər ələ almışdıq. Söz vermişdi ki, bəzi erməni postlarının yerini bizə göstərəcək. Lakin vədinə xilaf çıxdı. Bəzi hərbi sirləri bizə açıqlasa da, xəlvəti şəkildə əlimizdən çıxıb qaçdı. 10 ədəd PDM-lə düşmən postlarını bir gün nəzarət altında saxladıq. Mahir Quliyevin komandirlik etdiyi kəşfiyyat qrupunun üzvləri bir-birini himayə edərək Böyük Kirsin bir neçə yüksəkliyinə qalxdılar. Gecə-gündüz aparılan müşahidələr tez nəticə verdi. Dəqiqləşdirilən düşmən postlarının koordinatları yazıldı və onları yerindəcə məhv etmək üçün əhəmiyyətli oriyentirlər seçildi. Zəhmətimiz itmədi. Ucarlı igidimiz Eldar Həsənov münasib mövqe tutaraq PDM atəşləri ilə düşmən postlarını oda bələdi. Bu zaman o da məlum oldu ki, dığalar bizi mühasirəyə salmaq istəyirmişlər. Sol tərəfimizdə yerləşən “Qoca qartal” ləqəbli Davud qardaşımızın qrupu çarpaz atəşlərlə mühasirə niyyətli düşməni elə susdurdu ki, yalnız salamat qalan bir-iki dığa qaçıb canını qurtara bildi.

        Yaxşı yadımdadır, ilk həmləmizdə düşmən yalnız günortayadək müqavimət göstərə bildi. PDM-lərimiz eyni anda qəfil həmlə edən zaman Böyük Kirsdə bir erməni də qalmadı. Köhnəkəndin işğal təhlükəsi tam şəkildə aradan qaldırıldı. İki əsgər yoldaşımız şəhidliyə qovuşdu. Lakin onlar erməni gülləsi hesabına yox, qəza nəticəsində həlak oldular. Belə ki, PDM heyətinin üzvləri – Elman Əliyev və Vahid Əhmədov əyləc sistemi sıradan çıxdığına görə maşını idarə edə bilməmiş və kəskin bir şəkildə dərəyə aşmışdılar.

        Bir PDM başımıza bəla olmuşdu. Sükanı dönmürdü. Onu da istifadəsiz qoya bilməzdik. Kəşfiyyatçı əsgərimiz Bəhruz Əliyev texnika üzərində oturaraq yol keçidlərini qabaqcadan dediyinə görə texnikanı birtəhər idarə edə bildik. Beləliklə Şuşa istiqamətində təhlükəsiz irəlilədik. Yuxarı komandanlığın əmri əsasında Bala Kirs dağında mövqe tutduq. Şuşanın Zarıslı kəndini erməni əlindən almaq istəyirdik. Narahatlığımız texnika ilə bağlı yaranırdı. Döyüş texnikalarımızın istismarında, demək olar ki, hər gün bir problem baş verirdi. Bəzi nasazlıq hallarını öz gücümüzlə həll edirdik. Amma bir-birindən törəyən texniki nasazlıqlar, xüsusən də ehtiyat hissələrin çatışmazlığı hərbi tapşırıqların tam yerinə yetirilməsinə əngəl yaradırdı.

        Səbəbi aydın olmasa da, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Şahin Musayev təcili olaraq bizim Ağdam rayonuna göndərilməyimiz barədə göstəriş verdi. Bu göstərişin bizə xeyri ondan ibarət oldu ki, əyləci xarab olmuş döyüş texnikalarımızı təhvil verməyə yaxşı fürsət qazana bildik. Həm də şəhidlərimizin dəfnində iştirak etdik. Yeni saz döyüş texnikalarını qəbul etdik. Bununla yanaşı bizə təzə döyüşçülər qatıldı, şəxsi heyətimizin sayı müəyyən qədər artdı. Növbəti göstəriş bizi Goran stansiyasına doğru apardı. Əldə etdiyimiz qısa tənəffüslərdə komandirimiz Əzizağa Qənizadənin rəhbərliyi altında yalnız təlim işləri görürdük. Bilmədiyimiz və bizə qaranlıq görünən savaş incəliklərini öyrənir, arxayın durumda əmr gözləyirdik. Növbəti xəbər ürəyimizcə oldu. Məlumat verildi ki, ordumuz ilk irimiqyaslı Goranboy əməliyyatına hazırlaşır və bu döyüşlərdə bizim xüsusi reyd dəstəmizə mühüm tapşırıqlar veriləcək.”

       


 Bu, təsadüfi plan sayılmırdı. Çünki hədsiz qudurmuş erməni döyüş dəstələri bu bölgədə Xanlar rayonunun Sarısu kəndini tutmaqla Çaykənd kəndini işğal etmək niyyətinə düşmüşdülər. Onlar hərbi-strateji üstünlüyə malik olmaq üçün Xanlar – Kəlbəcər yolunu öz nəzarəti altına almaq istəyirdilər. Həm də erməniyə dəstək verən xarici qüvvələrin gizli kəşfiyyatı sayəsində cürbəcür siyasi oyunlar qurulur və belə bir fikir yayılırdı ki, biz güclü ordu yaratmaq iqtidarında deyilik.

         Söhbət zamanı Elşən Əliyev səmimi şəkildə dedi ki, o zaman bizi ruhdan salmaq istəyən bəzi ermənipərəst qüvvələr məqsədli şəkildə hiylə dolu şayiələri necə gəldi yaysalar da, döyüşçülərimiz ruhdan düşmürdülər. Əksinə olaraq üç istiqamətdə aparılacaq Goranboy əməliyyatına yüksək qələbə inamı ilə hazırlaşırdılar. Yüksək yurd sevgisi, sönməz inam olan yerdə kim geri çəkilərdi?!

        Goranboy əməliyyatında iştirakı nəzərdə tutulan xüsusi reyd dəstəsinin komandiri Əzizağa Qənizadə yalnız nikbin fikirlərlə iş aparırdı. Tabeliyində olan şəxsi heyəti hər söhbətində mənən çox ruhlandırırdı. Dəstənin döyüş marşrutu Sarısu, Gülüstan və Talış kəndi istiqamətində müəyyən edildikdən sonra döyüş xəritəsi üzərində kəşfiyyat qrupu ilə ayrıca çalışmalar aparır və düşmənə qarşı inanılmaz taktiki hiylələr düşünülürdü.

        Hazırlıq işləri Hacıkənd qəsəbəsində başa çatdırıldı. Verilmiş əmrə əsasən Sarısu kəndində mövqe tutdular. Elşən Əliyev o günləri belə xatırlayır: ”Sarısu kəndində qaldığımız 3 gün ərzində yaxşı kəşfiyyat işi gördük. Müşahidə zamanı məlum oldu ki, ermənilər qorxu içində dolanırlar. Kəndə giriş yollarında mina tələləri qurulmuşdu. Getmək istədiyimiz yolları diqqətlə müşahidə altında saxlayır və düşmənin taktiki hiylələrinin çoxunu aşkarlayırdıq. Belə ki, dığalar azacıq maskalanma və dezinformasiya yolu ilə aldadıcı görsənişlərlə öz hədəflərinin həqiqi vəziyyətini, müdafiə və həmlə niyyətini gizlətməyə çalışırdılar. Demək olar ki, qurulan pusquların təxmini yerlərini qabaqcadan müəyyən edə bilmişdik. Biz Buzluğa girməzdən əvvəl Gəncə taboru istehkamçılarının köməyi sayəsində həmlə xəttimizdə qurulmuş 4 minanı zərərsizləşdirə bildik. Səhər hava ışıqlanmazdan bir az əvvəl qəfil həmləyə keçdik. Necə deyim, qarşımıza çıxan hər əli silahlı dığanı rahatca cəhənnəmə yola salırdıq. Evlərdə mülki ermənilər çarpayı altına soxulub öz ölümünü gözləyirdilər. Sözün açığı, təslim olanı vurmurduq. Amma bizə qarşı silah tutanlar can verirdilər.

       



  Əsas yolu kəşfiyyatçı əsgərimiz Bəhruz Əliyev minaaxtaranla yoxlayırdı. Onu hər an vura bilərdilər. Bu təhlükəyə baxmayaraq  Bəhruz üzərinə düşən vəzifəni həyəcansız icra edirdi. Hər halda onu hamımız himayə edə-edə irəli gedirdik. Bəhruzun arxasında 12 döyüşçü vardı. Birdən möhkəm atəşə tutulduq. Yaxşı ki, güllələr bizdən yan keçdi. Sığınacaq imkanları çox olduğuna görə yaxşı qorunduq. Eyni zamanda dığaların əsas dayaq məntəqəsini aşkarlayaraq artilleriya rəisimiz Kamal Zülfüqarova hədəf koordinatlarını göndərdik. Sınaq atəşinə əsasən edilən düzəlişlərdən sonra mərmi düz hədəfə dəydi. Kəşfiyyat qrupunun olduğu yerdən təxminən 200 metr yüksəklikdə olan düşmən postları darmadağın edildi.

         Bir neçə saat ərzində Buzluq kəndi xarabazara döndü. Erməni evlərinin dağılmış görkəmindən matəm yağırdı. Hərbi qənimətimiz də az deyildi. Bir-birimizi görən zaman ürəkdən alqışlayırdıq. Deyirdik ki, eşq olsun, Azərbaycan Ordusuna! İçdiyimiz ana südü bizlərə halal olsun. Buzluq  kəndinin düşməndən təmizlənməsi təxminən 6 saat çəkdi. İki əsir tutduq.

        Başkənd döyüşündə açıq-aydın oldu ki, bizə qarşı vuruşanların yarısı muzdlu rus döyüşçüləridir. Bu səbəbdən kəndə girişimiz bir qədər çətinləşdi. Lakin hər şey ermənilərin zənn etdikləri kimi olmadı. Peşəkar rus döyüşçülərini bizim qətiyyətli həmlələrimiz vahimə içinə saldı. Müşahidəçilərimiz dəqiq məlumat verdiklərinə görə hər minaatan atəşimiz yaxşı səmərə verirdi. Mən minaatan heyətində idim. Minaatançı əsgər yoldaşlarım – ucarlı Ələsgər Süleymanov, ağdaşlı Şahin İsmayılov, ucarlı Sahil Salmanov hədəfləri dəqiq vura bilirdilər. Mən dığaları qan içində boğan minaatançılarımıza yaxşı köməklik edirdim. Atəş düzəlişləri həmləmizin sürətini elə artırdı ki, muzdlu rus döyüşçüləri də ermənilərlə bahəm qaçmağa üz tutdular. Gözümüzün qarşısında 9 rus döyüşçüsü “UAZ” markalı maşına tələsik soxulanda onları qumbaraatanla vurduq. Maşın hərəkətdə olduğuna görə qumbara onun bir hissəsini dağıtdı, yalnız bir rus döyüşçüsü həlak oldu. İkinci qumbaramız hədəfə çata bilmədi.

         Başkəndi mərdanə bir halda azad etdik. Kəndin xeyli erməni sakini təslim olmuşdu. Müdafiə Nazirliyindən xüsusi göstəriş verildi ki, dinc əhali nə vurulsun, nə də təhqir edilsin. Dəstəmiz verilən əmrə müntəzir oldu. Bizə düşmən kəsilən daşnak nəfəsli ermənilər bu münasibətə layiq olmasalar da, biz öz insanlığımızı göstərdik. Onu ayrıca deməyə dəyər ki, bəzi mülki ermənilər öz millətini danlayır və törədilən münaqişələrdə özlərini günahkar sayırdılar. Köçürülmə üçün təxminən 50 ədəd yük maşını gəldi. Böyüklü-kiçikli bütün dinc erməni sakinləri gecə ikən yola salındı. Hərbi qənimətlərimiz yığılaraq qeydiyyata alındı və istirahət etmədən verilmiş tapşırığa əsasən Gülüstan istiqamətində yola düzəldik.

       


          Əlavə olaraq onu qeyd etmək istəyirəm ki, əldə etdiyimiz uğurlar şəxsi heyətimizin ovqatını yaman şənləndirmişdi. Yaralı silahdaşlarımız da bizdən ayrılmaq istəmirdilər. Onlar lazımi tibbi yardım göstərildikdən sonra həvəslə döyüşçü sırasına qayıdırdılar. Ehtiyat qüvvəmiz olmasa da, operativ kəşfiyyat məlumatlarına əsasən reyd dəstəmizin cəsur komandiri Əzizağa Qənizadə və qərargah rəisimiz Aydın Şiriyev tərəfindən qruplarımız üzrə tapşırıqlar elə verilirdi ki, səpələnmiş döyüş düzülüşü üzrə uğurlu həmlə edə bilirdik.

       Qərəz, planımız problemsiz baş tutdu. İriçaplı pulemyotçularımız bizi elə yaxşı himayə etdilər ki, həm Erməni Borisi, həm də Rus Borisi adlı kəndlərini cəmi-cümlətanı iki saat ərzində erməni vandallarından təmizlədik. Bizi daha çox həyəcanlandıran erməni snayperləri idi. Onlar yüksək yerlərdə maskalanmış şəkildə mövqe seçərək bizi izləyir və bəzi hallarda dəqiq atəş açırdılar. Erməni Borisi kəndində igid səngər qardaşımız Elşad Çəndirli həmin atəşlərdən birinə tuş gəlmişdi.

       Total terror praktikasına yiyələnmiş erməniyə qarşı ən ağır döyüşlərdə də onlar kimi antibəşər əməllər törətmədik. Gülüstan döyüşündə, demək olar ki, murdar nəfəsli ermənilərin hər üzünü gördük. Kəskin formada maskalansa da, müşahidəçilərimiz tərəfindən aşkarlanmış bir erməni snayperini qaçmağa imkan vermədik. O qadın idi. Yanında təxminən 3 yaşlı uşağı da vardı. Sözün açığı, qadınlığına görə onunla mədəni davrandıq. Səmimi formada dilə tutduq ki, sağlam qalsın, onu öldürməyək. Amma biz ona yaxınlaşanadək uşağını cəld boğub öldürdü və özünü intihar etdi.

     


       Ermənilərin silah və mərmi daşıyan “MAZ” sürücüsünə də eyni humanist münasibət göstərdik ki, bizə lazımi hərbi sirləri versin, pusqu yerlərini açıqlasın. Hər şey barədə danışmağa söz verdi, lakin söylədiyi fikirlərdə aldadıcı faktlar tez üzə çıxdı. Həm də bizə qarşı çıxış etməyə cəhd göstərdi. Bu zaman “Qara yetim” ləqəbli səngər qardaşımız – Ucarın Alpoud kəndinin cəsur yetirməsi Məhəmmədəli həmin dığanı öldürdü. Tələ qurulan kənd yollarından təhlükəsiz halda keçməkdə bizə yaxşı bələdçilik edən erməni əsirlərimiz də vardı. Hünərli hərəkətlərimizi,  savaş üstünlüyümüzü görən muzdlu rus döyüşçüləri daha bizimlə qarşı-qarşıya çıxmaq istəmirdilər. Gülüstan döyüşündə hərbi qənimət kimi düşmənin bir PDM-ni sağ-salamat ələ keçirmişdik.    

      Uğurlu döyüş yolumuzda növbəti hədəf Talış kəndi idi. Döyüş texnikalarımız dağa çıxa bilmədiyinə görə kefimiz azaçıq pozuldu. Lakin çox məyus olmadıq. Qumbaraatançı əsgərimiz göyçaylı Şahin İsmayılov əlverişli mövqe tutaraq düşmənin 2 ədəd tankını və 1 ədəd PDM-ni susdurdu. Kəşfiyyat qrupunun komandiri Mahir Quliyev və qrupun komandir müavini Rasim Abdullayev öz igid əsgərləri ilə cəsarətli hərəkətlər edərək dığaları həyəcan içərisində boğdular. Cəsur əməllərinə görə komandir tərəfindən Bəhruz Əliyevə, Hamlet Şirinova və ucarlı igidimiz Heydərə təşəkkür elan edildi. Yeri gəlmişkən onu da deyim ki, bu gün 2-ci qrup müharibə əlili kimi səhhətində çox ağrılar çəkən ucarlı Ələsgər Məmmədov o zaman verilən ağır, bəzən isə ölüm təhlükəli əməliyyatlarda mərdanə vuruşma nümunələri göstərir, erməni işğalçılarından tutarlı intiqam alırdı.”

       Milli hərb tariximizdə fərqli dəyərə malik olan Göranboy əməliyyatının gedişi vaxt baxımından uzun çəkmədiyinə görə yox, daha çox səmərəli nəticələrinə, hərbi və mənəvi üstünlük göstəricilərinə görə qürur doğurur. 771 saylı xüsusi reyd dəstəsi bu hərbi əməliyyatda öz sözünü elə mərdanə dedi ki, bundan sonra nəzərdə tutulan döyüşlərdə ən çətin məqam yetişəndə yuxarı komandanlıq qeyri-ixtiyari bir tərzdə “ilk xüsusi təyinatlı hərbi hissə” kimi onları köməyə səsləyir və alınmaz saylıan yüksəkliklərin fəth olunması onlara həvalə edilirdi. 

     


    771 saylı xüsusi reyd dəstəsi gecə döyüşləri üzrə yaxşı təcrübə qazanmışdı. Kiçik qrup daxilində döyüşçülər şərti işarələrlə bir-birini himayə edərək soyuqqanlı surətdə irəliləyir, təbii və süni gizlənmələrdən bacarıqla istifadə edir, işıq və səs intizamını pozmurdular. Necə deyərlər, səfeh daşnaklar “böyük Ermənistan” xülyasına daldığı şirin yuxulama məqamında onları sakitcə boğazlayaraq cəhənnəmə yola salırdılar. Qalib gəlmək üçün həm yol tapır, həm də açılmayan yolu açırdılar. Ona görə də komandir Əzizağa Qənizadə ən çətin tapşırıqların həllini gecəyə saxlayırdı. Muğanlı kəndinin ələ keçirilməsi ilə bağlı tapşırığın icrası da gecənin birinci yarısında həll edilmişdi. Keşikçi dığaların nəfəsi bir-bir kəsilmiş və onların 60-dan çox canlı qüvvəsi məhv edilmişdi.

       771 saylı xüsusi reyd dəstəsinin ilk döyüşçülərindən biri olan Elşən Əliyev 1992-ci ilin iyul ayında Xocavənd rayonu ərazisində aparılan hərbi əməliyyatları da yaxşı xatırlayır: “Xocavənd istiqamətində gedən döyüşlərdə biz üzərimizə düşən tapşırıqları can-başla yerinə yetirsək də, ümumi nəticələr qənaətbəxş alınmadı. Biz çaxır zavodu yaxınlığında mövqe tutmuşduq. Ətrafımızda taxıl əkilmiş böyük ərazi vardı. 4 gün hücum əmrini gözlədik. Bizdən əvvəl burada güclü mövqe döyüşü aparılmışdı. Asudə vaxtlarda biçilmiş taxıl sahələrində on şəhid cəsədini tapdıq. Nəhayət, səhər saat 8.00 radələrində hücum əmrini aldıq. İlk həmlədə düşmənin bir minaatan qurğusunu qənimət kimi ələ keçirdik. Cəsur əsgərimiz Mehdi Məmmədov ilk həmlə zamanı snayperlə vuruldu. Komandirin göstərişinə əsasən mən və bakılı Nazimlə birgə Mehdini təxliyə etdik. Güllə yağış kimi yağırdı. Nə qədər ehtiyatlı hərəkət etsək də, Nazim ayağından yaralandı və bütün ağırlıq mənim üzərimə çökdü. Hər ikisini qaynar nöqtələrdən təkbaşına uzaqlaşdıra bildim. Lakin yenə bizi hədəfə almışdılar.

       


  Ratsiya vasitəsilə bizim barədə məlumat alan komandirimiz Əzizağa Qənizadə kömək üçün “Ural” maşınını göndərdi. Maşında 7 döyüşçü gəldi. Təxliyə zamanı bir “UAZ” maşını uzaqdan görsəndi. Uzaqda olduğuna görə onun vizual əlamətlərində elə kəskin fərq gözümüzə dəymədi. Əvvəlcə elə zənn etdik ki, bizimkilərdir. Lakin onlar bizə yaxınlaşaraq atəş açanda düşmən olduqlarını yəqinləşdirdik. Yol kələ-kötürlü olsa da,  sürücümüz sürəti artırdı. Gördük ki, bizdən əl çəkmək istəmirlər. “UAZ” maşınını dayandırmaq məqsədilə əsgər qardaşlarıma dedim ki, qoy mən düşüb o dığalara cavab verim. Yoxsa daha təhlükəli hallar yaşayarıq. Mənim düşdüyümü və dağılmış vaqon arxasında mövqe tutduğumu görən dığalar geri qayıtdılar. Mən tək qaldım.Təxminən 15 dəqiqədən sonra mövqe tutduğum vaqon qəfil atılan mərmi ilə vuruldu. Yaxşı ki, vaqonun içərisindən çıxmışdım. Qəlpələr başımı çox yaxaladı. Qan axınını dayandırmaq üçün köynəyimdən sarğı kimi istifadə etdim. Dilim möhkəm tutulmuşdu, danışa bilmirdim. İti yerişlə arxa cəbhəyə doğru getdim və sanitar təlimatçılarının ilkin yardımından sonra Bakı şəhərinə yola salındım. Hərbi hospitalda qalmağa yer yox idi. Qohum evində müalicə olundum...”

       771 saylı xüsusi reyd dəstəsinin bir döyüşçü xatirəsi bizə ötən savaş tariximizlə bağlı real həqiqətləri açıqladı. Hər bir halda qürurlandıq. Çünki biz ləkəsiz şərəf sahibiyik. Şərəf döyüşçü ruhunun sönməz gücüdür. Səngər mühitində doğulan ordumuzun keşməkeşli günlərində ilk xüsusi təyinatlılarımızın qəhrəman əməlləri daim fəxarətlə yad edilir. Biz əksər döyüşlərdə mənfur düşmənə sübut edə bildik ki, qələbə texnika və döyüşçü sayının üstünlüyü, super güclərin dayağı ilə deyil, ağıl, inam, qüdrətli yurd eşqi və tükənməz cəsarət gücü hesabına da əldə edilir.

                                                                                               

                                   İbrahim MƏSİMOĞLU

       ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”