GÜC, CƏSARƏT VƏ İNANC ƏSL DÖYÜŞÇÜ QANI DAŞIYAN ƏSGƏRLƏRDƏ OLUR
Səngər
mühitində doğulan ordumuzun başına ilk quruculuq illərində unamadığımız bəlalar
açıldı. Müvəqqəti olaraq ana yurdumuzun bir hissəsi daşnak tapdağı altında
inildədi. Çoxsaylı itki acılarını yaşadıq, amma nə qürurumuzu, nə də cəsarətimizi
itirdik. Gücü doğru olanın qələbəsi də doğru olar. Özgələr hesabına müəyyən
işğalçı əməllər törədən vandal ermənilər, axır ki, müzəffər ordumuz qarşısında
diz çökdü.
1-ci
Qarabağ müharibəsində cəsur əsgər kimi iştirak etmiş İlham Zahid oğlu
Allahverdiyev öz döyüş yolunda şahid olduğu ibrətli hadisələri, ordumuzun
inkişaf mərhələlərində yaşadığı çətin məqamları yadından çıxara bilmir. 13 mart
1992-ci il tarixindən etibarən doğma Azərbaycan Ordusunda hərbi xidmətə
başlayan bu igidimiz dönə-dönə söyləyir ki, ordumuzun təməli qoyulanda biz bütün
çətinliklərə qarşı dözüm və səbir göstərməsəydik, müşkül vəziyyətlərdə mərdanə qan-tər
axıtmasaydıq, tülkü soyundan əmələ gələn daşnaklara döyüş dərsi keçməsəydik,
qalib ordumuzun inkişafı çox ləngiyə bilərdi. Son nəticədə halal
torpaqlarımızın müdafiəsi naminə vətən yolunda baş qoyanların alnı ag oldu.
Oğuz
rayonunun Xalxal kəndində doğulub ərsəyə gəlmiş İlham Allahverdiyev döyüşə getməzdən
əvvəl Mingəçevir şəhərində Şüşə-mahlıc
zavodunda çalışırdı. İki uşağı vardı. Böyük oğlu 9 yaşında idi. Tez-tez
baş verən ürək xəstəliyindən çox əziyyət çəkirdi. Di gəl ki, 1992-ci il mart
ayının 5-də hərbi xidmətə çağırış vərəqi ona veriləndə əhvalı yaxşılaşdı. Hər
yerdə başını dik tutaraq dedi ki, vətənimiz dardadır, bu məsələnin həllində
kimsə yaxasını kənara çəkə bilməz, doğma yurdu qorumaq bizdən ötrü şərəfli
işdir. Ali istəyinə uyğun olaraq hərbi komissarlıqda tibbi müayinə zamanı xəstəliyini
açıqlamadı və 1992-ci il mart ayının 13-dən etibarən xüsusi təyinatlı hərbi
hissə kimi yaradılan 771 saylı xüsusi reyd dəstəsində hərbi xidmətə başladı.
Yaxşı oldu ki, təlim keçmədən ön atəş xəttinə
göndərilmədi. Döyüşə hazırlıq məşğələləri Bakı Ali Hərbi Ümumqoşun Məktəbinin
Üçtəpə səhra təlim mərkəzində keçirildi. İlham böyük həvəslə təlim
tapşırıqlarını yerinə yetirir və bacarıq keyfiyyətləri ilə seçilirdi. Hərbi
hissə komandiri Əzizağa Qənizadə peşəkar zabit olduğuna görə məşğələlər səmərəli
nəticə verirdi. Döyüşün qətiyyətli gedişi, yüksək manevr imkanları, lazımi sürət
ahəngdarlığı, meydana gələn şəraitin tez və sərfəli dəyişdirilməsi üçün tətbiq
edilən müxtəlif üsullar üzrə məşqlərdə hərbi hissə komandirinin əsgərlərlə birgə
sınaqlar keçirməsi nəticəsində mənimsəmə faizi qaneedici alınırdı. Həmçinin
komandirin əsgərlərə bəslədiyi xoş və səmimi münasibət şəxsi heyətin mənəvi
tellərini yaman möhkəmləndirirdi.
İlham söyləyir
ki, məşqlər zamanı ağır və çevik hərəkətlər edəndə ürəyində əmələ gələn sancılar
bəzi tapşırıqların tam icra edilməsinə mane olurdu. Amma ruhdan düşmürdü. Hər
bir halda təminat bölüyünun komandiri gizir Tahir Vəliyev tərəfindən hərbi hissə
komandirinə İlhamın ürək xəstəliyi barədə məruzə edildi. Tibb xidməti rəisi Azər
Məmmədov da müayinə nəticələrinin düzgün olduğunu açıqladı. Komandir Ə. Qənizadə
reallığı nəzərə alaraq İlham Allahverdiyevi təminat bölüyünə daxil etdi.
O dövrdə
ordunun təminat işi rəvan getmirdi. Döyüşçüləri narahat edən ən mühüm problem
silah və döyüş texnikasının çatışmazlığından irəli gəlirdi. Xüsusi təyinatlı qoşun
növü kimi təsis edilsə də, 771 saylı hərbi hissə ali hərbi məktəbin köhnə tədris-döyüş
texnikası ilə təchiz olunmuşdu. Bu da hərbi əməliyyat tələblərini yaxşı ödəmirdi.
Yuxarı komandanlıq bir-iki ay ərzində hərbi hissənin lazımi texnikalarla təmin
ediləcəyi üçün göstəriş vermişdi. Lakin çarə tapılmadı. Əlacı kəsilən təminat
bölüyünun komandiri gizir Tahir Vəliyev hərbi hissə komandirinin razılığı əsasında
ehtimal olunan imkanlardan bəhrələnməyə cəhd etdi. Belə ki, ön xəttə yola düşməzdən əvvəl İlham Allahverdiyev
başda olmaqla bir qrup əsgərimiz H. Z. Tağıyev qəsəbəsində yerləşən və hələlik
rusların ixtiyarında olan keçmiş ittifaqa məxsus hərbi hissədən bir neçə təminat
texnikasını qarşılıqlı razılıq əsasında aldılar. Yəni ruslar mövcud vəziyyəti nəzərə
alaraq İlhamgilin müraciətinə biganə yanaşmadılar.
İlham
Allahverdiyev Laçın rayonunda aparılan ilk döyüş hazırlığı barədə belə söyləyir:
“Sözün açığı, ilk addımları həyəcanla atırdıq. Di gəl ki, hər vəziyyətə
uyğunlaşa bilirdik, aramızda qorxuya tam düçar olan bir əsgər də tapa bilməzdin. Verilmiş tapşırığa əsasən Böyük Kirs dağına
gedən kəşfiyyat qrupumuzu ərzaq payı ilə çox yükləmək istəmədik. Kimsə narazı
qalmadı. Çünki yüklənmiş halda enişli-yoxuşlu dağ cığırlarında hərəkət etmək
yorğunluq yaradırdı. Qayaların münasib aralığında bir sığınacaq düzəltmişdik.
Ərzaq ehtiyatımızı orada yerləşdirdik ki, hər hansı mərmi atəşi altına düşməsin.
Həm də tez-tez yağış yağırdı. Ərzaq ehtiyacımızı mühafizə edərək qoruya bilsək
də, özümüz yağış altında qalırdıq. Plaşımız yox idi. Alt köynəyimizə qədər
sulanırdıq. Yalnız gecələr sakitlik çökəndə pal-paltarımızı birtəhər
qurulayırdıq. Operativ ratsiya əlaqəsi əsasında ərzağa ehtiyacı olanların
yerini dəqiqləşdirir və sürücümüz sumqayıtlı Mehdiyə tapşırıq verilirdi. O,
çevik və cəsur əsgər kimi sevilirdi. Bilirdik ki, maşın gedə bilmədiyi yolları
Mehdi piyada başa vurur və əsgər yoldaşlarını çörəksiz qoymurdu.
Şuşa və Turşsu arasında yerləşən Böyük Kirs dağı Dağlıq
Qarabağın ən önəmli strateji nöqtələrindən biri sayılır. Dəniz səviyyəsindən
2725 metr hündürdür. Belə çətin keçimli ərazidə çətinliklər çox olsa da,
döyüşümüz uğurlu alındı. Yüksək nöqtələrdə qurulan düşmən postları
aşkarlandıqdan sonra komandirimiz Əzizağa Qənizadənin və qərargah rəisimiz
Aydın Şiriyevin dəyərli məsləhətləri əsasında döyüşçülərimiz açıq cinahlardan
yox, qaya aralıqlarından və ərazi qırışıqlarından istifadə edərək dığaları
yaxşı dövrələdilər. Beləliklə yandan ötüb keçən əsgərlərimiz iki erməni
postunun arxasına çıxdılar. Qəfil həmlə əmri gözlənirdi. Bu zaman kəşfiyyat
qrupunun komandir müavini Rasim Abdullayev ratsiya vasitəsilə məlumat verdi ki,
düşmən Kiçik Kirs dağında BM-21 "Qrad" artilleriya qurğusu yerləşdirib.
Maskalanma güclü aparıldığına görə onu uzaqdan görmək olmurdu. Komandirimiz
Əzizağa Qənizadə keçilməz dağ yollarını nəzərə alaraq verilən məlumatın
doğruluğuna tam inanmadı. Dəqiqləşdirmək məqsədilə ayrıca bir əsgərə həmin istiqamətə
doğru getməyi və hədəfin koordinatlarını müəyyənləşdirməyi tapşırdı. Sürətli həmləyə
keçməzdən təxminən 5 dəqiqə əvvəl xəbər gəldi ki, düşmənin maskaladığı hədəf
saxtadır. Belə ki, dığalar dəmir boruları bir-birinə qaynaq edərək BM-21
"Qrad" reaktiv yaylım atəş sisteminə oxşar bir görkəm
yaratmışdılar.
Dağlıq ərazidə savaşın fərqli çətinlikləri
var. Manevr etməyə imkan olsa da, bəzən
görmə və atəşətutma məhdud olur. Bizim döyüşçülər düşmən qüvvələrini aldadaraq
məhv edirdilər. Bələdçi yoxluğu ucbatından bəzən çıxış yollarını çətinliklə
tapırdıq. Buna baxmayaraq düşmənin hiyləsayağı pusqularına tuş gəlmədik. Çünki
komandirin göstərişi ilə yüksək nöqtələrdə mövqe tutan müşahidəçilər göz
qırpmadan əməliyyat apardığımız ərazini izləyir və yerdəyişmələr barədə
operativ məlumat verirdilər. Həmləmiz 3 saat ərzində bizim uğurumuzla nəticələndi.
Kədərləndirici xəbərimiz də oldu. Bir PDM heyətimiz əyləc sisteminin nasazlığı
ucbatından dərin bir dərəyə yumalanmış və
üç əsgərimiz – Elman Əliyev,
Saqib Mahmudov və Vahid Əhmədov şəhid olmuşdular.
Biz Böyük Kirs dağını düşmən qüvvələrindən
təmizlədikdən sonra Turşsu yoluna çıxdıq. Hələ Şuşanın işğalından xəbər
tutmamışdıq. Yəni əhvalımız pis deyildi. Əfsus ki, yemək ehtiyatımız
qurtarmışdı. Yalnız suxarı ilə qarnımızı doyururduq. Ərzaq sarıdan korluğumuza
baxmayaraq döyüşü yaxşı keçirdiyimizə görə sevinc hisslərimizi bir-birimizlə
bölüşür, müəyyən zarafatlar edirdik.
Təxminən orta sürətlə 4 kilometr məsafə
qət etmişdik. Yolun bir sərt döngəsində təhlükə ilə üzləşdik. Hamı cəld döyüş vəziyyətini
aldı. Yolun tən ortasında yük yeri mərmi ilə dolu olan “Ural” markalı maşının
qabaq hissəsi yavaşca yanırdı. Bu situasiyanı komandirimiz Əzizağa Qənizadə
düşmənin qurduğu pusqu kimi zənn etdi və tez komanda verdi ki, döyüş
texnikaları ziyan çəkməməkdən ötrü geri çəkilsin. Lakin bu komanda qabaqda gedən
tırtıllı dartıcı texnikanın mexanik-sürücüsünə operativ surətdə
çatdırılmadığına görə dəliqanlı əsgər yoldaşımız Sarvan Dostməmmədovun ehtiyatsız
hərəkəti hamını vahimələndirdi. Belə ki, Sarvan yanan maşının təhlükəliliyini nəzərə
almadı və idarə etdiyi tırtıllı dartıcı texnikanı sürətlə sürərək “Ural” maşınına
çırpdı. Bu zaman komandirimiz hirsləndi. Şükürlər olsun ki, Sarvanın dəliqanlığı
xeyrimizə işlədi. Mərmi dolu maşın bərk toxunuşdan sonra yoldan kənara çıxarıldı.
Yanğını da tez söndürdük. Əgər mərmilər odlansaydı, çox ziyan çəkərdik.
Nəhayət,
Şuşanın işğal xəbəri bizə çatdırıldı və yuxarı komandanlığın göstərişinə uyğun olaraq Qubadlı rayonuna getdik.
Üç gün ərzində ərzaq təminatımız qaydaya salındı. Sonra Ağdam rayonunun Göytəpə
kəndinə göndərildik. Axşam çağı qəbul etdiyim ərzaq paylarını daşıyan zaman ürəyim təhlükəli an yaşamadığı bir halda az qaldı
ki, dayansın. Yerə yıxıldım. Ayağa durub yeriməyə taqətim çatmadı. Ayaqlarımı
bu sayaq ağır və gərəksiz görməmişdim. Birtəhər qüvvə toplayıb yolun kənarına
süründüm. Əlimi köksümə qoyub gözlərimi yumdum. Əsgər yoldaşlarımı köməyə çağıranda
huşumu itirdim. Sonra nə baş verdisə, bilmədim. Özümə gələndə eşitdim ki, komandirin
əmri ilə Mingəçevir Şəhər Xəstəxanasına yola salınacağam.”
Səngər
qardaşlarını unuda bilməyən İlham Allahverdiyevin müalicə nəticələri onun müqəddəs
arzularına tərs gəldi. Həkimin imzaladığı epikrizə görə İlham
hərbi xidmətə yararsız sayıldı və 771 saylı hərbi hissə komandirinin
müvafiq əmri ilə ehtiyata buraxıldı. Amma İlham vətən uğrunda döyüşlərdə
iştirakını özünə ən dəyərli mükafat sanırdı. Doğrudan da, güclü insanların
nikbin olmağa haqqı çatır. Ürəyi bəzən sancılı dəqiqələr keçirsə də, gümrah
dünyagörünüşü ilə gələcəyə inamla baxır və çətinliklərə mərdanə sinə gərirdi.
Həqiqətən
suyunu içdiyimiz, çörəyini yediyimiz ana yurd uğrunda sinəsini güllə qabağına
vermək hər vətən oğlunun qazandığı müqəddəs mənəvi mükafatdır. Yaşadığım səngər
həyatının real faktlarına istinadən deyə bilərəm ki, güc, cəsarət və inanc əsl
döyüşçü qanı daşıyan əsgərlərdə olur. Həm də bizim savaşımız haqq savaşıdır.
Haqq yolunda olan kəsin biləyinizi kimsə bükə bilməz. Qoy, torpağımıza göz dikənlər
tez anlasınlar ki, biz əyilməz oğuz türklərinin soyundanıq. Tarixən nahaq yerə
deməmişlər ki, türk balası qurd olur, basdığı yer yurd olur. Ana torpağımıza nə qədər göz yaşımız, halal zəhmətimiz
çökmüşdür. Hansı mərd oğul doğma yurd yolundan yayına bilər?!
Rəsmən
ehtiyata buraxılsa da, iki həftədən sonra İlham Allahverdiyev hərbi
komissarlıqdan yenə çağırıldı. Məlumat verildi ki, ordu quruculuğunun ilk illərində
könüllü əsgərlərdən ibarət yaradılmış Mingəçevir taboruna ehtiyat qüvvələr
yığılır. Cəsur döyüşçümüz Şaiq Mustafayev tabor komandiridir. Bu xəbərdən
ruhlandığına görə İlham nə ürək xəstəliyindən söz saldı, nə də həkimin yazdığı
epikrizdən danışdı. Vətənin dar günündə geri çəkilməyi şəninə sıxışdırmadı. Ona
canı yanan qohum-əqrəbaya da qulaq asmaq fikrində deyildi, yalnız ürəyini dinləyirdi.
Həm də növbəti döyüşçü həyatında təminatçı
əsgər olmaq istəmədi. Öz xahişi ilə atıcı əsgər kimi qeydiyyata alındı. Ağdərənin
Göyarx ( keçmiş Levonarx kəndi), Umudlu, həmçinin Ağdərə şəhərinin düşməndən
alınması üçün gedən döyüşlərdə cəsur əməlləri ilə seçildi.
İlham həmin
döyüş günlərini həm qürurlu, həm də kədərli hisslərlə xatırlayır: ”Ağdərəni biz
azad edərkən sevincimiz hədsiz bir dərəcəyə yüksəlmişdi. Ermənilərin qurduğu
kiçik və böyük istehkamları darmadağın etmişdik. Yollar murdar daşnak meyitləri
ilə dolu idi. Axşam çağı idi. Qaranlıq tam çökməmişdi. Hər ehtimala qarşı
ehtiyat hərəkət edirdik. Bilirdik ki, murdar ermənilər bu əraziləri tələ
qurmadan tərk etməzlər. Kəşfiyyatçılarımızın verdiyi məlumatlara əsasən
yavaş-yavaş irəlilədik. Uzaqdan görünən ev pəncərələri güzgü təsiri
bağışlayırdı. Sanki evlərdə işıq yanırdı. Çox çaşdırıcı bir mənzərə yaranmışdı.
Sən demə, sağ cinahda irəli gedən qonşu tabor tərəfindən şəhərin kənarında uca
bir mövqedə yerləşən yanacaq doldurma məntəqəsi yandırılmışdı və onun işığı ev
pəncərələrində əks olunurdu. Bu da bizi yaman çaşdırırdı. Bu barədə gerçək məlumatı
alsaq da, ehtiyat hissimizi itirmədik. Sərt bir döngədə bizə atəş açmağa cəhd
etmək istəyən muzdlu bir döyüşçünü snayperlə vurduq. O, qara zənci idi. Ona
oxşar döyüşçülər sayca çox deyildilər. Qarşımıza çıxanın canını tez alırdıq. Muzdlu
rus döyüşçüləri də hədəfimizə tuş gəlirdilər. Öz hünərinə yox, özgələrin hünərinə
bel bağlayan dığalar gözümüzə az dəyirdilər..jpeg)
Erməni
milləti həm də özünə qarşı zalım bir millətdir. Drambon döyüşündə rast gəldiyimiz
bir epizodu həmişə misal çəkirəm. Kəndin girəcəyində iri daşlardan qurulmuş bir
istehkamda ayaq üstündə duran bir dığanı görən kimi onu atəşə tutduq. Havaya
duman çökdüyünə görə onu yaxşı görmürdük. Amma o qədər dəqiq atəşlərdən sonra
onun yerə sərilməməsi bizi yaman çaşdırdı. Bir-birimizi himayə edərək ona
yaxınlaşanda gördüyümüz vandalsayağı bir mənzərə zalım erməni milləti barədə
fikirlərimizi real şəkildə təsdiqlədi. Necə deyim, yuxuda da belə bir bəd əməli
görməzdik. Gəbərtdiyimiz erməni əsgərinin bədəni dəyən güllələrdən süzgəcə
dönmüşdü. Ona görə yerə yıxılmamışdı ki, qabaqcadan onun qaçmaması üçün ayağından,
belindən və boğazından möhkəm dayaqlarla zəncirləmişdilər. Həqiqətən “erməni”
deyilən murdar bir varlıq yer üzünün dözülməz bir bəlasıdır.
22 iyul
1992-cil tarixində Umudlu istiqamətində əməliyyat aparılırdı. Taborumuza təyin
edilən istiqamətdə təxminən 4 saat mövqe
döyüşü apardıq. Güllə ehtiyatımız azalmışdı. Təcrübəsiz olduğumuz vaxtlarda
gülləyə qənaət etmədən necə gəldi atəş açırdıq. Komandirin göstərişinə əsasən tək-tək
hədəfləri qısa, qrup hədəflərini isə uzun qatarlarla atəşə tuturduq. Qüvvələrimizi
bərabər hesab etmək olardı. Minaatanlarımız sərrast atəşlərlə düşmən qüvvələrini
geriləməyə məcbur etdilər. Bu zaman məlumat gəldi ki, bizi sağ cinahda köməyə
çağırırlar. Bir-birimizi himayə edə-edə yerdəyişmə edərkən bir erməni tankı gözümüzə
dəydi. Tankın üstündə 4 dığa oturmuşdu. Onlar bizi görən kimi qaçmağa cəhd
etdilər. Lakin qumbaraatançı əsgər
yoldaşım Müşfiq Mirzəyev bir qumbara ilə onları
susdurdu.
Təyin edilən
yerə tez getməyə çalışırdıq. Düşmən arasında çaşqınlıq yaranmışdı. Gördük ki, beş
erməni zabiti “UAZ” markalı maşında aradan çıxmağa cəhd edir. Biz gizləndik ki,
onlar açıq mövqeyə çıxsınlar. Yaxşı ki, bizi görə bilmədilər. Yanımızdan ötüb
keçəndə canlarını aldıq. Maşının pəncərələri açıq olduğuna görə əsgər
yoldaşımız F-1 qumbarasını düz maşının içinə tulladı. Nəhayət, təyin edilən yerə
çatan zaman güclü atəşə tutulduq. Sən demə, bizi səhv olaraq sağ tərəfə çağırmışdılar.
Bir güllə tabor komandirimiz Şaiq Mustafayevi yaxaladı. Göz yaşlarımı saxlaya
bilmədim. Ona xüsusi hörmətim vardı. Çox dəyərli komandirimiz kimi sevilirdi. Gözlərim
önündə onun baş verən qəfil şəhidlik halı mənim ürək ağrımı yenidən işə saldı.
Təxminən 2 saat köməkçi qüvvələr gələnə kimi həmin yerdə qaldıq. Ürəyimin
sancıları dayanmadı. Özümə daxilən nə qədər güc versəm də, ayağa dura bilmədim.
Yenə də məcbur olaraq Mingəçevir Şəhər Xəstəxanasına yollandım.”
Növbəti müalicədən sonra İlham Allahverdiyevin
döyüşçü taleyi 701 saylı hərbi hissə ilə bağlandı. Ürəyinin başından çəkilməyən
bəd yelli ruzigar onu hərdənbir yerə yıxsa da, yurd nəfəsli mənəvi ruhu ölmür,
ona yeni hünər verir, yeni güc mənbələri yaradırdı. Hərbi əməliyyatların ağırlığını
nəzərə alaraq təminat taborunda xidmət etmək qərarına gəldi. Yenilməz motoatıcı
briqadanın Füzuli və Ağdam döyüşlərində iştirak etdi. Atəşkəs elan edildikdən
sonra ehtiyata çıxmağı məqbul hesab edərək 12 oktyabr 1995-ci il tarixində səngər
yoldaşlarından ayrıldı. Öz gücünü düzgün
dəyərləndirən İlham müqəddəs və keşməkeşli səngər ruzigarında istəyinə nail ola
bildi. Çünki öz biliyindən, təcrübə və bacarığından artıq iddialar etmirdi. Bu
gün özünü qürurlu sayır ki, müzəffər ordumuzun ilk əsgəri kimi ana vətənimiz
naminə üzərinə düşən müqəddəs missiyanı mərdanə yerinə yetirmişdir.
İbrahim MƏSİMOĞLU
ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist





Комментарии
Отправить комментарий