ÇOX DƏYƏRLİ KONTR-ADMİRALIMIZ RAFİQ ƏSGƏROV
Tabeliyində olan zabit və əsgərləri
mərdanə bir ruhda yetişdirən komandir həmişə qalib olur, nikbinləşir və nadir
hallarda içindən yaralana bilər. Bu, hərbçiliyin pozulmaz qanunudur. Komandir həm
öz söz və mühakimələrində, həm də bütün xidməti işlərində fərqli əzəmət, mənəvi
ucalıq göstərərsə, ədalətli mövqedə duraraq nümunəvi vətənçilik əməlləri ilə
seçilərsə, demək, əsl komandirdir. Bu müqəddəs yolda hərbi qanun-qaydalara yaxşı
əməl edən kəs az büdrəyər. Əldə edilmiş təcrübələr sübut edir ki, hərbçi üstünlüyü
təkcə hərbi peşəkarlıq məziyyətlərində əks edilmir, hətta sıra yerişində,
ünsiyyət tərzində, əmr nəfəsli baxışlarında, ana yurdun müdafiəsi ilə bağlı arzu
və istəklərdə özünü büruzə verir. Milli ordu quruculuğu sahəsində xüsusi
xidmətləri ilə öncül mövqe tutmuş çox dəyərli kontr-admiralımız Rafiq Əsgərov
həmin yüksək keyfiyyətləri ilə seçilən komandirlərimizdən biri kimi daim
sevilməkdədir. Nahaq yerə demirlər ki, münbit şəraitdə çox bar gətirən ağac
başını torpağadək aşağı əyər, meyvəsi dərildikdə isə onun başı ucalar.
Kontr-admiral Rafiq Əsgərov ucalıqda ömür sürən bir eloğlumuzdur.
Ötən keşməkeşli tariximizdən bizə yaxşı
bəllidir ki, ana yurdumuza namuslu xidmət etmək Rafiq Əsgərovun mənəvi mükafatı
olmuşdur. Varlığında
sönməz vətənçilik harayı cövlan edirdi. Hərbi
davranış və rəftar etolonu onun tərəfindən bir dəfə də pozulmamışdır. 2008-ci
ildən ehtiyata buraxılsa da, müzəffər ordumuzla birgə nəfəs alır, daim milli hərb
sənətimizin gücünə güc qatır. Gənc hərbçi nəslimizə dəyərli məsləhətlərini
verir, təcrübi sınaqlarına istinadən öz tövsiyələrini söyləyir. Ona görə də istefada
olan nurani kontr-admiralımız Rafiq Əsgərov xalqımızın gözəgəlimli bir hörmət
hədəfidir.
Ötən
hərb tariximiz yaxşı xatırlanır. Kontr-admiralımız Rafiq Əsgərov əsl hərbçi
qanı daşıyaraq keşməkeşli hərbi xidmət illərində hər kəsə nəsib olmayan
zirvələri fəth etmişdir. Komandir olduğu kollektivlərdə cəsur ürəkləri məftun edərək
örnəkli komandir qələbəsi qazanmışdır. Zaman ağır zaman idi. Bu səbəbdən də hər
qələbə asanlıqla əldə edilmirdi. Mənfi təsirlərə baxmayaraq Rafiq Əsgərov zəruri
hallarda ülvi məqsədlərə yetişmək məqsədilə kifayət qədər qan-tər axıtmış və
ordu quruculuğunun axarlı inkişaf yoluna öz töhfəsini vermişdir.
Rafiq Əsgərovun doğum məkanı Lerik
rayonunun Andurdərə kəndidir. Sovet əyyamında azərbaycanlılara qarşı gizli
formada ayrı-seçkilik mövqeyi tutulduğuna görə hərbçiliyə doğru gedən yolumuz
bağlanmışdı. Yalnız inadlı cəhdlər hesabına bəzən arzularımız çin olurdu. Nə qədər
çətin başa gəlsə də, Rafiq Əsgərov dağ vüqarlı bir igid kimi hərbçi sənətinə
yiyələnə bilmişdir. Ona görə ki, vətən sevgisi dərsini uşaq cağlarından
mənimsəmişdir. Söz yox ki, bu sevdaya ilahi məhəbbətli atası Kərbəlayı Hacıağa
kişi səbəb olmuşdu. Faşizmə qarşı qanlı-qadalı döyüşlərdə mərdanə vuruşan,
1944-cü ilin aprelində ağır yaralanan və Kemerovo şəhərində müalicə olunaraq
2-ci qrup müharibə əlili statusu qazanmış müqəddəs amallı Kərbəlayı Hacıağanın ərsəyə
gətirdiyi bir oğul, təbii ki, hünər və cəsarət tələb edən sənət sahibi
olmalıydı. Övladına dəyərli əxlaq dərsi keçən anası Şahnaz xanım isə qəhrəman
ana statusu qazanmışdı. Rafiq Əsgərov ata öyüdünü, ana nəsihətini heç vaxt
unutmamış və ləyaqətli övlad kimi yetişmişdi. Rəhmətlik general-leytenant Valeh
Bərşadlı vaxtilə 85 illik yubileyi ilə əlaqədar Kərbəlayı Hacağaya göndərdiyi təbrik
məktubunda yazmışdı ki, “sən ulu dağların yenilməz qartalısan. Sənin kimi
ləyaqətli ata Rafiq Əsgərov kimi oğlu ilə daim fəxr edə bilər.”
Rafiq Əsgərov Bakı şəhər 221 saylı orta
məktəbin məzunudur. 1967-ci ildən 1972-ci ilədək S. M. Kirov adına Ali Hərbi
Dənizçilik Məktəbini bitirdikdən sonra öz ixtisası üzrə müxtəlif vəzifələrdə
çalışaraq zəngin təcrübə qazanmışdır. Haqlı olaraq deyirlər ki, təcrübə
tələbkar müəllim kimidir: əvvəcə imtahana, sınağa çəkir, sonra qiymətləndirir.
Məsul vəzifələrdə yalnız “yaxşı” və “əla” qiymətlər alaraq öz zabit şərəfinin ləkələnməsinə yol verməmiş, kamil hərbi dənizçi postuna yiyələnmişdir. Hələ dövlət müstəqilliyimiz elan edilməzdən əvvəl keçmiş Sovet İttifaqı Hərbi Dəniz Donanmasının ali baş komandanı, donanma admiralı, Sovet İttifaqı Qəhrəmanı Çernavinin vəkili olarkən doğma Azərbaycanımızda yeni iş yerlərinin açılması, zəruri avadanlıqların alınması, habelə ekologiyanın qorunması üçün həm real, həm də təsadüfən yaranmış imkanlardan istifadə etmişdir.
Rafiq Əsgərov müzəffər ordumuzun il təməl
daşını qoyan zabitlərdən biridir və daim bu tarixi missiyasından fəxarət duyur.
O əvvəlcə müstəqil dövlətimizin Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi –
komandan müavini, sonra isə Hərbi Dəniz Qüvvələrinin komandanı – Müdafiə
nazirinin müavini vəzifələrində xidmət etmişdir.
1992-ci ildə keçmiş SSRİ-nin Hərbi Dəniz Qüvvələrinin Qırmızı bayraqlı Xəzər Donanmasının Bakı və Moskva arasında bölünməsi zamanı hərbi gəmilərin Azərbaycan balansına qəbul
edilməsində Rafiq Əsgərov mühüm rol oynamışdır. Həmin mübahisəli bölüşmə
prosesində Rusiya müəyyən bəhanələr söyləyərək aldadıcı əməllər törədirdi.
Daşnak nəfəsli bəzi rus kadrları Bakı bazasında yerləşdirilmiş müasir gəmiləri
açıq dənizə çıxararaq Mahaçqalaya aparmış və geri qaytarmamışlar. Rafiq Əsgərov
bu sayaq taktiki hiylələrin qarşısını almışdı. Başqa sözlə desək,
Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin yaradılmasında,
maddi-texniki bazasının qorunub saxlanılmasında və döyüşə hazır vəziyyətə
gətirilməsində onun xüsusi əməyi olmuşdur. Ana yurdumuzun ərazi bütövlüyü,
suverenliyi uğrunda döyüşlərdə iştirak etmək məqsədilə dəniz piyada taborunun
yardılması üçün gecəli-gündüzlü ağır günlər yaşamışdır. Bu tabor Ağdam və Tərtər istiqamətində düşmən hücumunun qarşısının alınması məqsədilə
1994-cü il aprelin 19-da cəbhə bölgəsinə göndərilmiş və qarşıya qoyulan döyüş
tapşırıqlarını fədakarcasına yerinə yetirmişdir. Bünövrəmiz
yaxşı qoyulduğuna görə indi Azərbaycan tükənməz dəniz gücünə malikdir.
Ordu yaranışında ilk təməl daşını qoymaq
hər kəsə qismət olan hünər sayılmır. Xüsusən
Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsində çalışmaq çox böyük məsuliyyət və
bacarıq tələb edirdi. Vətəncanlı Rafiq Əsgərov hərbi dənizçilər üçün bir uğurlu
uduşa dönmüşdü. Dərin hərbi bilik, sağlam inanc, yüksək hərbi əxlaq və
bəsirətli zəka sahibi kimi müşkül məsələlərin çarəsini tez tapırdı. Bu barədə
söz düşəndə səmimi şəkildə deyir ki, komandanın bacarıq və nüfuz məsələsi hərbi
idarəetmə işində mühüm rol oynayır. Real nüfuz gerçək rəğbət doğurur. O zaman istər
təcrübə, istərsə də hörmət şkalasında birinci yeri tutan komandan öz nüfuzunu
necə itirə bilərdi?! Bir qayda olaraq bu və ya digər çətin hərbi tapşırığın,
qəfil verilən əmrlərin icrası prosesində fədakar fəaliyyət göstərirdi. Qeyri-ixtiyari
bir halda hər hansı mənfi istisnalar yaransa da, hərbi əxlaq qaydalarına zidd
hərəkətlərə qətiyyən yol verilmirdi. Hərbi dənizçiliyin bütün incəliklərinə
yaxşı bələd olan komandan lap yeri gələndə açıq-aşkar bir biçimdə yox, təklikdə
özünə təsəlli verir, müəyyən qədər tənqidi yanaşırdı. İcra edilən bütün işlərə
görə verilən qiymətləndirmə zamanı haqq-ədalət kölgə altında qalmırdı. Rafiq
Əsgərov əngəlli məqamlarda bir hikmətli kəlamı tez-tez misal çəkərdi: deyərdi
ki, gəlin hər kəsin haqqına hörmət bəsləyək, yaxşı bilin ki, günəş itər
qaranlıq düşər, haqq itər həcmərclik düşər və son nəticədə bəşəri sevgi yox
olar.
C. Naxçıvanski adına hərbi litseyin inkişaf
yolunda da kontr-admiral Rafiq Əsgərovun öz dəst-xətti var. Hərbi litseyin həm
rəis müavini, həm də rəisi vəzifələrində tutarlı nəticələr qazanmışdır. Demək
olar ki, təxminən 7 il ərzində onun fərqli əməli işləri sayəsində bu mühüm
təhsil ocağımız inkişaf baxımından ehtimal edilən vaxtı xeyli qabaqlamışdır. Kontr-admiral
Rafiq Əsgərov müsahibələrinin birində “Azərbaycanın ordu quruculuğu prosesində litseyin
nə kimi rolu olmuşdur” sualına əldə edilən uğurlu faktları sadaladıqdan sonra
ümumən belə cavab vermişdir: ”Əgər C.Naxçıvanski adına hərbi litsey möhtərəm
prezidentimiz Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab Heydər Əliyev
tərəfindən yaradılmasaydı, indi ordumuz bugünkü yüksək səviyyədə olmazdı. Bu
gün minlərlə məzunumuz ordu quruculuğuna öz töhfəsini verir. Silahlı Qüvvələrdə
elə bir xidmət sahəsi yoxdur ki, orada Heydər Əliyevin məzunları olmasın.”
Kontr-admiral Rafiq Əsgərovun fədakar və
nümunəvi xidməti yuxarı komandanlıq tərəfindən yüksək qiymətləndirilmişdir.
Orden və medallarının sayı 16-dan çoxdur. 2008-ci ildə təxminən 3 ay Müdafiə
nazirinin müşaviri vəzifəsində xidmət etdikdən sonra ehtiyata buraxılmışdır.
Rafiq Əsgərov qürurla deyir ki, “müzəffər ordumuzun
təməl doktrinası məhz ulu əcdadlarımızın yaratdığı klassik hərb sənəti dəyərlərinə
əsasən zənginləşir. Biz ulu babalarımızın layiqli davamçılarıyıq. Mətin ordumuz
öz döyüş gücünün memarıdır. Doğrudan da, təməl yaxşı qoyulanda istənilən hədəfə
yetişmək üçün hər cür çətinliyi dəf etmək mümkün olur.”
16 fevral sevimli kontr-admiralımız Rafiq
Əsgərovun doğum günüdür. Onun qəlbi daim ana yurdumuzun qəlbi ilə bir döyünür.
Təkcə öz silahdaşları, təcrübəli və yaşlı hərbçilər arasında deyil, bütün yurdsevər
insanların yanında günəş kimi yeni hüsnkarlıqla şölə saçır. Bu il ömrünün 75-ci
baharını yaşayacaq. Arzu edirik ki, heç vaxt beli bükülməsin, ürəyi
titrəməsin, gözü arxada qalmasın. Üzümüzə gələn
yeni illərdə xoşbəxtliyin ən gözəl nümunələri ona qismət olsun, ömrü daim
bərəkət versin, qəmi az, sevinci bol olsun, bəxtəvərliyin nərdivanlarını rahat
bir tərzdə qalxa bilsin və həmişə üzügülər olsun!...
İbrahim
MƏSİMOĞLU
hərbi
jurnalist, ehtiyatda olan polkovnik-leytenant






Комментарии
Отправить комментарий