URFULLAHIN MƏNƏVİ DÜNYASINDA ÇƏTİNLİK VƏ QƏTİYYƏTSİZLİK ANLAYIŞI YOX İDİ

 



Vətənimizin müdafiəsində çox sınaqlardan çıxmışıq. Həqiqətən vəfalı silahdaşlıq hər şeyi asanlaşdırır, hər cür bəxşişlər edirdi. Ona görə qalib çıxırdıq ki, doğma yurdumuzun azadlığı naminə davamlı mənəvi ümumilik bizə tükənməz güc verirdi. Dövlət müstəqilliyimizin ağır günlərində etibarlı və cəsur silahdaşımız olan Urfullah Qurbanov Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin Əks-kəşfiyyat şöbəsinin  rəisi və Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi kimi vətəncanlı gəncəlilər arasında çox sevilirdi. Onunla ilk görüşüm ölkəmizin müdafiə işlərində fəallıq göstərən Gəncə şəhərinin baş notariusu Elşən Əliyev vasitəsilə alındı. Ünsiyyət zamanı bir-birimizə mənən çox bağlandıq. Naxçıvanın müdafiəsi ilə bağlı apardığı məsul işlərdə onun göstərdiyi fitri zirəklik və qoçaqlıq nümunələri bizi hədsiz ruhlandırırdı. 

Doğrudan da, hər bir açıq və ya gizli hərbi əməliyyatın fərqli qoxusu mövcuddur. Bu qoxu qeyri-ixtiyari bir durumda adamı dəliqanlı edir. Başqa sözlə desək, dəliqanlılıq ölümə asanlıqla baş əymir, necə deyərlər, yeri gələndə ölümü öldürür. Necə ki, yetkin iradəli Urfullah Qurbanovun baxışlarından ətrafa daim nikbin işıqlıq, qalib ruh yağırdı. Səmimi şəkildə deyirəm ki, onu heç vaxt qüruba enən bir qüvvə kimi görmədim. Çünki ölüm-qalım situasiyalarında geri çəkilməyi özünə rəva bilmirdi. Demək olar ki, Urfullahın mənəvi dünyasında çətinlik və qətiyyətsizlik anlayışı yox idi. Naxçıvanın müdafiəsi üçün Gəncə şəhərində icra edilən tapşırıqlarda əlimizə düşən imkan daxilində ona möhkəm dayaq verirdik.

Urfullah Qurbanov vətənə xidmətin müqabilində rəhbərlikdən heç nə ummurdu. Ulu öndərimizlə görüşlərin birində onun bu xüsusiyyəti ayrıca vurğulanmışdı. Belə ki,  qəhrəman əməllərinə, nümunəvi xidmətlərinə görə Urfullaha növbədənkənar “polkovnik” rütbəsinin verilməsi, habelə nazirliklərdən birinə yüksək vəzifəyə təyin edilməklə yanaşı “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi barədə müvafiq təqdimatın yazılması üçün Heydər Əliyev göstəriş verəndə o, səmimi şəkildə açıqlamışdı ki, azğın düşmənə tam və tutarlı cavab verməyən, işgal dərdi çəkən  bir məmləkətin əsl vətənpərvər övladı kimi hər hansı yüksək vəzifəni, fəxri adı hələ qəbul etmək istəmirəm. Bu sözləri eşidən ulu öndərimiz  onun alnından öpərək demişdi ki, bu cavabı səndən gözləyirdim, eşq olsun sənin kimi mərd və təmənnasız vətən oğullarımıza! Bu xəbər çox müsbət əks-səda doğurmuşdu.

Mən hazırda həm Vətən müharibəsinin iştirakçısı, həm də Səbail Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü kimi üzərimə düşən vətənpərvərlik missiyasını fəal şəkildə həyata keçirirəm. İştirak etdiyim bəzi kütləvi tədbirlərdə xalqımızın qəhrəmanlıq əməlləri barədə söz düşəndə Sədərək rayonunun müdafiəsi üçün “meyvə yüklərinin daşınması” adı altında Gəncə aerodromunda təyyarə vasitəsilə xeyli silah və sursatın Naxçıvana göndərilməsi zamanı maneçilik törədən 104-cü rus hava-desant diviziyasının komandiri general-mayor Valeri Şerbakın xüsusi silahlı qrupu ilə yaranmış təhlükəli qarşıdurmada Urfullah Qurbanovun qorxmaz əməllərini misal çəkirəm. O zaman ermənipərəst rus hərbçiləri tərəfindən Urfullah və onun köməkçiləri barədə ölüm hökmü oxunmuşdu. Lakin bu hökm bizim cəsarətimiz hesabına puç edildi. Cəsur ürəkli Urfullah ölümə baş əymədi, öz üstün və məxfi əks-kəşfiyyat elementləri sayəsində qalib çıxdı, ona tuş gələn ölüm cığırını tamamilə yoxa çıxardı.

Sözün açığı, Urfullahın adını birinci dəfə eşidəndə çox təəccübləndim. Bu adı heç eşitməmişdim. Sorğu-sual etdiyim adamlar da dəqiq izah verə bilmədilər. Sonra öyrəndim ki, ərəb mənşəli addır. “Allahın hökmü” mənasınını verir. Çox çalarlı olsa da, bu adın tərkibində işlədilən urf (ürf) sözü müharibə zamanı, yaxud fövqəladə hallarda dayandırılan adi qanunlar əvəzinə müvəqqəti olaraq ölkənin müdafiə qüvvələri tərəfindən verilən və həyata keçirilən hökm kimi ifadə edilir. Urfullah adına layiq bir silahdaşımızdır. Onu çox sınamışam. Vətəncanlı qardaşımızın qəlbinə gedən yollar müxtəlifdir. Di gəl ki, hər yolda hakim bir sevgi var, o da sönməz yurd sevgisidir. Milli dövlətçiliyimizin müdafiəsi uğrunda qazandığı uğurları biz bir-bir hesaba almış və fədakar əməllərindən fəxr duymuşuq.

 

                                                 İbrahim MƏSİMOĞLU,

ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist, Vətən müharibəsinin iştirakçısı, Səbail Rayon Ağsaqqallar Şurasının idarə heyətinin üzvü

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”