TABOR KOMANDİRİ TARİYEL MUSAYEV: " DÜŞMƏNİN BELİNİ DAHA ƏYMİŞİK..."

 

                                    



   Füzuli torpağının laləli düzündə, yovşanlı təpələrində qanlı döyüşlərimiz davam edir...

Qabırğasının qalınlığına salan erməni işğalçıları Aşağı Əbdürrəhmanlı kəndini tərk etmək istəmirlər. Onlar kəndin yaxınlığında və yüksəkliklərdə elə dərin səngərlər, yeraltı qazmalar hazırlayıblar ki, artilleriyaçılarımızın aramsız atəşləri də kara gəlmir. Beş saatlıq mövqe döyüşündən əsəbləri gərilmiş sıravi əsgər Etibar Əhmədov əlini sursat döşlüyünün sol cibinə soxdu və bir əl qumbarası çıxarıb sazladı. İrəli çıxıb “PK”-çılarımıza ərkyana çığırdı:

 - Məni himayə edin. Qudurmuş dığanı səngərdə boğazlamaq istəyirəm. Cəsarəti olan dalımca gəlsin. İrəli!

Etibarın qisasalıcı hücumunun, necə deyim, iki iti göz istəyirdi tamaşasına dursun. Düşmən səngərinin başı üstünü kəsənəcən “İrəli” nidaları dilindən düşmədi. Qəzəbli əsgər harayı ilə şaqraq nərə çəkən “PK”-nın vahiməsi düşmənin canına vicvicə saldı. Dığalar “torpaq yuvasından” baş qaldırıb baxmağa da cürət etmədilər. Etibar qolaylanaraq qumbaranı səngərin içinə atdı. Qəfil qopan dəli bir qumbara tufanının burulğanında 3 dığa o dəqiqə gəbərdi. Qanlı səngərin digər istiqamətinə soxulan piyadaları isə avtomatla biçməyə başladı. Etibarın qabağına çıxa bilməyən 4 dığa da beləcə çilikləndi.

- Al payını, əclaf! – sözlərini təkrar-təkrar çığıran coşğun ruhlu Etibar sanki güllədeşməz qalxana dönmüşdü.

Amma digər səngərdən şeytan nəfəsli bir dığa onun zəif nöqtəsini seçdi. Güllə vətən eşqi ilə kükrəyən ürəyin döyüntüsünü kəsdi. Etibar səngərə yıxıldı. Yox, Etibar Əhmədov susdurulsa da, onun arxasında etibarçılar çox idi, lap çox. Güclü həmlə ilə düşmənin ən ağır postlarından biri tərksilah edildi. Könüllərdə ocaq qalayan Etibarın yuxusu çin oldu.

Döyüşü müşahidə edən zabit İslam Gəncəliyev Etibarın qəhrəmanlığını qiymətləndirmək barədə göstəriş verdi:

- Azərbaycanın çörəyi Etibara halal olsun. O, “Azərbaycan Bayrağı” ordeninə layiq igiddir.

Digər düşmən postunun alınmasında Etibarın igidliyini rütbəcə sıravi olsa da, taqım komandiri vəzifəsini icra edən Arzu Kərimov təkrarladı. “N” taborunun bu cəsur döyüşçüsü son anda özünü cəld hərəkətləri ilə qoruya bildi. Yalnız ayağından yaralandı. Düşmən ani fürsət tapdı. Postun sağ qalan kafirləri sivişib aradan əkildilər.

Taborun tibb xidməti zabiti Cəlal Namazov mənim ehtiyatsız hərəkətimi hiss edib xəbərdarlıq edir:

- Cənab kapitan, burada durmayın. Güllətutan yerdir. Sizə deyiləsi sözüm var.

Ehtiramla ona “baş üstə” deyib, əyilə-əyilə səngərin dərin hissəsinə daxıl oluram. Nəmli torpaqda çömbəlib  söhbətə başlayırıq. C. Namazov fərəh dolu sözlərlə deyir:

- Döyüş ağır getsə də, erməniləri yaxşı qırırıq. Şükür olsun Allaha, bəlkə, bu xain millət qırıla-qırıla ağıllandı. Bax, bu tibb qardaşımızdan deyim, qulaq as. Adı Vilayət, soyadı Məhərrəmovdur. Tabor komandirimiz onu öz adı ilə çağırmır. Vilayətə “Qəhrəman” adı qoyub. Vilayət əlinə silah alıb döyüşməsə də, güllə yağışı altında həm yaralılara ilk tibbi yardım göstərir, həm ön atəş xəttinə sursat daşıyır, həm də sürünə-sürünə postlara gedərək əsgərlərə ürək-dirək verir. Taqım komandiri Azər də canlara deyən oğlandır. O bu gün səhər tezdən qüvvəmiz seyrələn cinahda “DŞK” ilə tək canına düşmənin qabağını saxlayıb. Sürücümüz Əfqan İsmayılovun cəsarəti də bizi heyran qoyur. Vallah, dilim gəlmir deyəm ki, kimsə pis döyüşür. Hamının döyüş ruhu yüksəkdir.

16 aprel 1994-cü il. Saat 16.35 dəqiqədir. Döyüşçü Şəfail Qurbanov zabit Tariyel Musayevə təcili xəbər verir:

- Bəhruzdan həyəcanlı məlumat almışam. Bir “PK”-nın lüləsi xarab olub. Düşmən müqaviməti gücləndirib əks-hücuma keçə bilər.

Tariyel Musayevin sərt baxışları bir qədər də sərtləşir:

- 30 dəqiqə vaxt verirəm. Daş yağsa da, “PK” məsələsi təcili həll edilməlidir. Düşmənin belini daha əymişik. Elə etməliyik ki, heç bir cinahda geriləmə olmasın. Aşağı Əbdürrəhmanlı kəndi murdar erməni quldurlarından təmizlənməlidir.

Zabit Məhəbbət Qəribovun bölüyündən hava telefonu ilə şad sədalar gəlir:

- Donuzlar qaçırlar...

Ləqəbə bir bax! Əhsən bu sözü qoşana!

...Xərəkdə bir yaralı gətirilir. Öyrənirəm ki, sıravi əsgər Qabil Baloğlanovdur. Pulemyotçu Arifə kömək edərkən snayper gülləsindən yaralanıb. Amma onun hünərli köməyi ilə Arif 3 erməni dığasını məhv edib. Yaralıya ilk tibbi yardım göstərilir. Təxliyyə işini biz öhdəmizə alırıq. Yaralını zabit İslam Gəncəliyev və mən bizi ön atəş xəttinə gətirən maşına qoyub tibb məntəqəsinə tələsirik. Əyri və çuxurlu torpaq yollarda  sürücümüz, zərdablı Vahid Nağıyev sükanı bacarıqla idarə edir. Narahat sürülən maşında nə yaxşı ki, bayaqdan içimizi dağıdan mina xofunu ürəyimizdən çıxara bildik. Çünki bizə xəbər verdilər ki, mühəndis-istehkam bölüyünün igidləri yolu gecə ikən minalardan təmizləyiblər...

 

 İbrahim MƏSİMOĞLU

27 aprel 1994-cü il

                   

      

                       

                       

Комментарии

Популярные сообщения из этого блога

“SÖZ VAR EL İÇİNDƏ, SÖZ VAR EV İÇİNDƏ...”

DÖYÜŞÇÜ HAQQINDA SÖZ

“MƏN SÖZÜMÜN AĞASIYAM!”