TABOR KOMANDİRİ TARİYEL MUSAYEV: " DÜŞMƏNİN BELİNİ DAHA ƏYMİŞİK..."
Füzuli torpağının laləli düzündə, yovşanlı təpələrində qanlı döyüşlərimiz davam edir... Qabırğasının qalınlığına salan erməni işğalçıları Aşağı Əbdürrəhmanlı kəndini tərk etmək istəmirlər. Onlar kəndin yaxınlığında və yüksəkliklərdə elə dərin səngərlər, yeraltı qazmalar hazırlayıblar ki, artilleriyaçılarımızın aramsız atəşləri də kara gəlmir. Beş saatlıq mövqe döyüşündən əsəbləri gərilmiş sıravi əsgər Etibar Əhmədov əlini sursat döşlüyünün sol cibinə soxdu və bir əl qumbarası çıxarıb sazladı. İrəli çıxıb “PK”-çılarımıza ərkyana çığırdı: - Məni himayə edin. Qudurmuş dığanı səngərdə boğazlamaq istəyirəm. Cəsarəti olan dalımca gəlsin. İrəli! Etibarın qisasalıcı hücumunun, necə deyim, iki iti göz istəyirdi tamaşasına dursun. Düşmən səngərinin başı üstünü kəsənəcən “İrəli” nidaları dilindən düşmədi. Qəzəbli əsgər harayı ilə şaqra...