QALİB STATUSLU EMİL ÜRƏYİ
Bizə yaxşı bəllidir ki, insan ömrü az, yaxud uzunmüddətli olmasına görə yox, bu ömrün necə yaşanılmasına görə əhəmiyyətli qiymət alır. Gərək elə faydalı çalışıb, elə iftixarlı iş qurub-yaradasan ki, heç bir kərə də heyifsilənməyəsən. Dəyərli həyat həmişəlik yadda qalan, şərəfli hisslərlə xatırlanan və qürur bəxş edən günlərdən ibarət olur. İçində idmançı qüdrəti hakim olan Emil Bəşirov əsgərlikdən əvvəl çox fərqli və yarış həyəcanları ilə dolu bir yeniyetmə ömrü sürürdü. Məktəbli yaşında ikən daim zəfərli posta sahib olmaq eşqi ilə çoşub-qaynayırdı. Yunan-Roma güləşi üzrə yeniyetmələrin əksər yarışlarında gümüş medalı onun əlindən ala bilmirdilər. İstər respublikamız daxilində, istərsə də beynəlxalq turnirlərdə qazandığı uğurlar iradi keyfiyyətlərinə xüsusi zinət verirdi. Daxili İşlər Nazirliyinin “Dinamo” idman klubunda məşqçi Radik Hüseynovun məsləhət və tövsiyələrinə özünəxas bir biçimdə əməli cavablar verirdi. Emilin fiziki kamilliyi ilə yanaşı seçilən məziyyətləri, öncüllüyə doğru yönəlmiş cəhdləri davamlı surətdə çox şaxələnirdi.
Gəlimli-gedimli
dünyamızda hansı yola baş alıb getsən də ən mühüm həyati şərtlərdən biri odur
ki, təhlükəli hallarda ruhun ölü duruma düşməsin, heç vaxt düşmən qarşısında əyilməyəsən.
Bu baxımdan Emil əllərini yanına sallayaraq havayı gün keçirən, milli dəyərləri
kölgə altına salan oğullardan deyil. Mətin əsgər sırasına durduğu ilk gündən
etibarən Emilin ruh yüksəkliyi günbəgün artırdı. Xüsusən qəlbində hakim olan yurd
məhəbbəti daşnak fitnə-fəsadlarına qarşı hər gün alovlanırdı. Qeyrətli bir oğul
kimi xalqımızın içini didən işğal azarından bezmişdi. Pillə-pillə yüksələn ruhu
onun mənəvi aləmində zövqoxşayan bir incəlik yaratmışdı. Öz-özlüyündə ürəyinə
elə bir qalib status vermişdi ki, köksündə daim qələbə təntənəsi duyulurdu. Hər
bir nikbin, inamlı fikri şəxsi heyət arasında tez qanadlanırdı. Əsgər şəxsiyyətini
əzəmətli bir post kimi qəbul edirdi. Bəzən müəyyən hərbi xidmət prosesində
imkanları məhdudlaşsa da, qələbə soraqlı fikri-xəyalı göylərdə dolaşırdı. Bax,
Emil Bəşirovun 2-ci Qarabağ savaşında göstərdiyi mərdlik nümunələrinin, fədakar
fəaliyyətinin və qəhrəman hərəkətlərinin mötəbər mənbəyi məhz onun sönməz ruh
yüksəkliyindən formalaşmışdı.
Emil Bilal oğlu Bəşirovun əsgərlik tarixi 2019-cu il oktyabr ayının 22-dən
başlayır. Güləş meydanlarında hünər nümunəsi ilə neçə-neçə güclü rəqiblərə
üstün gələn bir yeniyetmə üçün həqiqətən hərbi xidmətə yollanmaq çətin və həyəcanlı
ovqat yaratmırdı. Anası Könül xanım da Emilin bacarığına yaxşı bəlli olduğuna
görə çox az kövrəlirdi. Bilirdi ki, onu lap dərin bir quyuya salsalar da, öz
tükənməz qüvvəsi hesabına çıxış yolu tapacaqdı. Bir də ki, ulu atalarımız
demişkən, barlı bağ bağbanından bəllidir. Bəşirovlar öz nəsil və nəcabətinə
istinadən ənənəvi bir halda mərdanə və ləyaqətli ömür sürərək milli dəyərlərimizi
öz əməli işləri, döyüş nümunələri ilə qorumuşlar.
“N”
saylı hərbi hissədə öncə onun gücünə güvəndilər. 4-cü divizionun 10-cu
batareyasının D-20 haubitsa-topunda təxminən 1 ay ərzində doldurucu vəzifəsini
heç bir nöqsana yol vermədən icra edə bildi. Hərbi intizam qaydalarının tam
yerinə yetirilməsinə sayğı ilə yanaşması
onun şəxsi heyət arasında hörmətini xeyli artırdı. Komandir heyəti tərəfindən
aparılan sınaqlarda intellektual potensialının da zəif olmadığı müəyyən
edildikdən sonra əldə edilən müsbət nəticələr nəzərə alınaraq Emil Bəşirov
tuşlayıcı kursuna göndərildi. Bütün zəruri çalışmaların son göstəricilərində
Emil hərtərəfli seçilirdi. Üstün cəhəti ondan ibarət idi ki, verilən tapşırığı
yalnız formal surətdə qəbul etmir,
konkret şəraitdə əxz etdiyi nəzəri və təcrübi bilgiləri yaxşı analiz edərək
komandirlərin rəğbətini qazanırdı. Buna görə də sıra önündə onun ünvanına
vaxtaşırı “təşəkkürlər” elan edilirdi.
Nəhayət,
hər şey Emilin ürəyincə oldu. Əsgərlik imtahanlarında lider olmağa can ataraq yəqin
etdi ki, hər söz üçün doğruluq, hər doğruluq üçün iş, hər iş üçün də səbir gərəklidir.
Fiziki və əqli gücü Emilə səbir sarıdan korluq çəkməyə çox acılıq yaşatmadı. O,
qalib idmançı ruhuna uyğun gələn çevik və sərrast atəşaçma qabiliyyətinə, yüksək
taktiki-texniki xüsusiyyətlərə malik olan 2S1 haubitsalı özüyeriyən artilleriya
qurğusunda baş tuşlayıcı vəzifəsinə təyin edildi.
5 nəfərdən
ibarət olan döyüş heyətinə tez doğmalaşdı. Çünki münasibətlərdə əsl azərbaycançılıq
dəyərləri qorunurdu. Milli hərbi ədəb tələblərinə layiqincə əməl edən top
komandiri gizir Amid Əhmədov cəsur Kürdəmir yetirməsi kimi döyüşçü qəlbinə
hakim olmağı bacarırdı. Mexanik-sürücü kiçik çavuş Saməddin Atakişiyev döyüş
texnikasını elə rəvan və təhlükəsiz idarə edirdi ki, kimsənin ruhu da incimirdi.
Masallı igidi Elmir Axundov və salyanlı
mərd eloğlumuz Gülağa Bəhrəmov isə doldurucu funksiyalarını problemsiz yerinə
yetirir, bir mənəvi qayda olaraq, döyüş heyətinin adına hər hansı bir xələl dəyməyəcəyini
düşünürdülər. Planlı şəkildə keçirilən təlimlərdə çəkdikləri zəhmət, tökdükləri
tər lazımi səmərə verirdi. Hər təlim çalışmalarında qazanılan vərdiş və bilgilər
tədricən kamilləşirdi. Baş mövzu da dəyişmirdi. Hamı erməni faşistlərinin
tapdağı altında inildəyən doğma Qarabağımızdan yanıqlı-yanıqlı söz salırdı.
Söz
düşəndə Emil də ucadan deyirdi: “Maşallah, biz güclü ordu yaratmışıq. Niyə dədə-baba
torpaqlarımızı döyüş gücünə geri almırıq?! Lənət olsun erməni adlı bir məxluqa!
Onlara qulaq asmağa dəyməz, yalnız ikibaşlı oyun oynayırlar. Mən erməni
ağzından çıxan “sülh” kəlməsinə inanmaq istəmirəm. Xain daşnaklar reallığa kölgə
salmaq məqsədilə sümük qırığını çeynəyə-çeynəyə siyasi meydanda izafi canfəşanlıq
edirlər. Bu gedişlə gah nala, gah da mıxa döyməyin mənası yoxdur...”
2020-ci
il sentyabr ayının 26-da növbəti təlim yeri Füzuli rayonunun “Burğa dərəsi”
adlandırılan ərazidə oldu. Emilgil orada divizion komandiri kapitan Bədrəddinli
Valehin göstərişinə əsasən sərfəli bir mövqe seçərək 2S1 haubitsalı özüyeriyən
artilleriya qurğusunu yaxşıca maskalamışdılar. Səhər tezdən təlimin planı
açıqlanmalı idi. Bekar duran yox idi. Emil baş tuşlayıcı vəzifəsi ilə bağlı
texniki vəziyyəti təkrarən yoxlayır, müəyyən yağlama işi görürdü.
Necə
deyərlər, sən saydığını say, gör fələk nə sayır. Sentyabrın 27-də təxminən səhər
saat 06.20 radələrində qəfil bir surətdə döyüş əmri verildi. Sözün açığı,
topçular əmrə uyğun fəaliyyətə dərhal başlasalar da, ilk dəqiqələrdə deyilən məlumatlara,
verilən göstərişlərə inana bilmirdilər. Hər kəs içində özünü sorğu-suala
tuturdu. Hətta zarafat edənlər də vardı. Batareya komandiri kapitan Əli
Hüseynovun izdihamlı səsi isə topçularda ciddi görkəm yaratmışdı.
Emilgilin döyüş heyəti 10 dəqiqə ərzində ilk atəşi həyata keçirdilər.
Havaya hopmuş barıt və tüstü qoxusu sanki onların güclü nəfəs mənbəyinə
çevrilmişdi. Döyüşü idarəetmə məntəqəsindən gələn operativ informasiyalar Emil
Bəşirovun baş tuşlayıcı kimi hünərinə qol-qanad verirdi. Qətiyyən yersiz tələsikliyə
yol vermir, ilk sınaq atışına uyğun olaraq aldığı tapşırıqları tuşlama zamanı
tam incələyirdi. Təbii döyüş sədaları, alınan uğurlu döyüş xəbərləri aramsız
axara düşən sevinc dalğası əmələ gətirmişdi.
Oktyabrın 9-dək Emilgil mövqe seçdikləri Burğa dərəsində verilən
tapşırıqları bacarıqla yerinə yetirdilər. Bir həftə ərzində 500-dən artıq mərmi
atdılar. Müzəffər ordumuz işğalçı erməni qüvvələrini qanına qəltan edərək
qovduqca topçularımız yeni fəaliyyət planları qurur və irəli gedirdilər. Nəhayət,
oktyabrın 10-da Emilgilə yerdəyişmə barədə əmr verildi. Top heyətləri kolona
yığışaraq gecə saatlarında müvafiq himayəedici qüvvələrin təhlükəsiz müşayiəti
sayəsində daşnak nəfəsindən yenicə təmizlənmiş doğma Cəbrayıl rayonuna çox
qürurlu əhval-ruhiyyə ilə daxil oldular.
Yeni
döyüş mövqeyi rayonun teleqülləsi yaxınlığında seçildi. Təxliyə məqsədilə ikitərəfli
atəşkəs elan edilmişdi. Lakin aradabir düşmən tərəfindən atəş açılırdı. Emilgil
verilmiş əmrə müntəzir olaraq yalnız hazırlıq işləri görür, ərazinin hərbi-taktiki
cəhətlərini təhlil edir və münasib nəticələrə nail olmaq üçün hərə öz rəyini
açıqlayırdı. Saat 12.00 radələrində operativ bir tapşırıq verildi. Sən demə,
xain qonşular öz xislətinə sadiq qalaraq təxliyə adı altında taktiki hiylə
qururlarmış. Belə ki, erməni hərbi qüvvələri təcili tibb avtomobilləri vasitəsilə
öz yaralılarını, gəbərmiş erməni cəsədlərini yığmaq, onlara ilkin tibbi yardım
göstərmək əvəzinə D-20 və D-30 haubisa-toplarını lazımi nöqtələrə aparır və atəşkəsin
verdiyi imkan daxilində mərmi daşıyırdılar. Emil Bəşirov bu barədə aldığı
tapşırığı elə dəqiq icra etdi ki, hiyləgər dığa fırıldaqçılığı yerindəcə
boğuldu. Tam dəqiq hesablamalara əsasən düşmən kolonuna düzülən qurğular və mərmi
dolu maşınlar bir-bir darmadağın edildi.
Cəsur
topçu əsgərimiz Emil Bilal oğlu Bəşirov Cəbrayıl rayonunun teleqüllə
yaxınlığında gördüyü döyüş anlarını,
şahid olduğu çətin hərbi əməliyyat mənzərələrini belə xatırlayır: “Döyüşün
birinci həftəsində biz heç bir acı məqamlarla üz-üzə gəlmədik. Mərmilərimizi
düşmən başına yağış kimi yağdırırdıq. Nəfəs almağa imkan tapmayan əksər ermənilər
silahını yerə atıb qaçırdılar. Erməni
ordusu dərbədər olmuşdu. Necə deyim, biz ilk dəfə olsa da, döyüş dərslərindən
yalnız “yaxşı” və “əla” qiymətlər alırdıq. Səngərdən baş qaldıra bilməyən erməninin
qorxudan dizi əsir, hər an diksinir və bağrı çatlayırdı. Cəbrayıl rayonunun
teleqüllə yaxınlığında düşmən tərəfindən atılan saysız minalar, mərmilər bizdən aralı yerə dəyərək partlayır,
ya da zərərsiz bir halda fısıldayıb közərirdi. Çünki onlar döyüşü necə gəldi həyata
keçirir, keyfiyyətsiz mina və mərmilərdən istifadə edir və bizim kimi savaş təcrübəsi
göstərə bilmirdilər. Bəzən mina qəlpələri bizi yaxalasa da, vaxtında ilkin
tibbi yardım alır və yüksək təminat imkanları hesabına bir addım da geri çəkilmirdik.
Yüksək şərəf hissləri ilə deyə bilərəm ki, 2-ci Qarabağ savaşında biz mərdanə
döyüşçü həyatı yaşadıq. Sübut etdik ki, biz çox güclü döyüşçü qəlbinə sahib
olan bir xalqıq...”
6 gün
sonra Emilgil yeni hərbi əməliyyat tapşırıqlarına əsasən düşmən tapdağından
azad olan Zəngilan rayonuna yollandı. Bartaz kəndi ərazisində, Araz çayının kənarında
əlverişli bir mövqe quruldu. Oktyabrın 17-də təhlükəsizlik qaydalarına uyğun
olaraq zəncirvari düzülmüş 6 ədəd topumuzdan 3-ündə texniki nasazlıq əmələ gəlmişdi.
Batareya komandiri kapitan Əli Hüseynov təmir-bərpa işlərinin təcili aparılması
üçün lazımi tədbirləri görürdü. Verilən döyüş tapşırıqlarının ardı-arası kəsilmirdi.
Bəzən qəfil əmrlər nəzərdə tutulan vaxtdan tez icra edilirdi. Təxminən saat
12.00 radələrində, necə deyərlər, Emilgilin baş qaşımağa da vaxtı olmurdu. Verilən
koordinatlar əsasında bütün hədəflər oda bələnirdi. Bir saat ərzində atılan 22
mərmidən heç biri hədəfdən yan keçməmişdi.
Birdən şad bir xəbər gəldi. Məlum oldu ki, Zəngilanın qızıl yataqları piyada qoşunlarımızın basılmaz qüvvələri tərəfindən heç bir itki vermədən düşmən əlindən azad edilib. O da bəlli oldu ki, piyada döyüşçülərimiz hücuma keçməzdən əvvəl topçularımızın sərrast atəşləri sayəsində Zəngilanın Vecnəli qızıl mədənində erməni işğalçılarının qurduğu mühəndis-istehkam qurğuları, döyüş texnikaları və silah-sursat anbarları çilik-çilik edilib. Əlacsiz qalan dığalar yalnız qaçıb can qurtarmağı üstün tutublar. Bu minvalla q ədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu müqəddəs torpaqlarımıza Azərbaycan bayrağı sancılmış, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklər yağı düşmən əlindən alınmışdı.
Emilgilin mövqe tutduqları ərazidə
qoşunları idarə edən Azərbaycan Respublikası DSX-nin müvafiq komandiri yuxarı komandanlığın göstərişinə əsasən Zəngilan qızıl mədənində mühüm hədəflərin dəqiq
vurulmasına görə topçularımızı axşam yanına çağıraraq onlara səmimi bir tərzdə
“təşəkkür” elan etmiş və atdığı hər mərminin tutarlı nəticələr verdiyini qeyd
edərək baş tuşlayıcı Emil Bəşirovun adını ayrıca vurğulamışdı.
Bartaz kəndində gecələr topçular çox
sınıq-salxaq bir daxmada yatırdılar. Çünki vandal əqidəli daşnaklar bir dənə də
olsun yaşayış yerini salamat qoymamışdılar. Daxmanın kiçik bir pəncərəsi də yox
idi. İçəriyə yalnız qaranlıq çökürdü. Emilgilin gecələdiyi daxmaya əslində
“daxma” deməyə dil gəlməzdi. Söz yox ki, ermənilər burada toyuq-cücə
saxlayırmışlar. Çünki hər bucağından üfunətli iy yayılırdı. Bir də ki, səhra şəraitində
gülləbaran altında hansısa rahatlıq barədə düşünmək yersiz sayılar. İki əsgər bir döşəkçədə kürək-kürəyə
verərək yatırdı. Bəzən açıq səma altında yerə uzanaraq ağır yorğunluğun təsirindən
ölü kimi yuxulayırdılar. Döyüşdən sonra təmir-bərpa işlərinə başı qarışan
topçuların isə bütün günü gözlərindən yuxu tökülürdü. Onlar verilən
tapşırıqları can-başla yerinə yetirir, bəzən imkan düşən kimi ayaq üstündə
mürgüləyərək beş-on dəqiqəlik yuxu ehtiyacını ödəyirdilər. Emil belə məşəqqətli
döyüş günlərinin sınağından mərdanə çıxmağı bacardı və mübariz ruhuna istinadən
hər səhəri qələbə sorağı ilə qarşıladı.
Noyabrın 10-na keçən gecə yaman uzun çəkir və atəş səsləri az
eşidilirdi. Doğma Şuşamızın fəthindən sonra hər bir döyüşçümüz özünü göyün
yeddinci qatında hiss edirdi. Ona görə də yaranmış döyüş fasiləsi yorucu bir təsir
bağışlayırdı. Hər ehtimala qarşı topçular hazır vəziyyətdə növbəti əmri gözləyirdilər.
Öz aralarında aparılan söhbətlərdə, söz yox ki, gerçək döyüş durumuna görə tam
qələbə çalacağımıza güclü inamlı fikirlər deyilirdi. Hər kəs arxayın olsa da, hələ
döyüşün bir həftə də çəkəcəyini söyləyirdi.
Emil yatmaq fikrində deyildi. Sanki yatağına qor dolmuşdu. Bir az
daxmada oturub çay içdikdən sonra çölə çıxdı. Elə bil, şad xəbərin gəlişi onun
çölə çıxmasını gözləyirmiş. İdarəetmə məntəqəsindən gələn komandirlər qələbə
münasibətilə mühafizəçiləri təbrik edəndə Emil Bəşirli iri addımlarla onlara
yaxınlaşdı və düşmən tərəfindən təslim aktının imzalanması barədə ətraflı məlumat
aldıqdan sonra öz daxmalarına sarı qaçdı. Qələbə xəbərinin yaratdığı
şadyanalıq, demək olar ki, yatmaq söhbətini təxirə saldı.
Emil evə zəng edərək öz sevincini öncə anası ilə bölüşdü...
Təkcə
övladlar deyil, bütün qohum-əqrəba, qonum-qonşu Bilal bəylə Könül xanımın ötən 44 günlük
savaşın xoş sədaları ilə yanaşı ağrılı-acılı təsirindən nələr çəkdiyini yaxşı
bilirdilər. Onların qəlbində savaşın doğurduğu həyəcan yükü sanki daş kimi asılmışdı. Bilal bəy və Könül xanım adi ata-analardan sayıla bilməzdilər. Cəmi-cümlətanı iki oğlu olan ata-ana müqəddəs
yurdumuzun dar günündə övladlarından birini yox, ikisini də vətən savaşına yola
salmışdılar. İdmançı qüdrəti ilə seçilən Emil açıqladığımız bölgədə, digər ali təhsilli
oğlu Rüfət isə sıldırımlı Kəlbəcər dağlarında yurdumuzun azadlığı uğrunda
döyüşlərə atılmışdı. Göstərdiyi fədakar əməllərə görə Rüfət iki medala, mahir
baş tuşlayıcı Emil Bəşirli isə 4 medala layiq görülmüşdü. Söz yox ki, bu cəsur əməllərin
bir ucu zəngibasarlı ata babası Qədir müəllimə bağlanır. Demək olar ki, genetik
tellər qırılmayıb. Qədim Uluxanlı məktəbinin adlı-sanlı ziyalısı Qədir Bəşirov
1941-45-ci illərdə alman faşizminə qarşı qanlı-qadalı döyüşlərdə qəhrəmancasına
vuruşmuş və Fransa partizan hərəkatında qorxmaz döyüşçü kimi tanınmışdır.
Şükürlər olsun ki, müzəffər ordumuzun şanlı qələbəsi sayəsində baba-nənələrimizin
də ruhu şad oldu.
Bu
gün iki cəsur döyüşçü atası kimi Bilal bəylə yanaşı anamız Könül xanım qürurlu
bir dünya sakinləridir. Daim başlarını uca tutur və fəxr edirlər ki, doğma dədə-baba
yurdlarımızın mənfur erməni işğalından azad edilməsində onların da zəhməti
var...
İbrahim MƏSİMOĞLU
müharibə veteranı,
ehtiyatda olan polkovnik-leytenant
Halal olsun..! Fəxrimiz qürurumuz..!!!
ОтветитьУдалить