VETERAN YURD AZADLIĞI UĞRUNDA DÖYÜŞMÜŞ CANLI BİR ŞƏHİDDİR
Respublika Müharibə Veteranları Təşkilatlarının Koordinasiya Mərkəzinin sədri
ehtiyatda olan polkovnik Əzizağa Qənizadə ilə
müsahibə
– Söz yox ki, xalqımızın
döyüş veteranları öz fəaliyyətində hər şeydən öncə yurd müdafiəsi barədə
düşünür və öz müqəddəs borclarını yeri gələndə fədakarcasına yerinə yetirirlər.
44 günlük şanlı Vətən müharibəsində də həmin mübariz ruhlu ənənə daha yüksək
bir səviyyədə yaşadıldı.
– Müharibə veteranı adı müqəddəs bir mahiyyət daşıyır. Obrazlı desək,
veteran yurd azadlığı uğrunda döyüşmüş canlı bir şəhiddir. Qaneedici haldır ki,
vətənimizin müdafiəsində iştirak edən
yurddaşlarımıza həmişə ehtiramla diqqət yetirilir, onların cəsur, qəhrəman və şərəfli
əməlləri yüksək qiymətlərə layiq görülür. Çox səmimi bir şəkildə bəyan edə bilərik
ki, müharibə veteranları ictimai həyatımızda hörmətli və mötəbər şəxs kimi hərbi-vətənpərvərlik
missiyalarını layiqincə davam etdirirlər.
Erməni işğalçıları üzərində qüdrətli ordumuzun apardığı uğurlu hərbi əməliyyatlarda təcrübəli və əyilməz döyüşçü kimi iştirakımız əsaslı surətdə sübut etdi ki, biz şanlı qələbə müəlliflərindən biriyik. Həmişə milli şərəf və ləyaqətimizi uca tutur, gənclər və yeniyetmələr arasında milli vətənpərvərlik tərbiyəsi ilə məşğul olur, milli dövlətçiliyimizin inkişafına öz şəxsi töhfələrimizi bəxş edirik. Özümüzü məmnun hesab edirik ki, göstərdiyimiz döyüş xidmətləri çox səmərəli və dəyərli nəticələr verir.
– Onlar ön atəş xəttində cəsur döyüşçülərimizə
əməli dayaq vermək naminə möhtərəm Ali Baş Komandanımız İlham Əliyevə rəsmi məktubla
müraciət etdilər ki, yaşlı olsaq da, fiziki imkanlarımız tam tükənməyib, müqəddəs
yurd naminə döyüşlərə atılmaq və mənfur erməni işğalçılarından müqəddəs şəhidlərimizin
intiqamını almaq istəyirik. Yuxarı
komandanlıqdan biz çox haqlı cavablar aldıq. Yəni döyüş təcrübəsi zəngin olan, həmçinin
səfərbərlik məqsədilə hərbi çağırış üçün yaş həddi keçmiş səriştəli və
bacarıqlı veteranlarımızdan ibarət bir veteran taboru yaratdıq və ön xəttə göndərdik.
– Demək olar ki, bütün
real imkanlardan bacarıqla istifadə etdik. Fəxarət duyuruq ki, erməni faşizmini
diz çökdürən şanlı ordumuzun apardığı zəfər yürüşündə biz öz sözümüzü fədakar əməllərimizlə
reallaşdıra bildik. Həm ön, həm də arxa cəbhədə böyük qələbəmiz naminə
ordumuza lazımi operativ yardımlar göstərdik. Müasir hərbi-taktiki üslubda aparılan
döyüş əməliyyatlarında düşmənə tutarlı zərbə vurmaq üçün ordumuzla birgə
çiyin-çiyinə vuruşduq.
Müharibə zamanı topladığımız təcrübəni nəzərə
alaraq ən çətin tapşırıqları yerinə yetirməyi öhdəmizə aldıq. Kəşfiyyat
xarakterli məsələləri də tezliklə həll etdik. “N” saylı hərbi hissənin
qarşısında düşmənin alınmaz istehkamlarında olan qüvvələrini darmadağın etmək,
habelə yeraltı tunellər üzərində quraşdırılmış müşahidə kameraları ilə idarə
olunan silahlar xəttini hərbi-taktiki hiylə yolu ilə keçmək tapşırığını yerinə
yetirmək əmrini gözləyirdik. Gücümüzə tam əmin idik. Cəsur veteran taborumuz
tutarlı nəticələr qazanırdı.
Mərkəzimizin yaratdığı zəngin təcrübəli veteranlar
taborunun bir hissəsi Qubadlı-Laçın istiqamətində aparılan hərbi əməliyyatlarda fəal iştirak etdi.
Ağır döyüşlərdə yara alanlarımız da oldu. Möhtərəm Prezidentimizin 24 iyun
2021-ci il tarixli sərəncamına əsasən Laçın rayonunun işğaldan azad edilməsi
uğrunda aparılmış döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş
etdirmiş 25 nəfər veteranımız “Laçının azad olunmasına görə” medalı ilə təltif
edildi. Vətən müharibəsində fərqli göstəriciləri ilə iştirak etmiş 250
veteranımızın da Zəfər bayramı münasibətilə mükafatlandırılması nəzərdə
tutulub.
Xüsusi olaraq
vurğulamaq istəyirəm ki, Müdafiə Nazirliyinin təlim mərkəzlərində hərbi səfərbərlik üzrə çağırılmış əsgərlərə keçirilən təlimlərdə
yaxından iştirak etdik və praktik döyüş
nümunələri barədə izahatlarımız xüsusi səmərə verdi. Belə ki, zəngin döyüş təcrübəmiz,
dəyərli məsləhət və tövsiyələrimiz tutarlı yarağımıza çevrildi. Gənc əsgərlərimiz
bizdən əxz etdiyi savaş bilgiləri sayəsində çox uğurlu həmlələr keçirdilər. Fəaliyyətimiz
çoxcəhətli xarakter almışdı. Demək olar ki, əldə etdiyimiz zəngin təcrübə
potensialına istinadən hər sahəni əhatə edirdik. Naftalan hospitalında ilkin
yardımı veteran həkimlərimiz göstərirdilər. Ön cəbhədə yerləşən hərbi
hospitallarda yaralılara tibbi yardım göstərməklə yanaşı uğurlu cərrahiyyə əməliyyatları
həyata keçirdik. Bəzi hallarda isə güllə və qəlpə yarası nəticəsində hədsiz
qanaxmaya məruz qalan igidlərimizə qanımızla pənah olurduq.
Fasiləsiz davam edən döyüş əməliyyatlarında zədələnmiş texnikalarımız istifadəsiz bir durumda qalmırdı. Döyüş texnikalarının dilini əzbər bilən veteranlarımız zədə almış tankları, piyadanın döyüş maşınlarını bir neçə qısa zaman ərzində yararlı bir vəziyyətə salırdılar. Təmir işi ilə bağlı qarşıya qoyulan tapşırıqların bir qismi məhz fədakar veteranlarımız tərəfindən icra edilirdi. PDM üzrə mükəmməl biliyə malik olan veteranlarımız Goran səhra texniki parkında iki gün ərzində sıradan çıxmış və təmirə ehtiyacı olan 12 ədəd PDM-dən 8 ədədini təmir edərək ön atəş xəttinə yola salmışdılar.
– İndi Koordinasiya Mərkəzi öz fəaliyyətini necə davam etdirir?
– Həm Vətən
müharibəsinə hazırlıq dövründə, həm də uğurlu hərbi əməliyyatlarda olduğu kimi
bu gün də fəal mövqe tutmuşuq. Gənc nəslin yüksək vətən sevgisi ruhunda yetişdirilməsi üçün
gördüyümüz işlər daim əməli nəticələr verməkdədir. Belə ki, ordumuzun cəbhədə göstərdiyi
kütləvi qəhrəmanlıq nümunələri mövzusunda çoxsaylı layihələr, müxtəlif tədbirlər həyata keçirir, geniş maraq
doğuran bədii və sənədli filmlər çəkir, hərbi mahnı və kliplər hazırlayır,
memorial, heykəl, rəsm əsərləri, panorama və maketlər yaradırıq. Cəsur zabit və
əsgərlərimizin döyüş ruhunun yüksəldilməsinə yönəldilən rəngarəng süjetli işlərimiz
güclü və sönməz hərbi-vətənpərbərlik ideyası əsasında ictimai mənəvi
dayaqlarımızı daha da möhkəmləndirir.
Müsahibəni apardı:
İbrahim Məsimoğlu
müharibə veteranı,
ehtiyatda olan polkovnik-leytenant
Комментарии
Отправить комментарий