BİZ TƏK DEYİLİK!
Şükürlər olsun ki, biz tədricən
inkişaf edən tarixə malik olmuşuq. Çox dərdlərə düçar olsaq da, nəhayət, şad və
qürurverici günlər yaşayırıq. Ötən tariximiz gerçək əsasları olan qalib bir
qüvvə ruhunda dilləndirilir. Hər bir halda reallığa söykənirik. Ordumuzun zəfər
yürüşü sayəsində beynəlxalq hüquq kontekstində bəzi dünya miqyaslı qurumlara
verdiyimiz dərslər öz tərbiyəvi yük çəkisinə görə hamını heyran edir. İndi biz
yox, düşmən təəssüf edə-edə üzülməkdədir.
Zəfər günündən etibarən başımızı hər sahədə uca tuturuq. Belə ki, erməni işğalına mərdanə son qoyan xalqımız bu il 15 sentyabr tarixini Bakı xilasının 103-cü ildönümü kimi daha fərqli təntənə içərisində keçirdi. Ədalətli türkçülük ideyası dünya çərçivəsində əksər əməli saleh olan xalqların ürəyinə yol salır və qarşılıqlı məmnunluq yaradır. Azərbaycan Hərb Tarixi Muzeyində təşkil edilən növbəti dəyirmi masa bu baxımdan dəyərli bir missiyanı yerinə yetirdi. Cümhuriyyət dövründə ərazi bütövlüyümüz uğrunda şəhid olmuş həmvətənlərimizin və türk qardaşlarımızın ruhuna sayqı duruşunda hərbçilərimizlə yanaşı mənən fərəhli dəqiqələr yaşadıq. “Bakının qurtuluşu – Azərbaycan-Türkiyə qardaşlığının qəhrəmanlıq zirvəsidir” adlı dəyirmi masada səsləndirilən yeni tarixi faktlar, aparılan elmi araşdırmaların əsaslı və gerçək nəticələri iştirakçılar tərəfindən elə maraqla dinlənildi ki, diskussiya prosesində analoji tarixi materialların qısa təhlili, habelə ortaya çıxan bəzi sualların real məxəzlər əsasında cavablandırılması hamını bir yurdcanlı övlad kimi məmnun etdi.
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi,
ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “15 sentyabr Bakı qurtuluşu Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir”, Azərbaycan Silahlı Qüvvələrinin hərbi
Akademiyasının professoru, tarix üzrə fəlsəfə doktoru Mehman Süleymanov “Nuru paşanın
rəhbərliyi altında Bakı şəhərinin azad olunması əməliyyatının təşkili və onun
tarixi əhəmiyyəti”, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “AXC
tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Kamran
İsmayılov “ 15 sentyabr - Azərbaycan tarixinin möhtəşəm zəfər səhifəsidir”, tədqiqatçı
alim, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl “Cümhuriyyət Bakı fatehini həbsdən
necə qaçırdı?”, Azərbaycan Hərb Tarixi Muzeyinin tədqiqatçı-elmi işçisi, tarix
üzrə fəlsəfə doktoru Ərəstun Baxşəliyev “XIX əsrin sonu XX əsrin əvvəllərində Cənubi
Qafqaz geosiyasi maraqlar kontekstində” adlı məruzələrlə çıxış etdilər. Məruzələrin
dinlənilməsi, həmçinin Azərbaycan-Türkiyə
qardaşlığına həsr edilmiş mahnıların səsləndirilməsi Bakı xilasının 103-cü ildönümü
ilə bağlı şad ovqatımızı daha yüksək duyğularla zənginləşdirdi.
Cümhuriyyət dövründə Bakı fatehi Nuru paşanın qərəzli həbsdən necə qaçırılması ilə bağlı tarixçi mühakimələri, habelə yazılı mənbələrdə oxuduğumuz faktlar bizi xeyli düşündürdü. Müəyyən izahetmələr köhnə düşmənlərimizin iç üzünü açıqladı. Məncə, bu dəfəki dəyirmi masa təəssüratı daha çox yadda qalan olacaq. Səbəbi yaxşı bəllidir. Vaxt vardı ki, Bakımız əldən gedirdi. Həmin ağır dönəmdə türk qardaşlarımız bizə təmənnasız arxa oldu. Daha sonra min bir bəlalı sovet əyyamında bir sıra dözülməz və haqsız itkilərə məruz qaldıq. Qarabağ işğalına nöqtə qoymaq vədəsi yetişəndə də qardaş Türkiyəmiz bizi köməksiz qoymadı, siyasi-mənəvi dəstək verdi.
Dünya bizə qarşı yönəldilmiş haqsız və eybəcər siyasi oyunlara,
ikiüzlü siyasət yeridən bəzi formal siyasətçilərin üzdəniraq əməllərinə canlı şahiddir. Onlar biabırçı biçimdə qalmışlar. Tarixi araşdırmalarda sübut olunur
ki, erməni millətinin keçmişi nə qədər saxtalaşdırılsa da, əsl həqiqətlər yavaş-yavaş üzə çıxarılır. Haqq savaşımız davam edir. Qətiyyən geri çəkilməyə dəyməz. Zaman daha bizim
xeyrimizə işləyir. Çünki tək deyilik. İnşallah, haqq-ədalətimiz daim güclü bir
mövqedə mühafizə olunacaqdır.
İbrahim MƏSİMOĞLU
müharibə veteranı, ehtiyatda olan
polkovnik-leytenant








Комментарии
Отправить комментарий